yeni xəbərlər

Qərbi Azərbaycanda işsizlik səviyyəsi artıb

Noyabr 10th, 2017 | by DAK.AZ
Qərbi Azərbaycanda işsizlik səviyyəsi artıb
Güney Azərbaycan
0

Qərbi Azərbaycan Büdcə və Planlaşdırma Təşkilatının rəisi Nasir Həzrəti təmsil etdiyi əyalətdə işsizlik səviyyəsinin artdığını bildirib.

 

O bu barədə Qərbi Azərbaycan İdarə Şurasının 9-cu iclasında çıxış edərkən məlumat verib. “Bu əyalətdə işsizlik səviyyəsi getdikcə artaraq 11.2 faizə çatıb. Təəəsüflə orta hesabla işsizlik səviyyəsi gənclər və ali təhsilli insanlar arasında daha yüksəkdir”- deyə o qeyd edib.

 

Bu vəziyyətdən şikayətlənən Büdcə və Planlaşdırma Təşkilatının rəisi əyalətin iqtisadi potensialına da toxunub. “Qərbi Azərbaycan ölkə əyalətləri arasında kənd təsərrüfatı məhsullarının istehsalı üzrə 4-cü yerdədir, əkinçilik sahəsində isə 4.3 faiz əlavə dəyər istehsal edir. Bu əyalətdə 9 rəsmi gömrük və bir neçə müştərək bazarça mövcuddur. Makı Azad Ticarət Məntəqəsi, Salmas Xüsusi İqtisadi Məntəqəsi və s. Biz zəngin iqtisadi qaynaqlarımızı düzgün dəyərləndirə bilsək,  əyalətin bütün iqtisadi problemləri öz həllini tapar”- deyə N.Həzrəti bəyan edib.

 

Həmin tədbirdə iştirak edən Urmiyənin İran parlamentindəki millət vəkili Hadi Bahaduri də öz çıxışında əyalətin iqtisadi vəziyyətinə işarə edib. O bildirib ki, “ölkə mədənlərinin 6 faizi Qərbi Azərbaycan Əyalətində yerləşir. Mədən sahəsinə diqqət ayırmaqla, əyalətin inkişafı üçün şərait yaratmaq mümkündür.”

 

Millət vəkili Qərbi Azərbaycan Əyalətinin səhiyyə, təhsil, adambaşına düşən illik gəlir və s. kimi göstəricilərə görə yaxşı səviyyədə olmadığını xüsusi olaraq vurğulayıb.

 

Qeyd edək ki, İranda həftədə bir saat işləyən vəya iş yerini müvəqqəti olaraq itirən şəxslər işsizlər siyahısında yer almır. Buna görə də rəsmi olaraq işsiz göstərilənlərin sayı ilə real işsizlərin sayı arasında böyük fərq olur. Azərbaycan şəhərlərində işsizliklə bağlı elan olunan statistik məlumat heç zaman həqiqəti əks etdirmir.

GunazTV

 

Şərh yeri

şərh

Share Button

Comments are closed.