yeni xəbərlər

Sabir Rüstəmxanlı: “Əkrəm Rəhimli həm Güney, həm də Quzey Azərbaycan üçün fasiləsiz çalışan böyük fikir adamıdır”

Sentyabr 20th, 2017 | by DAK.AZ
Sabir Rüstəmxanlı: “Əkrəm Rəhimli həm Güney, həm də Quzey Azərbaycan üçün fasiləsiz çalışan böyük fikir adamıdır”
DAK
0

Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşkilatçılığı ilə 19 sentyabr 2017-ci il tarixində Beynəlxalq Mətbuat Mərkəzində AMEA Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Güney Azərbaycan elmi araşdırmalar şöbəsinin böyük aparıcı elmi işçisi, tədqiqatçı-alim Əkrəm Rəhimlinin (Bije) 85 illik yubileyi münasibətilə tədbir keçirildi.

Bundan sonra Əkrəm Rəhimlinin 85 illik ömür yoluna həsr olunmuş qısa film nümayiş etdirilib.

Tədbiri DAK həmsədri Sabir Rüstəmxanlı açaraq alimin xidmətləri, xüsusən də Güney Azərbaycanla bağlı araşdırmaları barədə ətraflı məlumat verdi:  “Azərbaycanın böyük fikir, söz adamlarından, vətənin bütövlüyü uğrunda müdacilə aparan  fəllarından, bir çox sahədə xidməti olan böyük şəxsiyyətlərdən biri də Əkrəm Rəhimlidir.  Bu cür  fasiləsiz, gecə-gündüz çalışmaqla 85 il yaşamaq hər kişinin işi deyil. Davamlı olaraq Güneylə bağlı araşdırmalar aparan Əkrəm müəllim Quzeyin inkişafı üçün də fəaliyyət göstərib. Bu cür faydalı və məhsuldar ömür yaşamaq igidlikdir. Biz DAK olaraq, belə qərara gəldik ki, onun 85 illik yubileyini qeyd edək. Çünki Ə.Rəhimli bizim vacib tədbirlərimizdə həmişə iştirak edib, təşkilatın öndərlərindən, qabaqcıllarından biridir. Güneylə bağlı elə bir hadisə olmur ki, Əkrəm müəllim reaksiya verməsin. Bu baxımdan o akademik işlə məşğul olsa da yolumuz birdir. Fikir məclislərində bir yerdə oluruq. Belə bir alimin yubileyini qeyd etmək önəmli tədbirlərdən biridir”.

S.Rüstəmxanlı çıxışına yubilyara həsr olunmuş sənədli filmlə ara verdi. Ə.Rəhimlidən bəhs edən vidoematerial izlənəndən sonra DAK həmsədri sözünə  davam etdi. O bildirdi ki, Quzey Azərbaycanın inkişafı və müstəqilliyi yolunda fəaliyyət göstərmiş böyük şəxsiyyətlərin həyatı və yaradıcılığı ətraflı araşdırılmalıdır: “ Quzeyin inkişafında əməyi olan güneyli alimlərin zəhməti hər zaman qeyd olunmalıdır.  Mirzə Fətəli Axundovdan  başlayaraq bu işi davam etdirmək olar. Heydər Əliyevin də kökü Güneydəndir. Biz böyük xidmətləri olan Mirzə İbarahimovu, Zöhrab Tahiri, doktor Cavad Heyəti və digər şəxsiyyətləri həmişə  minnətdarlıqla yad etməliyik. O ulduzlar silsiləsində Əkrəm Rəhimlinin də öz yeri var”.

Daha sonra AMEA Şərqşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə geniş məruzə ilə çıxış edərək vurğuladı ki, şəxsiyyətin meydana gəlib formalaşmasında tarixi şərait əsas zəmin rolunu oynayır: “Bu zəmin yarandığı zaman elmi özlərinə həyat amalı seçənlər, xalqın mənafeyini şəxsi maraqlarından üstün tutanlar, millətinə, torpağına qəlbən bağlananlar, onu irəli aparmaq istəyənlər həyatları bahasına olsa belə, tarix yazırlar. Bu insanlar hamı tərəfindən sevilir, böyük hörmət sahibinə çevrilir, əsl ziyalı vəzifəsini son dərəcə məsuliyyətlə yerinə yetirirlər. Azərbaycan elminin görkəmli nümayəndəsi, yüksək intellekt sahibi, təcrübəli tədqiqatçı, prinsipial mövqeyi, dərin məntiqi və özünəməxsus dəst-xətti ilə tanınan əməkdar elm xadimi Əkrəm Rəhim oğlu Bije məhz belə alimlərimizdəndir. Onun bu həyatda tutduğu yol xalqa sədaqətlə xidmət etmək, gənc nəslə elmin sirlərini öyrətmək, özündən sonra tarixin səhifəsinə çevriləcək qiymətli əsərlər yazmaq, mənəvi dəyərləri maddiyyatdan üstün tutmaq yoludur. Cənubi Azərbaycan bilicisi olan alimimiz Əkrəm Rəhim oğlu Bije 1932-ci ildə Azərbaycanın dilbər guşələrindən birində – Qazax şəhərində dünyaya gəlib. Enişli-yoxuşlu həyat yolu keçmiş alim hələ uşaq ikən soykökü Cənubi Azərbaycandan olduğuna görə elə oraya da deportasiya edilib. 1939-1945-ci illərdə Mərənd şəhərinin Yuxarı Dizə kəndində fars dilində orta məktəbi bitirib. Onun uşaqlıq və gənclik illəri kifayət qədər çətin tarixi şəraitə təsadüf edib. Pəhləvilərin hakimiyyəti illərində (1925-1979) İran dövləti tərkibində yaşayan azərbaycanlılara bu dövləti məhv edə biləcək qüvvə kimi baxıldığından hakim dairələr tərəfindən onlara qarşı amansız assimilyasiya siyasəti həyata keçirilirdi. Müəllimlər fars dilində dərs deyir, ibtidai məktəblərdə Azərbaycan türkcəsində danışanlar cərimə edilirdilər. Qeyri-fars dilində kitab və qəzet çapı dövlət tərəfindən rəsmi olaraq qadağan edilmişdir. Ə.Rəhimli həmin illəri belə xatırlayır: “1940-cı il idi. Mərəndin Yuxarı Dizə kəndində ibtidai məktəbdə oxuyurdum. Sinif yoldaşım Əhməd mənə və Yunisə Azərbaycan türkcəsində “dərsdən sonra gedib Ağalar zəmisində futbol oynayarıq” dediyi üçün hər üçümüzə şallaq cəzası təyin edilmişdir. Heyva ağacından olan çubuqla əllərimizin içinə 5-6 dəfə zərbə vurulmuş, sonra isə boynumuzdan üzərində “bədəxlaq şagird” yazılmış plakat asılmışdır. Şagirdə məktəb miqyasında belə bir adın verilməsi çubuq cəzasından daha ağır cəza hesab olunurdu. Çünki bu, uşağın ruhunu, mənliyini və kimliyini təhqir etmək idi”. Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi ilə azərbaycanlıların milli-demokratik mübarizəsi qələbə çaldıqdan və 1945-ci il dekabr 12-də Cənubi Azərbaycanda Milli Hökumət təşkil edildikdən sonra bir il Azərbaycan dili rəsmi dövlət və təhsil dili elan edildi. Ə.Rəhimliyə bu bir il içərisində Azərbaycan dilində oxumaq xoşbəxtliyi nəsib oldu. 1946-cı ilin dekabr ayının 12-də S.C.Pişəvərinin rəhbərlik etdiyi milli-demokratik hərəkat xarici imperializmin və daxili irticanın əli ilə məğlubiyyətə uğradıldıqdan sonra o, ailəsi ilə birlikdə yenidən Şimali Azərbaycana, Qazaxa qayıdır. 1949-1953-cü illərdə Gəncə Pedaqoji Texnikumunu, 1953-1957-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirir və bir neçə il orta məktəbdə müəllimlik edir. 1960-1963-cü illərdə Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitunun aspiranturasında oxuyur və 1963-cü ildə Moskvada “SSRİ-Türkiyə iqtisadi əlaqələri (1923-1938)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alır. 1965-ci ildə onun “SSRİ-Türkiyə iqtisadi əlaqələri (1923-1938)” adlı monoqrafiyası Bakıda çap edilərək elmi ictimaiyyətə təqdim olunur. Gənc alim sonrakı illərdə də Türkiyə iqtisadiyyatı ilə bağlı tədqiqatlarını davam etdirir və 1970-ci ildə onun bu mövzuda daha geniş və dərin araşdırmalara söykənən “Türkiyənin xarici ticarət siyasəti (1920-1980)” elmi-tədqiqat əsəri Bakıda çap olunaraq oxuculara təqdim edilir. 1963-cü ildən indiyədək AMEA Şərqşünaslıq İnstitutunda çalışan Əkrəm Rəhimli (Bije) hazırda həmin İnstitutda Cənubi Azərbaycan şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışır. 2009-2014-cü illərdə o, bu şöbəyə rəhbərlik etmişdir. Keçən əsrin 60-70-ci illərində elmi fəaliyyəti ilə yanaşı, Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətini də davam etdirmiş, bu ali təhsil ocağının tarix fakültəsində Şərq tarixi üzrə xüsusi kurs təşkil edərək mühazirələr oxumuşdur. O, Türkiyə, İran, eləcə də Cənubi Azərbaycanın sosial-siyasi və iqtisadi-mədəni durumuna aid yüzdən çox publisistik və elmi məqalənin, bir sıra kitabların müəllifi və tərtibatçısıdır. 1828-ci ildə Türkmənçay müqaviləsi ilə Azərbaycan ikiyə bölündükdən sonra ta bu günə kimi Cənubda baş vermiş tarixi olaylar haqqında oxuculara ətraflı məlumat verən “Güney Azərbaycan” (Bakı, “Orxan” nəşriyyat və poliqrafiya evi, 2000) adlı məlumat kitabında Cənubi Azərbaycanın tarixi, ərazisi, əhalisi, təsərrüfatı, maarif və mədəniyyəti, ədəbiyyatı və siyasi şəxsiyyətləri barədə gərəkli bilgilər toplanmışdır. “Güney Azərbaycanda milli-demokratik hərəkat (1941-1946)” (Bakı, “MEQA” nəşriyyatı, 2003) adlı kitabı Ə.Rəhimlinin elmi yaradıcılığının zirvəsi hesab etmək olar. Kitabda keçən yüzilliyin 40-cı illərində Cənubi Azərbaycandakı milli-demokratik hərəkatdan bəhs olunur, “21 Azər”ə gedən mübarizə yolu tədqiq və təhlil edilir, sosial, siyasi, iqtisadi və mədəni durum, baş vermiş olayların məzmun və mahiyyəti, qələbədən sonra yaradılmış Azərbaycan Milli Hökumətinin fəaliyyəti öz əksini tapır. Kitab “21 Azər” hərəkatının və Azərbaycan Milli Hökumətinin qurulmasının 70 illiyi ilə əlaqədar 2015-ci ildə işlənərək “21 Azərə gedən yol” adı ilə yenidən çap olunmuşdur. Müəllifin gənc yaşlarında apardığı müşahidələr, şahidi olduğu hadisələr, uzun müddət etdiyi mütaliə və apardığı tədqiqatlar əsasında hazırladığı monoqrafiyada oxucu bir tərəfdən oyanmış xalqın öz milli haqları uğrunda mübarizəsi ilə tanış olur, digər tərəfdən o dövrə məxsus sistem ziddiyyətləri fonunda öz qardaşlarına kömək əli uzadan Sovet Azərbaycanının, ilk növbədə onun ziyalılarının keçirdiyi tarixi və fərəhli yolun şahidinə çevrilir. Kitab 2005-ci ildə eyni adla, əski əlifba ilə Kanadada və 2006-cı ildə isə fars dilinə tərcümə ilə İranda çap olunmuşdur. Ə.Rəhimlinin böyük zəhməti sayəsində tərtib edilmiş irihəcmli “Parçalanmış millətin harayı (həsrət şeirləri və bayatılar)” (Bakı, “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2007) kitabı isə vüsal həsrətilə dünyamızdan köçmüş soydaşlarımızın əziz xatirəsinə ithaf olunmuşdur. “Parçalanmış millətin harayı” adlı bu toplu 190 ilə yaxın müddət ərzində zorla ikiyə parçalanmış Azərbaycan xalqının şeir və bayatılar dili ilə bu haqsızlığa və ədalətsizliyə qarşı çıxış və etiraz səsidir. Kitabda o taylı-bu taylı 100-dən çox şairlərimizin həsrət, hicran, nisgili və vüsal arzusu ilə bağlı şeirlərindən və bu mövzuda deyilmiş bayatılardan nümunələr oxuculara təqdim olunur. Ə.Rəhimlinin “Mübarizə burulğanında keçən ömür. Seyid Cəfər Pişəvəri” (Bakı, “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009) adlı kitabıdır. Bəşarət xanım İsmayıl və Elmira Fikrətqızının tərcüməsində Türkiyə türkcəsində Trabzon şəhərində və 2013-cü ildə fars dilində İran İslam Respublikasının Məşhəd şəhərinin “Samen” nəşriyyatında “Əbədi məşəl. Seyid Cəfər Pişəvəri (həyatı, siyasi və ictimai fəaliyyəti)” adı ilə çap olunmuşdur. Kitabda İranın və Cənubi Azərbaycanın tanınmış mütəfəkkir-ziyalısı, inqilabçı-demokrat Seyid Cəfər Pişəvərinin həyatından və mübarizəsindən bəhs olunur. Çoxsaylı mənbə və sənədlər əsasında S.C.Pişəvərinin 55 illik həyatının müxtəlif dövrlərinin çalarları, 1945-1946-cı illərdə Cənubi Azərbaycandakı milli-demokratik hərəkatda onun xidmətləri və rolu, hərəkatın süqutundan sonra isə həyatının axır günləri və ölüm səbəbləri tədqiq və təhlil olunur. Ə.Rəhimlinin tərtibatı və redaktorluğu ilə 2008-ci ildə Doktor Salamullah Cavidin “O günün həsrətilə…” başlığı altındakı xatirələri çap olunmuşdur. Kitabda həyatının 50 ildən çoxunu Cənubi Azərbaycanın milli azadlıq və demokratik hərəkatına həsr etmiş bir insanın – Salamullah Cavidin keçdiyi həyat və mübarizə yolundan bəhs edilir. Kitabın əsasını dr. S.Cavidin yazdığı xatirələr təşkil etsə də, onu yaxından tanıyanların, oğlu Azad Cavidin qeydləri, həmçinin kitab tərtibçisi Ə.Rəhimlinin (Mişovdağlının) qeydləri də xatirələrin əlavəsində verilmişdir. Əkrəm müəllimin tərtibatında və elmi redaktorluğu ilə 2014-cü ildə işıq üzü görmüş “Zindan xatirələri” (Bakı) toplusu da S.C.Pişəvərinin 1930-1941-ci illərdə İranın Tehran şəhərindəki “Qəsri-Qacar” zindanında həbsdə olduğu illərdəki müşahidə və qeydlərindən ibarətdir. Xatirələrdə Rza şah zindanındakı ağır və dözülməz həyat, məmur özbaşınalıqları, günahsız insanlara verilən əzab və işgəncələr oxucuya çatdırılır. Bu xatirələr XX əsrin 30-cu illərində İranda mövcud olan siyasi mühiti, Rza şah diktaturasının törətdiyi saysız-hesabsız cinayətləri öyrənmək və məlumat əldə etmək baxımından çox önəmlidir. “Güney və Quzey Azərbaycan: ensiklopedik təqvim (başlıca tarixi olaylar, siyasi və ədəbi şəxsiyyətlər)” (Bakı, “Apostroff”, 2014) adlı kitab Əkrəm Rəhimli və Səməd Bayramzadənin tərtibatında hazırlanmış və çap olunmuşdur. Oxuculara təqdim olunan bu kitab müəlliflərin çox gərgin axtarış və zəhmətləri nəticəsində ortaya qoyulmuşdur. Belə ki, adıgedən ensiklopedik təqvimin tərtib olunmasında Azərbaycan tarixi, mədəniyyəti və ədəbiyyatına aid çoxlu sayda Azərbaycan, rus, fars və ingilis dillərində qaynaqlar, arxiv materialları, elmi monoqrafiya və toplular dövrəyə cəlb edilmiş, hətta müvafiq dövrlərdə yaşamış tarixi-ədəbi simaların, günümüzdə yaşayan insanların xatirələrindən istifadə edilmişdir. Bu ensiklopedik təqvimin tərtibindən müəlliflərin əsas məqsədi güneyli-quzeyli Azərbaycanın keçmişi, ən qədim dövrdən çağdaş günümüzədək baş vermiş tarixi olayları, bir sıra siyasi və ədəbi şəxsiyyətləri barədə məlumatları oxuculara yığcam şəkildə məlumat verməklə tariximizə münasibətdə bəzən göstərilən biganəlik və unutqanlığı aradan götürmək olmuşdur. 2016-cı ildə Bakının “Nurlar” Nəşriyyatı-Poliqrafiya Mərkəzində çap olunmuş “Seyid Cəfər Pişəvəri. Məqalə və çıxışlarından seçmələr (1945-1946-cı illər)” kitabı da Əkrəm Rəhimli tərəfindən nəşrə hazırlanmışdır. Kitaba yazılmış ön söz və şərhlərin müəllifi də o özüdür. Adıgedən topluya S.C.Pişəvərinin Cənubi Azərbaycan mətbuatında 1945-1946-cı illərdə çap olunmuş məqalə, çıxış və bəyanatlarından seçmələr daxil edilmişdir. Ə.Rəhimlinin “Cənubi Azərbaycan: düşüncələr, problemlər” (Bakı, “Nurlar”, 2017) adlı son əsəri, 2017-ci ilin yayında işıq üzü görmüşdür. Müəllifin bu kitabında isə onun son 17 ildə yazdığı məqalə, müsahibə və rəylərindən seçmələr verilmişdir. Məqalələrdə Cənubi Azərbaycanda baş vermiş olayların elmi-siyasi və tarixi-ədəbi səpgidə şərhi verilir. Əkrəm müəllim yuxarıda adları çəkilən qiymətli elmi və tarixi əsərləri ərsəyə gətirməklə yanaşı, eyni zamanda da əməkdar incəsənət xadimi, kinorejissor Ənvər Əblucun Məhəmməd Hüseyn Şəhriyar, Məhəmməd Biriya, Cavad Heyət və Söhrab Tahir haqda çəkdiyi filmlərin elmi məsləhətçisi olmuşdur. Üstəlik, güneyşünas kadrların yetişdirilməsində də Əkrəm müəllimin zəhmət və qayğısı böyükdür. Ə.Rəhimli həm də gözəl, sədaqətli və qayğıkeş bir ailə başçısıdır. O, uzun illər orta məktəbdə müəllimlik etmiş ömür-gün yoldaşı Fatma xanımla birlikdə Vətənə layiqli üç övlad böyütmüşdür. O, bu gün öz isti ocağında doğmalarının, nəvə-nəticələrinin yanında həyatının ən gözəl çağlarını yaşamaqdadır”.

Eyni zamanda filologiya üzrə elmlər doktoru, professor İslam Qəribli, “Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli, filologiya üzrə elmlər doktoru, professor Qulu Məhərrəmli, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli, filologiya üzrə fəlsəfə doktoru, dosent, ədəbiyyatşünas, publisist Pərvanə Məmmədli, DAK-ın Qarabağ Departamentinin rəhbəri Siyavuş Mustafayev, DAK-ın Güney Azərbaycan nümayəndəliyinin rəhbəri Babək Muğanlı və başqaları çıxış edərək yubilyarı təbrik ediblər.

Bundan başqa, DAK, həmçinin “Borçalı” İctimai Birliyi tərəfindən Əkrəm Rəhimliyə plaketlər təqdim olunub.

DAK.az

DAK Mətbuat Xidməti

t1 t2 t3 t4 t5 t6

Şərh yeri

şərh

Share Button

Comments are closed.