yeni xəbərlər

Urmiya gölünə ayrılan büdcənin yalnız 30.5 faizi təmin olunub

İyun 23rd, 2017 | by DAK.AZ
Urmiya gölünə ayrılan büdcənin yalnız 30.5 faizi təmin olunub
Güney Azərbaycan
0

Şərqi Azərbaycan Valisinin Abadlaşdırma İşləri üzrə müavini Məhəmmədsadiq Purmehdi bu günə qədər Urmu gölünə ayrılan büdcə vəsaitinin yalnız 30.5 faizinin təmin olunduğunu deyib.

 

O bu barədə iyunun 22-də Urmu Gölünü Canlandırma Mərkəzinin İctimai-Mədəni Şurasının keçirdiyi iclasda danışıb.

 

“2014-cu ildən 2016-cı ilədək (hicri-şəmsi təqvimi ilə 1393-cü ildən 1395-ci ilədək, İranda yeni il martın 21-dən başlayır) Urmu gölünün canlandırılması üçün yalnız 529 milyard tümən büdcə vəsaiti ayrılıb, bu məbləğdən sadəcə 160 milyardı təhvil verilib”- deyə o bildirib.

 

“Urmu gölündə su tarazlığı 1396-cı ilədək 1271.30 metrə çatmalı idi” deyən vali müavini gölün canlandırılması üçün əlavə vəsaitə ehtiyac olduğunu bildirib:

“Bu barədə Şərqi Azərbaycan Əyalətində imkan daxilində bütün işlər görülüb. Hətta biz, üzərimizə düşən məsuliyyətdən daha çox çalışmışıq. Nəzərə almaq lazımdır ki, yağıntıların miqdarı 34 faiz azalıb, ayrılan büdcə vəsaitinin isə sadəcə 30.5 faizi ödənilib. Ona görə də layihələrin vaxtı-vaxtında nəzərdə tutulduğu kimi icra olunması üçün, ayrılan büdcə vəsaiti təhvil verilməlidir. Belə olan halda layihələri sürətlə həyata keçirmək mümkün olacaq.”

 

Tədbirdə çıxış edən Urmu Gölünü Canlandırma Mərkəzinin Şərqi Azərbaycan ofisinin müdiri Xəlil Sai isə Urmu gölündə suyun həcminin azaldığını deyib: “Urmu gölündə su səviyyəsi tarazlığı 1270.97-dən 1270.79-a düşüb. Su səviyyəsi tarazlığının 18 santimetr aşağı düşməsi əsasən yağıntıların azalması ilə bağlıdır. Suyun həcmi isə ötən illə müqayisədə 2.5 milyard kubmetrdən (metr-i mükəəb) 2.1 milyard kubmetrə düşüb, bu göldə suyun həcminin 0.44 milyard kubmetr azalması deməkdir.”

 

Şərqi Azərbaycan Valiliyinin Böhranları İdarə Etmə Qurumunun rəisi isə Urmu gölünün vüsətinin azalmasını, onun 2540.1 kvadrat kilometrdən (kilometr-i murəbbə) 2334.1-ə düşdüyünü diqqətə çatdırıb.

 

Bu barədə məlumat verdiyimiz kimi, ekspertlər Urmu gölünün qurumasını əsasən 4 səbəblə izah edir:

–        Rejimin gölün üzərində körpü tikməsi; Bu, suyun rahat axmasına imkan vermədiyi üçün su körpünün iki tərəfində dayanır və nəticədə göldə çöküntülərin miqdarı yüzlər dəfə artır.

–        Urmu gölünün su hövzəsində bəndlərin tikilməsi; İslam İnqilabı Keşikçilər Korpusu (“Sepah”) göl ətrafında qeyri-peşəkar üsullarla çox sayda su bəndi tikib. Bu səbəbdən bəndlərin arxasında böyük miqdarda su cəmləşir və nəticədə çayların suyu Urmu gölünə axıdılmır.

–        Azərbaycanda kənd təsərrüfatının modernizə edilməməsi; Dövlətin dəstəyi olmadığı üçün bölgədə kənd təsərrüfatı və əkinçilik işləri hələ də klassik üsullarla davam edir, bu isə bölgədə suyun hədər getməsinə səbəb olur.

–        Havanın istiləşməsi və yağıntıların azalması; Bu məsələ Urmu gölünün qurumasında ən az rol oynayan amildir. Buna sübut kimi Urmu gölündən cəmi bir neçə kilometr uzaqda yerləşən Türkiyənin Van gölünü göstərmək olar. Həmin göl bu gün heç bir problem yaşamadan təbii həyatını davam etdirməkdədir.

GunazTV

Şərh yeri

şərh

Share Button

Comments are closed.