yeni xəbərlər

ŞAİR DOSTUM TOFİQ HÜSEYNƏ

İyun 12th, 2017 | by DAK.AZ
ŞAİR DOSTUM TOFİQ HÜSEYNƏ
DAK
0

Dünən gənclik dostum, qardaşım, şair Tofiq Hüseynin doğum dünüydü. İrili-xırdalı gündəlk işlərdən baş açıb onu təbrik edə bilmədim. Bundan inciməz, bilirəm; əlli ildən artıq yanaşı yol gələn və bir-birini yaxşı tanıyan, dostluqları yüz imtahandan çıxan adamlar üçün beş-üç kəlmə sözün yazılıb-yazılmaması heç nəyi dəyişməz. Bilir ki, əsas arzüm onun uzun və sağlam yaşaması, yazıb-yaratmaqdan yorulmamasi, Şirvandan yüksələn səsinin həmişəki kimi gur olmasıdır. Həm də bir gün sonra təbrik etməyin də öz üstünlüyü var: Gözlənilməzdir və inanıram kı, bütün təbriklərdən(övladlar çıxılmaq şərtilə) daha səmimidir. Burda təvazökarlığa yer qalmır.
Tofiqlə universitetdə paralel oxumuşduq, eyni yataqxanada qalır, eyni ədəbiyyat dərnəklərinə gedirdik. Bir gün Sabir kitabxanasındakı dərnəyə o vaxt gənclərin sevimlisi olan Xəlil Rza Ulutürkü dəvət etmişdilər. Dərnək üzvlərinin, Xəlil Rzanın çox şeirləri səsləndi. Görünür, bizim şeirlərimizi Xəlil bəy daha çox bəyənmişdi. Çünki cavanlardan söz düşən kimi Tofiqin, mənim şeirlərimdən yadında qalan parçaları misal çəkərdi. Bir gün də dərnəkdən çıxanda bizi yaxınlıqdakı evinə dəvət etdi, ayrılanda “Sabah tezdən bura gəlin, Siyəzənə gedəcəyik” Ertəsi gün Xəlilin bir “Alabaş” dolusu dostu-tanışı , başda böyük alimimiz Əkrəm Cəfər olmaqla, Siyəzənə getdik. Neftçilərin Mədəniyyət sarayında unudulmaz bir görüş oldu. Görüşdə biz Xəlil bəyi daha yaxşı tanıdıq. O, iki gənc şeir həvəskarını tərifləyib göylərə qaldırdı və öz şerlərimizi oxumaq üçün öncə bizə söz verdirdi. Bu, bizim böyük auditoriya ilə ilk uğurlu təmasımız, böyüklərdən eşitdiyimiz ilk xeyir-dua idi. İndi yaşa dolmuş, müdrikləşmiş Tofiq Hüseynin son dərəcə səmimi, dağ çeşməsi kimi lirikasını dinləyəndə, oxuyanda, iki cildlik Seçilmiş əsərlərini vərəqləyəndə tez-tez o günləri, yolun başlanqıcını xatırlayıram və cevinirəm ki, biz ədəbi həyata atılanda ürəyimizdə hansı böyük milli ideallara xidmət niyyəti vardısa, hansı bədii-estetik dəyərlərə bağlıydıqsa bu gün də eləcəyik. Çox sular axdı, çox gözlənilməz zərbələr aldıq, amma hələ o dərnəklərdəykən müəyyənləşdirdiyimiz mübarizə xəttimizdən, xalqımıza sözlə və əməllə vicdanlı, doğru xidmət yolundan dönmədik…
Bu günlərdə Tofiq bəyin Masallının Muğan bölgəsində, Xəzərə yaxın bəhrəli torpaqlarında yerləşən Məmmədxanlı kəndinə getdik, böyük qadaşı Hacıbaba müəllimin 85 yaşını qutladıq. Sonra bir-iki gün də Yardımlıda bizim evdə qaldıq, bir yerdə ot çaldıq, balaca qardaşlara hələ qocalmadığımızı sübut etməyə çalışdıq. Məncə, aran adamı olduğundan,vaxtilə qorxa-qorxa gəzdiyi dağ yamaclarında bu gün əlində dəryaz ot çalması Tofiq bəyin öz doğum gününə əla hədiyyəsi sayıla bilər.
On illər öncə Tofiq mənim ondoqquz yaşıma bir gözəl şeir həsr etmişdi.. Ondoqquz yaşa, o gəncliyə, o fırtınalı günlərə,o bağlı boxçalara şeir yazmağa nə var ki! Hünərin var 70 yaşa, bütün əməllərin göz önündə olduğu, “yolun sonu görünən” yaşa şeir yaz!..
Əziz qardaşıma uzun ömür, can sağlığı arzusu ilə təbrikimi ona ötən il yazdığım şeirlə tamamlayıram.
Ucaldı Şirvandan ədalət səsin.
Dost sözü şirindir, yazmısan, ancaq,
Millət kimliyini bilir hər kəsin,
Bilir, yel qayadan nə aparacaq…

Bu yazıq kimdir ki! Sifarişçi var,
Sən də bu çirkaba bulaşma əbəs.
Könül bulandıran cızmaqaralar
Sənin bir ilhamlı misrana dəyməz…

…İki kasıb oğlan, qəlbi tərtəmiz,
Ancaq ümidlərin pərvaz çağıydı.
Onda da düzlükdü ilk istəyimiz,
Arzumuz vətənin azadlığıydı.

O uzaq illərin kədəri dərin,
Yükləndik min ilin qayğılarıyla.
Bakıya gəlmişdik kasıb kəndlərin
Şəhəri bəzəyən duyğularıyla.

Oyundan kənardı ana dilimiz,
Elə bil türk olmaq günahımızdı.
Onda da üsyandı dediklərimiz,
Cəsarət birinci silahımızdı.

Tutub dost yolunu dağları aşdın,
Baxmadın biz tərəf palçıqdı, qardı.
On doqquz yaşıma şeir yazmışdın,
Sanki dünya dolu şöhrətim vardı.

Onda da bir yanda yurduna yanan,
Bir yanda Şimala yalmanmaq dərdi…
Ancaq biz kürsüyə yol tapan zaman
İclas salonları silkələnərdi…

Görürdük KQB kölələrinin
Sərkili başını qoruyanları.
Fikri sirinsimiş balalarını
Gümüş tabaqlarda sırıyanları.

Bunları qorxudur millətin səsi,
Örnək götürüblər hər qanmazlığı.
Bilmirlər haq yoldan döndərməz bizi
Mələz sürüsünün anlamazlığı…

Sən bir halına bax yazıq millətin,
Dərə çaqqalından qorunmalısan.
Sözü duyanların işləri çətin,
Saray məddahından qorunmalısan…

Fürsəti düşmənə verən nakəslər
Hər günü dünyanın axırı bilər.
Sözünlə maskası cırılan kəslər
Basıb gözlərini çıxara bilər.

Bu sözlər min kərə deyilb, Tofiq,
“Nurçu” zulmətindən qorunmalısan.
Haqqın tərəzisi əyilib, Tofiq,
Şərin sərvətindən qorunmalısan!..
Hətta dərmanından, həkimlərindən.
Tinbaşı kamera çəkimlərindən,
Dillərdə yalançı güc birliyindən
Təhlükə mənbəyi nazirliyindən.
SMS dilənən meyxanalardan,
Xalqa lay-lay deyən keyxanalardan,
Qanı qarışıqlar lobbilərindən,
Əzrayıla dönmək xobbilərindən,
Yenə Şaumyanın qohumlarından,
Yenə 37 toxumlarından,
Mindiyin maşından, getdiyin yoldan.
Moskva xiffətli liberal soldan,
İxrac ideyalar qırğınlarindan,
Məqsədli himayə yorğanlarından,
Cibdə narkotika yarğanlarından,
Başda zorakılıq orqanlarından,
Sonra mollaların ərəb ağzından,
Allaha duanın fars boğazından
İnanc zəhərindən qorunmalısan,
Brend yəhərindən qorunmalısan.

Çalışdıq bir ömür, alnımızda tər,
İnanma dünyanda qurd-quşlar bitir.
Nə ulduza hürən avara itlər,
Nə xaraba gəzən bayquşlar bitir…

DAK həmsədri, millət vəkili Sabir Rüstəmxanlı

DAK.az

Şərh yeri

şərh

Share Button

Comments are closed.