yeni xəbərlər

AZƏRBAYCAN MİLLƏTÇİLİYİ

May 1st, 2017 | by DAK.AZ
AZƏRBAYCAN   MİLLƏTÇİLİYİ
Yazar
0

Milli olmayan, bəşəri deyil.

 

Azərbaycan millətçiliyi–dedikdə, Azərbaycanın yerli (aborigen) xalqlarının qarşılıqlı hörmət, vahid vətən, bərabər hüquqluluq əsasında öz milli MƏNlərinin təsdiqi yönündə çalışmaları başa düşülməlidir. Azərbaycanın yerli xalqları: – ölkəmizin Rus işğalınadək (1828) təbii-tarixi zəruri qaydada məskunlaşmış, əsrlərcə yaşamış, mənən qovuşmuş insanları hesab olunmalıdır. Mən bu insanların – doğma Azərbaycan xalqları – adlandırılmasını zəruri hesab edirəm. Belə ki, bu, doğma Azərbaycan xalqlarını birləşdirən ümumi cəhətləri (mədəniyyət, əxlaq, vətən, tale, ümumi dil, din birliyi), onları ayıran xüsusi cəhətlərdən (dil, din, bəzi xarakter və adət fərqi) daha dayanaqlı və ən başlıcası isə onların milli mənafeyinə (həm ayrılıqda, həm birlikdə) xidmət edəndir.

Başqasını doğma saymaq düzgün deyil. Çünki, milli haqlarımızın bu günədək qəsb edilməsi gedişatı sübut edir ki, rus, işğalımızdan sonra özünə siyasi dayaq yaratma, imperiya maraqlarını içimizə oturtması məqsədilə, milli iradəmizə qarşı ölkəmizə yerləşdirdiyi, bizə yad, düşmən olanlarla mənəvi yaxınlığımız, iş birliyimiz mümkün deyil.

Azərbaycançılıq fikirləri əsasən 20-ci əsrin başlanğıcında Cümhuriyyətimizin ideoloqları, qurucuları tərəfindən müəyyənləşdirilmiş və bu fikirlərin nəticəsi olaraq doğma Azərbaycan xalqları ilə birgə Azərbaycan Xalq Cümhuriyyəti adında dövlət qurmuşlar. Bu istiqlal savaşında tarixən olduğu kimi, Azəri türklərinin aparıcılığı danılmazdır. Savaşa qoşulmaq, onun ağırlığını, məhrumiyyətini, məsuluyyətini öz üzərinə götürməkdir. Xalqımızı yaxşı tanyan hər bir vicdanlı bilici bunu təsdiqləyə bilər. Başqa sözlə, bu gün doğma Azərbaycan xalqları–“ətlə, dırnaq” qədər qovuşmuşlar. Əgər belə olmasaydı, bu xalqlar erməni bölücülərinə qarşı müqəddəs vətənimiz Azərbaycanın bütövlüyü uğrunda 1988-ci il Meydan hərəkatına qatılmaz, düşmənlərə qarşı ellikcə mübarizəyə qalxmazdılar.Yəni, bununla da onlar Azərbaycanın və ya onun bir hissəsinin ayrıca olaraq, hansısa bir xalqa məxsusluğu kimi tarixi əsassız, cəfəng, yad (rus bölücüləri tərəfindən içimizə pərçimlənməsinə çalışılmış) və qəsbkar bir fikirlə barışa bilməmiş, Vətənin hər qarışının – onun hər bir doğmasının olmasını təsdiqləmişlər.

Bu doğma xalqları Azadlıq Meydanda və Qarabağ cəbhəsində birləşdirən ümumi Vətən təəssübü, öz milli heysiyyatını, namusunu, varlığını təcavüzkardan qorumaq fikri idi.

Meydanı şüurlu,açıq gözlə yaşayanlara məlumdur ki, bu doğma xalqlardan birinin (azəri türkünün) milli MƏNliyi bəlkə də məqsədli olaraq, xüsusi qabardılanadək, Meydan fikrən – Vahid Azərbaycanın Azadlıq Meydanı idi…Və bütün antimilli cəhdlərə baxmayaraq, bu, belə də qaldı.

Ölkəmizin doğma xalqlarının birliyinə əsla mane olmayan fərqli cəhətlərinin xüsusi vurğu ilə qabardıb, onu öz doğmalarından mümkün qədər ayırmağa çalışanlar – bütün azərbaycanlıların düşmənlərinə xidmət edirlər.

Ölkəmizin bütün doğma xalqları – Azərbaycanlılardır.

Bu adı, sözgedən doğma xalqlardan, yalnız,  birinin halalı edib, digərini bu adla adlandırmamaq haqsızlıq olub, əslində həmin, Azərbaycanlı olaraq ayrılan (vurğulanan) xalqın ölkə daxilində təklənməsinə və əlbəttə ki, birliyimizin parçalanmasına xidmət edir. Bu, çox təhlükəlidir.

Ölkəmizin doğma xalqlarının hər biri, onun bir nümayəndəsi, bir Azərbaycanlı olaraq, öz başucaldan milli keyfiyyətləri ilə fəxr etməyə, bunları yaşatmağa, öz milli MƏNini uca tutmağa, təsdiqləməyə haqlıdır. Bununla da həmin doğma fərd, xalq, millət əslində öz simasında ölkəmizin birliyinə xidmət edən sosial dayaqlardan birinin (ilk baxışda), deməli digərlərinin də möhkəmliyini təmin etmiş olur (nəticə etibarilə).

Bunu dərk və qəbul etməyəni yetkin Azərbaycanlı hesab etmək olarmı? Məncə, yox! Deməli, ölkədə maariflənmənin ana xətti – Azərbaycançılığı vətəndaşlarımıza tərbiyə etmək olmalıdır. Bu, bizim bütün  həyatımızı əhatə etməlidir.

Odur ki, ölkəmizin doğma xalqlarının nümayəndələrinin birinin Vətənə gərəkliliyi, sadiqliyi və sahibliyi baxımından, digərinə qısqanclıq hissi ilə, alçaldıcı nəzərlə baxması, qəti yolverilməz kimi rədd edilməli və birliyimizin dağıdılmasına yönəlmiş düşmən təxribatı kimi qiymətləndirilməlidir. İllərcə,içərimizə pərçim edilmiş belə dillər və əllər aşkarlandıqca dərhal kəsilməlidir.

 Biz, doğmalarımıza qarşı son dərəcə həssas, düşmənlərimizə qarşı ciddi və qətiyyətli olmalıyıq. Doğmalarımızın hər birinin müqəddəs Vətənimizə olan haqqını, onun bütövlüyünün qorunması üçün bir övlad məsuliyyətini tanımayan, varlığımıza bərabər bu insani dəyərlərə sayğı ilə yanaşmayan, kimdisə – bizdən deyil.

Vətənimizi doğmalarımız qədər sevən və özünü onun fədakar övladı sayan digər əməl vətəndaşlarımız da səmimi olduqları qədər hörmətə, qiymətə layiq tutulmalı və məhz belələri idarəçilik məsuliyyəti ilə yüklənməlidirlər.

Nümayəndələri doğmalarımızdan olsa belə, Azərbaycanın bütövlüyünə, mənafeyinə qarşı çıxanlar, və ya belələrinə xidmət edənlər, yalnız, rədd, məhv edilməyə layiqdirlər.

Biz, doğmalarımızı Vətənimizin bir parçası kimi sevməli, qorumalı, və özümüz qədər uca tutmalıyıq. Azərbaycanın bütövlüyü, yalnız, bu zaman onun fədakar övladları tərəfindən inamla, birgə qoruna bilər. Bu gün Azərbaycanda kimsənin, lazım olmayan kimi öz döşünə döyüb, dolayısıyla digər doğmasını inkar etməsi – yalnız, o kimsənin özünün müabrizə meydanında təklənib məhv edilməsi ilə nəticələnə bilər.Odur ki, düşmən feli ilə bir zaman “dağa dırmaşdırılmış” məhdud dünyagörüşlü bəzi doğmalarımızın artıq məsələnin mahiyyətini dərk edib “dağdan enmək vaxtıdır” – düşünürən. Çünki, nəslimizin gündəliynidə bütövlüyünün, rifahının bərpasını gözləyən, and və güvənc yerimiz Azərbaycan durur. “Əsrimizin səyavuşu” sayılan Azərbaycanda (M.Ə.Rəsulzadə) milli birlik fikrinin yaşarı, işlək mexanizmi – Azərbaycan millətçiliyidir. Milli birliyə aparacaq başqa yol yoxdur. Azərbaycan millətçiliyi–böyük öndər M.Ə.Rəsulzadənin “Əsrimizin səyavuşu” ideyasının, nəhayət ki, ölkəmizdə reallaşdırılması deməkdir.

Yeri gəlmişkən, bu mövzuya yaxın və dəxli olan bir məsələ kimi, bir müddət ictimai fikrin ibtidai qisminin “ağzına atılmış”, bizimçün çox ziyanlı nəticələrə səbəb olmuş “Türkün, türkdən başqa dostu yoxdur” tezisinə münasibət bildirilməsini zəruri sayıram. Bu şüar–tezisin yaranış zərurətini, nəticəsini müzakirə etmədən, düşünürəm, yəqin ki, bu şüar, əsrin əvvəllərində, Böyük Türklüyün indiki Türkiyə ərazisində yaşayan, daxili və xarici düşmənlər tərəfindən təklənmiş, artıq iqtidarı təslim edilmiş Osmanlı türklərinin, yalnız öz – milli qüvvələrinə güvənməli olmasından irəli gələn, həyat eşqi ilə dolu, öz varlığını qoruyan mübarizədə özünü doğruldan  passionarlıq-öncüllük hayqırtısı olmuşdur. Tarix, o vaxt üçün bu hayqırtının zəruriliyini indi var olan hamımızın Türkiyəsinin simasında təsdiqləmişdir. Bu şüar – tezis o vaxt, qurtuluş savaşı dövründə,  təklənmiş Osmanlı Türkiyəsi üçün gərəkli olduğu qədər də – bu gün, bizimçün, Azərbaycanda gərəksizdir. Yeri gəlmişkən, bu şüar-tezis bu günün Türkiyəsi üçün də artıq gərəkli deyil. Çünki, dəyişən zaman kəsiyində bu ölkədəki digər xalqlar da öz MƏNliklərinin tanınması, qorunması və yaşadılması səviyyəsinə çatmışlar. Deməli, bu xalqların da özəl, təbii haqları Türkiyə dövləti tərəfindən öz bütövlüyü çərçivəsində təmin olunmalıdır, axı bunlar da Türkiyənin doğma xalqlarıdır.

Təbiətdə olduğu kimi, cəmiyyətdə də biri digərini tamamlayan  dolğun müxtəliflik, rəngarənglik – gözəllik, harmoniya  və məna dolu mükəmməllik doğurur ki, bu da bütün mədəni bəşəriyyətin arzusu, hədəfidir.

Azərbaycan reallığını kifayət qədər bilən üçün bu (“Türkün, türkdən başqa dostu yoxdur”) və digər (yerlibazlıq, tayfabazlıq, dəstəbazlıq)  şüar -tezisləri – Azəri türklərinin öz vətənində, öz doğmalarından, həm də öz içində  ayrı salınaraq təklənməsinə, deməli, Azərbaycana yiyə durmalı olan qüvvələrin birliyinin bəri başdan pozulmasına, parçalanmasına xidmət edir. Şübhə yoxdur ki, bu, əsarətində olduğumuz imperiya qüvvələrinin “Parçala, hökm sür!” iş üsulu ilə içimizə yeridilmiş, ustalıqla maskalanmış, əslən, mənən bizə yad uzantıların işidir.

Təsəvvür edin ki, bu şüarı eşidənədək özünü Azəri türküylə mənən qovuşmuş sayan, necə deyərlər “can, bir qəlbdə yaşayan” doğmalarımız, özlərinin bizdən ayrı sayıldıqlarını…bizim dilimizdən eşidirlərsə, hansı hisləri keçirəsi olurlar? Belədə, onlar özlərinə hansı “gün ağlamalıdırlar”? Bir anlığa özünüzü onların yerinə qoyun və görün nə hala düşürsüz?..

Məncə, Azərbaycanın reallığını, “anatomiyasını” bilən və onun varlığını qorumaq istəyən şəxs, nəinki Azərbaycanda, hətta bütün dünyada millətimizin, elə bütün türklüyün, müsəlmançılığın da mənafeyini düşünürsə “Bu gün türkün, türkdən başqa dostu çoxdur, çünki o öz işində haqlıdır” fikri ilə ölkəsinin daxili və xarici siyasətini qurmalıdır.

Bu gün, sağlam məntiqlə, əslində türkün düşməninin dostu olmalı da deyildi. Çünki, ümumbəşəri dəyərlərin müqayisəsi baxımından türkün düşməni haqsızdır. Bu haqsızlıq, “Yurdda sülh, cahanda sülh!” (Atatürk) ədalətli, ümumdünya formulası kimi qəbul edilməli olan Türkiyə siyasətini nadancasına qəbul etməyəcək…qədərdir.

Lakin, reallıqda Türkün düşmənlərinin dostları yuxarıda deyilən qədər var və bu da az  deyil…Bunlar da hələ ki (haqqa gələnədək), ədalətsiz  ikili standartlarla yaşayan, əslində dostsuz,  mənafe  “dostlarıdır”.

Əgər, Azərbaycan millətçiliyi fikrini açsaq, orada, Azərbaycanda olan – türkçülüyü, ləzgiçiliyi, talışçılığı, kürdçülüyü, və digər doğma xalqçılığımızı görəcəyik, odur ki, bu fikrin başqa cür yozulması səhv olardı. Bununla belə, əgər doğmalarımızdan biri özəlliyini yaşatma təklifindən artığını istərsə… əlbəttə ki, qarşısında Vahid Azərbaycanın tarixi daşıyıcısı, öncül (passionar) Azərbaycan türkünü və digər doğmalarını görəcəkdir. Çünki, özgürlük (egemenlik, suverenlik) digərinə əsla güzəşt edilmir, o, yalnız, zorla alınır…

Bütün digər müstəqil millətlər kimi Azərbaycan türkü də, Azərbaycanda, yalnız, özünün  müstəsna haqqı saydığı özgürlüyünü (istiqlalını,suverenliyini), doğması olsa belə, digərinə vaz keçməz.

 Məmmədxan Əzizxanlı

17.08.1999

“Azadlıq” qəzetinin 16 mart 2014-cü il tarixli,68 sayında dərc edilmişdir.

Şərh yeri

şərh

Share Button

Comments are closed.