yeni xəbərlər

Musa Aşüftə: Seçki nəticələrində Zəncan və Həmədan Azərbaycandan ayrı düşdülər -Müsahibə

İyun 12th, 2017 | by DAK.AZ
Musa Aşüftə: Seçki nəticələrində Zəncan və Həmədan Azərbaycandan ayrı düşdülər -Müsahibə
Müsahib
0

İran prezident seçkilərinin müxtəlif bölgələrdəki nəticələrini dəyərləndirən Musa Aşüftə İran Azərbaycanının üç sərhəd vilayətində açıqlanan nəticələr ilə türklərin yaşadığı digər bölgələrdəki nəticələrin fərqləndiyinə diqqət çəkir. Tehrandan Amerikanın Səsinə danışan türk fəalın fikrincə, “Azərbaycanda gedən kimlik hərəkatından biraz qıraqda qalan və milli mücadilədə üzərində yetərincə çalışılmayan” türklər son seçkilərdə fərqli bir mövqe sərgiləyiblər.
Musa Aşüftənin sözlərinə görə, 2009 və 2013-cü illərin seçkilərinə görə, son seçkilərdə toplumun dərin istək və ehtiyacları daha az gündəmdə oldu. Bu seçkilər keçmişdəki seçkilərdə olduğu qədər ictimai hərəkatların fəaliyyət sahəsinə çevrilmədi. O cümlədən, milli hərəkatlar, qadın hərəkatı və ya demokratiya hərəkatları. Seçkilər ümumiyyətlə sistem içində olan şəxslərin və təfəkkürlərin rəqabətinə çevrildi.”

O, əlavə edir, “mən türk aydınlar və aktivistlərin də çalışmalarını keçən dönəmlərə görə daha az gördüm. Bunun bir səbəbi onların passivliyi ola bilər. Bir səbəbi də budur ki, ümumiyyətlə ictimai hərəkatlar və ictimai fəallar seçkilərə çox isti yanaşmadılar.”

Aşüftə bu dönəm seçki kampaniyalarında türklərin tələblərinin gənclər və tələbələr tərəfindən gündəmə gətirildiyini önə çəkir. “Mən aydınlar və aktivistlər tərəfindən sistemli bir çalışma və müəyyən bir strategiya görmədim,” deyə o bildirir.

Keçmiş dönəmlərdə olduğu kimi, bu il də qeyri-fars fəalların nüfuzlu olduğu bölgələrdə seçkilərdə iştirak səviyyəsi aşağı olub. Rəsmi açıqlamalara görə, iştirak səviyyəsinin ən aşağı olduğu 5 vilayət müvafiq olaraq, lur cəmiyyətinin əksəriyyətdə olduğu Luristan vilayəti, Kürdistan vilayəti, ərəblərin əksəriyyətdə olduğu Xuzistan (Əhvaz), Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətləri olublar.

Amma Musa Aşüftə başqa bir xüsusun da önəmli olduğunu vurğulayır. O, Şərqi və Qərbi Azərbaycan vilayətləri, habelə Ərdəbildə səslərin çoxunun Həsən Ruhaniyə getdiyinə, türklərin yaşadığı Zəncan, Həmədan və Mərkəzi kimi digər vilayətlərdə isə muhafizəkar namizəd İbrahim Rəisinin daha çox səs aldığına diqqət çəkir:

“Seçimlərin necəlik ya legitimliyi məsələsi qıraqda qalsın. Amma nəticələrin analizində çox önəmli xüsuslar var. Bunlardan biri, qeyri-fars bölgələrin səsidir. Mən iki faktı aydın şəkildə gördüm. Birinci və ən önəmli fakt budur ki, müəyyən bir kimlik təməlində bir inteqrasiyanın təşkil olduğu bölgələrdə Həsən Ruhani səs gətirdi. Misal üçün türk kimliyinin daha qabarıq olduğu və bu kimliyin simvolu sayılan Azərbaycanın üç [sərhəd] vilayəti Həsən Ruhaniyə səs verdi… Amma türklərin səsinin analizi sadəcə bu üç vilayətə məhdud olmur.”

O, türklərin əksəriyyətdə olduğu Zəncan və Həmədan kimi vilayətlərdə ən çox səsin İbrahim Rəisiyə verildiyini belə şərh edir:

“Muhafizəkarlar bu dövr yoxsul bölgələrin səsi üstündə hesab açdılar. Bununla, yoxsulluq dərəcəsinin yüksək olduğu və eyni zamanda müəyyən bir etnik kimliyin siyasi nüfuza sahib olmadığı bölgələr İbrahim Rəisiyə səs verdi… Bunlar yoxsul olan və kimlik baxımından çox qabarıq bir etnik özəlliyə sahib olmayan bölgələrdir…”

Musa Aşüftənin söylədiklərinə görə, “Azərbaycanda gedən kimlik hərəkatından biraz qıraqda qalan, milli mücadilədə üzərində yetərincə çalışılmayan və bu prosesə cəlb olmayan Həmədan, Mərkəzi və Qum vilayətlərində Rəisinin səsi çoxdur. Əlbəttə Qumda ayrı faktorlar da var. Qum İranın şiə başkəndidir. Həmişə islahatçılara səs verən Zəncan da bu dəfə üç [sərhəd] vilayətdən ayrı düşüb və Rəisiyə səs verib. Məncə bu məsələ bizim üçün bir təhlükə sahəsi kimi görünə bilər. Türk aktivistlər o bölgələrdə müəyyən proqramlarla çıxış etmədikləri üçün bu durum ortaya çıxmışdır.”

2009 seçkiləri və qismən 2013 seçkilərində Tehran və Azərbaycanda fəaliyyət göstərən türk aydınlar və ictimai fəallar namizədlər və ya onların təmsilçiləri ilə görüşərək tələblərini ortaya qoymuşdular. Lakin, bu il bu kimi fəaliyyətlər həyata keçirilmədi.

Musa Aşüftənin dediklərinə görə, bu durumda tələbləri müzakirə etmək millət vəkilləri vasitəsi ilə mümkün ola bilər.

“Keçən dönəmlərdə reformçu namizədlər və onların təmsilçiləri ilə görüşmələr və müzakirələr oldu. Bu seçimlərdə olmadı. Məncə indi bizim üçün ən əlverişli kanal millət vəkilləridir. Mən bu hökümətin toplumla təmasını zəif görürəm. Yəni bizim ictimai hərəkatlar ya aktivistlər vasitəsilə bu hökümətlə təmasa keçməyimiz çətin olacaq. Keçən məclis seçimlərindəki müsbət təcrübə, bir çox millət vəkilinin türk söyləminə müsbət şəkildə yanaşması və Türk Fraksiyasının heç olmasa sözünün ortaya qoyulması göstərdi ki, biz millət vəkilləri ilə əlaqə saxlayaraq istəklərimizi daha yaxşı mərkəzə çatdıra bilərik.”

Musa Aşüftənin fikrincə, milli fəallar şəhər şuraları seçkilərində daha təsirli bir fəaliyyət sərgiləyib və nisbi uğurlar da əldə ediblər.

Amerikaninsesi.org

Şərh yeri

şərh

Share Button

Comments are closed.