yeni xəbərlər

Yüzlərlə azərbaycanlı fəal bildiriş yayıb

Sentyabr 12th, 2017 | by DAK.AZ
Yüzlərlə azərbaycanlı fəal bildiriş yayıb
Güney Azərbaycan
0

Güney Azərbaycan Milli Hərəkatının yüzlərlə fəalı son günlərdəki təxribatçılar və hərəkata sızmış olan şəxslərlə bağlı xəbərdarlıq Bildirişi yayıblar.

 

Bildiriş “Son günlərdəki nüfuzi və təxtibatçılara qarşı, uyarı bəyaniyyəsi” başlığı ilə yayılıb.

 

“Güney Azərbaycanda Məşrutə, habelə 21 Azər Hərəkatı (Milli Hökumət) dönəmi kimi müxtəlif mərhələlərdən keçərək dövrümüzə doğru irəlləyən Milli Hərəkat, vaxtaşırı bir çox uğurlar əldə edib. Lakin fars şovinizmi hərəkatı durdurmaq və ya istiqamətini dəyişdirmək məqsədi ilə qarşısında müxtəlif planlar və gizli ssenarilər düzənləyib, onu sistematik repressiyalara məruz qoyub. Fars şovinizmi bununla sözügedən müqəddəs hərəkatı, habelə millətin azadlığa doğru gedən yolunu bağlamağa çalışıb.

 

Zorakılıq, təzyiq və repressiyalardan nəticə ala bilməyən qara qüvvələr başqa yollara, o cümlədən hərəkatı radikallaşdırmağa əl atıblar. Lakin milli fəalların ayıq-sayıqlığı nəticəsində öz məqsədlərinə çata bilməyən şovinistlər, bu dəfə hərəkata qarşı daha fərqli planları işə salıblar.

 

Bu planlardan biri, olduqca əhəmiyyətli olan virtual aləmdən istifadə etməkdir. Fars şovinizmi real həyatda milli fəalları müxtəlif təzyiqlərə məruz qoyduğu kimi, onlara virtual aləmdə, xüsusi ilə də son aylarda Teleqram sosial şəbəkəsi vasitəsi ilə təzyiq göstərməkdədir. Məqsəd, milli fəalları təcrid etmək, onları real mübarizə meydanı və əhali ilə görüş nöqtəsindən uzaqlaşdırıb, onlara yeni məhdudiyyətlər yaratmaqdır.

 

Fars şovinizmi və onların arxasında olanlar İranda virtual aləmi ciddi nəzarətdə saxladığına görə, bu dəyərli vasitə bəzən Milli Hərəkata qarşı ziyanlı bir vasitəyə çevrilir. Həmin vasitə ilə mənfi rollarına görə hərəkatdan təcrid olunan bəzi məlum şəxslər bu gün göbələk kimi bir daha meydana çıxıb, virtual aləmdə yuva salaraq tam sədaqətlə Milli Hərəkata qoşulmuş gəncləri fars şovinizminin istədiyi istiqamətə yönəltmək istəyirlər.

 

Bəziləri sözdə milli fəal adı ilə virtual aləmdə milli mənafe və fəalları deyil, öz şəxsi və qrup mənafeyi və ya hansısa digər səbəblərə görə birlik yaradaraq qrup şəklində ortalığa çıxıblar. Bu birlik bütün milli, insani və əxlaqı dəyərləri ayaqlar altına ataraq var gücləri ilə milli dəyərləri, o cümlədən Milli Hərəkatın bu günədək əldə etdiyi nəzəri və əməli qazanclarına hücum edir, mübarizə ruhuna alternativ kimi, yeni nəsilə ümidsizlik və təslimçilik ruhu aşılayır. Milli Hərəkatın əldə etdiklərini görməzdən gələnlər Hərəkat uğrunda canfəşanlıq etməyi dəyərsiz bir əməl kimi qələmə verirlər. Əslində Təxribat, təhqir və təhrif məqsədi ilə yaradılan birlik bir çox dəyərlərimizi hədəfə almaqdadır”- deyə Bildirişin bir hissəsində qeyd olunub.

 

Azərbaycan Milli Hərəkat fəalları bəyanatın sonunda vurğulayıblar ki, “bir çox təzyiq, təhdid və sıxıntılara rəğmən, etdikləri fəaliyyət və məruz qaldıqları çətinliklər nəticəsində əhali arasında legitimlik qazanan və böyük  nüfuza malik olan fəallar, bu qrupun amansız hücumuna məruz qalır. Əslində onların bu əməli milli fəallara qarşı deyil, Milli Hərəkata qarşı yönəlib.

Biz bu vasitə ilə təxribatla məşğul olan şəxslər və onları yönəldənləri qınayır, bu anti-milli birlikdən tezliklə ayrılaraq Azərbaycan millətinin əfvinə sığınmalarını istəyirik. Ümid edirik ki, bu Bildirişdən sonra sözügedən fitnənin kökü qazılacaq və daha bir yazı və ya digər əmələ ehtiyac qalmayacaq.”

GunazTV

Şərh yeri

şərh

Share Button

Comments are closed.