yeni xəbərlər

Sabir Rüstəmxanlı: “Bakıda hələ də Nuru Paşaya abidə qoyulmayıb”

Sentyabr 15th, 2017 | by DAK.AZ
Sabir Rüstəmxanlı: “Bakıda hələ də Nuru Paşaya abidə qoyulmayıb”
DAK
0

“Milli dövləti qursaq da, bir sıra milli ənənələri bərpa edə bilməmişik”

“Bakının erməni-bolşevik silahlılarından azad olunmasının 99-cu ildönümüdür və bu tarix, demək olar, Azərbaycanın hər yerində, eləcə də Türkiyədə ölkəmizə yaxın olan dairələr tərəfindən qeyd edilir. Bu günü xatırlamaq hər bir azərbaycanlının borcudur. Çünki  tariximizin ən şərəfli və parlaq  tarixlərindən biridir”.

DAK.az-ın məlumatına görə, bu sözləri DAK həmsədri, xalq şairi Sabir Rüstəmxanlı Azərbaycan Alimlər Birliyinin sentyabrın 14-də Bakının erməni-bolşevik silahlılarından azad olunmasının 99-cu ildönümü ilə bağlı keçirdiyi tədbirdə deyib.

Hadisənin Azərbaycan üçün önəmini qeyd edən S.Rüstəmxanlı Nuru Paşa ilə bağlı da maraqlı faktlar səsləndirib: “İngilis ordusu Bakıya gələndə yeni qurulmuş milli dövləti tanımır, tanımaq da istəmirlər. Lakin Fətəli xan Xoyski ilə aparılan danışıqlar,  cümhuriyyətin özünü layiqincə təqdim etməsi və digər səbəblərə görə təxminən bir-iki ay sonra fikirlərini dəyişir, dövlətimizi tanıyırlar. Hətta yardım belə edirlər. Mudros sülh müqaviləsinə və ingilislərin bəyanatına baxmayaraq, Nuru Paşa Bakını bir ay sonra tərk edir. İstanbula gedərkən yolda, Zonquldaqda xəstələnir. O vaxt İstanbul ingilislərin əlində idi. Ora çatan kimi Nuru Paşanı Azərbaycana getdiyi üçün orduya xəyanət adı ilə həbs edirlər. Onun həbsi ilə əlaqədar Azərbaycandakı milli hökumətin üzvlərinə xəbər çatdırırlar ki, paşanı həbsdən xilas etmək üçün 200 min pul lazımdır. O zaman Nəsib bəy Yusifbəyli, Hacı Zeynalabdin Tağıyev və digərləri lazım olan vəsaiti toplayır. Pulu Batumiyə Nağı Şeyxzamanlı özü aparır. Çünki Nuru Paşa Batumidə mühakimə ediləcəkdi. Onu məhkəməyə apardıqları zaman azərbaycanlı əsgərlər ingilislərə hücum edir. Toqquşmada bizimkilərdən 1 nəfər şəhid olur, 2 əsgər isə qarşı tərəfdən ölür. Beləcə Nuru Paşa oradan qaçırılır və yenidən Azərbaycana gəlir. Yəni biz Nuru paşaya olan vicdan borcumuzu ödəmişik. Amma bununla belə, onun Azərbaycan üçün xidmətlərini və qəhrəmanlığını unutmamalıyıq”.

S.Rüstəmxanlı indiyədək Nuru Paşanın abidəsinin qoyulmamasına da toxunub: “Bu günədək Bakıda Nuru Paşanın abidəsini qoymaq mümkün olmayıb. Nəinki onun, eləcə də Rəsulzadənin abidəsi hələ də qoyulmayıb. Bəzi tarixi qəhrəmanlara qoyulan heykəllər isə karikatura, parodiyadır. Tariximizə parodiyadır. Mən bunu Azərbaycan milli ideallarına xəyanət hesab edirəm. Təəssüflənirəm ki, milli dövləti qursaq da, bir sıra milli ənənələri bərpa edə bilməmişik”.

DAK Mətbuat Xidməti

DAK.az

Şərh yeri

şərh

Share Button

Comments are closed.