yeni xəbərlər

Qarabağ da bizimdir- Səməndər Çaxmaqlı

Oktyabr 31st, 2017 | by DAK.AZ
Qarabağ da bizimdir- Səməndər Çaxmaqlı
Ədəbiyyat
0

                             Səməndər    Çaxmaqlı

“Qərbi Azərbaycana – İrəvan xanlığı torpaqlarına dönüşü” İctimai Birliyinin rəhbəri, araşdırmaçı siyasətşünas.

                             

                                    Yeni şerləri

 

 

Pah atonna, nə ağır yatdıbu oğlan, ölüb ə…

M.Ə. Sabir

 

                                    “Kişidi” bu

Nəzirə

Dedilər yatmış indi, oyandı bu oğlan, “kişidi” bu!

Bicliyin tapıb yolun,hər şeyi qandı bu oğlan, “kişidi” bu!

 

Bax onun yeri gəldi, tez tələsik sabunlanıb girməyinə,

Ölür yaltaqlıq üçün hər “yekə”yə bu şeytan, “kişidi” bu!

 

Desələr olmalısan tərki libas, indi buna yoxdu gərək,

Dürt əyninə biz deyəni, geyəcək yubka-filan, “kişidi” bu!

 

Duracaq qulluğunda hər “ağa”nın, bir xahişi xatirinə,

Qulluq edəcək at-itinə, olacaq mehri həyan, “kişidi” bu!

 

Salar şeytanlıq yoluna, qoşar murdar əmələ əhli-əyalın,

Yıxar evlər, qoyar milləti ağlar, bu heyvan, “kişidi” bu!

 

Satar mərdi-namərdə, təki tapşır ona dursun üzə,

Olar yal verənin nəsli-zatına qurban, “kişidi” bu!

 

Axır ki, verdilər iş verənə iş, indi olub, “söz” sahibi,

Çəkib xəncərini, uddurur yalavac millətə qan, “kişidi” bu!

 

Səbr eləyin, gün gələcək, düşəcək zor tələyə tay-tuşu ilə,

Bax onda deyəcək əhli-nalan, külli müsəlman, nakişidi  bu

            Tanrı nəsihəti

 

Tanrı dərgahına gəldi bir səda:

“ Bir bəndə peydadır fani dünyada,

Rəbb bilir özünü ölkəyə, elə

Peyğəmbər olmağın gətirib dilə”

Bir anlıq xaliqin od nəfəsindən

Titrədi göylər də onun səsindən.

Tutub yaxasından küncə dirədi,

O iblis məxluqa bax belə dedi:

– Cisminə ruh verib, can verdiyim kəs,

“Deyilər fənadır qəlbində həvəs”

Hər zərrin taleyi əlimdə ikən,

«Ol» deyib, olmağın dilimdə ikən,

Nədən aqil olub, başa keçmisən,

Özünü kütləyə sərdar seçmisən?

Kar olub qulağın, kor olub gözün,

Bu yazıq millətə varmı bir sözün?

Dünyanın xaliqi mənəmsə əgər,

Bilmədim məxluqu padişah, nökər,

Əbədi varlığı, hər bir neməti,

Ziynəti, sərvəti, varı, dövləti,

Bərabər bölmüşəm, bərabər alın,

Ülfətlə yaşayın, birgə ucalın.

Çoxları dünyada «mənəm»dedilər,

Axırda qan qusub, zəhər yedilər.

Dövrəndə cəmlənib dana-doluqlar,

İşverən, başkəsən, hər cür qoduqlar.

Yaltaqlar yanında quyruq bulayır,

Rəzillər ölkədə meydan sulayır.

Min üzlü, min sözlü, rəzil, avara,

Pəncənin altında gəlirlər kara,

Məddahlar fəxriyyə qoşur adına,

Yurdun fəlakəti düşmür yadına

Acların toxlardan uman yeri var

Bir tikə çörəyə güman yeri var,

Ölkəni bürüyüb aclar, əlillər,

Kimdən ümid etsin sail səfillər?!

Qaniçən çağrılır hər yerdə adın,

Yoxsullar qəlbində yoxdur sayadın,

Min üzlü sifətin bəllidir elə,

Kələkbaz adıyla düşmüsən dilə

Ruhani cildinə girib hərdən sən,

Kimi aldadırsan, kimi görərsən?

Ağ kəfən keçirib çılpaq bədənə,

«Surə oxuyursan ölüb gedənə!»

Avazın yaxşıdır, onu deyim bil,

Nə günah tövbəsi, nə Quran deyil.

Mənim dərgahımda düşsən kəməndə,

Haqqın diləyəcək hər məzlum bəndə,

Onda kara gəlməz dövlətin, varın,

Yoxluğa dönəcək hər iqtidarın

Şəninə min dürlü tərif deyənlər,

Keflənib, şellənib müftə yeyənlər,

İşini bax onlar hasil edəcək,

Səni cəhənnəmə vasil edəcək!

Belədir gözümdə varlığın, özün,

Mərhəmət diləkli varmı bir sözün?

Ayıl sözlərimdən naxələf bəndə,

Tanrı dərgahında düşmə kəməndə.

Ayıl söylədiyim müqəddəs səsdən,

Anla insan kimi, adam kimi sən!

 

Belə də olur

 

Gecələr yuxunda gecələr sənin,

Gündüzlər gözünün qarasındadır.

Ölümə nə var ki, uzaqda deyil,

Gözünlə qaşının arasındadır.

 

 

Tüstüsü gurlamaz kasıb bacanın,

Dili uzun olar başı ucanın.

Dünyadan üzülmüş dərdli qocanın,

Ümidi, pənahı qarısındadır.

 

 

Gecəli gündüzlü çalışan kişi,

Var dövlət yolunda alışan kişi

Dünyadan ikiəlli yapışan kişi,

Əzrail hər günün sırasındadır.

 

 

İstər kişi olsun, istərsə qadın,

Əsiri oldusa tamahın, dadın.

Qurumsaq kişinin, acgöz arvadın,

Bilinməz ağılı harasındadır?

 

 

Yaxşıya-yamana həqarət qoşan,

Boğazdan yuxarı hərzə danışan,

Xeyirdə, hüzürdə həddini aşan,

Gədanın coşmağı parasındadır.

 

 

Yaxşılıq yaxşıdır, bəzər dünyanı,

Yamanlıq yolunda ucalan hanı?

Kişilik, etibar həyatın canı

Xəyanət xəbisin dünyasındadır!

 

                                        Səbr elə

Mənə təsəllim də heç gərək deyil,

Yığdı boğazıma canımı səbrim.

Təknədə çörək yox, cibdə pul-para,

Hələ ölməmişdən çatlayıb qəbrim.

 

Körpənin gözündə aclıq, səfalət,

Xoş günə deyəsən aman-zaman yox,

Üzürük amansız dəryada müdam,

Sahilə çıxmağa inam, güman yox.

 

Mənə təsəllim də heç gərək deyil,

Hara aparırsan “səbr et” deməklə?!

Talanıb el-oba, dağılıb tifaq,

«

İtirdik çox şeyi səbr eləməklə.

           Qarabağ da bizimdir

Min büsat qurub hər gün, hər zaman,

Saz meydan oxuyur, coşur tar-kaman,

Zəngulə car çəkir, qızışır meydan,

Yüksəlir “millətin” gur səsi hər an..

Bizimdir, belə millət bizimdir,

Bizimdir, “Qarabağ da bizimdir!”

 

Meydan sulayan da şıllaq atan da,

Ortada süzən də, kefdən yatan da,

Ölkə talayan da, torpaq satan da,

Amalı, qeyrəti itib-batan da,

Bizimdir, belə millət bizimdir,

Bizimdir, “Qarabağ da bizimdir!

Bizə heç yaraşmaz dərd-ələm çəkək,

Düşmənə “çor” deyək, ya da qan tökək,

Top-tüfəng atmaqdan gəlin əl çəkək,

İmarət ucaldaq, villalar tikək,

Bizimdir, belə millət bizimdir,

Bizimdir, “Qarabağ da bizimdir!”

 

 

Səməndər Çaxmaqlı.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

          

 

Şərh yeri

şərh

Share Button

Comments are closed.