yeni xəbərlər

Borçalıda iki dini qurum arasında məscid üstündə mübahisə yaranıb

Sentyabr 27th, 2017 | by DAK.AZ
Borçalıda iki dini qurum arasında məscid üstündə mübahisə yaranıb
Borçalı
0

Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi (GMADİ) və Gürcüstan Müsəlmanları İdarəsi (GMİ) arasında azərbaycanlıların yaşadığı Marneuli rayonundakı İmam Əli məscidinin üstündə mübahisə yaranıb.

 

APA-nın yerli bürosunun məlumatına görə, məscidin hüquqi statusu ilə bağlı Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi üç dövlət qurumu – İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi, Dövlət Əmlakı üzrə Milli Agentlik və Dini məsələlər üzrə Dövlət Agentliyinə qarşı məhkəməyə müraciət edib.

 

GMADİ sədri Mirtağı Əsədov APA-ya bildirib ki, məhkəməyə müraciətin səbəbi İmam Əli məscidinin idarəçiliyinin GMİ-dən alınıb, ibadət yerinin şurasına qaytarılmasına nail olmaqdır: “2004-cü ildən məscid şura tərəfindən idarə olunurdu. 2015-ci ilin əvvəlindən İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi tərəfindən Marneuli əhalisinin xəbəri olmadan məscid Gürcüstan Müsəlmanları İdarəsinin müddətsiz idarəçiliyinə verilib. İmam Əli məscidinin idarəçiliyi de-yure həmin idarədə olsa da, de-fakto şura və yerli icma tərəfindən idarə olunur. Marneuli əhalisi və müsəlman icması 200 ildən çox tarixi olan məscidin idarəçiliyinin şuraya qaytarılmasını tələb edir. Belə ki, məscid yerli müsəlman icması, Azərbaycan və Rusiyada yaşayan əslən Gürcüstandan olan azərbaycanlıların dəstəyi ilə tikilib”.

 

GMİ-nin şeyxi Hacı Ramin İgidov isə məhkəməyə müraciəti absurd adlandırıb: “Gürcüstanda fiziki və ya hüquqi şəxsin adına qeydiyyatda olmayan məscidlər dövlətin mülkiyyətinə daxil edilib. İmam Əli məscidini də İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi qeydiyyata alaraq aidiyyəti qurum olan Gürcüstan Müsəlmanları İdarəsinin 49 illik sərəncamına verib. Qonşu müsəlman ölkələrində də məscidlər müvafiq yerli idarəetmə orqanlarının mülkiyyətindədir. Qarşı tərəf haqsız olaraq məscidin dövlət tərəfindən mənimsənildiyini bildirir. Məscid xalqa məxsusdur və dövlət sadəcə, məscidi qeydiyyata alıb”.

 

R. İgidovun sözlərinə görə, Gürcüstanda din haqqında qanun qəbul olunmadığı üçün məscidlərin statusu müəyyən olunmayıb: “Gürcüstan Müsəlmanları İdarəsi bu qanunun qəbul olunması istiqamətində iş aparır və müvafiq müraciətlər edib”.

Şərh yeri

şərh

Share Button

Comments are closed.