yeni xəbərlər

İSLAM HƏMRƏYLİYİNƏ MANE OLAN AMİLLƏR

Mart 17th, 2017 | by DAK.AZ
İSLAM HƏMRƏYLİYİNƏ MANE OLAN AMİLLƏR
Yazar
0

(Tarixi-siyasi-iqtisadi səbəblər)

İslam sivilizasiyasının coğrafi və mədəni bölgəsi kimi XXI əsrin savaş və barış siyasətlərini müəyyənləşdirən yaxın və orta şərq, tarixən İpək yollarının kəsişdiyi nöqtə, Xaçlı savaşlarının, getdiyi bir bölgə, həmçinin Yəhudilik, Xristianlıq və İslamın doğulduğu yer olma etibarı ilə Qutsal torpaqlar adlandırılan bölgə kimi XXI yüzildə yenidən geostrateji baxımdan hegemonluq uğrunda savaş meydanına çevrilməkdədir. Dünya əhalisini 85%-nin yerləşdiyi bölgə kimi orta şərq həm də Texnogen sivilizasiyanın inkişafı nəticəsində yaranmış yeni bir inkişaf mərhələsinin, Qloballaşmanın doğurduğu XXI yüzil paradiqmalarının savaş nöqtəsidir. Orta şərq dinlərin və mədəniyyətlərin savaşdığı bir bölgədir, Asiya, Avropa və Afrika qitələrinin kəsişmə və bir-birinə bağlanma nöqtəsi olan yaxın və orta şərq tarixin başlandığı bir bölgədir və indi XXI yüzildə dünya siyasi coğrafiyasının və tarixinin yenidən qurulması və formalaşması üçün önəmli olan bir bölgədir.

Orta Şərq Fasdan İndoneziyaya qədər uzanan İslam sivilizasiyasının hakim oldugu cografiyanı əhatə edir. Anqlo-Sakson dünyasında  Orta Sərq; Misir, Yəmən,Ümman, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər, Küveyt, Səudiyyə Ərəbistanı, İraq, Suriya, Livan, İzrail, Fələstin, Türkiyə, Azərbaycan və İranı içinə almaqla, cəmi 8.012.779 kilometrlik bir ərazini əhatə edən bölgə kimi Sovetlər birliyi dagıldıqdan sonra yeniden  bölüşdürülməsi və  sömürülməsi  planlarının mərkəzi olmuş,  dəyişik adlar və siyasi texnologiyalar şəklində beynəlxalq siyasətin gündəminə daxil olmuşdur.

XXI yüzildə orta şərqdə Amerikanın “Böyük Orta Doğu projesi “nə uyğun olaraq İslam dünyasının, özəlliklə orta şərqin siyasi xəritəsi və dövlət quruluşlarının yenidən qurulması və formalaşması gündəmdə olduğundan, Azərbaycan bu bölgədəki proseslərdə və yenidən qurulma lahiyələrində öz milli çıxarları mənafeləri baxımından yararlanma istiqamətində fəaliyyət göstərməlidir. Bu baxımdan İslam dünyasında, yaxın və orta şərqdə gedən siyasi, iqtisadi, ideloji, dini prosesləri, savaş və mübarizələri, islam-Şərq sivilizasiyasının  bir hissəsi olan Azərbaycanın strateji maraqları kontekstindən izləmək zəruridir.

Qeyd etməliyik ki, hal-hazırda XXI yüzillikdə islam dünyasında, islam dövlətlərinin və xalqlarının həmrəylik, qarşılıqlı əməkdaşlıq və sülhün qorunması  prosesinə mane olan bir sıra qlobal və regional proseslər mövcuddur.

İslam həmrəyliyinə mane olan  amillərdən birincisi,Vahid islam dünyası, vahid islam həmrəyliyi, vahid islam təhlükəsizliyi, hərbi strategiyası ideyasının Osmanlı dövləti çökdükdən sonra tarixə gömülməsidir. İslam coğrafiyasında islam həmrəyliyinə nail olmaq üçün zəruri olan ideoloji-siyasi-iqtisadi mexanizmlər dağıdılmışdır. İslam dünyası dini təriqət və məzhəblərə parçalanmışdır. Vəhhabizm, sünnü, şiyə, əhmədiyyə, nurçuluq kimi cərəyanlar, sünnü- şiə qarşıdurmaları islam sivilizasiyasının gələcəyini təhdid edir. Bu gün XXI əsrdə islam dünyasında mərkəzi dövlət yoxdur və İslam ölkələri ayrı-ayrı sivilizasiya və mədəniyyətləri təmsil edən (əsasən Qərb) dövlətlərin periferiyasına çevrilmişlər. İslam ölkəsi olan İran islam mərkəzli dövlətin əsas keyfıyyətlərinə malik olsa da (əhalisinin 90% şiədir) yalnız İslamın şiə qanadına rəhbərlik edə bilər. Nüvə enerjisinə malik olan Pakistan İslam dünyasında lider roluna iddia etsə də hələlik bu istiqamətdə siyasi-iqtisadi-ideoloji təkliflərlə və təşəbbüslərlə çıxış etməməkdədir. İslamın beşiyi olan Səudiyyə Ərəbistanı Amerikanm təsiri altındadır və ərəb-etnik-sələfi dünyagörüşünü əks etdirən Vəhhabilik cərəyanını rəsmi dövlət dini kimi qəbul etdiyi üçün digər islam ölkələri tərəfindən qəbul olunmamaqdadır. Dünyəvi-sekulyar dövlət modeli qurmuş Türkiyə islam liderliyinə iddia edə bilmir. Beləliklə də, İslam coğrafiyasında dominantlıq təşkil edən islam dini inancı əsasında formalaşmış ortaq mədəniyyət ortaq tarix, ortaq dünyagörüşü paylaşan dövlətlərin və millətlərin ortaq «sentrizm» ideyalarının  olmaması, (Məsələn, avropa sentrizm xristian birliyi, xristian klubu və s. kimi) İslam xilafəti ideyasınm iflasa uğraması, hərbi, iqtisadi, siyasi blok və təşkilatlarının ortaq strateji təhlükəsizlik konsepsiyalarımn olmaması, İKT-nm qərarlarının tövsiyə edici bir xarakter daşıması, islam sivilizasiyasının öz içərisində müxtəlif etno-milli, dini, ideoloji münaqişələrin mövcud olması, yeni islam sivilizasiyasının formalaşmasına mane olan ciddi faktorları  islam həmrəyliyinə mane olan səbəblər kimi göstərə bilərik.

 

İkinci amil  XXI yüzillikdə islam coğrafiyasında gedən resurslar uğrunda mübarizənin kəskinləşməsidir.

Hazırda Dünya neft ehtiyatının 65% İslam coğrafiyasına daxil olan orta şərqdədir. Dünya neft ehtiyatının çox az hissəsi, (cəmi 5%) metropol ölkələrindədir. Keçmiş Sovetlər Birliyi torpaqlarında 5,8%, Venesuelada 5,8%, Meksikada 5,6%, ABŞ-da 3,4%, Çində 6% neft ehtiyatı var. Orta şərq neftinin 80%-ni Yaponiya, 60%-ni Almaniya, 14%-ni İngiltərə, 22%-ni ABŞ idxal edir. ABŞ-ın neft idxalatını gələcəkdə 30% çatdırmaq planlarının  olduğu bildirilir. Dünya neft ehtiyatlarınm 65%-nin orta şərqdə yerləşməsi səbəbindən metropol ölkələrin başqa qaynaq seçmə imkanı yoxdur. Orta şərq neftinə bağlılıq bölgənin siyasi stabilliyinin məsuliyyətini çəkməyi bu ölkələrin boynuna qoyur.İndustrial istehsal və istehlak prosesinin neftə, enerjiyə bağlı olması səbəbindən metropol ölkələrin orta şərqə  bağlı olması hələ XXI yüzillikdə də davam edəcəkdir.

Beynəlxalq Enerji Təşkilatının (Uluslararası Enerji Ajansı) bildirdiyinə görə gələcəkdə 30 il içində neftə olan tələb ildə 75 milyard varildən 120 milyard varilə yüksələcək. Təbii qaza olan tələb 30 ildə 2 dəfə artacaqdır. Bu təşkilatın hesablamalarına görə sürətlə  artacaq təlabatların ödənilməsi üçün 4,2 trilyon dollar yatırım qoyulması tələb olunur. Siyasi təhlükəsizliyin və mənafeyin ödənilməsi baxımından qlobal stabilliyə nail olmaq zərurəti də buna əlavə edilməlidir. Digər tərəfdən BP-Amoco Şirkətinin hesablamalarına görə dünyada varlığı müəyyən edilmiş enerji ehtiyatlarının ömrü (tükənmə müddəti) 60 ilə qədərdir. Texnoloji inkişaf və yenilikləri və hələ tapılmamış ehtiyatlarıda buna əlavə etsək, enerji ehtiyatlarının tükənməsini ancaq 100 ilə qədər uzatmaq olar.

Belə kritik şəraitlər üzərində duran dünya enerji bazarlarının  geopolitik zəmini böyük Orta Şərqdir. Hazırda mövcud enerji qaynaqlarının 100-də 70-i, gələcəkdə olması ehtimal olunan qaynaqların 100-də 47% islam coğrafiyasında “Geniş Orta Şərq”dədir. Artıq böyük neft rezervlərinin tapılması ehtimah sıfırdır. Ən böyük neft hövzələrində istehsal ən yüksək zirvəyə çatmışdır. Bundan sonra neftin azalacağına inananların sayı getdikcə artır. Dünya əhalisinin artması, kütləvi istehlak normalarının  genişlənməsi enerji tələbinin artacağını göstərir. Beləliklə qeyd etməliyik ki, dünya enerji təhlükəsizliyi baxımından “Geniş Orta Şərq”in önəmi gedərək artacaq.

ABŞ qlobal üstünlüyünü qoruya bilmək üçün bu qaynaqlara nəzarəti əlinə keçirmək məcburiyyətindədir. Bu isə neft ehtiyatlarının coğrafıyasını ABŞ milli maraqları və strateji təhlükəsizliyi baxımından yenidən formalaşdırmağı zəruri edir. İslam coğrafiyasında, Orta şərqdə qlobal liderlik və hegemonluq uğrunda savaşı gücləndirən faktorlardan biri də atom silahlarına malik olan Hindistan və Çinin enerji tələbatlarının getdikcə artmasıdır. Neft idxalatı 2000-ci ildə 50 milyon tondan 2012-cu ildə 120 milyon tona çıxmış  Çin  Yaponiyanı keçərək dünyanın ikinci böyük neft istehlakçısı olmuşdur. Çin neft idxalatının içində “Geniş Orta Şərq”in payı 100-də 80-dir.  2000-ci ildə 67 milyon ton neft idxal edən Hindistanən idxalatının 2020-ci ilə qədər 230 milyon tonu keçməsi gözlənilir. Bu sırada ABŞ-ın və Avropanın da enerji idxalatının sürətlı yüksəlməsi orta şərq neftinə bağlılıqlarını artırır. Digər tərəfdən, dünyanın ikinci nüvə cəbbəxanasına, ordusuna, zəngin enerji qaynaqlarına  sahib olan Rusiya neft və qazın qiymətləri artdıqca, ixracat gəlirlərindən istifadə edərək, son illərdə hərbi texnologiyasını genişləndirir və iqtisadiyyatını gücləndirir. Rusiya: Avropa ilə, Çin ilə, Yaponiya ilə yeni enerji xəttləri qurur. Bir sözlə dünyanın enerjiyə olan tələb və təklif arasındakı fərq böyüdükcə, enerji qiymətləri artdıqca Rusiyanın həm iqtisadi gəlirləri, həm də siyasi təsirləri yenidən artmaqdadır. Burada əsas diqqət yetirməli olduğumuz nöqtə dünya siyasətindəki hegemonluq iddiasının və yarışının neftlə bağlı olmasıdır. ABŞ-ın neft qaynaqları və qiymətləri üzərində söz haqqının artması, Yaponiya və Almaniyaya qarşı yürütdüyü hegemonluq mübarizəsində ABŞ-ın üstünlüyünü hələki saxlamaqdadır. Digər yandan Körfəzdə 2 dollara çıxarılan neft Amerikada çıxarılan zaman 25 dollara başa gəlir.    Bütün bu faktorlara əsaslanaraq belə nəticə çıxarırıq ki, “Geniş Orta Doğu”, “Böyük Orta Şərq”  ABŞ, Rusiya, Avropa, Çin, Hindistan və Yaponiya arasında yeni paylaşma sahəsi, resurslar uğrunda savaş bölgəsi olaraq “Böyük Oyun” meydanı kimi şəkillənməyə başlayır. Hələlik bu “Böyük Oyunda” hegemonluğu ABŞ “Yeni dünya düzəni”, “Azadlığın yeni srategiyası” lahiyələrini həyata keçirməklə Orta Şərqin yenidən qurulmasına nail olmaq istəyir. Qeyd etməliyəm ki, hazırda dünyada sənayeləşmənin və aşırı istehlak nəticəsində yaranmış tullantıların yaratdığı  CO2  meton  qazı  CFC kimi qazlar, təbiətə tökülən kimyəvi tullantılar qaynaq və təbii resursların qıtlığı, çatışmazlığı  problemini doğurur. Bu tullantılar qlobal istiliyin artmasına  səbəb olur, ekosistemin dağılmasını geri dönməz şəkildə sürətləndirir. Həm qlobal istiləşmənin təsiri ilə, həm də sənayeləşmənin yaratdığı tullantıların təsiri nəticəsində içməli su qaynaqları sürətlə azalır. Orta Şərq quraq bir bölgədir. Əhalinin sürətlə artması, sulanma və enerji ehtiyaclarının aradan qaldırılması üçün suya olan ehtiyac hər gün artmaqdadır. Su qaynaqlarının az olması, bir neçə ölkə tərəfındən istifadə olunması su probleminin həllini daha da çətinləşdirir. Bögədəki su problemi əsas su qaynaqları olan Fərat çayı (Türkiyə, Iraq, Suriya arasında) və Ürdün çayı hövzəsinin (İzrail, Ürdün Livan, Suriya və Qərbi Suriya arasında) bölüşdürülməsi ilə yaranmaqdadır. Su krizi son 50 ildə Türkiyə Suriya-İraq münasibətlərində tez-tez gərginlik yaratmışdır. Türkiyənin cənub şərqi Anadolu bölgəsinin iqtisadi və sosial inkişafı məqsədilə Kuban, Qaraqaya və Atatürk su barajı layihələrinin reallaşdırılması yönümündə apardığı çalışmalar zamanı Türkiyə-Suriya-İraq arasında gərginlik yaranmışdır. Fərat çayı Suriya və İraq üçün içməli su, sulama və hidroelektrik ehtiyatının ödənilməsi baxımından çox önəmlidir. Türkiyə çaya tam kontrol edir. Suriya və İraq çay üzərində hər hansı təsisatın qurulmasının əlehinədir. Resursların əsas mənbəyi olan təmiz su azaldıqca taxıl istehsalı da geriləməyə başlayır. Dünyada taxıl tələbiylə-təklifi arasında fasilə son illərdə böyüməyə başlamışdır. Digər yandan Çinin taxıl rezervlərinin tükənməsi səbəbindən onun gələcəkdə dünya taxıl bazarlarına girməyə başlaması gözlənilir. Həmçinin ABŞ, Kanada, və Avstraliya kimi əsas taxıl ixracatçıları, taxıl ixracatına kvota qoymağa başlamışlar. Bu adi həqiqətlər belə, gələcəkdə Su və taxılın qiymətlərinin artması, bu resurslar üzərində rəqabətin kəskinləşməsi, savaşların sürətlənməsi ehtimahnı doğurur. Bütün bunlarla bərabər XXI yüzillikdə iqlim dəyişikliklərinin təbii resurslar üzərindəki təsiri, bu təsirdən doğan proseslər də qaynaq və resurslar uğrunda müharibələrin qaçılmaz olduğunu göstərməkdədir. Və hələlik İslam dünyasında, yaxın və orta şərqdə baş verən müharibələr bunun bariz nümunəsidir.

İslam həmrəyliyinə mane olan üçüncü səbəb kimi islam ölkələrində terrorizmin genişlənməsini göstərə bilərik.

Terrorizmi doğuran səbəb  isə yaxın-orta şərqdə, İslam sivilizasiyasında baş verən sosiyal- iqtisadi böhran, sürətli Urbanizasiya və onun doğurduğu sosyal- psixoloji gərginliklərdir. Qeyd edək ki, «müsəlmanlar düna əhalisinin 22%-ni təşkil edir və onlara məxsus torpaqların sadəcə 2%-ni istifadə edə bilirlər. Bu gün islam dünyasında əhali sürətlə artır, insanların ehtiyacları isə ödənmir.

Bu bölgədəki torpaqların işlənməsi, məhsulların süni artırılması artan ehtiyacları qarşılaya bilmir. Beləliklə insanların həyatda qalma savaşları artır. Buna görə terrorda daxil olmaqla bütün mübarizə vasitələrindən istifadə olnur. Məhz buna görə də  Şərq-Qərb  çatışmalarının müasir  aspektlərindən  biri  olan terrorizmin əsas səbəblərini islamda yox, sosial- iqtisadi vəziyyətin ağırlaşmasında axtarmaq lazımdır. islam dünyasında sülhün, həmrəyliyin pozulmasının,  terrorizmin və Şərq-Qərb çatışmalarının meydana çıxmasının əsl səbəbləri dünyada sürəkli olaraq siyasi, iqtisadi, mədəniyyətlər arası dəyişmələrin və rəqabətin mahiyyətindədir. Bu gün modern dünyada şimal və cənub dövlətləri arasındakı inkişaf fərqi, bu fərqdən doğan çatışmalar və qarşılıqlı anlaşmazlıqlar, mədəniyyətlərarası münasibətlərdəki gərginliklər terrorizmin çiçəklənməsinə şərait yaradır. Elmi- texniki inqilabın, kürəsəl iqtisadiyyatın , təbliğat və informasiya vasitələrinin köməyilə zəngin ölkələrin kasıb ölkələri öz dəyərləri vasitəsilə mariginallaşdırması, standartlaşdırması terrorizmi və şərq-qərb çatışmalarını doğuran səbəblərdir. Bəşəriyyətin, insanlığın  yeni inkişaf mərhələsi olan və texnogen sivilizasiyanın  nəticəsi olan qloballaşma prosesinin Vesternizasiya xəttinin diqtəsi altında getməsinə və bütün dünyanın qərb dəyərləri əsasında standartlaşdırılması. Yerin resurslarının və sərvətlərinin 80%-nin Qərbi Avropada və ABŞ-da toplanması nəticədə qitənin digər hissələrində aclıq və səfalətin hökm sürməsi, Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun, BMT-nin, digər beynəlxalq təşkilatlarm bütün qitədə ədalətli, hüquq bərabərliyini iqtisadi və siyasi tarazlığı və balanslaşdırmanı yaratmaq və tənzimləmək əvəzinə, qərbin və ABŞ-m maraq və mənafeələrini qorumaqla məşğul olmaları, bütün bunların nəticəsində qitədə iqtisadi- siyasi tarazlığın pozulması islam coğrafiyasında cavab reaksiyası kimi terrorizmin  doğmasına səbəb olur.

 

Bütün bu faktorlar- Qloballaşma prosesinin dünya informasiya texnologiyalarına nəzarət edən ABŞ və qərbin mənafeələrinə uyğun yönləndirilməsi və tənzimlənməsi, bütün dünyanın zorla qərb dəyərləri əsasında standartlaşdırılmasına çalışılması və bunun nəticəsində yaranan müasir şərq-qərb sivilizasiyaları arasında çatışmalar  islam coğrafiyasında, orta şərqdə siyasi islam ideyalarını əldə rəhbər tutan təşkilatların  mübarizə məqsədlərini böyüdərək potensial ümumdünya İslam hərəkatlarının bir parçasına çevrilməsinə səbəb olmaqdadır.

 

Anqlosakson siyasi-hüquqi dəyərlərinin, liberal demokratik bazar sisteminin heç də kamil bir sistem olmadığı, bu sistemin nəticəsində varlı ölkələrin daha da varlanması, kasıb ölkələrin daha da kasıblaşması prosesinin sürətlənməsi və beləliklədə varlı şimal və kasıb Cənub ölkələri arasında gələcəkdə baş verməsi ehtimal olunan qlobal müharibə təhlükəsinin artamısı, ölkələrin Mərkəz və periferiyalara bölünməsi nəticəsində yaranmış ədalətsiz iqtisadi-siyasi düzən, terrorizm probleminin aradan qaldırılmasma maneə olmaqdadır.

Terrorizmin və Şərq-Qərb çatışmalarının meydana çıxmasının əsl səbəbləri dünyada sürəkli olaraq siyasi, iqtisadi, mədəniyyətlər arası dəyişmələrin və rəqabətin mahiyyətindədir. Bu gün modern dünyada şimal və cənub dövlətləri arasındakı inkişaf fərqi, bu fərqdən doğan çatışmalar və qarşılıqlı anlaşmazlıqlar, mədəniyyətlər arası münasibətlərdəki gərginliklər terrorizmin çiçəklənməsinə şərait yaradır. Elmi- texniki inqilabın, kürəsəl iqtisadiyyatın , təbliğat və informasiya vasitələrinin köməyilə zəngin ölkələrin kasıb ölkələri öz dəyərləri vasitəsilə mariginallaşdırması ,standartlaşdırması terrorizmi və şərq-qərb çatışmalarını doğuran səbəblərdir.

Terrorizmin digər səbəbləri isə ABŞ-ın «Yeni dünya düzəni» adlı Orta Şərq siyasətidir. Dünya əhalisinin 86%-nin yerləşdiyi və əhalisinin İslam dininə etiqad etdiyi  Orta şərqin dövlət, mədəniyyət və din baxımından yenidən ABŞ və Qərb maraqlarına  uyğun şəkildə formalaşdırılması, şəkillənməsi siyasətidir. Dünya neftinin 65% bu bölgədə yerləşir və ABŞ İslam gücünü parçalamaq üçün bu bölgədə İzrail, Kürdüstan və Ermənistan mərkəzli çox dilli, çox dinli, çox kültürlü, çox uluslu bir düzən formalaşdırmaq istəyir .  Orta şərqdə dominantlıq təşkil edən Ərəb və Türk gücünü parçalamaq üçün İzraildən və Qüzey İraqda ABŞ-ın əli ilə yaradılmaqda olan Quzey İraq Kürd dövlətindən istifadə edilməkdədir. Türk gücünü parçalamaq üçün yaradılmış Ermənistanın işğalçı siyasətinin durdurulmaması, erməni soyqrımı uydurmasının Vatikan-ABŞ-Qərb ölkələri tərəfındən dəstəklənməsi bu bölgədə terrorizmin daha da genişlənməsinə şərait yaradır.

Qərb bu kimi problemlərin həlli yollarını araşdırmaq əvəzinə terrorizmin sorumluluğunu İslama yükləməkdədir. Dünya mətbuatı terorizmin islam dünyasındakı ABŞ-Qərb-Rusiya tərəfindən aparılan hegemonluq savaşlarından yox, islam fəlsəfəsindən və ruhundan qaynaqlandığını iddia etməkdədir. İslam fundamentalizmi və islamın təməl əsaslarından biri olan Cihad konsepsiyası terrorla əlaqələndirilməkdədir.  Terrorizmin səbəblərini bir milyard 500 milyon əhalisi olan islam dünyası üzərinə yükləməklə, ABŞ və qərb ölkələri və Rusiya terrorizmdən öz ölkələrinin geopolitik, iqitsadi və ideoloji problemlərini çözmək üçün istifadə etməkdədirlər. Əslində isə islam coğrafiyasında tüğyan edən  Terrorizm ABŞ-ın, «Yeni dünya düzəni» siyasətinə uyğun olaraq islam dünyasını,Orta Şərqi yenidən  öz maraqlarına uyğun şəkildə formalaşdırmaq siyasəti nəticəsində doğulmuşdur. 70-ci illərdə güclənərək Orta Şərq siyasətinə öz damğasını vuran Siyasi  islam hərəkatının  islam ölkələrində doğmasının əsas səbəblərindən biri kimi 1948-ci ildən İngiltərə Parlamentinin Balfor deklarasiyası adlı qərarına əsasən Fələstin torpaqlarında yəhudi muxtariyyəti yaratmaq məqsədilə  yəhudilərin Fələstinə köçürülməsi və İzrail dövlətinin qurulması ilə başlayan, yarım əsrdən çox  davam edən ərəb- İzrail savaşlarını (1948, 1956, 1973, 2007-ci illər);  BMT-nin Fələstin ərazisində İzrail və Fələstin dövlətinin yaradılması haqqında qərarının həyata keçirilməməsini, ABŞ-ın birtərəfli şəkildə İzraili dəstəkləməsini, Fələstin dövlətinin yarana bilməməsi və yerli Fələstin əhalisinin köçürülərək yurd- yuvasız, işsiz qaçqına çevrilməsini, 1992-ci ildə ABŞ Konqresinin Qüdsü İzrailin paytaxı kimi tanınması haqqında qərar qəbul etməsini, İran və İraq arasında gedən I Körfəz savaşını (1980-88); İraqın Küveyti işğal etməsi nəticəsində başlayan II Körfəz savaşını (1990-91); ABŞ-ın İraqı (2003), Əfqanıstanı işğal etməsi (5. s . 186) və Suriyanı, Livanı darmadağın etməsi,əhalisinin kütləvi şəkildə öldürülməsi və etnik təmizləməyə məruz qalması, 1945-ci ildə əsası qoyulmuş Ərəb Birliyi Liqasının və 1969-cu ildə əsası qoyulmuş 54 ölkəni birləşdirən İslam Konfransı Təşkilatının islam ölkələrinin problemlərinin çözülməsində ciddi rol oynaya bilməmələrini və İslam birliyinin iqtisadi, siyasi, hərbi- ideoloji mahiyyət daşımaması, yalnız kültürdə mövcud olmasını, beləliklə İzrail-Ərəb müharibəsinin qarşısının alınmasında heç bir rol oynaya bilməyən ərəb dövlətlərinə qarşı ümidlərini itirmiş dinc əhalinin silahlı dəstələr quraraq, komikadze müharibələrinə başlanmasını göstərmək olar.  Məlumdur ki,1948-ci ildən İngiltərə Parlamentinin Bolfor deklarasiyasına əsasən Fələstin torpaqlarnda yəhudi muxtariyyət yaratmaq məqsədilə yəhudilərin Fələstinə köçürülməsi və İzrail dövlətinin qurulması ilə Ərəb-İsrail savaşları başlamış, beləliklə də Yaxm Şərq probleminin əsası qoyulmuşdur. BMT-nin Fələstin ərazisində İsrail və Fələstin dövlətinin yaradılması haqqında qərarının həyata keçirilməməsi, ABŞ-ın birtərəfli şəkildə İzrail dövlətini dəstəkləməsi, fələstin dövlətinin yarana bilməməsi və yerli Fələstin əhalisinin köçürülməsi ərazilərin yəhudilər tərəfindən işğal edilməsi 64 illik Fələstin-İzrail müharibələrinə gətirib çıxartdı. Ərəb-İsrail ordusu arasında 1948, 1956, 1967, 1973-cü illərdə baş verən müharibələr, 1992-ci ildə ABŞ Konqresinin Qüdsü İsrailin paytaxtı kimi tanınması qərarı, İran və iraq arasında gedən I Körfəz savaşı, İraqın Küveyti işğal etməsi nəticəsində baş verən II Körfəz savaşı (1990-91), ABŞ-ın Əfqanıstanı və  İraqı, Livanı işğal etməsi,  Suriyanı parçalamaq siyasəti, 1945-ci ildə əsası qoyulmuş Ərəb ölkələri Birliyi Liqasının və 1960-cı ildə əsası qoyulmuş 54 ölkəni birləşdirən İslam Konfransı Təşkilatının islam ölkələrinin problemlərinin çözülməsində ciddi rol oynaya bilməmələrini və islam birliyinin siyasi iqtisadi qərar və strategiyalarda deyil, yalnız kültürdə mövcud olduğu qənaətini doğurmaqdadır. Bölgədə qlobal geosiyasi maraqların  kəsişməsi və ümidsiz qaçqınlar ordusunun yaranması bölgə əhalisinin terrora əl atmasına şərait yaradır.

Terrorizmin islam dünyasında yayılmasına səbəb olan əsas amil isə yenə də Qərbin sömürgə siyasətindədir. XX əsr boyu Qərb ölkələri və beynəlxalq təşkilatlar tərəfındən Şərq ölkələrinə yatırım qoyulması və Qərb yatırımlarının. Sərmayəsinin,maraqlarının qoruyucusu və təminatçısı  funksiyasını  oynayan yerli diktatura rejimlərini ciddi şəkildə dəstəkləmələri islam xalqlarının vətəndaş cəmiyyəti və demokratiya uğrunda mübarizələrinin nəticə verməməsi ilə sonuclanmış və bütün bunlar bölgədə terrorizmin çiçəklənməsinə səbəb olmuşdur.

Dünyanın ən böyük silah idxalatçıları bu bölgədədir. İsrail, Türkiyə, Pakistan və İranda ən üstün texnologiyaya malik silah sənayesi və istehsalı getdikcə inkişaf etməkdədir. Bölgəsəl güc olma strategiyasına söykənən silahlanma iqtisadi inkişaf baxımından problemlər yaratmaqdadır. İslam cografiyası, yaxın və orta şərq dünya silah maqnatlarının əsas bazarıdır. ABŞ bu bölgəyə silah ixracatında birinci yerdədir. ABŞ və Fransanın dəstəklədiyi atom silah proqramı əsasında İzrail yüzlərlə atom başlığına sahib olmuşdur. İzrail eyni zamanda atom texnologiyası ixracatçısıdır və Cənubi Afrika ölkələrinə atom silah araşdırmaları tədqiqatlarının aparılmasmda iştirak edir. İzrailin ən müasir silahlara sahib olması, atom silahı ilə islam sivilizasiyasını təhdid etməsi və islam coğrafiyasını, orta şərq xəritəsini yenidən öz maraqları çərçivəsində şəkilləndirməsi də terrorizmin və müharibələrin doğmasına səbəb olmaqdadır. Hazırda Əfqanıstanda, Suriyada yüzminlərlə insan  qərb silahları vasitəsilə məhv edilir. Bu siyasət Afrika ölkələrində, İraqda, Livanda,  Fələstində, Türkiyədə, Azərbaycanın Qarabğ bölgəsində   tətbiq edilir və  gələcəkdə İranda həyata keçirilməsi planlaşdırılır.

Beləliklə qeyd edə bilərik ki, islam Sivilizasiyasında İslam ölkələri və xalqları arasında həmrəyliyə nail olmaq, həmçinin şərq-qərb sivilizasiyaları arasında həmrəyliyə nail olmaq  ilk növbədə  İslam coğrafiyasında ABŞ-AB-Rusiya heğemonluq mübarizələrinin və sömürgə siyasətinin qarşısını almaqla mümkündür. Bu isə islam ölkələrinin vahid strateji- siyasi-iqtisadi, dini-mədəni təhlükəsizlik doktrininin formalaşması və bu doktrinin uluslararası siyasətdə, sivilizasiyalar arası rəqabətdə tətbiq edilməsi ilə mümkündür.

 

 

Yasəmən Qaraqoyunlu. AMEA Fəlsəfə İnistitutu

Şərh yeri

şərh

Share Button

Comments are closed.