yeni xəbərlər

Nə əcəb düşübdü yeri Dərbəndin…

Sentyabr 22nd, 2015 | by DAK.AZ
Nə əcəb düşübdü yeri Dərbəndin…
Dərbənd
0

derbendDəmir qapı Dərbənddən soraqlar

I yazı

AMEA Folklor İnstitutunda “Dərbənd folklor örnəkləri” (1-ci kitab, Bakı, “Elm və təhsil” nəşriyyatı, 2014, 368 səh.) kitabı işıq üzü görüb. Layihə rəhbəri AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu (İmanov), toplayanlar, tərtib edənlər: Məhərrəm Qasımlı, Oruc Əliyev, Rza Xəlilov, elmi redaktoru Aynur Hüseynovadır. “Ön söz”də vurğulanır: “Dünyanın qədim mədəniyyət mərkəzlərindən olub Əl-Bab (“Qapı”), Əl-Bab-əl-hədid (“Dəmir qapı”) və s. kimi adlarla tanınan Dərbənd şəhəri antik dövrlərdən başlayaraq tarix boyu Azərbaycanın, o cümlədən Yaxın və Orta Şərqin iqtisadi-siyasi həyatında mühüm rol oynayıb. Şəhərin ərazisində aparılan arxeoloji qazıntılar zamanı üzə çıxarılmış maddi mədəniyyət abi¬dələri hələ eramızın I-III yüzilliklərində Dərbəndin Yaxın Şərqin bir sıra ölkələri ilə iqtisadi əlaqələr saxladığını göstərir. Dərbəndin beş min ildən artıq tarixə malik olması qədim və orta yüzilliklərə aid mənbələrdə də qeyd olunub.
Adı Gəncə, Naxçıvan, Şirvan, Şəki, Bərdə ilə yanaşı çəkilmiş Dərbənd tarix boyu Azərbaycanın şimal sərhədi olaraq özünün Narın qalası ilə müxtəlif qəsbkarların hücumlarına sinə gərib. Yazılı qaynaqlar Dərbənd qalasının tikilişini VI yüzilliyə – Sasanilər dövrünə aid etsə də, aparılmış qazıntılar hələ eramızdan öncə VIII-VII yüzilliklərdə burada qala-istehkamın olduğunu təsdiq edir. Qalanın tikilməsi barədə məlumat yalnız tarixi qaynaqlarda deyil, müxtəlif əfsanə və rəvayətlərdə də özünəməxsus şəkildə qorunub. Nizami Gəncəvinin Dərbənd qalasının tikilişini İsgəndər Zülqərneynin adı ilə bağlaması onun xalq arasında gəzən rəvayətlərdən faydalandığını göstərməklə yanaşı, Dərbənd qalasının tarixinin daha əski çağlara gedib çıxmasından da xəbər verir. Sonralar XVII yüzilliyin saz-söz şairi Abbas Tufarqanlının:

Ay ağalar, gəlin tərifin deyim,
Nə əcəb düşübdü yeri Dərbəndin.
İsgəndər əlilə olub bərqərar,
Çəkilibdi bürcü-barı Dərbəndin

– deməsi, bu mövzuda olan rəvayətlərin xalq arasında nə qədər dərin kök saldığını göstərməkdədir. Ərəb tarixçisi Əl-Balazuri Dərbənd qalasının I Xosrov Ənuşirəvanın hakimiyyəti illərində (531-579) şəhəri köçəri xalqların aramsız hücumlarından qorumaq məqsədi ilə tikilməsini qeyd edib. Dərbəndin coğrafi cəhətdən əlverişli mövqeyi, ticarət yolları üzərində yerləşməsi Roma, Bizans, İran kimi qüdrətli dövlətləri özünə cəlb edib, onlar arasında qızğın müharibələrə səbəb olub. Sasanilər dövləti eramızdan əvvəl III-I yüzilliklərdə Azərbaycan ərazisində yaranmış Qafqaz Albaniyasının şəhərlərindən olan Dərbəndi, Roma imperatorluğu ilə uzun sürən müharibədən sonra – IV yüzillikdə istila edə bilib.
Ərəb tarixçilərindən Ət-Təbari və İbn Əl-Əsirin yazdıqlarına görə, sonuncu Əməvi xəlifələrindən Hişamın hakimiyyət illərində (724-743) ərəb sərkərdəsi Məsləmə ibn Əbd Əl-Məlikin başçılıq etdiyi ərəb qoşunları xəzərlərin müqavimətini qıraraq Dərbəndi fəth edə bilib. Məşhur şərqşünas Qustav Edmund fon Qryunebaum qeyd edir ki, xəzərlər təqribən yüz il ərəblərin Dərbənd üzərinə yürüşlərinə qarşı şiddətli müqavimət göstəriblər.
XIII yüzilliyin ikinci yarısında Dərbənd Yaxın Şərqin ən inkişaf etmiş ticarət mərkəzlərindən birinə çevrilib və IX yüzilliyin sonu, X yüzilliyin başlanğıcından etibarən ərəb xilafətinin hökmranlığından azad ola bilib. Bəllidir ki, ərəb xilafətinin dağılmasından sonra Azərbaycanda müxtəlif feodal dövlətlər yaranır. Bu dövrdə yaranmış Səlarilər dövlətinin hüdudları Dərbənddən Marağayadək uzanırdı. Artıq XIII yüzillikdə Dərbənd Şirvanşahlar dövlətinin tərkibində idi. Təsadüfi deyil ki, bu dövrün tarixçilərindən Həmdullah Qəzvini və Şərəf əd-Din Əli Yəzdi öz əsərlərində Dərbəndi gah “Şirvan Dərbəndi” (Dərbəndi-Şirvan), gah da “Bakı Dərbəndi” (Dərbəndi-Bakı) adlandırırdılar”.
Dərbənd XIV-XV əsrlərdə monqol və tatarların tapdağı altında qalıb: “1538-ci ildə Şirvanşahlar dövləti ləğv olunub, Şirvan bəylərbəyliyi kimi Səfəvilər dövlətinin tərkibinə daxil oldu. Bu dövrdə Şirvan bəylərbəyliyinin əyalətlərindən biri olan Dərbənd, Osmanlı və Səfəvilər dövləti arasında gedən uzunmüddətli vuruşların mərkəzində dururdu. XVIII yüzilliyin iyirminci illərində I Pyotrun dövründə müstəmləkəçilik siyasətinə başlayan çar Rusiyasının qoşunları ilk dəfə olaraq Dərbəndin ətrafında göründülər. 1722-ci ilin 23 avqustunda I Pyotrun qoşunları Dərbəndə daxil oldu. Bağlanmış müqaviləyə əsasən, İran Dərbəndi çar Rusiyasına güzəştə getdi. 1735-ci ildə rus qoşunları Dərbəndi tərk etdilər. Elə həmin vaxt Nadir şahın qoşuları Dərbəndə daxil olub, şəhəri tutdular. XVIII yüzilliyin ortalarında Azərbaycanda bir çox xanlıqlar yaranmışdı ki, onlardan biri də Dərbənd idi. Həmin yüzilliyin sonu və XIX yüzilliyin əvvəllərində Azərbaycan xanlıqları rus qoşunlarının hücumuna məruz qaldı. Dərbənd 1806-cı ildə Rusiyaya ilhaq edildi”…
“Ön söz”də daha sonra vurğulanır ki, Azərbaycan folklorunun yayılma arealı respublikamızın indiki inzibati-coğrafi ərazisindən daha geniş olub, qərbdə Borçalı, Göyçə mahallarını, cənubda Cənubi Azərbaycanı, şimalda Dərbəndi əhatə edir. Sanki bu folklor atlası vətənimizin real tarixi sərhədlərini əks etdirir. Lakin bu xəritə öz tarixi həqiqətinə baxmayaraq, uzun müddət “ağ ləkə”lərlə örtülü olub: “Dərbənd şəhəri və onun ətraf kəndləri uzun illər qapalı bir ərazi kimi fəaliyyət dairəsindən kənarda qalmışdı. 1987-1989-cu illərdə Ədəbiyyat İnstitutunun folklor şöbəsinin Dərbəndə və onun ətraf kəndlərinə təşkil etdiyi ekspedisiyalar vaxtı toplanıb yazıya alınmış, şifahi ədəbiyyat nümunələri əsasında tərtib edilmiş bu toplu – çoxcildli “Azərbaycan folkloru antologiyası” silsiləsindən olan, həmin regionun xalq ədəbiyyatı nümunələrini sistemli şəkildə özündə cəmləşdirən ilk kitabdır. Tərtib işinə daxil edilmiş folklor örnəkləri təmsil etdikləri janrların ümumi tipoloji xüsusiyyətləri, özünəməxsusluğu haqqında geniş təsəvvür yaratmağa imkan verir. Toplanılmış folklor örnəklərindən bəlli olur ki, sınamalar, ovsunlar kimi arxaik nümunələr dərbəndlilərin gündəlik həyatında möhkəm yer tutub. Onlar yerli əhalinin məişət və təsərrüfat həyatı barədə geniş təsəvvür yaradır. Ümumiyyətlə, arxaik janr və növləri səciyyələndirən cəhətlərdən biri onların folklor və etnoqrafiya ilə eyni dərəcədə bağlılığıdır. Bu nümunələr bu və ya digər məqsədlə icra edilən müəyyən magik hərəkətlərdir. Bu hərəkətlərin icrası isə özünəməxsus daxili ritmik nəğmələrlə müşayiət olunur. Bu poetik parçalar çox vaxt ovsun, cadu xarakteri daşıyır. Arxaik janr və növlərdə hərəkətlə sözün vəhdəti bu janrların təkamül mərhələsinin ilkin çağlarında daha çox sinkretik mahiyyət daşıyıb. Dərbənd folklorunun qədim janrlarından biri olan mərasim nəğmələri əcdadlarımızın dünyagörüşünü, təbiətin əsrarəngiz sirlərinə dair inam və baxışlarını poetik bir dillə təcəssüm etdirir. Bu nəğmələr yerli əhali arasında geniş yayılıb, onların gündəlik həyat və məişətinin müxtəlif sahələrinə sirayət edib. Sözün qüvvəsinə inamdan yaranan mərasim nəğmələri folklorşünaslığımızda qəbul olunmuş təsnifata görə iki bölümə ayrılır: mövsüm və məişətdə ifa olunanlar. Bu təsnifatın əsasını mərasimin insan və cəmiyyət, kollektiv insan və təbiət, ətraf mühit münasibətlərini nizama salmaq, tarazlamaq funksiyası təşkil edir. Göstərilən təsnifat təqdim olunan mərasim nümunələrinin mətnləri ilə də səsləşir. Mövsüm mərasimləri ilin müxtəlif fəsillərində qədim insanın əkinçilik, maldarlıq, qoyunçuluq və s. kimi təsərrüfat və əmək fəaliyyəti ilə bağlı icra olunub”.
Məişət mərasimləri isə hər şeydən əvvəl insan həyatının bütün mərhələlərini əhatə edən doğum, evlənmə və yas təranələrinə aiddir: “Mərasimlər insan doğulduğu gündən həyatı boyu ona yol yoldaşlığı edir. İnsanın doğuluşu ilə bağlı icra edilən mərasimlər qədim insanın təsəvvürünə görə, onu əhatəsində yaşadığı şər qüvvələrdən qorumalı idi. Bu baxımdan yeni doğulmuş uşağın qırxının çıxması münasibətilə icra edilən “qırx açar camı” mərasimi xüsusi maraq doğurur. Qədim insanın təbiət və daha geniş mənada deyilsə, dünya, cəmiyyət haqqında ibtidai təsəvvürlərini əks etdirən əfsanələr müəyyən məqamlarda janr və məzmun baxımından rəvayətlərlə çarpazlaşır. Bu, cəmiyyətin inkişafının əfsanə və rəvayətlərin mərhələlərində real gerçəkliyin məhsulu kimi qəbul olunması ilə bağlıdır. Kitabdakı “Başmaqtəpə”, “Göz daşı” kimi əfsanələr bu baxımdan səciyyəvidir. Rəvayətlərdə isə tarixi aspekt daha güclüdür. Başqa sözlə desək, rəvayətdə tarix təhkiyə yolu ilə bir növ bərpa olunur. Tarixən olmuş hadisələr, fəaliyyət göstərmiş şəxsiyyətlər, hər hansı yerin, dağın, bulağın və s. bu və ya digər şəkildə adlandırılmasının səbəbləri haqqında məlumatlar rəvayətlərin əsas məğzini təşkil edir. Rəvayətlərin bu funksional mənasından çıxış edilərsə, onları tarixi və toponomik rəvayətlər kimi təsnif etmək mümkündür.
Dərbənd şəhərinin binasının qoyulması, Dərbənd qalasının tikilməsi, ərəblərin şəhəri istila etməsi və s. kimi rəvayətləri müəyyən mənada xalqın şifahi tarixi salnaməsi də adlandırmaq olar. Bu baxımdan “Dərbəndin alınması” rəvayəti səciyyəvidir. Bir dərbəndlinin xəyanəti nəticəsində ərəblərin Dərbəndi tutmasından danışan bu rəvayətlə IX yüzilliyin ərəb tarixçisi Balazurinin bu məsələ haqqında verdiyi məlumat arasında çox böyük yaxınlıq var. Tarixçi yazır ki, ərəb sərkərdəsi şəhərin həyatı üçün Dərbəndə gedən su arxlarının nə qədər əhəmiyyətli olduğunu bilərək mal-qaranı kəsib, içalatını arxlara boşaltmağı əmr edir. Bir gün keçməmiş suyu üfunət iyi basır. Ertəsi gün qalanın müdafiəçiləri şəhəri tərk edib gedirlər. Ehtimal ki, xatırladılan rəvayətlə tarixçinin məlumatı bir mənbədən, bir tarixi həqiqətdən qidalanıb. Toponomik rəvayətlərin bir qismi dərbəndlilərin inamlar sistemində, gündəlik məişətində özünəməxsus yer tutan pirlərdən bəhs edir. “Əmcəkli pir”, “Kar daş piri” və s. haqqında rəvayətlər bu qəbildəndir. Mifoloji rəvayətlər əsas etibarı ilə peyğəmbərlər, övliyalar, həmçinin mifoloji obrazlar haqqında xalq təhkiyəsidir. Dərbənd ərazisində yayılmış mifoloji rəvayətləri xarakterizə edən cəhətlərdən biri onların etioloji səciyyədə olmasıdır. Bu baxımdan “İlan balığı”, “Toyuq”, “İnsanın səbirsizliyi” kimi rəvayətlər xüsusi maraq doğurur”.

II yazı

AMEA Folklor İnstitutunda “Dərbənd folklor örnəkləri” (1-ci kitab, Bakı, “Elm və təhsil” nəşriyyatı, 2014, 368 səh.) işıq üzü görüb. Layihə rəhbəri AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu (İmanov), toplayanlar, tərtib edənlər: Məhərrəm Qasımlı, Oruc Əliyev, Rza Xəlilov, elmi redaktoru Aynur Hüseynovadır.
“Ön söz”də vurğulanır: “Dərbənd nağıllarını səciyyələndirən cəhətlərdən biri də eyni vaxtda iki və ya üç nağıl personajından bəhs edən süjet xətlərinin olmasıdır. Bir süjet xəttindən başqasına keçid çox vaxt “xəbəri xəbərdən” formulundan istifadə yolu ilə baş verir. Ümumiyyətlə, bir bədii priyom kimi kontaminasiya – müxtəlif süjetlərin bir nağıl kompozisiyası çərçivəsində işlənməsi Dərbənd nağıl yaradıcılığı poetikasının əsas elementlərindən biridir. Dünyanın gərdişi haqqında dərin fəlsəfi düşüncələr, vətən həsrəti, qəriblik, məhəbbətin tərənnümü və s. kimi motivlər Dərbənd bayatılarının aparıcı mövzularındandır. Xalqımız bu kiçik lirik şeir parçalarında daxili hiss və həyəcanını, iztirablarını böyük bədiiliklə ifadə edib:

Dağlar, necə dağlarsan,
Çiskin, duman bağlarsan.
Dağlanmamış yerim yox,
Sən haramı dağlarsan?

Əzizinəm, başda mən,
Dərya da mən, daş da mən.
Yazıldı qara yazı
Gənə yazıq başda mən.

Dərbənd folklorunda geniş yayılmış janrlardan biri də tapmacalardır. Səma cisimləri, ev əşyaları, bitkilər, heyvanlar, məişət avadanlığı və s. kimi deyimlər Dərbənd tapmacalarının əsas mövzusunu təşkil edir. Dərbənd tapmacaları bəzən nəzmlə, bayatı formasında, bəzən isə nəsrlə ifadə olunur. Mənzum tapmacalar Dərbənd folkloru üçün daha xarakterikdir”.
Dərbənd atalar sözlərinin mövzu dairəsi son dərəcə geniş olaraq insan fəaliyyətinin, həyatının bir çox sahələrini əhatə edir: “Dərbəndlilərin yüzilliklərin sınağından çıxmış mənəviyyatı, həyat təcrübəsi bu kiçik həcmli, lakin geniş mənalı ibrətamiz cümlələrdə gözəl ifadə olunub. Dərbənd folklorunda nazlamalar, laylalar da özünəməxsus yer tutur. Nazlamalar mövzu baxımından laylalardan o qədər də seçilmir. Burada körpənin boya-başa çatmasından doğan arzular daha güclüdür. Nazlamaların ifa, deyim ritmində, ahəngində laylalardan fərqli olaraq aram-arxayıncılıq yoxdur. Bu, forma baxımından nazlamaların laylalara nisbətən daha sərbəst olmaları ilə bağlıdır. Nazlamaların bu xüsusiyyəti ifaçıya ifa vaxtı müəyyən improvizasiyalar etmək imkanı verir:

Dərya qırağı,
Drbənd bağı,
Qızların ağı,
Bu balama qurban.

Azərbaycan folklorunun başqa arealları ilə müqayisədə Dərbənd və onun ətraf ərazilərinin folklorunda dastan aparıcı rol oynamır. Ola bilsin ki, Dərbənd folklorunun bu səciyyəsi aşıq yaradıcılığının da eyni vəziyyəti ilə bağlıdır. Belə ki, kitaba daxil olmuş dastanların çoxu yalnız bir aşığın – aşıq Niftullanın ifasından yazıya alınıb. Aşıq yaradıcılığı sahəsində diqqəti cəlb edən cəhətlərdən biri bu regionun, necə deyərlər, özünün dastan repertuarının olmasıdır. Vaxtı ilə burada fəaliyyət göstərmiş yerli aşıqların repertuarında klassik dastanlarımızla yanaşı, əsasən məhz bu region üçün səciyyəvi olan “Yetim Aydın”, “Səfilli Məmməd” və s. kimi dastanlar fəal yer tutub. Bu dastanlar hər şeydən əvvəl Azərbaycan dastan yaradıcılığının mövzu, obrazlar sistemi, poetika baxımından nə qədər zəngin, çoxşaxəli və rəngarəng olduğunu göstərməkdədir. Kitaba daxil edilmiş dastanlar Dərbənd folklorunun özünəməxsusluğunu səciyyələndirən bir cəhət kimi qəbul edilə bilər. Bunlardan “Yetim Aydın” dastanı şifahi xalq ədəbiyyatımızın, dastan yaradıcılığımızın, folklor araşdırıcılarının məlum səbəblərə görə nəzər diqqətindən kənarda qalmış dini dastanlar qolunu təmsil edir. Məlumdur ki, dastanlarımızda qəhrəmanın bu və ya digər şəkildə buta alması onun ictimai inkişafını təyin edir. Haqqında danışdığımız dastanda isə buta almaq məsələsi Şahi-Mərdandan dini bilik almaq epizodu ilə əvəzlənir. Qəflət yuxusundan (məcazi mənada) oyanan dastan qəhrəmanı doxsan min kəlməyə vaqif olduqdan sonra urfan əhli səviyyəsinə yüksəlir, dini intellektual sınaqlardan çıxır. Dastan qəhrəmanının adına gəlincə isə belə ehtimal etmək olar ki, burada işlənən “yetim” epiteti onun sosial vəziyyətindən daha çox sufilik anlamı yerindədir.
Göründüyü kimi, “Dərbənd folkloru” adlanan bu cild Azərbaycan şifahi xalq ədəbiyyatının əsas janrlarını əhatə edir. Cildin tərtibi Dərbənd ərazisindən toplanmış folklor nümunələrinin səciyyəsindən, janr və mövzu müxtəlifliyindən doğub”.
İndi də kitabdan Dərbənd bayatılarını təqsdim edirik.

Dərbənd yolu şüşədi,
Dərbəndə gün düşədi.
Dərbənddəki yarımın
Gözləri bənövşədi.

Su gəlib bəndə dəyər,
Gümüş kəməndə dəyər
Sənin bir kəlmə sözün
Cümlə Dərbəndə dəyər.

Dərbənd bizim olaydı,
Daşı qızıl olaydı,
Qardaşım bəy duranda
Gecə uzun olaydı.

Ay Mirağa, Mirağa,
Nöyüt tökün çırağa.
Saçım sünbülə dönüb,
Barmaqlarım darağa.

Mən aşıq üzəngini,
Asta bas üzəngini.
Tanrı canım alaydı
Yardan əl üzən günü.

Bir yaralı qoçam mən,
Yerim yoxdu qaçam mən.
Ürək dükan deyil ki,
Hər yetənə açam mən.

Əzizim yüz il qala,
Yüz il yığ, yüz il qala.
Bədəsil əsil olmaz
Boyunca qızıl qala.

Abı don, abı daraq,
Yarımı gördüm bayaq,
Qaçdım, çata bilmədim,
Sınasan belə ayaq.

Dəryadan ləpə gələr,
Ağ yağış səpə gələr.
Mənim ayovlu yarım
Atını çapa gələr.

Qəriblik yaman olar,
Sovrulub saman olar.
Qürbətlərdə qalanın
Dərdi hər zaman olar.

Yolla gedən üç ilan,
Yumurtası puç ilan,
Məndən qeyri də varmı
Cavan ömrü puç olan?

Gəlin dursun yerisin,
Ayağın gül bürüsün.
Sayası burda qalsın
Başın dövlət bürüsün

Əzizim sinə incə,
Bel incə, sinə incə.
Saxsı sənək bel qucar,
Olmadım sənəyincə.

Eyvanım həsir mənim,
Ürəyim əsir mənim.
Toyumu tez eləyin,
Yarım tələsir mənim.

Bostançıyam, cuvaram,
Suyum yoxdur suvaram.
Yetişmişin dərmişəm,
Kalına da cumaram.

Bağında var boyana,
Dərbənd yolu hayana…
Hərə bir layla çalsın
Bəlkə yarım oyana.

Çalıda çapar atlar,
Ağzında cilov çatlar.
Oğlan deyir, dur gedək
Qız deyir, bağrım çatlar.

Dağlar, necə dağlarsan?
Çiskin, duman bağlarsan.
Dağlanmamış yerim yox
Sən haramı dağlarsan?!

Maralın dizi qanlı,
Topuğu, dizi qanlı,
Bizə fələk eylədi,
Biz tutduq sizi qanlı.

Dağların çiskinidi,
Dumanı, çiskinidi,
Özünü mənə yetir,
Ömrümün pis günüdü.

Bu dərə buz bağladı,
Dibi nərgiz bağladı,
Bir evə qonaq oldum,
Atımı qız bağladı.

Alma atdım, al, oğlan,
Al cibinə sal, oğlan,
Al deyəndə almadın,
Yana-yana qal, oğlan.

Çirkin çəkin ilmeyi,
Qardaşın köynəyliyi,
Qardaşımçın qız aley,
Uca dağlar kəkliyi.

Uzun qovaq, dal qovaq,
Mən ölüm, sən qal, qovaq.
Qardaş bağa girəndə
Ona kölgə sal, qovaq.

Köynəyim yaxa qaldı,
Açmadım yaxa qaldı,
Bağbanı sel apardı,
Bağ baxa-baxa qaldı.

Ana, ana, canım ana,
Canı mərcanım, ana,
Baş qoyum dizin üstə,
Qoy çıxsın canım, ana.

Pəncərədən baxdı yar,
Baxdım gördüm yoxdu yar,
Nə özündə can qoydu,
Nə də məndə ixtiyar.

Bənövşəyəm, bitmişəm,
Kol dibində itmişəm,
Qürbət günü dərdimdən
Boynumu yan tutmuşam.

A qardaş, ağa qardaş
Dolan gir bağa, qardaş.
Bağdakı qızılgüllər
Sənə sadağa, qardaş.

Qızılgül dəstəsiyəm,
Dərmişəm ustasıyam.
Hicran əyməzdi məni
Dərdinin xəstəsiyəm.

Bu yola yol salardım,
Karvanım bol salardım,
Bilsəydim ayrılıqdı,
Boynuna qol salardım.

Bağa girdim bağbansız
Dəvə gördüm sarvansız,
Aləmə dərman payladım,
Özüm qaldım dərmansız.

Dəryada çıraq yanar,
Baxdıqca iraq yanar,
Bu dünya qəm şərbəti,
İçdikcə ürək yanar.

Ləyən, ləyən, ləyəndə
Güllər boynun əyəndə
On iki qurban kəsərəm
Əlin əlimə dəyəndə.

Qulağında tanası,
Üstün örtüb şanası.
Qonşu qızı sevirəm,
Vermir zalım anası.

Üzüm, üzüm ağacı,
Üzüm, düzüm ağacı,
Bağa baltalı girdi,
Kəsdi bizim ağacı.

Üzüm tənəyi haça,
Əlim dolaşdı saça.
İgid ona deyərəm,
Məni götürüb qaça.

Dağlara dolu düşər,
At gəlsə nalı düşər,
Qəbrim qazın yol üstə,
Qardaşın yolu düşər.

Dəryada sicim gördüm
Sicimin ucun gördüm
Mən səndən ayrılmazdım
Fələyin gücün gördüm.

Aşıqam aşıqlara,
Zülfü dolaşıqlara.
Əgər səni tapmasam,
Qoşullam aşıqlara.

Pəncərədə şüşə var,
Sürüşübən düşə var.
O məhlədə bir qız var,
Qardaşıma düşə var.

Çəkməsi cıq-cıq eylər
Evimizi palçıq eylər,
Qonşu qara geyinsin,
Yar gələndə söz eylər.

Ay qız, gəl alım səni
Bağda gül alım səni,
Qız, vaxtında gəlmədin,
İndi dul alım səni.

Elə bir gün olaydı,
Sazla düyün olaydı,
Sizin kəndin qızları,
Bizə sürgün olaydı.

Samavar bizim olaydı
Lüləyi qızıl olaydı,
Girəydim yar qoynuna,
Gecələr uzun olaydı.

Bağ bağçalar şam olsun,
Ya çinar, ya şam olsun,
Gec gəlib tez gedirsən,
Otur, qoy axşam olsun.

Əzizim güzgüsünə
Baxdım yar güzgüsünə
Ürəkdən bir ah çəkdim
Az qaldı güzgü sına.

Bağça barsızdı, gülər.
Heyva narsızdı, gülər.
Könlüm evi virandır,
Üzüm arsızdı, gülər.

Ovun ovutmaz məni,
Meylin soyutmaz məni.
Ovudursan sən ovut,
Kimsə ovutmaz məni.

Axşam arada qaldı,
Xəncər yarada qaldı.
Mənim vəfasız yarım,
Bilməm harada qaldı.

Qızılgülü dərəllər,
Xəlvət yerə sərəllər.
Səndən ötrü sarallam,
Qızdırmadan görəllər.

Gedirəm yollar ilə,
Dürlü xəyallar ilə
Qucaydım yar boynunu
Tamarzı qollar ilə.

Dərbəndin dağı birdi,
Düzü çox, dağı birdi.
Balama dəymə, fələk,
Gözümün ağı birdi.

Dağlar başı qardandı,
Yolum sizin sardandı.
Səni xəlvətdə tutam
Məndə o bəxt hardandı?

Əzizinəm, başda mən,
Dəryada mən, daşda mən.
Yazıldı qara yazı
Genə yazıq başda mən.

Yol üstündə var çinar,
Yarpağı dinar-dinar.
Mənim nazlı yarımı
Saxlasın pərvərdigar.

Mən aşiqəm Dərbəndə,
Su gəlib dolub bəndə
Fələk bir tor qurubdu,
Gül yarım düşüb bəndə.

Aşıq bu gündə məni,
Toyda, düyündə məni.
Fələk də rəhmə gələr
Görsə bu gündə məni.

Su üstə sərincə bax,
Yuyunca, sərincə bax.
Yara belə baxmazlar,
Ay zalım, sərincə bax.

Suya gedən igidi,
Su dolduran ilkidi.
Bulaqda su olaydım,
Su qızların yüküdü.

Əlimdə ələmim var,
Qızıldan qələmim var,
Əzrayıl, alma canım,
Uzaqdan gələnim var.

Göyərçinəm, uçdum, gəl,
Yar bağına düşdüm, gəl,
Yaxşı günün yaxşısı,
Yaman günə düşdüm, gəl.

Göyəm yerlər,
Göy yerlər, göyəm yerlər,
Könlümə qan ağladır,
Ayağın dəyən yerlər.

Yetimin yekə dərdi,
Yüklənib lökə dərdi,
Mən dərdi çəkəmmirəm,
Kim gəlib çəkə dərdi?!

Dağların qaşı duman,
Dibi göy, başı duman.
Bir qoymaz yar görünə,
Çəkilməz naşı duman.

İncidənsən,
Dürdənsən, incidənsən.
Kəsərəm, dilim, səni
Bilsəm, yar incidənsən.

Kağızın ağına bax,
Çevirib sağına bax.
Mən yadına düşəndə
Dərbəndin dağına bax.

Eləmi yatan qarı,
Dağların yatan qarı.
Kişini tez qocaldır
Axşamdan yatan qarı.

Ağ alma allanıbdı,
Budaqda ballanıbdı.
Qardaşın quzu kürkü
Çiynindən sallanıbdı.

İpək çəkib çarxlardan,
Atılaydım arxlardan
Qardaşa qız alaydım
Alagözlü şıxlardan.

Nədi diləyin, qardaş,
Ağdı biləyin, qardaş.
Quzu qurban kəsərəm
Bitsə, diləyin, qardaş.

Arpa biçib gedeydim,
Ağ su içib gedeydim,
Yar yadıma düşəndə
Göynən uçub gedeydim.

Dərbənd üstü düz olur,
Dəstə-dəstə qız olur.
Getməsəm, bağrım çatlar,
Gedəndə də söz olur.

Muncuq düzdüm möhrədən,
Naxış vurdum dövrədən.
Sən ki belə deyildin,
Ölsün səni öyrədən.

Canım kotana qurban,
Maçın tutana qurban.
Şumda kəsib əhədin
Yorğun yatana qurban.

Dəryada dəryalıqlar,
Qalxıb oynar balıqlar,
Nə elə görüş olsun,
Nə belə ayrılıqlar.

Ağ alma, qızıl alma,
Tabağa düzül, alma.
Səni yar göndəribdi
Saxlaram yüz il, alma.

Ağ dəvə çatıb gələr
Quyruğun atıb gələr.
İstəkli yar itirən
Qəmlərə batıb gələr.

Dəyirman üstü çiçək,
Gəl gedək onu biçək.
Qardaşa gəlin gəlsin
Uzunsaç, qarabirçək.

Dərbəndin küçələri,
Bar verər beçələri.
Səslədim qardaşımı
Hay verdi neçələri.

Günəş göy qırağında,
Qızlar toy qırağında.
Mən yarımla görüşdüm
Pünhan çay qırağında.

Əzizim gözdə məni,
Kiprikdə, gözdə məni.
Bu çölün ceyranıyam
Gəl ovla güzdə məni.

Xalını qoydum yükə,
Yeddi qat bükə-bükə
Yarımın düşmənləri
Doğransın tikə-tikə.

Süd üzü qaymaq gərək,
Qaymağı yaymaq gərək.
Yardan əl götürənin
Gözlərin oymaq gərək.

Əmimoğlu, xasa gəl,
Mən ölmüşəm, yasa gəl.
Qəbrim yol üstündədi,
Torpağımı basa gəl.

Bulağın başı dayım,
Üzüyün qaşı dayım,
Sənə mən qurban olum,
Anam qardaşı, dayım.

Gedirəm yolum budu,
Dərd budu, zülüm budu.
Sevəsən, yad apara
Əcəlsiz ölüm budu.

Bu gələn özün bilməz.
Danışar, sözün bilməz.
Hər gəlib su dolduran
Çeşmənin gözün bilməz.

Dərbənd üstə qala var,
Ürəyimdə yara var.
Mən ölürəm dərmansız,
Bəs deyirdin çara var.

Təqdim etdi: Uğur

Şərh yeri

şərh

Share Button

Comments are closed.