yeni xəbərlər

Sabir Rüstəmxanlı:”İqtidar-müxalifət münasibətləri qaydasına düşməli”

Avqust 8th, 2017 | by DAK.AZ
Sabir Rüstəmxanlı:”İqtidar-müxalifət münasibətləri qaydasına düşməli”
DAK
0

Azərbaycanın müxalifət partiyalarının rəhbərləri arasında gizli görüş keçirilib. Boyukmillet.com-un əldə etdiyi məlumata görə, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, müxalifət partiyalarının yenidən birlik formasında fəaliyyət göstərməsi müzakirə olunub.

Bağlı qapılar arxasında bir neçə saat davam edən görüş barədə mətbuata informasiya sızdırılmayıb. Hətta görüşdən fotonun paylaşılması da qadağan edilib. Bu da görüş barədə bəzi fikirlərin meydana çıxmasına səbəb olub. Belə iddialar səslənib ki, siyasi partiya rəhbərləri gələn ilki seçkilərlə bağlı bir araya gəliblər və dolayısı ilə seçkilərə hazırlıqlara start veriblər. Hətta görüşdə vahid namizəd məsələsinin müzakirəsi ehtimallarından da söz açılır. İstənilən halda görüş barədə mətbuata məlumat verilməməsi, eyni zamanda görüşdə iştirak edənlərin say tərkibinə baxdıqda bəzi mülahizələr meydana çıxır.

Bu arada görüş barədə azvision.az-a danışan ADP sədri iştirakçılar barədə də danışaraq, onların konkret adlarını çəkib: “Görüşdə Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Müsavat Partiyasının sədri Arif Hacılı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Xalq Partiyasının sədri Pənah Hüseyn, Azad Azərbaycan Partiyasının sədri Kamil Seyidov, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər, İsa Qəmbər iştirak edib. Milli Şuranın sədri Cəmil Həsənli və dəvət olunan digər partiya sədrləri obyektiv səbəbdən görüşdə iştirak edə bilməyiblər”.

Xatırladaq ki, illər öncə müxalifət müxtəlif formatlarda görüşlər keçirirdi. Məsələn, ən sonuncu görüşlərdən biri Bakının məşhur restoranlarından olan “Asiman”da baş tutmuşdu. Mətbuat bu görüşü şərti olaraq “müxalifətin ”Asiman” görüşü” kimi qeyd edirdi. Cəmiyyətin siyasi aktiv hissəsi bu cür görüşlərdən ruhlansa və ümidlənsə də, hər dəfə proses müxalifət liderlərinin yersiz kaprizləri ucbatından nəticəsiz başa çatırdı.

Görüşün təşəbbüskarı ilə Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı səslənən fikirlərlə bağlı “Yeni Müsavat”a danışdı: “Görüş barədə hamımızın razılığı ilə qısa məlumat verildi. İndi yayılan xəbərdə qeyd olunur ki, Əli Kərimli olmayıb, səhv məlumatdır, o da iştirak edirdi. Razılaşdırılmış siyasətçilərdən İqbal Ağazadənin üzürlü işi çıxdı, xahiş etdi ki, onu üzürlü sayaq. İsgəndər Həmidov da rayondan gələ bilmədi. Sadəcə, qərara gəldik ki, geniş məlumat verilməsin. Əslində onları daha çox payızda keçirməyi planlaşdırdığımız Qarabağ forumuna dəvət etmək üçün çağırmışdım. Düşünürəm ki, belə görüşlərə böyük ehtiyac var. Çünki hazırda çox ciddi problemlərimiz var, ideyalarımızı tam həyata keçirə bilməmişik. İqtidar-müxalifət münasibətləri qaydasına düşməli, düşmənçilik aradan qaldırılmalıdır. Səmimi deyirəm ki, görüşdə, ümumiyyətlə, seçki məsələsi müzakirə olunmadı. Etiraf olundu ki, çoxdandır bu tərkibdə yığışmırıq. Hamısına gəldiyi üçün təşəkkür etdim. Onu da etiraf edim ki, əvvəllər də keçirdiyimiz hər bir tədbirə dəvət göndərdiyimiz şəxslər gəliblər. Əslində ciddi bir fikir ayrılığı yoxdur. Sadəcə, xırda söhbətlər var. Mənasız şeylər ortada mövcuddur, məsələn, bir də baxırsan birincilik yarışı gedir. Təki Vətənin, torpağın birinci olsun. Təəssüflər olsun ki, son 30 ildə baş verənlərdən hələ də bəzi dostlarımız düzgün nəticə çıxarmayıblar. Səmimi görüşün olduğunu deyə bilərəm. Ola bilər ki, hazırlıq prosesində müəyyən yanlışlıqlar olsun. Amma bunların ciddi olduğunu düşünmürəm. Görüşün mətbuata çıxarılıb-çıxarılmamasını əvvəlcədən razılaşdırmamışdıq. Qapalı yığıncaq idi. Ona görə də əsas arqument bu oldu ki, görüşün mətbuata çıxarılması razılaşdırılmayıb. Şübhəsiz, bu görüşə də müəyyən don geyindirənlər olacaq. Müzakirələrin özündə gördüm ki, müəyyən anlaşılmazlıqlar var ki, indiyə qədər niyə görüş olmur, indi olur. 1999-cu ildə ”Yeni Müsavat”da bir yazım var idi, “Gəlin birləşək” başlığı ilə. Partiyamın adında birlik var. Milli məsələlərdə daim bir yerdə olmağa çalışmışıq. Bir olmamağımızın, partiyaların bir arada olmamasının Azərbaycanın gələcəyi baxımından hansı təhlükələri yaratdığı barədə fikirlərimi dedim. Bu cür görüşlər üçün ciddi hazırlıq lazımdır. Yenə də belə görüşlər təşkil etməyə hazıram. Qərara aldıq ki, tez-tez bu cür görüşlər təşkil edək. Mənə elə gəlir ki, bu görüşlər davamlı olacaq. Amma burada hər hansı birliyin yaradılmasından söhbət getmir, sadəcə, görüşə yığışırıq”.

Şərh yeri

şərh

Share Button

Comments are closed.