yeni xəbərlər

Urmiya Gölünü Canlandırma Mərkəzinin fəaliyyəti qeyri-şəffafdır

Avqust 31st, 2017 | by DAK.AZ
Urmiya Gölünü Canlandırma Mərkəzinin fəaliyyəti qeyri-şəffafdır
Güney Azərbaycan
0

Təbriz, Azərşəhr və Üskünün İran parlamentindəki millət vəkili Əhməd Əlirza Beygi Urmu Gölünü Canlandırma Mərkəzini gölə ayrılan büdcə vəsaitini başqa yerlərdə xərcləməkdə günahlandırıb.

 

O bu barədə avqustun 28-də “Anac” xəbər agentliyinin müxbirinə danışıb.

 

“Urmu Gölünü Canlandırma Mərkəzi gölə ayrılan büdcə vəsaiti ilə bağlı şəffaflığı təmin etmək məqsədi ilə heç bir hesabat vermir. Ona görə də biz 3 əyalətin millət vəkilləri olaraq vəsaitin hara xərcləndiyini bilmirik. Müşahidələr isə göstərir ki, Urmu gölünə ayrılan vəsait gölə su əlavə etmədi, lakin Canlandırma Mərkəzində çoxlarına çörək gətirdi”- deyə o vurğulayıb.

 

Azərbaycanlı millət vəkili sözlərinin davamında deyib: “Əgər ayrılan büdcə vəsaiti doğru-düzgün xərclənsəydi, ən azı göldə suyun həcmində bir sabitlik yaranardı. Lakin göldə su səviyyəsi tarazlığı ötən illə müqayisədə daha da aşağı düşüb. Bu göstərir ki, gölün qurumasının qarşısını almaq üçün görülən işlər yararsızdır.”

 

 

Əhməd Əlirza Beygi Urmu gölü ilə bağlı hazırlanan raportlar və prezident Həsən Ruhaninin yerinə yetirmədiyi vədlərlə bağlı bildirib ki, “Cənab Ruhani bölgəyə etdiyi səfərlərində Urmu gölündə vəziyyətin yaxşılaşmasından danışaraq gölə əlavə büdcə vəsaiti ayrılmasının gündəmdə olduğunu deyib. Hiss olunur ki, vəsait Urmu gölündən başqa yerlərə xərclənir. Ona görə ki, biz hər gün göldə su səviyyəsinin aşağı düşməsinə şahid oluruq. Vəsait göldə suyun azalmasının qarşısını almaq məqsədi ilə hətta Azərbaycandan kənar yerlərdə xərclənməli idi. Məsələn Qərbi və Şərqi Azərbaycan, həmçinin Kürdistan əyalətində suyun hədər getməsinin qarşısını almaq, əkinçilik və suvarma üsulunu dəyişdirilmək, bulud mayalandırma əməliyyatı və s. kimi işlər görülməli idi. Lakin bu istiqamətdə heç bir iş görülməyib və göldə gün keçdikdə suyun səviyyəsi aşağış düşür.”

 

Qeyd edək ki, milyonlarla insanın həyatını təhlükə altında qoyan Urmu gölü böhranı getdikcə dərinləşir, hökumət isə bunun qarşısını almaq üçün heç bir əməli tədbir görmür. Urmu gölü ilə bağlı nəzərdə tutulan bütün layihələr uzun illərdir icra olunmur. Bunun əsas səbəbi dövlət tərəfindən vəsaitinin vaxtı-vaxtında təmin edilməməsi və Urmu Gölünü Canlandırma Mərkəzinin qeyri-şəffaf fəaliyyətidir. Bu barədə yerli azərbaycanlı məsullar və bir sıra millət vəkilləri dəfələrlə həyəcan təbili çalıblar.

GunazTV

Şərh yeri

şərh

Share Button

Comments are closed.