yeni xəbərlər

60 İLİN SÖHBƏTİ-Təmərküzləşmə, bütövləşmə yolçusu

Sentyabr 20th, 2017 | by DAK.AZ
60 İLİN SÖHBƏTİ-Təmərküzləşmə, bütövləşmə yolçusu
Yazar
0

Yəqin ki, hörmətli oxucu Cek Londonun “Dəmir daban” (rusca: Jeleznaya pyata) romanı ilə tanışdır. Romanda bəhs olunan Ernest Everqardın müxtəlif təbəqədən olan insanların təfəkküründə etdiyi inqilabı, özünün keçdiyi əzablı, əziyyətli yolları, eləcə də, insan haqq və hüququnun qələbəsi uğrundakı fədakarlığını göz önünə gətirdikdə yaranan obrazla, bu yazımda bəhs edəcəyim qəhrəmanımın həyat yolundakı bənzərliyi görmək yəqin ki, mümkündür. Ernest Everqardın cəmiyyət və iqtisadiyyatla bağlı fikirlərindən biri belə idi (s.96-97): “Təkamülün qanunu belədir. Allah belə əmr edib. Konsentrasiya (təmərküz – E.C.) rəqabətdən güclüdür. Qayaların yarığına sığınan ibtidai insan aciz məxluq olub. Lakin o, özünə uyğun olan məxluqlarla birləşdi və yırtıcı düşmənləri ilə mübarizəyə başladı. Vəhşilər isə bəhs etdiyimiz rəqabətin başlanğıcında olduğu kimi tək-tək vuruşurdular. İbtidai insan da vəhşi idi, lakin o, birləşməyə cəzb olunmaqla digər məxluqların fövqünə qalxdı. Elə o vaxtdan insanlar daha böyük birliklərə qoşulmağa başladılar. Konsentrasiya rəqabətə qarşıdır – çox minilləri arxada qoymuş ictimai mübarizənin qayəsi belədir. Və hər zaman rəqabət məğlubiyyətə uğrayır. Rəqabətin bayrağı altına sığınanlar adətən məhv olurlar” (ruscadan tərcümə müəllifə məxsusdur). Doğrudan da son bir neçə ildə yan-yörədən qəhrəmanımla rəqabətə girənlərin uduzduğunu müşahidələrim təsdiqləyir. Çünki o, heç zaman kiminləsə rəqabətə girmək barədə düşünmədi, əksinə təmərküzləşmə, bütövləşmə ideyaları uğrunda mübarizə apardı və ən doğru bu yolu hesab etdi. Əlbəttə qəhrəmanımın ömür yolunu, fədakarlıqlarını, əziyyətlərini belə bir yazıda olduğu kimi təsvir etmək mümkünsüzdür, hesab edirəm ki, bu yazı gələcəkdə ortaya çıxacaq böyük bir əsərin qapısındakı dördşifrəli qıfılın hər hansı bir rəqəmini aşkar etmək kimi bir şeydir.

Ümumiyyətlə, mükəmməl sənətkarlıq, sanki insanı valideynlərinin, ailəsinin əlindən alıb öz malı eləyir. Bu mənada mənə elə gəlir ki, Azərbaycanın dövlətçilik, istiqlaliyyət problemləri, milli çabalarımıza səbəb olan ünsürlərlə çarpışma, demokratik ab-hava uğrunda mübarizəmiz, birlik, bütövlük əqidəmiz qəhrəmanımı – Azərbaycan oxucusunun yaxşı tanıdığı bu şəxsi də dediyim kimi öz halal malına çevirib. Bəli, o, azərbaycançılıq, türkçülük ideyasının, demokratik düşüncə tərzinin, birlik, bərabərlik, bütövlük məfkurəsinin sədaqətli davamçılarındandır. Bu yazını isə 60 illik yubileyi münasibətilə qəhrəmanıma hədiyyə üzərində quraraq, onun şərəfli ömür yolundan özünün hesabat verməsini daha uyğun hesab etdim.

 

Yaylaqda böyüyən elat uşağı

 

Qəhrəmanım 1957-ci il iyulun 17-də dünyaya gəlib. O zaman Sovet məkanı müharibədən sonrakı illərini, insanların qıtlıqla üzləşdiyi, cadla imtahana çəkildiyi dövrünü yaşayırdı. El-obada qəhrəman kişilər gözə az çarpırdılar, “Böyük Vətən Müharibəsi” bu qəhrəmanların sayını minumuma endirmişdi. Ellərdə yas havası hələ də qalmaqda idi. Lakin böyük kişilər yetirməyə qadir olan torpaq özünün bu ənənəsini yaşatmağa da qadirdir.

Qəhrəmanımım babası Əhməd kişinin Qarayazının Kosalı kəndinə bağlı nəsil şəcərəsi XVI əsrə qədər gedib çıxır. Həmin vaxtlar bu nəslin Qarayazıya Ərdəbildən köçüb gəldikləri bildirilir. Hətta şəcərənin Şah İsmayıl Xətaiyə gedib çıxdığı deyilir.

Əhməd kişi məşhur Qaçaq İsaxanla yaxın dost olub, hətta İsaxan ona “qağa” deyə müraciət edərmiş. Əhməd kişi İsaxanın ən yaxın məsələhətçisi imiş. O, 1938-ci ildə yaylaqda qızdırmadan dünyasını dəyişib, altı övladı – Nadir, Adil, Məhəmməd, Məmməd, Şəmməd, Yusif həyat yoldaşı Cəmilə xanımım ümidinə qalıblar. Sağlam bədən, sağlam ruh və sağlam fikirlə böyüyən altı qardaş xaraktercə ötkəm olublar, yarınmaq, boyun əymək onların düşüncəsinə yad olan ünsürlər imiş.

Qardaşların böyüyü – Nadir Gəncədə Kənd təsərrüfatı üzrə təhsil alıb, əli açıq, nəfsi tox olub. O, Qarayazıda az saylı ali təhsilli ziyalı və eloğlularına əltutan olub. Nəzərli və Kosalı kəndlərində daha çox ehtirama malik olduğundan, o zaman təzə doğulan uşaqlara onun adını verənlərin də sayı çox olub. Nadir “Böyük Vətən Müharibəsi”nə könüllü gedib. Qardaşı Adil onunla axırıncı dəfə Mazdokda görüşüb. Adil görüşə yollanarkən həmkəndliləri ondan Nadirə hədiyyələr göndəriblər. Qonşulardan Quşun evinin Qarası  keçi kəsib, ətini büsbütün basdırma edərək Nadirə çatdırması üçün Adilə əmanət edib. Nadir isə ətdən bir tikə kəsib götürüb, qalanını isə, – kənddə vəziyyəti çətin olan ailələrə verin, – deyərək geri qaytarıb. O vaxtdan bu vaxta Nadirdən heç bir xəbər gəlməyib, necə deyərlər, müharibədə itkin düşüb. Beləcə ailənin ağırlığı Adilin üzərinə çöküb…

Nəhayət, Adil bəyin ailə qurmaq vaxtı yetişir, özü də necə?

Kosalı kəndinin Hacılılar nəslindən bir qız və bir oğul atası Muxtar kişinin ferması olub. Onun yaylaq yerləri Başkeçiddən o tərəfə, tarixi Borçalı, indiki Ermənistan ərazisində yerləşən Qaraxaç, Oy dərəsi, Qırlı dağ və Keçəl qorada olub. Həmkəndlisi Əhməd kişinin oğlu Adil də Muxtar kişinin yanında çalışırmış. Elat əhli idilər. Elə buradaca Adil Muxtar kişinin qızı Şöhrətə vurulub və evlilik baş tutub. Bu izdivacdan 1948-ci ildə Əhməd, 1953-cü ildə İsmixan dünyaya gəliblər. Amma 1953-cü ildə NKVD Əhməd kişinin qalan beş oğlunu şərləyərək həbs edib. Qardaşlar tutulanda isə Adil işin ağırlığını öz üzərinə götürüb, beləliklə 15 il həbs cəzası alıb. O, məhkəmədə son söz alıb çıxış edərkən yalandan üzünə duranları ittiham edərək onların hamısının məhv olacağını bildirib. Sonda üzünü həyat yoldaşına tutaraq, – məni dörd il gözlə, həmin vaxt evə qayıdacam, işdi-şayət gələ bilməsəm, halallıq verirəm, – deyib. Dediyi kimi də olub – dörd ilin tamamında azadlığa buraxılıb. O, azadlığa çıxdıqdan sonra daha iki oğlu – 1957-ci ildə Zəlimxan, 1962-ci ildə Elimxan və 1959-cu ildə qızı – Əsməgül dünyaya gəliblər.

1957-ci ilin qorabişirən ayında Şöhrət xanımın doğum qabağı ağrıları tutub və onu at arabası ilə rayon mərkəzindəki doğum evinə aparıblar. Doğuş əməliyyatını gürcü həkimləri həyata keçiriblər. Bu doğuş ana üçün həm də çətin və ağrılı olub. Bu səbəbdən Şöhrət xanım doğum evində oğlunun səsini ilk dəfə eşidən kimi uşağın adının “Zalım xan” qoyulmasını xahiş edib və deyilənə görə, Şöhrət xanım ömrünün sonuna qədər oğluna “Zalımxan” deyə müraciət edirmiş. Bax beləcə, yazıda bəhs edəcəyimiz Məmmədli Zəlimxan Adil oğlunun həyat yoluna start verildiyi gündən dübbədüz 60 il keçir.

Oğlu Zəlimxan dünyaya gəldikdən sonra ata evində külfətin çoxluğunu nəzərə alan Adil kişi kəndin başqa bir yerində qazma ev – qaradam tikərək ailəsini oraya köçürdüb. Bir qədər sonra isə həmin yurdda tikdiyi yerüstü evə köçüblər. Zəlimxan bəy buyurur ki, həmin vaxtlar belə işlərdə el camaatı yardımlaşar, bir-birinə kömək edərdilər.

Zəlimxan bəy uşaqlıq illərini daha çox Muxtar babasının yaylağında keçirdib, Elatla bir yerdə olub. Toxuma və tikiş işlərini yaxşı bacaran anası Şöhrət xanımın yun parçadan tikib, beli və balaqları büzməli şalvarda gəzən balaca Zəlimxan həm də nadinc, ərköyün, lakin sözəbaxan, fədakar uşaq olub. Deyir ki, ayağım yer tutandan binələrdən çox uzaqlaşardım, oradan axan kiçik çayın qabağını kəsərdim və su çoxalıb göllənəndə bəndi yarıb buraxardım ki, sel bizi aparsın. Hündür yerlərə çıxmağı da xoşlayardım. Hətta nadincliyinə görə Zilfi nənəsi (Muxtar kişinin həyat yoldaşı) dəfələrlə onu gedib suda boğulmasın, dağdan-qayadan uçmasın deyə dananı bağladıqları mıxa bağlayarmış.

Zəlimxan bəy 1988-ci ildə Qaraisəlidə sonuncu dəyələrini qurublar. O, Keçəl qora və Dəli dağın ətəyində olduğunu və rəhmətlik Kərəm həkimlə Dəli dağın zirvəsinə qədər qalxdığını fəxrlə söyləyərək qeyd edir ki, lakin sonralar nankor ermənilərin soydaşlarımızı deportasiya eləməsi səbəbilə Elat məsələsi də səngidi. İndi isə Elatı, bu tarixi yaddaşımızı hər il iyulun 26-da Armudlu yaylağında başqa təntənədə – müasir üsulla bayram edirik.

 

“Həkimin insanlara həyat vermə qabiliyyəti məni özünə çəkdi”

 

Zəlimxan bəy 1964-1974-cü illərdə Kosalı kənd orta məktəbində oxuyub. Üzünə söz gəlməsin, danlanmasın deyə məsuliyyətini hiss edib, dərslərə yaxşı hazırlaşarmış. Yeddinci sinfə qədər əsasən texniki fənlərə üstünlük verirmiş. Böyük qardaşı Əhməd Azərbaycan Politexnik İnstitutuna qəbul olunandan sonra həmin institutun avtomobil nəqliyyatı fakültəsi diqqətini çəkib. Lakin sonra həyatında baş verən bir qəza onun fikrini dəyişib. Özü nəql edir ki, ölümlə dirim arasında qaldım, klinik ölüm keçirtdim və şükür ki, sağaldım. Həkimim Vladimir İvanoviç Fufin idi. Əmiliyyat qabağı narkoz verən isə həkimin həyat yoldaşı reanimatoloq Nina Aleksandrovna oldu. Hər ikisi çox hörmətli, savadlı, ziyalı insanlar idilər. Mən sağalandan sonra atamla Şəmməd əmim bir erkək kəsib, yağ, pendir, qarpız, yemiş və s.-də götürüb mənimlə birlikdə həkimimin evinə getdik. Həkim ətdən təxminən 1 kq götürdü, qalanını isə geri qaytardı. Bu ziyalılıq, fərqli düşüncə tərzi, eyni zamanda həkimin şəfqət və ülfəti, onun insanlara həyat vermə qabiliyyəti məni özünə çəkdi və həkim-cərrah olmaq arzusuyla yaşamağa başladım. Sonralar həkimim Fufin barəsində rus dilində “Vraç pokorivşiy Kafkaz miloserdiyem (Şəfqəti ilə Kafkazı fəth etmiş həkim – E.C.)” adlı bir kitab da yazdım və 1995-ci ildə Moskvada çoxlu sayda alim və həkimlərin iştirakı ilə kitabın təqdimatını keçirdik. Təqdimatda əsas məqsədlərimdən biri də həmin tədbir vasitəsilə bizə qarşı olan mənfi münasibəti dəyişmək idi. Tədbirdə əsasən rus elm adamları, ziyalıları iştirak etdiyindən çıxışım vasitəsilə Azərbaycan xalqı olaraq niyyətimizin saf olduğunu, hər bir xalqın öz coğrafi ərazi bütövlüyünü, dövlətçiliyini qorumaq haqqının olduğunu diqqətə çatdırdım və onların Xalq Cəbhəsində özümüz barədə doğru bir rəy formalaşdıra bildim. Bundan sonra kitabla bağlı Moskvadan çoxlu sayda, pozitiv məzmunlu məktublar aldım…

Müalicədən sonra orta məktəbdə həkimliyə gedən yola uyğun fənnlərə daha ciddi hazırlaşmağa başladım. Arzuma halallıqla, rüşvətsiz çatmağı qarşıma məqsəd qoydum. Bu yolda mənə müəllim kimi dəstək olan Abdulla müəllimə, Muxtaroğluna, İmdad müəllimə, Balaxanım müəlliməyə,  Zelmira müəlliməyə və bütövlükdə məktəbimizə təşəkkür borcum var.

Zəlimxan bəy orta məktəbin onuncu sinfində oxuyarkən evdə ali məktəbə hazırlaşmaq məqsədilə məktəbdən lövhə oğurladığını da danmadı və əlavə olaraq dedi ki, dostum Ədilxanla (indi həkimdir) evimizin zirzəmisində asdığımız həmin lövhə üzərində hazırlaşırdıq.

 

“Allah var, dedim”

 

Zəlimxan bəy orta məktəbi bitirdikdən sonra sənədlərini Azərbaycan Tibb İnstitutunun müalicə fakültəsinə təqdim edib, imtahanlardan qiymət ala bilsə də, üç il müsabiqədən keçə bilməyib. Nəhayət, üçüncü il – 1976-cı ildə böyük qardaşı Əhmədin təklifi ilə sotomotologiya fakültəsini seçib və qəbul olunub.

Zəlimxan bəy institut illərindən xatirələrini də danlışdı: “Gecə-gündüz yorulmadan hazırlaşırdım. O zaman mənə elə gəlirdi ki, kimya, biologiya və fizika fənnlərini məndən yaxşı bilən yoxdur. Qəbul imtahanında Eyvaz müəllim mənə “4” verdi. Razılaşmadım, “5” istədim. Bunun üçün komissiya təyin etdilər. Komissiyanın sədri rektor Zəhra xanım idi. Verilən bütün sualları doğru cavablandırdım. Zəhra xanım, – bunun qiymətini yazın, – deyib otaqdan çıxdı. Gördüm ki, müəllim yenə də “4” yazdı. Əlindən tutub, – Eyvaz müəllim, mən komissiyanı “5” almağa görə çağırdım, axı sizə dedilər, qiymətini yazın, niyə “4” yazırsınız? – deyə etiraz etdim. O isə pıçıltı ilə qulağıma dedi ki, – balalarımın canına and olsun imtahandan keçirsən, gəl, məni işə salma. Tapşırığa görə iki nəfərə “5” yazılmalı idi, o da artıq yazılıb. – Mən əsəbi halda etirazımı ifadə edib otağı tərk etdim, amma yekun Eyvaz müəllimin dediyi kimi oldu. İnstituta qəbul olundum. Sonralar Eyvaz müəllimlə dostlaşdıq. O mənim əxlaqıma və təhsilimə tam etibar eləyirdi, mənə güvənirdi. Hətta bəzən onun əvəzindən mühazirələr oxuyurdum, tələbə yoldaşlarım da yazırdılar. Birinci kursun semestr imtahanında da qeyri-üzvi kimyadan cavab vermədən mənə “5” yazdı.

Birinci kursdan hədəfim əlaçı olmaq idi. Bir dəfə Heydər Əliyevin qardaşı Aqil Əliyev və həmyerlimiz Valiko (Vəli Namazov) müəllim məndən siyasi iqtisad fənni üzrə imtahan götürürdülər. Bütün sualllara əla cavab verdiyim halda Valiko müəllim dedi ki, sənə “4” yazacam, narazılığımı ifadə etdim. Aqil müəllim isə əlavə bir sual verib düzgün cavab aldıqdan sonra Valiko müəllimə, – neynirsən, bunun “5”-ni yaz, – deyə təkid etdi. Nəhayət, əlaçı oldum və sevindiyimdən bir nəfəsə öz institutumuzdan qaça-qaça Politexnik institutuna gəldim, ikinci mərtəbəyə qardaşım Əhməd müəllimin otağına qalxıb, sevincimi onunla bölüşərək, ağladığım da yadımdadır…

Bundan sonra 405-ci qrupun komsomol komitəsinin katibi oldum. Sonra ikinci, üçüncü və s. kurslarda da əlaçı oldum. Ən dramatik imtahanlardan biri Rəşid müəllimin tədris etdiyi elmi-ateizmdən olub. Ona tələbələr “Allahsız Rəşid” deyirdilər. Mən Allahı inkar etdiyinə görə bu fənnə hazırlaşmırdım. İmtahan vaxtı bileti çəkdim və müəllim “danış!” dedi. Mənsə, – Rəşid müəllim, Allah var, – dedim. Bu zaman tələbələr gülüşdülər və Rəşid müəllim pərt oldu. O, əsəbi halda, – sənə dedim, danış, – deyə israr etdi. Mən yenə də, – vallah, Allah var, – dedim. Mübahisənin sonunda, – sənə “2” yazıram, zaldan çıx, – deyə təkid etdi. Mənsə rahat vəziyyətdə, – mən deyirəm ki, Allah var, sən də “2” yazırsan, Allah canını sağ eləsin, – deyib çıxışa doğru getdim. Bu zaman tələbələr daha bərkdən gülüşdülər. Rəşid müəllimə elə gəlirdi ki, onu dolayıram, amma bu, belə deyildi, həqiqətən içimdən gələn sözləri demişdim. Sonralar isə dekanatlıqda qiymətimi “4” eləmişdilər. Beləcə, qiymətlərimin hamısı “5” olduğu halda, yeganə “4”-üm elmi-ateizmdən oldu”.

Zəlimxan bəy tələbəlik illərində təşkilatçılığı da bacardığını və hərdən yoldaşlarını kütləvi surətdə “Neftçi”nin oynunu izləmək üçün dərsdən qaçaraq stadiona getməyə təşviq edə bildiyini də qeyd etdi: “Üçüncü kursdan sonra müəyyən dərnəklərdə olmuşam. Həmin vaxtlar pencəyimizin yaxalığının alt tərəfinə o zaman yasaq olunmuş və bizlərə düşmən bayrağı kimi təqdim olunan əsil bayrağımızın üzərindəki üç rəngə uyğun mavi, qırmızı və yaşıl rəngli sap tikərdik. Bu bizim tanınma nişanımız idi. Az da olsa tələbə dostlarımız vardı ki, onlarla müstəqilliyimizi, M.Ə.Rəsulzadəni, üçrəngli bayrağımızı müzakirə edər, bu barədə tez-tez söhbətləşərdik. Yadımdadır ki, 1979-cu ildə bizi “9 may” paradına hazırlayırdılar, paradda əksəriyyət “ura!” qışqıranda, biz fərqli pozucu səslər çıxarırdıq”.

 

“Sən gör elmi nəyə dəyişmisən – siyasətə”

 

Zəlimxan bəy institutu fərqlənmə diplomu ilə bitirib, təyinatını Qazax rayonunun Yuxarı Salahlı kəndinə veriblər. Bir ay çətinliklə də olsa oraya gedib-gəlib, lakin sonra öz xahişi ilə imtina alaraq Bakıya qayıdıb və indiyəcən çalışdığı poliklinakaya işə düzəlib.

Respondentim özü barədə davam edir: “O zaman elmi işlə məşğul olmaq həvəsim yüksək idi. 1984-cü ildə Moskva Dövlət Universitetinin əyani aspiranturasına imtahan verib yüksək qiymətlər alsam da qəbul oluna bilmədim, eyni yerə 36 nəfər sənəd vermişdi. Yuri Mixayloviç Maksimovski imtahandan sonra mənə xüsusi diqqət göstərərək kafedraya apardı və mənə elmi iş verdi, onun dissertantı oldum. Amma o zaman yaşadığımız dövlətin sistemi çürük idi. Fərqlənmə diplomu ilə bitirdiyimə görə öz institutumuz məni himayə etməliydi, aspiranturaya daxil olmalıydım, sistemimiz mənim kimiləri hərtərəfli himayə etməli idi. Əvəzində isə bürokratiya, laqeydlik hakim idi. Elmi işimlə bağlı ən sadə analizlərin cavabını almaqda belə çətinliklərlə üzləşirdim. Kafedralarda mübahisələrim olurdu, mənə deyirdilər ki, elm, axtarışlar sənin nəyinə lazımdır? Bir az da usandırdılar. 1986-cı ildən başlayan “perestroyka” məni özünə çəkdi. Sonrakı dönəmlərdə Azərbaycan Milli Azadlıq Hərəkatına qoşulmağım səbəbilə elmi işim tamamlanmamış qaldı. Sonralar – 1993-cü ildə Yuri Mixayloviç Maksimovski ilə Moskvada təsadüfən yenidən görüşdük. O, siyasətə qatıldığımı bildikdə, məni məzəmmət edərək, – sən gör elmi nəyə dəyişmisən – siyasətə, – dedi.

Elmdə böyük uğurlarım ola bilərdi. Elm çox nəhəng bir dəryadır, amma mən elmlər doktoru olsaydım belə, Azərbaycana siyasətdə olduğu qədər fayda verə bilməzdim. Yenə də siyasətdə olmağımı milli tələbat kimi görürəm. Azərbaycan demokratik və bütöv dövlət olmasa hər sahə kimi elmin də prespektivini görmürəm. İlk öncə Vətəndir. Demokratik, milli dövlət qurmaq hədəflərimizdəndir. Elmin və hüququn ali olduğu cəmiyyətin qurulmasının kökündə də önəmli olan elə bu amildir”.

 

“MSK-dan məni təbrik etdilər, sonra da saxtakarlıqla qərarı ləğv etdilər”

 

Zəlimxan bəy Xalq Hərəkatına başladığı dövrləri belə təsvir edir: Aydın Məmmədovun başçılığı ilə “Ana dili” birliyi təşkil elədik. Orada Məzahir Əfşar, Firudin Ələkbərov, Ağasi Hun, Akif Xəlilov və s. təmərküzləşdik. Gizli şəkildə ilk dəfə olaraq Türk imperatorlarının şəkilləri yapışdırılmış latın qrafikalı təqvim buraxdıq, dil haqqında qanun layihəsi işlədik, sonra kiril əlifbasından latın əlifbasına keçidin təməlini qoyduq. Maarifləndirmə işində çox xidmətlərimiz oldu.

O zamanlar Əbülfəz Elçibəy haqqında kifayət qədər eşitmişdim, amma onunla ilk əyani tanışlığım 1988-ci ildə oldu. Bundan sonra Qarabağ ermənilərinin xəyanəti baş qaldırdı, meydan hərəkatları başladı. İşlədiyim poliklinikanı səfərbər elədim, 1989-cu ildə hərəkatın Xətai rayon şöbəsini qurduq. Rayonun adı (o vaxtkı adı: Şaumyan) 1990-1991-ci illərdə dəyişdi. 1990-cu ildə parlament seçkilərinə namizəd oldum, seçkinin nəticəsi olaraq MSK-dan məni təbrik etdilər, sonra da saxtakarlıqla qərarı ləğv etdilər. O zaman uzun müddət mübarizəmiz oldu və bu mübarizənin içində Əbülfəz Elçibəylə daha yaxından tanış olduq. O, mənə dedi ki, mübarizəni davam etdirmək lazımdır, sən ictimai rəyi qazanmısan, cavan oğlansan, mürəkkəb bir rayonda çox ciddi rəqibləri arxada qoymusan, böyük bir şöbənin qurulmasında rolun var, azdlıq mübarizəmiz hələ qabaqdadır. Elçibəyin bu sözləri mənim üçün bir istiqamət idi. Ola bilər, o zaman Xalq hərəkatının içində o qədər də populyar deyildim, amma Xətaidə çox fəal idim. Beləliklə, yola davam, qərarını verdik. Xətai rayonunda böyük işlər görməyə başladıq. Rayonun adının dəyişdirilməsi, Ş.İ.Xətainin heykəlinin ucaldılması, Xocalı soyqırımı qurbanlarının xatirəsinə “Ana harayı” abidəsininin qoyulmasında təşəbbüskar və təşkilatçı  mən oldum. Sonra rayonda Könüllü Müdafiə Batalyonuna qoşulanların hərbi təlimlərinin təşkili, rus hərbi hissələrindən iri məbləğdə silahların alınması və s. kimi işlər görməyə nail oldum. Biz  Xalq Cəbhəsinin ciddi şəkildə taktiki və strateji proqramlarının müəyyən olunmasında yaxından iştirak etdik, təbii ki, bütün işlərin başında Əbülfəz Elçibəy dururdu. 1989-cu ilin axırı, 1990-cı illərdə ermənilərin ruslar tərəfindən himayə olunması kimi amillər meydanlara şüarlarla axışmamıza səbəb oldu. Hərəkat prosesi çox dinamik başladı, SSRİ tərkibində liberallaşma şüarları, daha çox iqtisadi azadlıq şüarları hakim olsa da, qısa zamanda SSRİ məkanında ilk dəfə Azərbaycanın SSRİ-dən çıxma – istiqlal  məsələsi bizdə doğdu. Hərəkata gedəndə istirahət barədə ümumiyyətlə düşünmürdük, gecəmiz, gündüzümüz yox idi”.

 

“Əbülfəz Elçibəy bütün varlığı ilə daha üst qatda duran bir insan idi”

 

Zəlimxan bəy davam edir:

– Əbülfəz Elçibəy milli ideologiyanı, müsavatçılığı, M.Ə.Rəsulzadəni, Azərbaycan tarixini, milli mübarizə tarixini, islamı çox yaxşı bilirdi, liderlik göstəricisi yüksək idi. Siyasi tariximizi, inancımızı, türk dünyasının fikir adamlarını yaxşı bilən fenomenal şəxsiyyət idi. Sistemi çox mükəmməl bilirdi və komandasını müdafiə etməyi ustalıqla bacarırdı. Məsələn, mən rəqiblər tərəfindən vurulanda o, məni qaldırır, himayə edirdi, yolbayının kürəyinə əl qoyurdu. Əbülfəz Elçibəy bir fərd, bir millət nümayəndəsi olaraq bütün varlığı ilə daha üst qatda duran bir insan, çox böyük siyasətçi idi. O, siyasətin təməlinə tarixi, tarixdəki mütərəqqi fikirləri və tarixi şəxsiyyətləri, həmçinin inanc sistemini, elmi qoyurdu və bunları ustalıqla uyğunlaşdıra bilirdi. O zaman biz milli dövlət qururduq, bir formasiyadan başqasına keçirdik. Bu sürətli keçidin mayasında isə Elçibəyin əvəzsiz ideyalarının müstəsna əhəmiyyətli rolu varıydı.

Əbülfəz bəy azad düşüncəli insanlara, öz fikri olanlara çox ehtiramlı idi. Bir dəfə Vahid Azərbaycan idealı ilə bağlı müzakirəmiz gedirdi. Elçibəy bir çox fikirlər irəli sürdü, lakin bir məsələ məni qane etmədi. Bir az dayandım, sonra onun əksər fikirlərinə dəstək verdikdən sonra, məni qane etməyən məsələ barədə fikrimi söylədim. Əbülfəz bəy bundan çox sevindi və – bax, budu, ee, bəy, budu, ee, – deyərək məni tərif etdi. O, fərdin azadlığını milli özünüdərkin əsası hesab edirdi. Komandasının yetkinləşməsi, müstəqil, cəsarətli fikir söyləməsindən qürurlandığını gizlətmirdi. O, mübahisəni də çox sevirdi, çünki mübahisənin içindən ortaya həqiqət çıxır. Əbülfəz bəy çox tələbkar idi, məsələn, mənə bir kitab verib, – bunu diqqətlə oxu, – desəydi, mütləq o kitabı dediyi kimi də oxumalıydım. Bilirdim ki, orada elə fikirlər var ki, günlərin birində Bəy ondan söhbət açıb, bilgimi yoxlayacaq, bu, belə də olurdu.

 

“Elçibəy Məmməd Əmin Rəsulzadəni peyğəmbər məqamına qədər ucalda bilirdi”

 

– Qeyd etməliyik ki, bu gün də Azərbaycanda maarifləndirmədə çox ciddi səhvlər var. Yeni nəsilə eyforik bir şeyi deyil, əksinə rasional ideologiyanın təməllərini öyrətmə üzərində çox düşünməliyik. Bu məsələdə Şirməmməd Hüseynov böyük dəryalardan biridir, Azərbaycan cəmiyyəti ondan istifadə etməlidir. Siyasi sistemi, siyasətə elmi yanaşmanı, çağdaş dünyanın tələblərinə cavab verən dünyagörüşümüzü istiqamətləndirən ideoloji mərkəzlərimiz formalaşmalıdır. Bunun təməlində Məmməd Əmin Rəsulzadə ideya-siyasi irsi dayanmalıdır. Bu bizim alternativsiz tərəqqi yolumuzdur. Təsadüfi deyildir ki, Əbülfəz Elçibəy Məmməd Əmin Rəsulzadəni peyğəmbər məqamına qədər ucalda bilir, onu həmin müstəvidə görürdü. Bu məktəb əxlaq və siyasi dünyagörüşün paralel aparılmasının əsasını qoyub. Özümü bu məktəbdə görür və ömrümü bu yola həsr etməkdən məmnunam. Bəzi hallarda siyasətə qarşı ikrah yaradan mərkəzlərin olduğunu görürük, onlar insanları siyasətdən uzaqlaşdırmaq, onları öz talelərinə biganələşdirmək, insanların ictimai-siyasi fikir istehsal edən mexanizmə çevrilməsinin qarşısını almaq üçün hər şeyi edirlər. Bu cür düşüncələr və hakimiyyətlər Rəsulzadə yoluna əks olmaqla, mənəviyyatsızlığa, əxlaqsızlaşdırmaya aparan yanlış düşüncə tərzidir. Dünyanı siyasət idarə edir. Siyasətçilərin arasında mənəviyyata sadiq olanlar da, hər şeyi madiyyatlaşdıranlar da var. Lakin aparıcı olan əxlaqdır, M.Ə.Rəsulzadənin qurduğu, inkişaf etdirdiyi, Əbülfəz Elçibəyin qoyduğu əxlaq və siyasətin vəhdəti yoludur. Azərbaycanda bundan başqa düzgün siyasi yol yoxdur. Sadəcə hökmdar olmaq istəyirsənsə, hakimiyyəti qorumaq üçün əxlaqsızlıq edə bilərsən, yox, əksinə hədəfimiz milli dövlət qurmaqdırsa, o zaman əxlaqlı olacaqsan, heç nədən sui-istifadə etməyəcəksən, kasıbın ayağına gedəcəksən. Belə olduqda milli dövləti qura biləcəksən.

Xalqın təşkilatlanma modeli olan AXC Müstəqillik haqqında konstitusiya aktını qəbul etdirməklə imperiyanın siyasi cəhətdən çöküşünün əsasını qoya bildi. Bu AXC-nin ucaltdığı ən böyük heykəllərdən biri idi. Təəssüf ki, Müstəqillik haqqında konstitusiya aktını hazırlayan, Azərbaycanda milli dövlət quruculuğunun əsasını qoyan, M.Ə.Rəsulzadə-Elçibəy irsinə sadiq insanlar bu gün ən çox təqib olunanlardır. Çünki bu gün hakimiyyətdə olan komanda M.Ə.Rəsulzadə irsinə zidd düşüncə və ideologiya daşıyıcıları olmaqla, milli inkişaf platformundan hakimiyyət nəfinə imtina edənlərdir.

 

“Mütəllibov-Vəzirov dönəmlərində müstəqilliyimiz deklerativ xarakter daşıyırdı”

 

– Müstəqil Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov oldu. Cəmiyyəti aldatmaqla, təcrid eləməklə hakimiyyətdə qalmaq olmaz. Azərbaycanın problemlərini Moskva yaradırdı. Qarabağda erməniləri körükləyən, “Sadval” təşkilatına dəstək verən, “Talış-Muğan” layihəsinin müəllifi o idi. Moskva xalqımızın iradəsinə zidd olaraq Dağlıq Qarabağda saxta özünü idarə etmə orqanı qurdu. Ayaz Mütəllibov özü də Moskvanın himayəsi və diqtəsindən kənara çıxmaq iqtidarında deyildi. Bu durum onunla əzilən xalq arasında olan məsafəni get-gedə artırırdı. Sonra Xocalı soyqırımı baş verdi, buna, – texniki xəta oldu, – deyərək münasibət bəsləməklə, xalqa öz arasında uçurumu son kritik həddə çatdırdı. Rəhbərliyin əksəriyyəti, istər Ayaz Mütəllibov, istərsə Vəzirov olsun özündə cəsarət tapıb xalqın yanına doğru bir addım da ata bilmədilər. Onlardan tək biri bu cəsarəti sərgiləsə idi fərqli, milli maraqlarımıza uyğun vəziyyət yarana bilərdi. Bu reallıq  əlavə itkilərimizə və düşməni daha tez tanıya bilməməyimizə səbəb oldu. Mütəllibov-Vəzirov dönəmlərində müstəqilliyimiz deklarativ xarakter daşıyırdı. Rus qoşunu hələ buradaydısa, siyasi hakimiyyət Rusiyanın himayəsi ilə otururdusa, bu, müstəqilliyimizin şərti olduğununun göstəricisi idi.

Yaqub Məmmədov öz düşüncələri ilə özündən əvvəlkilərlə müqayisədə milli düşərgəyə  yaxın idi, o da öz qüvvəsi çatıncaya qədər gedə bildi. Lakin parlamentdə, – biz siyasətin peşkalarıyıq, – deməklə artıq öz gücünün səviyyəsini göstərmiş oldu.

O zaman milli düşərgəyə yaxın olan insanlardan biri də Həsən Həsənov idi. O, Xalq Hərakatı içərisində milli imici olan şəxsiyyətlərdən biri hesab olunurdu.

 

“O zaman Xalq Cəbhəsinin prezident seçkilərində iştirakının əleyhinə idik”

 

– Gerçək müstəqilliyimiz 1992-ci ildə Əbülfəz Elçibəyin başçılığı ilə, Azərbaycan Xalq Cəbhəsinin siyasi hakimiyyətə gəlməsi ilə başlayıb və M.Ə.Rəsulzadənin sərgilədiyi platformanın əsasında islahatların aparılmasına start verilib.

O zaman AXC Ali Məclisinin sessiyasında siyasi hakimiyyət məsələsi müzakirə olunanda Yusif Səmədoğlu, Təhmasib Novruzov və mən arqumentlər gətirərək Xalq Cəbhəsinin prezident seçkilərində iştirakının əleyhinə idik. Rusiya ordusunun hələ də Azərbaycanda qalması, Qarabağ münaqişəsi, Ermənistanın Rusiyanın himayəsi ilə hərbi-siyasi təcavüzü, nizamlı ordumuzun olmaması, Qərb dövlətlərinin bölgəyə təsir imkanlarının olmaması, Heydər Əliyev faktoru bu mövqeyimdə əsas arqumentlərim idi. Biz ictimai müqaviməti təşkil edərək dövlətin dayaqlarını qorumalı, seçiləcək prezidentin demokratik qaydada işləməsini təmin etməliydik. Lakin bizim istəyimizi çoxluq qəbul eləmədi və biz buna tabe olduq. 1992-ci il iyun ayının 7-də Əbülfəz Elçibəy Azərbaycanda ilk dəfə olaraq demokratik yolla prezident seçildi.

Sonralar Elçibəyin sərəncamı ilə Xətai rayonu İcra başçısı təyin olundum. İslahatlara, milli dövlət quruculuğuna başladıq. Rüşvətsiz bir hakimiyyət qurduq, mühafizəsiz gəzdik, ciddi islahatlara başladıq, liberallaşmanın təməlini qoya bildik. Bundan başqa idarəetmədə, təhsildə, ordu quruculuğunda islahatlar aparmağa başladıq. Rus qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasına nail olduq. Milli orduda, daxili qoşunlarda strukturlaşma, təhsildə test islahatı, imtahanlarda yüksək bal toplayan yüzlərlə tələbənin dövlət hesabına Türkiyədə təhsil almasının təmini, maliyyə sistemində ciddi islahatlar, manatın dövriyyəyə buraxılması kimi işlər görə bildik. O zaman manatın Dağıstandan, Gürcüstandan İrana qədər hər yerdə aparıcı valyuta olduğu bir tarixi faktdır.

 

“Gürcüstanla bağlı heç bir təhdidedici fikrimiz olmayıb”

 

– Bütün bunlardan başqa, qonşu dövlətlərlə, o cümlədən Gürcüstanla əlaqələrin möhkəmləndirilməsi ilə bağlı xeyli işlər görülüb. Prezidentin tapşırığı ilə şəxsən mən bu məsələ üzrə kifayət qədər işlər görmüşəm. Soydaşımızın Gürcüstan cəmiyyətində layiqli yer tutması üçün gərəkənləri eləmişik. Gələcəkdə Azərbaycan və Gürcüstanın bir platformada olacağını, talelərinin bir olduğunu göz önünə gətirərək Gürcüstanın dövlət müstəqilliyinə və demokratik islahatlarına dəstək vermişik. Gürcüstanın milli-demokratik institutları ilə intensiv əlaqələrimiz də buna hesablanmışdı. Barrikadaların qurulduğu bir dövrdə Gürcüstanda, Qardabani rayonunda 600 nəfərlik zalda gürcü siyasi hərəkatının nümayəndələri ilə ilk görüşü 1990-cı il sentyabr ayının 6-da mən və rəhmətlik Mərdan Dilənçiyev  təşkil etmişik. Görüşdə Azərbaycan Xalq Cəbhəsi İdarə Heyətinin üzvləri Dilarə Əliyeva, Abbas Abdulla, Sabir Rüstəmxanlı, Nəcəf Nəcəfov, İsa İsmayılzadə, Zahid Qaralov, Gürcüstan tərəfindən isə Gürcüstan Xalq Cəbhəsinin sədri Nodar Natadze, Z.Qamsaxurdiyanın I müavini, şair-tərcüməçi Leyla Eradze, eləcə də, digər ictimai-siyasi təşkilatların təmsilçiləri iştirak etdilər. Biz düşünürdük ki, demokratik dünyaya Gürcüstanla birgə inteqrasiya edəcəyik. Gürcüstan həm də Türkiyə ilə Azərbaycanın arasında bir mənəvi körpü olduğuna görə, onun milli dəyərlərini qorumağı özümüzə borc bilirdik. Bütün bunlar Elçibəy səviyyəsində müzakirə olunan məsələlər olublar. Bizim Gürcüstanla bağlı heç bir təhdidedici fikrimiz olmayıb, baxış bucağımız beləydi, niyyətimiz nəydisə, fikirlərimizdə də onu ifadə edirdik. Baxmayaraq ki, ortaq öhdəliklər götürmə məsələsində Zviad Qamsaxurdiya əvvəlcə tərəddüd eləmişdi.

 

“Konstantin Qamsaxurdiyanın nəslindən gələn bir adam bu qədər əbləhlik edə bilməzdi”

 

– Zviad Qamsaxurdiya demokratik dövlət quruculuğu işində maksimalist idi. Amma Gürcüstanda həm daxildən, həm də Kremlə bağlı böyük bir qüvvə onun əleyhinə yönəlmişdi. Gürcüstanda milli dövlət quruculuğu prosesini bütün vasitələrlə durdurmaq onların hədəfi idi. Maraqlıdır ki, Əbülfəz Elçibəy də Azərbaycanda eyni mərkəzlərin oxşar təhdidləri ilə üz-üzə qaldı. Amma Qamsaxurdiyaya qarşı olan qüvvələr daha aqressiv idilər. Məsələn, guya ki, Qamsaxurdiya milli azlıqlara qarşı “Gürcüstan yalnız gürcülər üçündür” devizini irəli sürüb. Amma şəxsən mən onun heç bir rəsmi çıxışında bu ifadəyə rast gəlməmişəm. Necə ki, biz deyirik ki, Azərbaycan türk və müsəlman  dövlətidir – bu milli və dini azlıqları inkar eləmək deyil. Əksinə, əksəriyyət təşkil edən milli və dini çoxluq milli dövlətdə təməldirsə, digərlərin hüquqlarının qorunması və vətəndaş hüquqlarının üst qatda təmini prioritetdir, deməkdir. Bu dediyimiz onların marağına toxunmaq deyil, bu, çoxluğun hakimiyyəti, azlığın isə haqqının qorunmasıdır. Ola bilər ki, Qamsaxurdiyanın komandasında bizim soydaşlarımıza qarşı ultra-radikal düşüncəli insanlar da olub, bu, ayrı bir şeydir, amma fundamental olaraq Konstantin Qamsaxurdiyanın nəslindən gələn bir adam bu qədər əbləhlik edə bilməzdi. Onun tərəfini saxlamıram, amma həm Azərbaycanda, həm də Gürcüstanda milli düşərgəni gözdən salmaq üçün birinci silah etnik azlıqlar olub. Fikir verin, Ə.Elçibəy nə dedi ki, “Talış-Muğan respublikası” məsələsi ortaya gəldi, ləzgilərə bir söz dedimi ki, “Sadval” hərəkatı ortaya çıxdı? Ə.Elçibəy bunların yaranmasına əsas verən heç nə demədi, əksinə milli azlıqlara onun imzası ilə Avropanı təəccübləndirən hüquqlar verildi. Eyni addım Qamsaxurdiya tərəfindən də atıldı. Azərbaycanda etnik azlıqlara mədəniyyət mərkəzlərinin qurulması, öz dilində təhsil alma hüququnun olması, mədəniyyəti inkişaf etdirmək, Azərbaycan cəmiyyətinə tam bərabərhüquqlu vətəndaş olaraq inteqrasiya etmək üçün bütün yaşıl işıqlar yandırıldı. Ə.Elçibəy milliyətçi demokrat olaraq bütün təbəqələri  üzvi şəkildə bir yerə yığan, onları daha gözəl sabahlara səsləyən – milli dövlət quruculuğuna səfərbər edən unikal şəxsiyyət olub. Bu nə demək idi: – Türk dövlətiyəm, türkəm, dövlətimi, millətimi sevirəm, amma bu bayrağı sevən hər bir kəsin də alnından öpürəm. Qara piarlıqda isə əsas hədəf Gürcüstanda və Azərbaycanda milli-demokratik dövlət quruculuğu prosesinə yol verməmək idi. Bu məkrin başında isə həmişə olduğu kimi Moskva dururdu.

 

“Həmin zamanlar hətta Borçalının muxtariyyatı Moskvada müzakirə olunurdu”

 

– Mən 1996-ci ildə Azərbaycan Sambo Federasiyasının prezidenti olaraq Bakıda Sambo güləşi üzrə Beynəlxalq dərəcəli İdman Ustası, Qarabağ uğrunda şəhid olmuş Rafiq İsmayılovun xatirəsinə beynəlxalq turnir və 1997-ci ildə Bakıda ölkə tariximizxə ilk dəfə olaraq Avropa çempionatının keçirilməsinə nail oldum. Özümü milliyətçi-demokrat cinahın nümayəndəsi hesab edirəm. Biz ağıllı olmağa məhkumuq. Ermənistan komandasının Avropa çempionatında iştirakı üçün təşəbbüs göstərməyimizi milli maraqlarımız çərçivəsində hadisə hesab edirdim. Bunun üçün Azərbaycandan onların təhlükəsizliyinə təminat məsələsi həll olunmalı idi. Biz rəsmi olaraq Beynəlxalq Federasiyanı arxayın etdik, Ermənistan yığması dəvət edildi. Gəlmədilər. Amma bu bizim diplomatik uğurumuz oldu. Beynəlxalq imicimiz daha da möhkəmləndi. Hətta Rusiya komandasının tərkibində gələn erməni ilə dəniz kənarı bulvarda xüsusi hədəfli gəzintim məqsədə uyğun idi. Bu, nə demək idi? Düşməndisə, get, Qarabağda savaş, siyasətini düzgün qur, erməninin canını al, amma bu, idmandır, idmanı siyasətə qatmaq olmaz. Zəlimxan Məmmədli milliyyətçiliklə demokratiyanın vəhdətini nümayiş etdirməklə sonrakı etaplarda Avropa Sambo Federasiyasının birinci vitse-prezidenti kimi yüksək postda qərar tutmağa nail oldu. Avropa Federasiyasının Prezidentliyi postuna namizədliyimdən prezident postuna keçidim də real idi. Təəssüf ki, yuxarıda qeyd etdiyim kimi mövcud hakimiyyətin milli platformadan uzaqda durması bu imkanı Azərbaycanın əlindən aldı. İndiki dövlət başçısı, o vaxt Milli Olimpiya Komitəsinin Prezidenti olaraq maddi təminat məktubu versəydi Avropanın Prezidenti ola bilərdim. Təəssüf ki, bu unukal şansı dəyərləndirməyə gücləri çatmadı. Eqoizm öz işini gördü.

Beynəlxalq Federasiyada səlahiyyətimdən istifadə edərək 1998-ci ildə  gürcü dostlarım Oleq İadze və Nodar Ekmivitaşvili ilə birlikdə Gürcüstanın paytaxtı Tiflisdə Sambo güləşi üzrə Dünya çempionatının keçirilməsinə nail ola bildik. Biz Gürcüstana da öz milli dövlətimiz gözü ilə baxmalıyıq. Ona görə də, nə qədər Azərbaycan dövlətçiliyini, millətimi sevsəm də, Gürcüstanın beş xaçlı bayrağını da qürurla başımın üzərində gəzdirirəm.

Mən və Abbas Abdulla o zaman Gürcüstanda soydaşlarımızın yaşadığı ərazilərdə təxribatların önlənməsinin içində olmuşuq. Z.Qamsaxurdiya deyirdi ki, müstəqil dövlətimizi quracağıq, sərhədlərimiz də budur. Rusiya isə ona deyirdi ki, etnik azlıqları sənin əlindən alacam. Həmin azlıqlardan biri də Borçalı türkləri idi. Həmin zamanlar hətta Borçalının muxtariyyatı Moskvada müzakirə olunurdu. Bunların hamısı iki dövləti, iki xalqı toqquşdurmaq üçün Kremlin hazırladığı  avantüralar idi. Bu təxribatın önlənməsində də fəal hərəkət edənlərdən olmuşam. Fikir verin, Gürcüstanda M.Saakaşvili qədər Azərbaycan türkünün haqqını tanıyan ikinci bir lider olmadı. Bu gün Tiflisin dövlət universitetlərində soydaşlarımızın təhsil alması Saakaşvilinin xidmətidir. O, bizə verilən böyük bir dəyərdir. Novruz bayramının rəsmi olaraq tanınması, eləcə də Elat bayramına olan sayğı da bu qəbildəndir. Hətta bir vaxt Elat bayramının milli bayram kimi rəsmi şəkildə Gürcüstanın təqviminə daxil edilməsi ideyası da var idi. Amma fikir verin, M.Saakaşvilinin məhz daha çox milli azlıqların  əliylə hakimiyyətdən uzaqlaşdırılması kompaniyasına kimlər rəhbərlik edirdi? Orada kimisə tutdurdu, burada kimdənsə nəyisə aldı, cərimələrlə dövlət büdcəsi qurdu və s. kimi bəhanələrlə orada öndə olan adamlarımızın əksəriyyətini çirkli kapital onun əleyhinə işlədə bildi. Moskvanın imperialist zehniyyəti o zaman olduğu kimi, indi də  dövlətlərimiz və region üçün ciddi təhdid mənbəyidir.

 

“Moskva eyni platformanı həm Azərbaycana, həm də Gürcüstana diqtə elədi”

 

– O zaman Zviad Qamsaxurdiya yeni başlayırdı, amma imkan vermədilər, heç ayaq tutub yeriyə də bilmədi. Cəsarətlə deyə bilərəm ki, Z.Qamsaxurdiya milli hərəkatdan, Xalq Cəbhəsi hərəkatından Gürcüstan dövlətini milliləşdirmək istiqamətində çaba verən, eyni zamanda bu çabalara görə hakimiyyətdən devrilib, dövləti tərk elətdirilən liderdir. Fikir verin, orada hərbi qiyamçı kimi Ketovanini, bizdə isə Surət Hüseynovu tapdılar, sonra Gürcüstanda bir siyasi lider tapıb onun əleyhinə yönəltdilər, bizdə isə Etibar Məmmədovu tapdılar. Bizdə siyasi müxalifət olaraq YAP, onlarda E.Şevardnadzenin dəstəsi yarandı, sonra da hər ikisi qiyamı legitimləşdirərək hakimiyyətə gəldilər. Yəni Moskva eyni platformanı həm Azərbaycana, həm də Gürcüstana diqtə elədi ki, milli dövlət quruculuğuna imkan verilməsin.

M.Saakaşvili 2008-ci ildə Gürcüstanın ərazi bütövlüyünü təmin etmək üçün mübarizəyə girdi, əvəzində isə Qorini bombaladılar, Tiflisə qədər olan körpüləri dağıtdılar. Nəydi bu? O da Z.Qamsaxurdiya deyildi ki, bu artıq M.Saakaşvili idi, o da milli və rüşvətsiz dövlət qururdu. Onun da, bizim də “günah”ımız bax, bu idi. Yoxsa, həm onlar, həm də biz əyri yollarla, Rusiyanın maraqlarına xidmət etməklə oyunlara girib hakimiyyətdə qala bilərdik, amma üzümüzə tüpürərdilər.

 

Hörmətli, oxucu!

Bu təfərrüatın sizə tanış olması da tam mümkündür, amma baxışların müxtəlif, yanaşmaların fərqli olduğunu nəzərə alaraq, Xalq Hərəkatından gəlmiş, hadisələrin bir başa içində olmuş, Meydan hərəkatlarının tam mərkəzində fəaliyyət göstərmiş, yetkin bir siyasətçi olduğu üçün Zəlimxan Məmmədlinin son 27 ildə Güney Qafqazın siyasi arenasında baş verənlər barədə fikirləri ilə qısaca da olsa tanışlıq hesab edirəm ki, sizin də maraq dairənizə uyğun olar. Etiraf edək ki, bu həm də bir tarixdir. Təbii ki, respondentimin söylədikləri məni maraqlandıran sualların cavabıdır. Odur ki, növbəti sualım belə oldu:

 

– Zəlimxan bəy, siyasi proseslərin Azərbaycanda və Gürcüstanda paralel cərəyan etdiyini çox gözəl təsvir edirsiniz, bəs bu paralellik sonradan niyə pozuldu, yəni Azərbaycanın “Saakaşvili”si niyə meydana çıxmadı?

 

– Bilirsən, bəy, dünyada cəmi beş milyona qədər gürcü var. Gürcü xalqı da mühafizəkarlığa meylli, inanclı xalqdır. Bu səbəbdən doğulandan ölənə qədər səfərbər olunurlar, bu, özünü qoruma vərdişidir. Saakaşvili fenomenal bir şəxsiyyət olaraq ortadan zühur edib həmin prosesi qələbəyə aparan bir lider oldu. Bizdə isə Azərbaycan türk dövlətidir, Orta Asiya ilə Türkiyənin arasında bir körpüdür. Gələcəkdə Orta şərqdə yeni bəlirlənmənin əsas nüvəsidir. Ona görə də, bunu Gürcüstanla müqayisə etmək olmaz. Gürcüstanda M.Saakaşviliyə şans yarada bildilər və E.Şevardnadze sürətlə çökdü. Şevardnadzenin içində bir millilik elementləri də var idi və daha çox milli təəssübkeş oldu, Gürcüstanın milli məslələrinə bir addım yaxın olub onunla bölüşə bildi. Bu da onun Moskvanın xoşuna gəlməyən ən böyük “zəiflik”lərindən biri idi. Buna görə də, Moskva birdən-birə ondan əlini çəkdi və Saakaşvili çox cəsarətlə meydana girdi, eyni zamanda qərbdən də dəstəyini aldı. Beləliklə, bunu legitimləşdirdilər. Bizdə isə, 2003-cü ildə də müxalifət olaraq seçkilərdə qalib gəldik, amma onu legitimləşdirmək, hakimiyyəti qurmaq, qorumaq  mexanizmi olmadı. Bu tarixi şərait idi. Tarixi şərait millətin iradəsinin hakimiyyətə daşınmasına imkan vermədi. Gürcüstanda isə M.Saakaşvili millətin iradəsini hakimiyyətə daşıya bildi. E.Şevardnadze ölkəni tərk eləmədi ki, onu güllələməliydilərmi ki? Əlbəttə, yox! M.Saakaşvili liberallaşmanın əsasını qoydu. Hakimiyyətdə olanların təqib kompaniyasını arxa plana keçirdilər. Bunun özü də Şevardnadzenin yaşam şansını saxladı. Biz hər zaman dedik ki, demokratik seçkilər olacağı təqdirdə iqtisadi, siyasi aministiyalar mütləqdi. Zaman-zaman bu tələblər siyasi platformamızda da olub. Mötədilləşmə, vətəndaş sülhünə gedən yolları daha çox təbliğ etmək və s. Lakin Gürcüstanla müqayisə etdikdə, Heydər Əliyev postsovet məkanında bu bölgə üçün yetişdirilən ən böyük fiqurlardan biri idi. Onun təsir dairəsi, peşəkarlığı Eduard Şevardnadzedən qat-qat yüksək idi. Müsəlmandı, Azərbaycandan çıxmış adamdı və İraqı da, İranı da, Türkiyəni də yaxşı bilir, bu sahədə ixtisaslaşmış, yetişmiş adamdı. Eyni zamanda, DTK-nın general rütbəsini Heydər Əliyevə hər halda yaraşıq üçün verməyiblər. Kifayət qədər himayədarlarının maraqlarına uyğun davranış sərgiləyə bilirdi, Moskvanın və İranın maraqlarına bələd idi, hakimiyyəti qoruma ustalığı yüksək idi.

Xüsusilə Azərbaycanda DTK-nın bütün şəbəkəsi Heydər Əliyevlə bağlı olub. O vaxt biz milli hökumətdə Milli Təhlükəsizlik sistemini qura bilmədik, çünki DTK-nın şəbəkəsi Moskvaya işləyirdi. Heydər Əliyevin də daxil olduğu həmin şəbəkə, altdan partiyaların qurulması kimi məsələlərdə də fəal işə başladı. Biz həmin etapda bu təsirə dirəniş göstərmək gücündə olmadıq.

 

– Yəni, o zamankı milli hökumətin gücü Heydər Əliyev siyasi gücünün qabağını kəsə bilmədi və hakimiyyətdən getməli oldunuz, belədirmi?

 

– Fəqrli bir mənzərə yaranmışdı, həm torpaqlarımız işğal olunur, həm də milli hökumətin taleyi məsələsi var idi. Onda hakimiyyət qismən arxa plana keçmişdi, təki dövlətimizin müstəqilliyi qalsın, deyə düşünülürdü. Surət Hüseynovun hərbdə yaratdığı xəyanətlər, Heydər Əliyevin fəal siyasi prosesə girişi, müxalifətin təxribatları, Moskvada çevriliş planları ilə bağlı görüşlər haqqında aldığımız məlumatlar, bunlardan istifadə edən düşmənin ərazilərimizi dalbadal işğal etməsi şübhəsiz bir mərkəzdən idarə olunurdu və Heydər Əliyevin gəlişi reallaşırdı. 91-lərin məşhur müraciəti, onun arxasınca bir sıra zabitlərin siyasi hakimiyyətə ultimatumları çevriliş planının işə düşməsinə işarələr idi. Ola bilər ki, bəzi addımlarımız bu duruma adekvat deyildi. Fakt fakt olaraq qalır. Öz bilgilərim və müşahidələrim əsasında cəsarətlə deyə bilərəm ki, biz bayrağımızın dik durması xatirinə hakimiyyəti vermək qərarına gəldik. Hətta bizi vətəndaş müharibəsinə çəkə bilərdilər. O ana qədər ki, ya Elçibəy komandasını çəkib mühacirətə getməliydi, ya da sadəcə hakimiyyətdən çəkilməliydi. Elçibəy də ikinci yolu seçdi, hakimiyyətdən qismən çəkildi, amma özü və komandası Azərbaycanın daxilində oldu və siyasi partiyaya rəhbərlik etdi. Prezident səlahiyyətlərini qismən verdi, amma əsas səlahiyyətləri antikonstitusion yolla əlindən alındı və Heydər Əliyev hakimiyyəti tam olaraq mənimsədi. Hesab edirəm ki, bu məsələ, eləcə də Elçibəyin Kələkiyə köçməsi və sonradan Bakıda zühur etməsi zaman-zaman yazılacaq, müzakirə olunacaq. Siyasi texnologiyalarda bu cür davranışa rast gəlmək mümkün deyil və bu, bizim milli demokratik cəsarətimizin göstəricisi idi. Başqa cür davranış isə üstümüzə qoşunun gəlməsi, Elçibəyin məhv edilməsi, bizim isə əli silahlı bir-birimizə qarşı durmağımıza gətirib çıxara bilərdi. Buna müxtəlif münasibət sərgilənə bilər, amma gerçək olan budur. Qeyd edim ki, həmin günlər gecə səhərədək müzakirələr gedirdi, silahlı mübarizəyə hazır idik. Şəxsən mən soyuq başla, təhlil imkanlarımı bəlkə də itirmiş halda, dəliqanlılıq edərək müqavimət göstərməkdən çəkinməyi ağlıma belə gətirmirdim. Milli dövlətlə bu cür davrananları cəzalandırmaq barədə düşünürdüm.

Belə bir vaxtda, gecə saat 2-də prezidentin kartejinin getdiyi xəbərini aldıq. Gecə saat 5-də məlumat aldıq ki, Ə.Elçibəy qalacağı təqdirdə Prezident sarayı top atəşinə tutulacaqmış. Bu isə mütləq anlamda Moskvanın planına uyğun olaraq vətəndaş müharibəsi demək idi. O vaxt parlamentdə o zamankı siyasi müxalifətin həyasızlığı yəqin ki, yaddan çıxmayıb. Həmin vaxtlar biz müqavimət göstərəcəyimiz təqdirdə Gəncədə 360 nəfərlik Ali Sovetin deputatlarının toplanacağı, alternativ hökumət qurulacağı, ermənilərin rusun himayəsi ilə Yevlağa qədər gələcəyi də real planlardan biri idi. Xəyanətkar şəbəkənin başında duranlardan ən əsası Surət Hüseynov idi. Bu ssenari ilə biz hakimiyyətdən gedirdik, onlar isə hakimiyyətə qəhrəman kimi gəlir, repressiyalar, vətəndaş müharibəsi başlayır və  Rusiya geri xilaskar kimi çağırılırdı.

O zaman qərb kifayət qədər uzaqda idi, demokratik dünya neft kontraktları ilə Azərbaycana yenicə yaxınlaşırdı, ardıcıl islahatlardan sonra 1993-cü ilin payızında  parlament seçkilərinə hazırlıq işi gedirdi. Nə qərbin, o cümlədən nə də Türkiyənin dəstəyi olmadığı bir vaxtda belə Moskva gördü ki, Elçibəy hakimiyyəti milli dövlət quruculuğunu geriyədönməz mərhələyə daşıyır, ona görə də, həmin bu xəyanət planını işə saldı. Elçibəy də soyuq düşünərək, həmin dönəmin ən ağıllı, strateji qərarını verdi. O, Azərbaycan dövlətçiliyini düşünərək böhrandan çıxışın ELÇİBƏY YOLU haqqında qərar verməyi üstün tutdu. Bunun nəticəsi idi ki, milli qüvvələr hakimiyyətdən devrilsə də, biz xalqın arasında qaldıq, qardaş qanı axıdılmadı, Azərbaycan qorundu, ideallarımız məhv edilmədi və bu gün də həmin qüvvələr milli inkişaf yolunun qarantı rolunda mübarizə meydanındadırlar. Elçibəy hakimiyyətini – legitim hakimiyyəti devirənlərin isə siması-simasızlıqları nəinki bizə, dünyaya faş oldu. Bundan sonra təmərküzləşərək bir az gec də olsa yarımçıq qalmış milli dövlət quruculuğu yoluna yürümək qalır. Bax, bu gün Elbəyi Cəlaloğlu ilə oturub söhbət edirik və siyasi qərarları qəbul etməyə də borcluyuq.

İyunun 17-si Heydər Əliyev gəldi və 24-ü artıq parlamentdə qanunsuzluqlar başladı, məsələ hüquq müstəvisinə keçdi. Deyirdilər ki, Heydər Əliyevi çağırdılar, amma elə deyil, Heydər Əliyev Milli məclisin sədr müavini olduğu üçün elə orada oturmalıydı. Baykot edirdi, maksimum dərəcədə Xalq Hərəkatını iflasa uğradaraq hakimiyyətə gəlmək barədə düşünürdü. Onun dəvət olunması barədə qeyri-səmimi danışanlar da var, amma hədəflərimizdən biri Heydər Əliyevi Moskva oyunundan çıxarmaq idi. Çünki o vaxt Moskvada olan görüşlərdən, çevriliş üçün hazırlanan planlardan, buna ayrılan maliyyədən məlumatımız var idi.

İyunun 24-də Milli Məclisdə Ə.Elçibəyin səlahiyyətlərini konstitusiyaya zidd olaraq əlindən aldılar. Hərbi qiyam “legitimləşdi”. Bəyin istefası tələb olundu, o isə istefa vermədi, amma bəzi səlahiyyətləri parlamentin sədrinə verdiyi barədə müraciət etdi. Heydər Əliyev isə bununla razılaşmadı. Mən düşünürəm ki, Heydər Əliyev o zaman bir balaca, təəssübkeşlik eləsəydi, – bu müstəqil dövlətdir, legitim hakimiyyəti var, – deyə davransaydı, uca bir nöqtədə bir general olaraq Atatürk qədər yer tuta bilərdi. Çünki milli dövlət üsyançı ilə deyil, məhz legitim hakimiyyəti ilə milli dövlətdir. Bütün siyasi partiyaların tanıdığı legitim hakimiyyətin səlahiyyətini əlindən almaq, sonra ictimai rəyi buna hazırlamaq, prezidentin səlahiyyətlərinin ləğv olunması üçün referendum keçirmək, bunların hamısı Moskvada hazırlanan çevriliş planının tam tərkibi idi. Ən azından prezident müəyyən hissəsi istisna olmaqla bütün səlahiyyətləri parlament sədrinə verməyə hazır idi. Heydər Əliyev ara sakitləşənə qədər bu xidmətlərindən istifadə edərək münasibətləri tənzimləyib, istedadını ona yönəltsəydi, növbədənkənar prezident seçkisi keçirilər və onun hakimiyyəti də legitim ola bilərdi. Amma legitimlik pozuldu və bizim İcra başçısı olaraq istefa verməyimizə də səbəb bu amil oldu. Biz əksər rayonların icra başçıları Prezident Əbülfəz Elçibəyin komandası olaraq Azərbaycanda hüquqi dövlətin, legitim hakimiyyətin antikonstitusion yolla – qiyam və qiyama dəstək verən siyasi qüvvələr vasitəsilə legitimləşdirilməsinə etiraz edərək istefa verdiyimizi elan elədik. Bu hadisənin Azərbaycan dövlətçilik tarixində unikal hadisə olmaqla araşdırıcılar tərəfindən zaman-zaman müraciət olunacağına inanıram. Bu həm də Azərbaycan xalqının demokratiyaya hazır olmasına işarədir. Şəxsim həmin dövrdə bəzi emissarlarla yağlı vədlər alan, amma həmin vədləri onu gətirənlərin başına çırpanlardanam. Bizim davamız dən davası olmayıb, bu gün də olduğu kimi iman davasıdır.

 

– Heydər Əliyev hakimiyyətə gələndə iki güc bir cəbhədə birləşə bilərdimi?

 

– Cəhdlər olub, amma missiyalar fərqləndiyi üçün mümkün olmayıb. Elçibəyin niyyəti Heydər Əliyevin Moskva missiyalarını neytrallaşdırıb, ortaq dil tapmaq, onun imkanlarını milli birliyə, siyasi sülhə, milli dövlət quruculuğuna yönəltmək olub. Məsələn, biz hakimiyyətə gələndə köhnə direktor korpusuna toxunmadıq, onları siyasiləşdirmədik, əksinə onları milliləşdirməyə çalışdıq və qafalarını milli dövlət quruculuğuna yönəltdik. Bu, milli barışla, siyasi sülh ilə vəziyyətdən düzgün çıxış xətti idi. Moskvanın isə missiyasi qütbləşmə yaratmaq və onları toqquşdurmaq idi, eyni zamanda bu qütbləşməni dərinləşdirmək üçün hər şey elədi. Təəssüf ki, qütbün bir tərəfi Ə.Elçibəy və xalq, o biri tərəfi isə H.Əliyev oldu. Yenə min təəssüf ki, H.Əliyev Moskvanın çəkdiyi dairədən kənara çıxmaq imkanına malik deyildi.

 

– Elçibəy dövründə Qərbin maraqları Azərbaycanda özünü doğrultmadı, elədirmi?

 

– Qərb bizə Statoy, BP, Amoko kimi neft şirkətləri ilə gəlirdi. Elçibəy isə Lukoilə qədər hamısı ilə balans siyasəti yeritdi və neftin, qazın üzərində beynəlxalq konsersium yarandı, kifayət qədər aktiv işlər görüldü, hətta onun strukturu investorlarına qədər müəyyən olundu. Bunun arxasınca parlament seçkilərinə gediş məsələsi varıydı. Bu artıq siyasət idi, yəni dünya siyasətinin içində olan neft şirkətləri ilə kontraktlar bağlanır və Qərb öz milyardlarını qorumaq üçün Azərbaycana əlini qoyurdu.

 

– Demək, Heydər Əliyevin gəlişi kontraktları qabaqladı?

 

– Bəli, kontraktların bağlanmasına zaman olmadı, proseslər çox sürətli getdi. Məsələn, mənim rəhbərlik etdiyim rayonda maşınqayırma zavodu var, o zaman Cənubi Koreyanın “Daevoo” şirkəti ilə ikitərəfli protokol imzaladıq və bu razılaşmaya görə şirkətin hər növ avtomobilləri və digər məhsulları Azərbaycanda istehsal olunub MDB ölkələrinə satışa çıxarılmalıydı. Bu, iqtisadiyyatın şaxələndirilməsi və ya çoxşaxəli inkişafı demək idi. Heydər Əliyev gələn kimi onu da dayandırdı.

 

– Burada Heydər Əliyevə nə mane olurdu ki?

 

– Mane olan oydu ki, bu kontrakt bizim qurduğumuz milli dövlətlə imzalanmışdı.

 

“Bazarlarda, piştaxtanın arxasında millət necə formalaşa bilər?”

 

– Mənsub olduğunuz hakimiyyət o zaman ölkə iqtisadiyyatının inkişafı ilə bağlı nələri planlaşdırırdı, nələri etməyi daha önəmli bilirdiniz?

 

– Neft kontraktları işə başlamamış dövlətin ərzaq təhlükəsizliyi çox önəmliydi, bunun üçün kənd təsərrüfatı gücləndirilməlidi və fermerlərə ciddi şəkildə güzəştlər edilməlidi. Qazaxıstan və Ukraynadan asılı vəziyyətdə qalmamaq üçün taxıl əkininin gücləndirilməsi vacib şərt idi ki, dövlətin ən azı 6 aylıq ehtiyatı təmin olunsun, eyni zamanda taxılın ixracı barədə düşünürdük. Ticarətin liberallaşması və komersiyalaşması haqda hüquqi bazanın formalaşması orta təbəqənin formalaşması üçün mühüm amildir ki, biz bunu təxirəsalmadan elədik. Bundan başqa, trikotaj kombinatı mənim rəhbərlik etdiyim rayonda yerləşirdi, daha çox xammal istehsal edirdi. İntensiv ideyalarımız meydana çıxırdı və Almaniya şirkətindən boyaq, bəzək üçün müasir avadınlıqlar aldıq. Burada ikiqat işçi qüvvəsi tələb olundu. Həm daha çox insan işlə təmin olunurdu, həm də kombinat daha çox gəlir əldə edirdi. Bundan başqa, Gürcüstanın rayonlarından birində 500 nəfərlik toxuculuq kombinatı tikmək barədə razılığa gəldik. İnvestor Azərbaycan, sifarişçi isə Gürcüstan olmalıydı, eyni zamanda orada yaşayan soydaşlarımızın 500 nəfəri işlə təmin olunmalıydı. Sonra Radiozavodun inkişafı barədə, orada müəyyən xalq istehlakı məhsullarının istehsalı, o cümlədən televizorların modernləşdirilməsi barədə qərarlar vermişdik. İndi isə həmin zavodun yerində yekə bir ərzaq mağazası açıblar.

Neft emalı zavodunda, “ELOU-AVT 6” qurğusunun açılışında çıxışım da olub və orada yeni texnologiyaların gəlişi barədə əhatəli danışmışam. Yəni neftdən gəlir əldə olunmamışdan öncə biz şaxələndirilmənin əsasını qoymuşduq. Milli dövlət quruculuğunun əsas şərtlərindən biri əhalinin əhəmiyyətli hissəsinin siyasətə simpatiya ilə yaxınlaşmasına nail olmaqdır.

Bələdiyyənin qurulması barədə addımlar atdıq və onları əhali özü seçməliydi, bununla ictimai-siyasi fəal, dövlət quruculuğunda iştirak edən millət formalaşdırırdıq. Bunun özü millətin formalaşması məktəbidir. Yoxsa, durğunluqla millət formalaşa bilməz, bazarlarda, piştaxtanın arxasında millət necə formalaşa bilər? İnstitutlar, elm ocaqları bu günkü vəziyyətdədirsə, millət necə formalaşa bilər?

Özəl təhsil müəssisələrinin təməli də bizim vaxtımızda qoyulub. Xəzər universitetinin bizim rayonda yerləşməsi buna bir nümunədir, bu gün qürur duyuruq ki, həmin universitet dünyanın çox yerlərində böyük reytinqə malikdir. Bütün bunlar nəydi? Biz Amerika-filan kəşf etmədik ki… M.Ə.Rəsulzadəni yaxşı öyrəndik, orada qoyulan şərtləri çağdaş zamana uyğunlaşdırdıq. Maraqlıdır ki, Güney Azərbaycan istiqlal hərəkatında istifadə olunan platforma və 21 Azər hərəkatının təməllərində duran islahatlar paketi də bizdə tətbiq olunub.

 

“İnsan boş ciblə hərəkət etdikdə çox güclü olur”

 

– Zəlimxan Məmmədli idman sahəsində də fəaliyyət göstərib və Ə.Elçibəy dövründən 2002-ci ilə qədər davam edib. Oradakı fəaliyyətiniz barədə nə deyə bilərsiniz?

 

– O zamanlar artıq SSRİ dağılmışdı, amma Avropa və Dünya çempionatına gedən tək-tük idmançılar SSRİ-nin adıyla gedirdilər. O vaxt biz idmanın milliləşməsi üzərində düşündük, Milli Olimpiya Komitəsi yarandı, Məhyəddin Allahverdiyev onun prezidenti təyin olundu. Bir qrup idmançılar da sponsorluq üçün mənə müraciət elədilər. İlk Olimpiya çempionumuz Nazim Hüseynovu ilk dəfə mən qəbul etmişəm. Ağayar Axundov da onun məşqçisi idi. O zaman onu rəngli televizorla mükafatlandırmışdım. Bir sözlə rayonda olan idmançıları himayə eləməyə meyilli idim. Onda Sambo Federasiyası hələ qurulmamışdı. Bir idmançı heyəti gəldi, görüşdük, təklif oldu ki, mən federasiyaya prezident gedim. Sonra Sumqayıtda möhtəşəm bir konfrans oldu, respublika çempionatı keçirildi, artıq bilirdim ki, Federasiyanın prezidenti seçiləcəm. Çünki hüquq müstəvisində namizədliyim verilib və nizamnamə təsdiq olunmuşdu. Beləliklə, Azərbaycan Sambo Federasiyası təsis olunan gün, həm də mən onun prezidenti seçildim. Həmin gün çıxışımda dedim ki, – bizim SSRİ məkanında 8-ci yerdən yuxarı qalxmaq imkanımız olmayıb, lakin indi Sambo idman növündə Rusiyanın kürəyini yerə vuracağıq. – Bu iddiam ola bilər daha çox siyasi meydanda olduğum səbəbindən doğurdu. 1996-cı ildə Qarabağ savaşında şəhid olan beynəlxalq dərəcəli idman ustası Rafiq İsmayılovun xatirəsinə keçirilən Beynəlxalq turnirin və 1997-ci ildə bütün xarici təzyiqlərə baxmayaraq idman tariximizdə ilk dəfə Bakıda Avropa Çempionatının keçirilməsinin əsasını mən qoymuşam. Həmin turnirdə biz birinci yerə çıxdıq və qəzetlər əvvəl söylədiyim ifadədən istifadə edərək “Azərbaycan Rusiyanın kürəyini yerə vurdu” manşetini başa çıxartmışdılar. Sonra dünya çempionatında ikinci yerə çıxdıq.

Bundan başqa, Avropa Sambo Federasiyasında vitse-prezident vəzifəsində çalışmışam. Növbəti hədəfim Avropa Sambo Federasiyasının prezidenti olmaq idi, üç namizəd arasında ən şanslı mən idim. Lakin dövlət başçısı yox, Olimpiya Komitəsinin başçısı İlham Əliyev buna razılıq vermədi. O vaxt Olimpiya komitəsi mənim prezident olmağım üçün bir milyon dollar təminat verməliydi və prezident seçiləcəyim halda Avropa Sambo Federasiyasının baş ofisi Bakıya gətiriləcəkdi.

2002-ci ildə “Narkomaniya və terrorizmə qarşı” devizi altında böyük bir yarış keçirdik. Sonra Respublikanın Əməkdar İdman İşçisi olaraq mənim idmanla bağlı “İdman böyük diplomatiyadır” kitabım təqdim olundu. Beləliklə, 2002-ci il mənim bu sahədə sonuncu ilim oldu. Dinamik işləyən bir federasiya olduq, boş ciblə, eşqlə, inamla çalışdıq və 10 il ərzində 300-dən çox medal qazandıq, dünya rekordçusu olduq, millətin resursunu üzərə çıxara bildik.

İnsanın ruhu diridirsə, pulu olmasa da çox güclü olur. İnancımda insan ucalığı ilə həqiqətin vəhdəti dayanır, onun qabağına çıxacaq heç bir qüvvə yoxdur. Misal çəkim, 1993-cü ildə ermənilər boşluqdan istifadə edib İtaliyanın Torino şəhərində Avropa Çempionatında Dağlıq Qarabağı ayrıca komanda kimi Avropa çempionatına daxil etmişdilər. Rəsmi etiraz etdim. Avropa Sambo Federasiyanın İdarə Heyətinin fövqəladə iclasının çağırılmasına nail oldum. Yarış bu hadisəyə görə bir gün gec başladı. Dağlıq Qarabağ komandası xaric edildi, bütün atributlar yığışdırıldı, Azərbaycandan rəsmi şəkildə üzr istəniləndən sonra yarış bərpa edildi. Baxmayaraq ki, biz onda hakimiyyətdən devrilmişdik, mən müxalifətdəydim, amma mənim dövlətim var və bunun marağı üçün hər şeyə gedərəm.

İndiyə qədər də ASF-ə qayıt deyənlər var, amma düşünürəm ki, yeni nəsil gəlməlidir. Hesab edirəm ki, “Borçalı Cəmiyyəti”nə də 10 ildən yuxarı rəhbərlik etməmək niyyətindəyəm, baxmayaraq ki, bu, bir ictimai qurumdur, 20 il də sədr ola bilərəm. İndi bəzi heç bir iş görə bilməyənlər, – Zəlimxan Məmmədli Cəmiyyətə niyə bu qədər sədrlik edir, – deyib spekulyasiyalara rəvac verirlər. Amma mən fikirləşirəm ki, nəsil dəyişməlidir, gözlər də yorula bilər, daha rasional düşünən, daha yaradıcı adamlar ola bilər. Sambonun inkişaf etdirilməsində məqsədim müstəqilliyimizin ali dəyər olduğunu, onun millətin potensialının üzə çıxmasında əvəzsiz olduğunu sübut eləmək idi. Mənim davamın kökündə müstəqilliyimizin daha böyük dəyər olduğunu, bizim daha güclü olmağımızı sübut etmək durur. Müstəqillik olanda biz dünyanın birincisi ola bilərik, nəinki SSRİ vaxtı 8-ci yerdən o yana qalxa bilmirdik. Biz Samboda 1997-ci ildə Avropanı fəth edə, Avropa çempionu ola bildik. Biz təkcə idman sahəsində deyil, istehsalat və digər sahələrdə də buna nail ola bilərik. Ərəblər bizdən qabaqda deyillər, onlar dünya iqtisadiyyatında pay sahibidirlər. Göydən yağan yağışa və yerdən çıxan neftə göz dikməklə inkişaf eləmək mümkün deyil.

 

– Zəlimxan bəy, hakimiyyətdə olduğunuz dövrdə həm siyasi, həm də iqtisadi cəhətdən planlaşdırdığınız inkişaf proqramı barədə ətraflı bəhs etdiniz. İndi də Heydər Əliyev dönəmi ilə İlham Əliyev dönəmini fərqləndirən amilləri sizdən eşitmək maraqlı olardı.

 

– Bilirsən, bəy, neftdən asılılığın fəsadları haqda nümunələr, siyasətdə “Holland sindromu” kimi müxtəlif terminlər var. Məsələn, neftdən gələn gəlir elmin, təhsilin, texnologiyanın və iqtisadi şaxələndirilmənin əsasının qoyulmasına yönəldilməliydi. Təəssüf ki, bu gəlir bunların heç birinə yönəldilmədi.  Elçibəy dövründə hazırlanmış neft kontraktında Azərbaycan ev sahibi olub liderlik etdiyi halda, sonrakı dövrdəki konsepsiuma görə, Azərbaycan sıra nəfəri oldu. Əvvəlki dövr kontraktına görə bizim 51 faiz payımız varıydı. Sonrakı dövr oliqarxların formalaşmasına, hakimiyyətin kriminallaşmasına, nazirlərin milyonluq maşınlarına, özəl olaraq ən yüksək səviyyəli ev tikmələrinə, ticarət obyektlərinin qurulmasına və s. sərf olundu. Bəlkə də dünyanın heç yerində bizimki qədər ticarət obyekti yoxdur. Amma biz bu potensialımızı fərqli bir şeyə yönəldərək, məsələn, – bu texnologiyanı biz istehsal edirik, – deyə öyünə bilmirik. Nə baş verib? Qafamız yoxdurmu? Daha ciddi iş qura bilsəydik, Azərbaycanın piarlığını islahatlarla aparmağı bacarsaydıq, Azərbaycanın turist sektorunu inkişaf etdirə, yüksək səviyyədə servis qura bilsəydik gəlirimiz yüz milyarda yaxın ola bilərdi. Amma biz bunu edə bilmədik, çünki artıq tənəzzül başlayıb. Tənəzzül başlayanda da yanacağın qiymətini qaldıracaqdılar, əhalinin cibinə girəcəkdilər. Əhalinin böyük hissəsi banklarda kreditə giriblər, devalvasiya da kasıbların başında çatlayır. Əslində dövlət kasıbların yanında olmalıdır, amma bankların yanında oldular.

Bundan başqa, ən böyük göstəricilərdən biri ordu quruculuğudur. Burada hərbi texnikanın alınmasına və s. nail olduq, amma işğal altında olan torpaqlarımızın heç bir qarışı da geri alınmayıb. Lələtəpəni misal gətirə bilərlər, amma mən hesab edirəm ki, bu strateji olaraq daha çox piarlığa, iç dünyamıza, insanlarımıza yönəlmiş bir şeydir. Yəni siyasətimiz strateji olaraq Azərbaycanı bu günə salan bir düşərgədən ayrılmayıb. Biz Avropa ilə oynayırıq, hətta onlarla söyüşməyə çıxırıqsa, bu da həmin düşərgənin mövqeyini dəstəklədiyimizə bir işarədir. Avropa nə deyir, deyir ki, bir demokratik seçki keçir, ədalətli cəmiyyət qur, Gürcüstanın yolunu tut, mən də dəstək verim. Amma təəssüf ki, bu, belə deyil, baş verənlər kifayət qədər bataqlığı olan, aqressiv təkid mənbəyi olan Rusiyanın şaxələndirilmiş siyasət sxemi üzrə aparılan prosesdir. Bu həm də buraxılmış məqamdır.

Heydər Əliyev yuxarıda qeyd etdiyim kimi, siyasi hakimiyyət ustası olduğuna görə, nisbətən fərqli idi, hərdən siyasi partiyaları, medianı yığırdı, görüşlər təşkil edirdi və s. İndi isə bunun tamamilə əksini müşahidə edirik. Siyasi partiyaları tamamilə müflis saxlamaqla təhdid edirlər. İlham Əliyevin apardığı siyasət kimlərinsə maraqlarına uyğun ola bilər, amma millətin maraqlarına uyğun deyil. Bu naqisliyin, cəmiyyətdə hüquqsuzluğun əlamətidir. Hüquq namusdur, hüququn olmadığı yerdə namusdan bəhs etmək mümkün deyil. Hüquq üst qatda təmin olunduğu halda, məmləkətin gözəlliyini duymaq çox asandır, əks halda heç bir gözəllikdən söhbət açmaq olmaz. Prezidentlə vətəndaşın arasında sədlər qoyulacaqsa, bu artıq banditlikdir və bunu əvəz edə biləcək başqa termin də yoxdur.

2003-cü ildə prezident seçkiləri keçiriləndə Milli Demokratik düşərgə qalib gəlmişdi, amma zor-xoş hakimiyyəti aldılar, İlham Əliyev prezident oldu. Həmin onda Xalq Cəbhəsi adından qütbləşmədən imtina mövzusunda bir layihə hazırladım, ciddi müzakirə olundu. Lakin bu bir mənalı qarşılanmadı, mənə satqın da, hakimiyyətə yarınan da, deyənlər oldu. Mənsə düşünürdüm ki, prezident seçkilərindən sonra biz Milli Dekokratik blok olaraq İlham Əliyev institutunu dialoqa dəvət etməliyik. Hər halda o, Heydər Əliyev deyildi, gənc idi. Biz onu o mafiyanın, oliqarxların içindən alaraq milliləşməsinə doğru səylər göstərməliydik. Hesab edirdim ki, bu cəhdimiz baş tutsa milli maraqlarımız orada daha düzgün təmin oluna bilərdi və geci-tezi bu komanda ilə, yeni təfəkkürlə, kifayət qədər DTK-nın içinə girməmiş, hələ çirkaba bulaşmamış gənc kadrla təmərküzləşə, milli dövlət quruculuğunda səylərimizi birləşdirə bilərdik. Amma təəssüflər olsun ki, təqdir edənlər kifayət qədər olsa da, bu layihəni üst səviyyəyə çıxara bilmədik və düşərgəmiz bunu qəbul etmədi. Onda da mənim duyduğum o oldu ki, bizi parçalayan mexanizm bizi bir araya gətirən mexanizmdən daha güclüdür. Bizi parçalayan mexanizmin qolları mediada da var, qurulan siyasi partiyalar və QHT-lərdə də. Yeri gələndə onlar səfərbər olunub sistemli şəkildə mütərəqqi bir şeyi alt-üst edə bilirlər. Ona görə də, bu dönəmi milli dövlət quruculuğunda itirilmiş dönəm hesab edirəm, eyni zamanda Azərbaycanın tək ictimai məzmun daşıyan ideallarının sönükləşməsi dövrü kimi qiymətləndirirəm.

 

– Cəmiyyətimizdə ən ağrılı yerlərdən biri də infrastrukturların aşağı səviyyədə olmaası, təhsil sisteminin iflic vəziyyətdə olması və hər şeyin alverlə, bazar sistemi ilə əvəzlənməsidir. Hətta iş-gücünü buraxıb alverə qurşanan professor, akademiklər də var. İnsanların bu cür ucuşladırılmasında məqsəd nədir?

 

– Dolğun insanların çox olduğu cəmiyyət idealdır. Yəni, dolğun insan həm savadlıdır, həm milli qürurludur, eyni zamanda onun işinin təhlükəsizliyi, ünsiyyətinin toxunulmazlığı təmin olunur. Belə olduqda ətrafdan baxır ki, onun üçün təhdid mənbəyi yoxdur, bu cəmiyyət onu qoruyur və o zaman güvənli şəkildə inkişaf edəcək, milli olacaq və bu gün bizim üçün adi olan arzuolunmaz halları dəf edəcək, ona qarşı mübarizə aparacaq. Bizim mübarizə aparan vaxtlarımız da, meydanlarda enib-qalxan, yüz minlərlə insanın iştirak etdiyi mitinqlərimiz də olub, amma bu gün böyük bir sistem məqsədli şəkildə cəmiyyətləşmənin təməllərini sarsıtmaqla məşğuldur. Məsələn, cəmiyyətin güzgüsü olan medianı urvatsız hala salmaq; onu ləkələmək, sındırmaq; institutlarımızı iflic etmək və s. Əslində isə dövlət qanunlarımız cəmiyyətləşməyə şərait yaratmalıdır, ofislər ayrılmalıdır, başqa qrant-filan almasınlar deyə təşkilatlara dövlət büdcəsindən topladığı səsin nisbətində vəsait ayrılmalıdır. Təəssüf ki, bunu etmirlər, tək bircə “millət hakimiyyət istəyir” ifadəsini yazaraq, öz yaxın çevrələrindəkilərə vəsait ayırır, qalanlarına da təzyiq göstərərək yaxına buraxmırlar.

Dövlət təhsil və səhiyyə sistemi, yəni insanların təhsilinə və sağlamlığına cavabdeh olan qurumlar avtoritet qazanmalıdırlar. Hakimiyyət hər bir vətəndaşın, o cümlədən imkanları məhdud olan vətəndaşın yanında olmalıdır, yəni bütün mənalarda təcili yardım vətəndaşın yanında olmalıdır. Dövlət sosial sığorta siyasəti həyata keçirir, o bununla insanların sağlamlığının qeydinə qalmalıdır, aztəminatlı ailələrə, xroniki xəstəliyi olan insanlara yardım etməlidir, pensionerləri tam təmənnasız himayə etməlidir, lakin bunların heç biri bizdə yoxdur. Buna görə də, çalışırlar ki, tələb etməyi bacaran ağıllı insanlar formalaşmasın, cəmiyyət məyus olsun, alverə, bazara meyillənsin. Bazarlarda da vergi sistemi ədalətli olmadığına görə, insanlar cinayətə, oğurluğa təşviq olunurlar, daha doğrusu insanlar gömrüklə, vergiylə əlbir olaraq, şüurlu şəkildə cinayətə gedirlər. Tutaq ki, malı gizlədirlər və gözüqıpıq olurlar, beləliklə də gözüqıpıq nəsil formalaşır. Bu siyasi sistem bilərəkdən, azad fikir söyləyən, özünü təmin eləyən insanları gözündə qorxu olan insanlara çevirir, amma belə olmamalıdır, bunun əksinə olaraq, insanların gözündəki qorxu çıxardılmalıdır. İlham Əliyevlə fərqimiz ondadır ki, məsələn, o idmana dəyənək kimi baxır, mən isə dəyər kimi.

Əgər qanunlar işləməsə, insanlar alternativ variantlar axtaracaqlar və mənəvi dünyamız sarsılacaq, dövlətdən küsəcəyik. Oliqarxik cəmiyyətlərdə bu cür olur. Demokratik cəmiyyət orta təbəqəni qurduğu halda, oliqarxik cəmiyyət bu təbəqəni məhv edir, qütbləri dərinləşdirir və ən çox zillət çəkən də azad ticarət qurmaq istəyən təbəqə olur.

 

– Bəy, bir az da Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar, QHT-lərin vəziyyəti və “Borçalı Cəmiyyəti” mövzusunda danışaq.

 

– Dövlət təmənnasız yardımlar etməsə, bu qurumların heç biri inkişaf edə bilməzlər. Siyasi partiyalar demokratiyanın təməlidirlər. Azad seçkilərdə mütləq subyektlərdən biri azad siyasi partiyalardır. QHT-lər seçkidə iştirak edə, namizəd verə bilməzlər, amma siyasi partiyalar hakimiyyət uğrunda mübarizə aparan institutdurlar. Bu mübarizə üçün onlara şərait yaradılmayacaqsa, qüvvələr nisbəti pozulacaq, ədalətsizlik olacaq, nəticədə millətin iradəsi hakimiyyətə daşınmayacaq, legitimlik şübhə altına düşəcək.

YAP bizim hakimiyətdə olduğumuz vaxt yaranıb, onun Xətai rayon özəyinin təsis konfransında iştirak etmişəm və İcra başçısı olaraq bizə müxalif olan partiyaya xeyir-dua verənlərdən biri mən olmuşam. Və yaxud da milli azlıqların mədəniyyət mərkəzləri, onların yerlə təminat məsələlərinə yaşıl işıq yandırmışıq. Çünki biz monarxiya deyil, əksinə mülki, demokratik, azad, hakimiyyətin dinc demokratik qaydada dəyişəcəyi mühitini yaradacaq bir cəmiyyət qurmaq istəyirdik. Demokratik dövlət quruluşu anayasamızda öz təsdiqini tapıbsa, biz hökmən çoxpartiyalı bir sistemlə mübarizə mühiti yaratmalıyıq. Lakin indiki hakimiyyət birtərəfli qaydada özünə rəqib olanları açıq-gizli formada bütün şəbəkələri ilə zərərsizləşdirmə xəttini önə verib ki, bu da milli-mənəvi dəyərlərimizi məhv edir. Mənə elə gəlir ki, buna xəyanətdən başqa heç bir ad vermək olmaz. Əgər bir təşkilata ictimaiyyət dəstək verirsə, onu dövlət qeydiyyatından keçirməməyə heç bir məmurun ixtayarı yoxdur.

Bütün dünyada seçki zamanı bir neçə güclü namizəd arasında hakimiyyət uğrunda qızğın mübarizə gedir. Bizdə isə indiki zamanda demokratik, azad cəmiyyət quruculuğunu, M.Ə.Rəsulzadənin, Ə.Elçibəyin Azərbaycanını qurmaq üçün olan institutların təzyiq altında olduğunu görürəm. Vətəndaşlarının qeydiyyatı, işlə təmin olunması, miqrasiya və digər məsələləri tənzimləməsi dövlətin borcudur. Dövlət medianı birtərəfli qaydada qabardaraq, məsələn, 255 nəfər jurnalistə ev verir. Sağ olsun verir, amma dövlətin büdcəsini bu cür xərcləməyə kim ixtiyar verib? Sən milli azadlıq hərəkatında ömür qoymuş, fikir söyləmiş, demokratik islahatların əsasını qoymuş insanları hara qoydun onda? Həyatını vətən yolunda qurban vermiş şəhidlərimizi hara qoydun onda? Qazilərimiz barədə niyə düşünmədin? Bəs, bunlara niyə ev vermirsən? Həkimlərimizə 200-250 manat maaş verib, adlarını “oğru” qoyursan, bütün bunlar utanc verici şeylər deyilmi? Həkimlik müqəddəs, ruhani peşədir, onlar ağ xalatı elə-belə geyinmirlər, bütün rənglər məcmusunun spektri ağdır. Dövlətin həkimi dimdik gəzməlidir, xəstəsini həvəslə, yorulmadan müalicə etməlidir. Nədir bütün bunlar? Bu, məqsədli olaraq cəmiyyətin ruhən öldürülməsi siyasətidir.

Media və QHT-lərimizin əhəmiyyətli bir hissəsi qrand üçün gedib sadəcə hesabatlar verərlər, bir az da müxtəlif oyunlardan istifadə edirlər, vəssalam. Amma ictimai birliklər azad cəmiyyət institutlarına çevrilməlidir. Hətta dövlət quruculuğunda QHT-lərin imkanlarından qocalığa görə təqaüdçülər də yararlanmalıdırlar, dövlət normal şəkildə onları himayə etsə, onlar 65 yaşından sonra da həvəslə yazıb-yaradar, layihələr həyata keçirər, qrant ala bilərlər. Yəni bütün təbəqələr dövlət quruculuğunda iştirak etməlidirlər.

Fikir verin, məmurun qəbuluna girmək çətin olduğuna görə, dövlət asan xidmət yaradıb. Bu, anormal bir şeydir. İcra başçıları, Bələdiyyə rəisləri, MİS müdirlərinin qapısı vətəndaşın üzünə açıq olmalıdır ki, o, istədiyi vaxt gedib dərdini deyə bilsin və gülər üzlə geriyə dönsün. Belə olacağı halda binaları zəbt edən, əlavə vəsaitlər xərclənən asan xidmətə nə ehtiyac var ki? Kriminallaşmış bir hakimiyətimiz var, nazirlər öz vəzifəsinə komersiya obyekti kimi baxırlar, MİS müdiri özünü kəndxuda kimi aparır, hər addımda da rüşvət var. Ona görə də, QHT-ləri, mülki cəmiyyət elementlərini, dördüncü hakimiyyəti oğru, siyasi partiyaları isə siyasi rəqabətdə qaydasız döyüşdən də qaydasız olan bir davranışla iflic vəziyyətinə salıblar.

Düzdür, idarə olunanlar da, ələbaxanlar da var, amma azad olaraq hərəkatdan gələn bir zümrə də var ki, Azərbaycanı onlara etibar eləmək olar.

Mən bir QHT sədriyəm. Mövqe qoyduq ki, Borçalı elə-belə deyil, Azərbaycanın bir rayonu deyil, işğalda da deyil, Borçalı Azərbaycanla Gürcüstanı birləşdirən, Azərbaycanla Türk dünyasını birləşdirən və yaxud da Gürcüstanı Türk dünyası ilə birləşdirən bir bölgədir. Buna həvəskar deyil, spesifik yanaşma tələb olunur. Həm Gürcüstanda yaşayan azərbaycanlılar, həm də Azərbaycanda yaşayan gürcülər iki xalq arasında körpü missiyasını yerinə yetirirlər. Vaxtilə bu iki cəmiyyətin birləşməsi ilə bağlı ideyam da var idi, bu körpülər bir yerdə harmoniya təşkil etməli idilər. Məsələn, Gürcüstanda yaşayan azərbaycanlılarla, Azərbaycanda yaşayan gürcülərin bir yerdə konsert proqramını hazırlamaq, gecələr təşkil etmək istəyirdik. Dövlət bu cür rasional yanaşmaları təqib edir və yaxud da ondan ehtiyat edir. Hər kəs bizi sevməyə məhkum deyil, bizim dediklərimiz ümumun şüarı da deyil, ona görə də bizə olan rəqiblər, təsir və təqiblər həm də təbiidir.

Elat bayramı quru siyasi texnologiya deyil, bu birliyə, bərabərliyə xidmət edən bir bayramdır. Bu gün mən tənqidi çıxışlar da edirəm, həqiqəti söyləyirəm və bu fikirlərimlə istənilən vaxt polemika aparmağa da hazıram. Lakin “Zəlimxan Məmmədli siyasətə qarışıb” kimi ifadələri işlətməklə riyakarlıq edib əhalini şəxsimə qarşı yönəltməklə zərərsizləşdirməyə cəhd işi mənə uyğun deyil. “Borçalı Cəmiyyəti” burada firqənin – hakimiyətin və müxalifətin heç bir əlavəsi olmadan üst qata çıxdı. Təməl prinsipimiz bundan ibarət idi: Azərbaycanda və Gürcüstanda həm hakimiyətdən, həm də müxalifətdən bərabər məsafə saxlayaraq yalnız elin işinə getmək; Gürcüstanın və Azərbaycanın milli maraqlarının uzlaşan məqamlarını tapmaq, bir tarazlıq nöqtəsi yaratmaq; yaxınlaşma nöqtələrinə ictimai dəstək platformu sərgiləmək. Lakin məmurlarımız yekəxanalıq etdilər və hələ də sinirə bilmirlər ki, biz niyə bunu özbaşına edirik və Elata onminlərlə adam yığılır.

 

“Gürcüstan Avropaya gedirsə, Borçalı türkləri də icmalaşmanın təməlini qoymalıdırlar”

 

– Nədən narahatdılar ki, bəy?

 

– Azərbaycanda siyasi institutları sıradan çıxarmanın kökündə həm də ictimai müqavimət əmsalını aşağı salmaq, təsirsiz etmək dayanır. İnsanların bir arada daha çox azad şəkildə toparlanıb fikir ifadə etməsi yasaqdır. Bu, avtoritar rejimlərə, oliqarxik cəmiyyətlərə xas olan xüsusiyyətdir. Görürlər ki, 30 minə yaxın adam Elatda Azərbaycanın milli maraqlarını təmin edir, onlar da düşünürlər ki, bunlar kimdi görəsən, bu nə qüvvədir belə? Azərbaycan hakimiyyətinin qorxusu budur. Gürcüstan hakimiyyətinin qorxusu isə böyüyüb problem yaradacağımızı səhvən düşünmələridir. Gürcüstanın etnik azlıqlardan qorxmağa kifayət qədər əsasları var. Abxaziya, Osetiya, Cavaxetiya problemləri bu fikrimizə haq verir. Amma hər zaman olduğu kimi niyyətimizin saflığını onların diqqətinə dönə-dönə çatdıracağıq və bildirəcəyik ki, bizim niyyətimizdə o biri niyyətləri əngəlləmək, onların qarşısına çıxmaq var. Müəyyən mənada siyasi mahiyyət daşıyan, Gürcüstanı təhdid edən etnik azlıqların olduğu bir halda, bizi də təhlil etmələri, uyğun olmayan yazılar dərc etdirmələri də başa düşüləndir. Amma görünür bizim Azərbaycan cəmiyyətindən sərgilədiyimiz platforma onların vərdiş etmədiyi yeni yanaşmadır və bu yeni yanaşmanı da qəbul etməkdə zorlanan beyinlər var. Ona görə də, məndə axtardıqları keçmişimdir, görürlər ki, M.Ə.Rəsulzadədən, Ə.Elçibəydən çox danışıram, bütöv Azərbaycan idealımdır və s. Maraqlıdır ki, bunun Borçalıya nə dəxli var? Məsələn, yazırlar ki, “Borçalı”nın Türk qurultayında nə işi var idi? Əgər Gürcüstanda 200-300 min soydaşım yaşayırsa, bu dövlət mənə milli dövlətim qədər əzizdir, ona görə də, bu dövləti dost ölkələrin hamısında tanıtmağa çalışacam. Gürcüstanın bayrağını da hər yerdə başım üzərinə qaldırmağım, ona sayğıyla yanaşmağım bununla bağlıdır.

Milli dəyərləri bəşəri dəyərlərlə uzlaşdırmaq təfəkkürü səndə varsa, meydana çıxa bilərsən, amma sən eqoist bir çərçivə cızdınsa iflas qaçılmaz olacaq. Bu cür zehniyyət nə sənin millətinə, nə də dövlətinə fayda verməz. Biz nə qədər millətimizə bağlıyıqsa, bir o qədər də bəşəri dəyərlərə bağlıyıq. Gürcüstan qonşu dövlətdir,  dinlərimiz fərqlidir, bizə haram buyrulan şeylər onlara halaldır, amma bununla bərabər Allahımız birdir.

Hərdən deyirəm ki, Allahın bir olduğu halda bu qədər dinləri yaratmağa nə ehtiyac vardı ki?! Bir Allah olduğu kimi, bir də din olardı. Nə etnik, nə də dini ayrı-seçkilik olmazdı. İnsan təfəkkürünün o qədər xətaları var ki! Bu qədər din, bu qədər təriqət yaratmaq olar?! Sən istər məişətdə, istər qidalanmada, istərsə də digər sahələrdə nəyi üstün bilirsənsə ondan istifadə elə, mən də nəyi üstün bilirəm ondan istifadə edəcəm, bunun heç kəsə dəxli yoxdu, amma sevmək hamımızın işimizdir, dəyərlərə hörmət etmək hər kəsin borcudur.

Bax, bizim gördüyümüz yüksək mahiyyət daşıyan bu işlər adi QHT-nin görə bilmədiyi  işlərdir. Bu, strateji bir düşüncədir. Biz sadə bir QHT kimi, bu layihəni həyata keçirdim, o tədbiri elədim, bu kitabı apardım kimi işlər görmürük. Belə olsaydı, yolların tozunda itib-batardıq. Azərbaycanda soydaş haqqında qanun qəbul eləyin, deyib, bir layihə də təqdim etmişik. Baxıb deyirlər ki, yəqin burda nəsə var. Çirkin bir şey axtarırlar. 50 milyonluq bir xalqın prezidentiyəm, deyən adam, gərək 50 milyonluq xalqa yiyə dursun. Elata otuz min-əlli min insanın yığılması səni düşündürürsə, maraqlan, gör nədir, bu gücdən ortada tarazlıq üçün istifadə elə. Gürcüstan Avropaya gedirsə, Borçalı türkləri də icmalaşmanın təməlini qoymalıdırlar, bu elə həmin yoldur. Deyirsən ki, Türkiyə ilə Almaniyanın arası yoxdur, bunun məsələyə nə dəxli var? Sabah siyasət dəyişə də bilər, amma bugün bu bölgənin tarazlığı üçün Azərbaycan, Gürcüstan və Türkiyə dövlətlərinin vəhdəti önəmlidir. Avropanın taleyi bu üç dövlətin ərazilərindən keçən iri kommunikasiya xətlərindən bu və ya digər formada asılıdır. Tutalım, bütün dünya dövlətləri deyirlər ki, bu xətləri qapayaq, amma həmin xətlərin üstünün tozunu silib təmizləyən “Borçalı Cəmiyyəti” dir. Sən onu niyə “daşqalaq” eləyirsən ki? Amma biz həm də bu cür şeylərə vərdiş eləyəcəyik, çünki bu cür danışanlar da, düşünənlər də var, müxtəlif cərəyanlar da, sosial şəbəkələrdə saxta profillər də, təhqir eləyənlər də var və s. Çünki ətrafımızda bizə qarşı müxtəlif münasibətdə olan ölkələr var, Qafqaz uğrunda soyuq savaş gedir. Biz də bunları bildiyimizdən ortaya Allahın buyurduğu bir şey qoymuşuq.

 

– Bəy, yəqin ki, bu barədə danışacaqsınız, amma etiraf edirsinizmi ki, Gürcüstan tərəfdən “Borçalı Cəmiyyəti”nə olan təhdidlər İvanişvili hakimiyyəti ilə başladı.

 

– Doğrudur. Burada siyasi məsələ mütləqdir. M.Saakaşvili milli-demokrat, fikir və islahat modeli olaraq bataqlıqdakı Gürcüstandan demokratik Gürcüstana keçidin əsasını qoya bildi. O, milli azlıqlara hüquq verilməsini əsas hesab edirdi. Eyni zamanda deyirdi ki, bu ölkənin vətəndaşısan, lakin öz milli və dini mənsubiyyətin var, dilin, mədəniyyətin, bayramların var, sənə azadlıq verirəm.  O, eləcə də, universitetlərin qapısını soydaşımın, milli azlıqların üzünə açmışdı. Universitetə daxil olan tələbəni bir il hazırlaşdırır, ona gürcü dilini öyrədirdilər. Bir sözlə, M.Saakaşvili Avropaya açıq şəkildə inteqrasiyanın təməlini qoydu. Onun qoyduğu platforma antidemokratik zehniyyətin xoşuna gəlmədiyinə görə, Rusiya alternativ olaraq İvanişvilini hazırladı.

 

– Bəy, təbii ki, mövzunu davam etdirəcəksiniz, amma yeri gəlmişkən, sizcə 2008-ci ildə baş verən müharibəni Saakaşvilinin səhvi adlandırmaq olarmı?

 

– Qətiyyən yox. Çünki o ərazilər Gürcüstana aiddir, onun təklükəsizliyini təhdid edən amilləri də zərərsizləşdirməyə haqqı var. Saakaşvili həmin hüquqdan istifadə elədi. Amma düşmən önə çıxdı, Rusiya təcavüz etdi. Onda Rusiyanın aqressiv bir dövlət, qonşu dövlətlər üçün, demokratiya üçün təhdid mənbəyi olduğu üzə çıxdı. Saakaşvili təəssübkeş olaraq öz milli maraqlarından və vəzifə borcundan istifadə edərək, ərazisinə təcavüz edənlərə qarşı qoşun çıxartdı, əks tərəf isə öz simasını göstərdi. Rusiya NATO və Avropa Birliyinin Rusiyayla bir sərhədə gəlməsini sinirə bilmir.

 

– Elə bil ki, çağdaş gürcü siyasi hakimiyyətinin içində etnik azlıqlardan bir qorxu da var, sizcə bunu “Borçalı Cəmiyyəti”nə olan təhdidləri şərtləndirən səbəb kimi göstərmək olarmı?

 

– Bəy, deyim ki, Saakaşvili azadlıq verdi, amma Elatla bağlı manelər də var idi, bu maneələri biz dəf elədik, sonra onlara məlum oldu ki, bu dostluq, qardaşlıq, bərabərlik bayramıdır. Elatda rəsmilər iştirak ediblər, təbrik ediblər. Lakin İvanişvili hakimiyyəti gəldikdən sonra hər şey dəyişdi. Çünki SSRİ dönəmində Rusiya qafasında milli azlıqların xüsusilə Qafqazda azərbaycanlı və gürcülərin bir yerdə yaşaması, bir-birinə qardaş, dost deməsi arzuolunan deyildi. Gürcüstan milli təhlükəsizlik konsepsiyasında soydaşlarımızın icmalaşması, təşkilatlanması yasaqdır. Saakaşvili bu buxovu qırmağa cəhd etdi. İvanişvili Saakaşvili dönəmində təhlükəsizlik və hüquq mühafizə orqanlarından xaric edilmiş kadrları yenidən görəvləndirməklə “parçala hökm et” formulunu bərqərar etdi. Onlar daim konflikt mühitinin yaranmasında maraqlıdırlar. İran siyasi hakimiyyəti də eyni düşüncədədir. Bir sözlə, milli azlıqları özlərinin bombaları, minaları hesab edirlər. O cümlədən Borçalı türklərinə də alət kimi baxırlar, bu baxımdan Elatın keçirdilməsi, təqdim etdiyimiz dostluq və qardaşlıq platformu faktiki olaraq Rusiyanın siyasi maraqlarına ziddir.

İvanişvilinin Rusiya siyasi sistemi ilə bağlılığı sirr deyil. Ona görə də, Gürcüstanın indiki siyasi hakimiyyətinin bizim üzərimizə gəlməsi götürdüyü siyasi öhdəliklə bağlıdır. İvanişvili hakimiyyətə gəldiyi vaxtdan soydaşlarımızın içindən 5-ci kolon kimi istifadə eləmək məqsədilə simasız adamlar tapıb bizi durdurmaq üçün altdan hüquqi baza yaratdılar. Şübhə etmirəm ki, İmedi televiziyasında, eləcə də digər gürcü saytlarında bizim əleyhimizə yazılan yazılarda həmin soydaşlarımızın əli var idi. Bizi, bizim imicimizi təhdid mənbəyi kimi təqdim etmək istəyirdilər, niyyətlərində bizi öz əlimizlə vurub, sürətli inteqrasiyanı əngəlləmək dururdu. Həm də bu, BMT-nin Gürcüstanda dərc olunan bir sorğusunda da öz əksini tapdı.

 

– Bayaq bir şey vurğuladınız ki, gürcülər millət olaraq sayca az olduqlarına görə özünüqoruma instinktləri güclüdür, buna görə hamısı öz milli varlıqlarını, dövlətlərini qorumağı qarşılarına məqsəd qoyublar. Buradan da İvanişvili ilə gələn siyasi düşüncə tərzi Gürcüstanın demokratik inkişafının qabağını kəsir. Yəni, Rusiyanın “parçala, hökm et” düşüncəsi Gürcüstana gürcünün özü ilə gəlir. Sizcə burada gürcü xalqının özünüqoruma instinktinə üstün gələn hansı hissləridir?

 

– Bu siyasi yox, iqtisadi təfəkkürdür, diversion təfəkkürdür. Onlar partiya qurub gəldilər, amma Saakaşvili meydandan gələn, hərəkatdan gələn, Avropa təfəkkürünü yaxşı bilən siyasətçi idi. İvanişvili ilə gələn isə kapitaldı, Gürcüstana milyardları buraxdı, bu da iqtisadi cəhətdən zəif olan təbəqəyə təsirini göstərdi. Onun da ətrafında olan cəbhə daha çox Şevardnadze dövrünün cinayətkar qalıqları idi. Və onlar da bundan məharətlə istifadə elədilər, 5-ci kolonu da işə başlatdılar, dəstələr qurdular və kifayət qədər professional işlədilər. İndi gəlib konflikt mühitini artırmaq istəyirlər. Bu gün Gürcüstanda bu prosesin arxasında duran Gürcüstanın tərəqqisini, azadlığını və bizim qarşılıqlı inteqrasiyamızı istəməyən, həm  Azərbaycanda, həm də Gürcüstanda formalaşmış mərkəzlərdir. Bu gün soydaşlarımızın içindən bizə qarşı kompaniyalar təşkil eləmək, Elat bayramının üzərinə demonstrativ formada gəlmək konflikt mühitini bərpa eləmək üçündür. Bunlar düşünürlər ki, hakimiyyətdə qalmaq üçün hər ləyaqətsizliyə getmək olar.

 

– Bəy, Rusiya öz siyasi marağını Qafqazda saxlamaq üçün bütün iyrəncliklərə getdi. Bəs, fars rejimi Borçalıdan nə istəyir?

 

– Bu bölgəyə giriş üçün İranın ən böyük silahı məzhəbdir. İran hesab eləyir ki, burada özünün siyasi dayaqlarını yaratmaq üçün din ən yaxşı vasitədir və siyasi şiəliyi təbliğ edir. Onun marağı müqəddəs islam dinini çirkləndirib meydana salmaq, onları himayə eləmək, məzhəb baxımından iki zümrəyə bölmək, xomeyniçilər, ağalar yetişdirməkdir. Ona görə də, İranın marağı Qafqazda var olmaq üçün məzhəb bölücülüyünü milli kimliyin üzərinə çıxarmaqdadır, buna da müəyyən mənada nail olduğunu demək mümkündür. Bu hal gürcülərin də bir zümrəsinin maraqlarına uyğun gələ bilər. Amma burada türk ruhunun güclü olması öz sözünü deyir. Saakaşvili etiraf eləmişdi ki, – bizim dostumuz Türk dünyasıdır, bizi Çernyaevski sazişinə yönəltdilər, amma babalarımız səhv eləmişdilər. – Təbii ki, o, doğrusunu deyirdi. Burada sadəcə türk nüfuzunun artması, türk avtoritetinin artması, Elat bayramında türklük şüarlarının səslənməsi elə bil ki, bizdən Türkiyəyə, türk-islam dünyasına uzanan əldir. Burada Axısqa türklərinin geri dönməsi, eyni zamanda, ermənilərin və kürdlərin öz maraqları var. Burada biz həmin maraqlarla toqquşuruq. Gercək budur. Bu məsələdə şəxsi maraqlarımız olmayıb, apardığımız xəttdə, Gürcüstanı gücləndirən bir platformada onu qanmayanlar və qanmaq istəməyənlər kifayət qədər çoxdur.

 

– Zəlimxan bəy, “Dəmir daban” romanının qəhrəmanı Ernest Everqard buyurur ki, bir ölkə əhalisinin təfəkkür səviyyəsinə bələd olmaq üçün, həmin ölkənin mətbuat, təhsil və dini inanc sisteminin səviyyəsinə baxmaq kifayətdir. Siz media və təhsil sistemi barədə müəyyən qədər bəhs etdiniz, indi isə ölkəmizdə inanc sisteminin səviyyəsi barədə fikirləriniz maraqlı olardı.

 

– Geniş bir mövzudur. Kaş ki, tək din, tək Allah inancı bəşəriyyətə hakim olaydı. Təəssüf ki, belə deyil, əksinə məzhəb və təriqət bölücülüyü hakimdir. İslam dini neçə tayfanı, milləti, xalqı birləşdirdiyi üçün xalq mənşəyi, milli mənşə dini mənşə ilə üst-üstə düşmür. Din tamamilə ayrıdır, etnos ayrı. Etnosun dinə təsiri o dərəcədə deyil, nəinki dinin etnosa təsiri. Borçalı türkləri etnik baxımdan, həmçinin ərazi və coğrafi baxımdan həmişə orta bir mövqedə olublar. Yəni Qafqazda Azərbaycanı, Qafqaz türklərini, Türkiyə türklərini birləşdirən mərkəz olublar. Bu cəhət mühümdür. Bu ilk növbədə özünü nəinki inancda, eyni zamanda folklorumuzda da göstərib. İkincisi, islam ideologiyasi altında inkişaf edən mədəniyyət birliyində özünü göstərib. İnanc və iman məsələsi haqda təsəvvürləri  birbaşa mədəniyyətimizlə bağlamalıyıq. Çünki artıq din mədəniyyətin tərkib hissəsinə çevrilib.

Məhəmməd peyğəmbərin bir amalı vardı – Allahın birliyinə hər kəs inansın və bu birlik əsasında vəhdət yaransın. Bu prinsip zamanla sunni və şiəyə parçalandı. İslam yaranan zaman az qala dünyanın yarısını əhatə edirdi. Bunu sarsıtmaq üçün təriqətlər yaradıldı. 72 təriqət var islamda. Bu təriqətlər arasından Borçalı türklərində sufilik daha qüvvətli olub. İslamın təzahür etdiyi ölkələrdə sufiliyin iki qanadı olub – biri bayağı praktiki qanad, digəri öznü dərk, Allahı dərk etmək qanadı. İkinci yoxdur. Çıxış nöqtəsi bir Allaha inam, bir təfəkkür tərzi, bir həyat tərzidir. Yəni sufiliyin özünü dərk etmək qanadı, mərifət elmi nə Borçalı türklərində, nə də Türkiyə türklərində öz təsdiqini tapa bilmədi. Əsas vəhdət anlamıdır, burada da söhbət özünü dərk etməkdən gedir.

Borçalı türkləri din içərisində din bəsləyirlər. Din içərisində din bəsləmək məsələsində, öz dininə sadiq olmaq, öz dininə hörmət eləmək, həm də başqasına ehtiramlı olmaq əsasdır, bunun özü Allaha inamdır. Qarşılıqlı etiqad, hörmət olmalıdır. Hər kəs özünün kökünə, soyuna, dininə, ənənəsinə hörmət edir və bu hörməti biz də etməliyik. Ənənə, adət hər şeyi həll eləyir. Adət həmin etnosun varlığıdır. Azərbaycanda da, Gürcüstanda da, Türkiyədə də vəziyyət elədir ki, başqa millətlərin dilinə, dininə, adətinə hörmət etmək mütləqdir. Bizim adətlərimiz elə inanclarımızdır. Borçalı türkləri bu məsələdə örnək hesab oluna bilər. Bu adəti mütləq olaraq saxlamalıyıq.

Azərbaycan müsəlman dövlətidir. Təəssüf ki, siyasi sistem elə qurulub ki, sosial ədalət pozulub, qanunlar yetərli işləmir, rəsmi səviyyədə korrupsiya, rüşvət ayaq tutub yeriyir, din siyasi hakimiyyətin köləsinə çevrilib. Belə olan halda mənəvi dünya sarsılır ki, bu da toplumun hər şeyə, həm də dinə biganələşməsinə gətirib çıxarır. Siyasət və inanc sistemi mənəvi dünyanı zənginləşdirə bilmirsə, bu mənzərə yad düşüncələrin, əksər hallarda da inanc sistemimizi və milli maraqlarımızı təhdid edən zehniyyətin, qrupların bu böşluğa daxil olmasına münbit şərait yaradır. Dini lider daha çox biznesmen kimi tanınır. Onun oturduğu idarə islam qaydalarına zidd ritualları aşırı ödənişli ehsanlar vermə məkanına çevirib.

Bizi birləşdirsə, saflaşdırsa “mən”imizdən yüksəkdə duran etiqada inamimiz birləşdirə bilər. Başqa cür birləşə bilmərik. Dünyanın faciəsi də ondadır ki, yalanları bir-birinin belinə yığılıb. Dini liderimiz də yalanı rahat danışa bilir. Yalanlar olan yerdə inanc olmaz. Yalanlar silsiləsi insanları birləşdirməz, yalanlar silsiləsinin faciəsini bu gün cəmiyyət də çəkir, insanlar da. Yalanlar məntiqlə təsdiq olunur, amma burada ürək iştirak eləmir. Ürəyin öz qanunu var, həmişə yalana etiraz edir. Ağılla ürək arasındakı məsafə çox uzaqlaşıb. Odur ki, ölkəmizdə inanc sistemimizin mükəmməlləyindən danışa bilmərik. Ona görə də, elə etmək lazımdır ki, məntiqimizlə, etiqadın əsaslandırılması ilə ürəyimiz bir-birini tutsun. Burada inanc tamamlanacaqdır. Bu vəziyyət şübhəsiz ki, qonşu Gürcüstanda məskunlaşmış müsəlmanlara da təsirsiz ötüşmür. Biz zamanında Şeyx Hacı Allahşükür Paşazadə cənablarının diqqətini bu problemə yönəltməyə, Borçalıda inanc məsələsində ciddi problemlərin olduğuna, bəzi dövlətlərin soydaşlarımızın parçalanması istiqamətində əməli fəaliyyət göstərdiklərinə, bunun milli maraqlarımızı təhdid etdiyinə yönəltməyə çalışdıq, dini siyasətin təkmilləşdirilməsi istiqamətində təkliflərimizi verdik. Təəssüf ki, təkliflərimiz və həyacan təbilimiz qulaqardına vuruldu. Biz proqnozlaşdırdığımız kimi də oldu. Şeyxin Gürcüstandakı dayaqlarını sarsıtdılar, İran din adı ilə Borçalıda siyasi şiəliyi beyinlərə yeridərək bölücülüyünü davam etdirməkdədir. Bu durdurulmalı, Azərbaycanda xarici siyasət fundamental şəkildə yenidən qurulmalıdır. Yaranmış boşluq zaman-zaman radikal dini cərəyanların kükrəməsinə gətirir ki, bu da dövlətçiliyimizin təhdidi deməkdir.

Sadalanan reallıqlar bu sahədə çox işlərin görülməli olduğunu diqtə edir. Təəssüf ki, yaranmış boşluqlar yad təfəkkürlərin həm ölkəmizə, həm də Borçalıda soydaşlarımızın məskunlaşdığı ərazilərə daxil olmalarına, vəhdəti pozmaq istiqamətində fəaliyyətləri üçün münbit şərait yaratmış olur.

 

– Bəy, Borçalıda yaşayan soydaşlarımızın bu günkü təfəkkür, yaxud da sosial baxımdan durumu barədə mövqeyinizi bilmək istərdim.

 

– Soydaşlarımız aborigendirlər, özlərinə məxsus quruluşu, ənənəsi, mədəniyyəti, şivəsi var. Dialektində türk ruhu zəngindir. Azərbaycan ədəbi dilimizi türk ruhu ilə zənginləşdirən bir məktəbdir. Azərbaycan dünyasının ayrılmaz bir hissəsidir. Həm də soydaşlarımız basqı içərisində yaşasalar da, tarazlıq nöqtəsi olaraq milli dəyərləri, üzərlərinə düşən missiyanı şərəflə yerinə yetirmiş bir toplumdur. Bu tarazlıq nöqtəsi, bu toplum Moskvanın Gürcüstana xərclədiyi milyonları zibilə döndərən qüdrətli bir varlıqdır. Bunu unutmamalıdırlar. Ən ağır dönəmdə, adam oğurluğunun adi bir şey olduğu vaxtlarda belə yad düşüncələrə xidmət edənlərə layiqli cavab verməyi bacarıblar. Süni problemlərdən başqa yaranan əngəllər ictimai-siyasi proseslərin yaratdığıdır. İstəyimiz isə toponimlərlə bağlı ədalətin bərpa olunması, torpaq islahatlarında kəndçinin başına açılan problemlərin ləğv edilməsi, dilimizin müqəddəsliyinin qorunması, vətəndaş hüquqlarının təminidir.

 

“Təcavüz olarsa yaş həddinə baxmadan döyüşməliyik”

 

– Zəlimxan bəy 60 illik ömründə nəyi eləməyib, yəni daha nələr eləmək arzusundasınız?

 

– Hər zaman təmtəraqdan qaçmağa çalışmışam, bir doğum, bir də ölüm ruhani ritualdır. Çünki hər ikisini el yerinə yetirir, doğulanda da el qarşılayır, öləndə də el yola salır. Bu ikisi əsl “ad günləri”dir. Qalan ad günləri isə sadəcə məşğuliyyətdir. Hər il ad günü qeyd edənləri yazıq hesab edirəm, bunlar nəyə lazımdır, özünü niyə qocaldırsan, qardaşım? Hesab edirəm ki, insan yaxşılıq etmək üçün, əl tutmaq, əyrini düzəltmək üçün doğulubdur. İnsan səxavətli olmalıdır, əfv etməyi bacarmalıdır, qəddar olmamalıdır. 60 yaş mənim üçün sıxıcı da deyil, ağır da deyil.

 

– Maşallah, hələ cavansınız.

 

– (Gülür) Elə 40 yaşımda da bu duyğularla yaşamışam. Amma məsuliyyət yüküm ağırdır. Ağrılı yerimiz bir qədər çoxdur, diqqətlərimiz, gözləntilərimiz, maneələrimiz, basqılarımız var, bir də ortada ömrümüz var. Bunu da Yaradan özü bilir, ömrümüz harada bitəcək, canımızı necə alacaq, bu, Onun öz işidir. Qalan ömrümüzü könül dostlarımızla bir yerdə yaşamağa, yüksək ruhla sona qədər getməyə, Azərbaycanla, Gürcüstanla, Türk Dünyası ilə, Borçalı ilə bağlı ideallarımızı həyata keçirməyə, onun təntənəsini yaşamağa həsr edəcəyik. Bundan başqa, necə ki, Gürcüstan məni akademik elədi, elə də Sınıq körpüdə təntənə ilə qarşılayacağı günü gözləyirəm. Bu ədalətdir və onun himayədarı yalnız Allahdır.

Düşüncəmə görə, qocalıq ruhun yorğunluğu deməkdir. İnsan 90 yaşda da ola bilər, amma ruhu yorulmaz, təki arzularımız çin olsun. Kövrək bir dövrdə yaşayırıq, hər şey ola bilər, dinc yaşamağın tərəfdarıyıq, amma təcavüz olarsa yaş həddinə baxmadan döyüşməliyik.

 

– Həyatınızda ailənizin rolu və öladlarınız barədə bir neçə kəlmə.

 

– “Borçalı Cəmiyyəti”ndə mənim adımın hallanması elimizin, bizimlə bir yerdə olan, əl uzadan, könül verən insanların adının hallanmasıdır. Təbii ki, burada ailənin də rolu var. Allahıma çox şükürlər edirəm ki, ailəmizdə həyat yoldaşımdan ötrü ata-anamın dili ağzına sığmadı, hər zaman onu öydülər. Ailədə söz-söhbət də olar, amma ailə xoşbəxtliyinin təməli ata-ananın könlünün ən yüksək səviyyədə oxşanmasındadır. Çevrəmiz və yaxın qohum-əqrəbada bizə gəlməyən adam olmayıb, o gələnlər pozitiv enerji ilə qayıdacaqsa o da mənim xoşbəxtliyimdir. Bu gün əgər Zəlimxan Məmmədli inqilabçıdırsa, demək yanındakı xanım da inqilabçıdır (Burada istər-istəməz Ernest Everqardın həyat yoldaşı Evis Everqardı xatırlayıram – E.C.). O da ictimai işlərdə mənim qədər fədakar olub, yazılarımın redaktoru məhz o olub, hafizəsi və məntiqinə də əsla söz ola bilməz. İndi onunla bir yerdə “Borçalı Cəmiyyəti” dastanı kitabını hazırlayırıq. Bu kitab 2009-cu ildən bəri “Borçalı Cəmiyyəti”nin gördüyü işlərə həsr olunub. O kitabı heç kimin əməyini azaltmadan, amma ailəmin əməyini də çox yüksək qiymətləndirərək tərtib edirəm. Övladlarım da bütün işlərimdə, o cümlədən yazıların yığılmasında yardımçım olublar, həm də mənəvi dəstək veriblər.

Ümumiyyətlə, ailə qurmada milli ənənələrimizi qırmaq istəyən bir mexanizm var, bütün hallarda bunun əleyhinə olmuşam. Yüksək səviyyəli geyimə yüksək mənəvi varlığı, eləcə də yüngül maddiyyata ömrü qurban vermək olmaz. Yoxsa, bir də görərsən ki, bər-bəzəyin içindən üfunət iyi gəlir, çünki təfəkkürsüzlük onu müqəvvalaşdırıbdır.

Son olaraq deyim ki, “Borçalı Cəmiyyəti”ndə uzun zamandır fəaliyyət göstəririk, adımıza yüz dənə şey çıxardarlar, amma yenə də heç nədən qorxmaram, ehtiram göstərərəm, yaşının fərqini nəzərə alaram, həqiqətin gözünə dik baxaram. Amma yalan-palanla üstümüzə gələnlər bilməlidirlər ki, rəqabəti də gözəl şəkildə aparmaq lazımdır, mən onlara rəqib deyiləm, rəqib olmağı da xoşlamıram, mən toparlanıb idealların gerçəkləşməsi niyyətini daşıyan fədakarları sevirəm. Bir də ki, zaman və tarix öz sözünü mütləq deyəcək. Biz də yolumuza davam edərək, Allahın verdiyi ömrü elimizin yanında olacağıq. Rəhbərlik etdiyim cəmiyyətə alternativ kimi yaradılmış qarşı tərəfdə isə iki-üç nəfər istisna olmaqla qalanlarına yenə də barış əlimizi uzada bilərik. Qapımız hər kəsə açıqdır.

Qaldı ki, ən böyük “fəxri xiyaban”ımız kəndimizin qəbristanlığı, ata-anamın yanı olacaq, dünyaları versələr də başqa yerdə dəfn olunmağı, başqa yerə köçməyi vəsiyyət eləmərəm.

 

– Zəlimxan bəy, ətraflı, bir qədər də duyğusal fikirlərinizə, əhatəli mövqenizə görə təşəkkür edirəm! Sizi yubileyiniz münasibətilə bir daha ürəkdən təbrik edirəm! Bütün işlərinizdə qələbə arzulayıram!

 

– Siz sağ olun, bəy, millətimiz, dövlətimiz, elimiz var olsun! Hər zaman haqq, ədalət qələbə çalsın!

ELBƏYİ CƏLALOĞLU

Pirşağı, 04.08.2017

 

z2 z3 z4

Şərh yeri

şərh

Share Button

Comments are closed.