yeni xəbərlər

Tənzilə Rüstəmxanlı: “Təltif edilməyimiz dəyərdir, qayğıdır, diqqətdir”

Dekabr 30th, 2017 | by DAK.AZ
Tənzilə Rüstəmxanlı: “Təltif edilməyimiz dəyərdir, qayğıdır, diqqətdir”
DAK
0

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bir qrup şəxsin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə, xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunanlar arasında Azərbaycan Türkiyə Evinin və “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı da var.

T.Rüstəmxanlı bildirib ki, təltif edilməsi onun üçün gözlənilməz olub: “Ancaq bilirdim ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə belə mükafatlandırmalar olur. Hər halda bizim də Azərbaycan diasporasının inkişafında, yaranmasında müəyyən bir əməyimiz, zəhmətimiz var. Çox sağ olsunlar ki, bunu görüblər. Mükafatlandırılanların çoxu Azərbaycanın təbliği ilə xarici ölkələrdə məşğul olanlardır. Ancaq burada yaşayıb, təbliğatımızla məşğul olan bir neçə nəfərə də belə bir imtiyazı tanıyıblar. Əlbəttə ki, bu qayğıdır, diqqətdir, dəyərdir. Ölkə başçısının belə bir qiymət verməsi, qayğımıza qalması o deməkdir ki, gələcəkdə fəaliyyətimizi daha yüksək səviyyədə quraq, vətənə daha yaxşı xidmət edək. Yəni bu, mənəvi bir dəstəkdir. Hesab edirəm ki, mənəvi dəstək də çox önəmlidir. Bizim əməyimizə verilən qiymətə görə cənab prezidentimizə sonsuz təşəkkür edirəm, minnətdaram. Prezidentimiz Azərbaycanın ziyalılarına, aydınlarına ümumiyyətlə, qələm adamlarına, jurnalistlərə hər zaman yüksək səviyyədə həssaslıqla yanaşır. Bizim sahənin insanlarına da bu cür yanaşması o deməkdir ki, əməyiniz boşa getməz və gec-tez öz yerini tapır. Ona görə də bizə göstərdiyi qayğıya görə ona xüsusi olaraq təşəkkürümü bildirirəm. Sizin qəzetiniz vasitəsilə bunu çatdırmaq istəyirəm”.

Tənzilə Rüstəmxanlı diaspor qurumlarının hazırkı fəaliyyəti barəsində də danışıb: “Son zamanlar Azərbaycanın təbliği daha da genişlənib. Bu yaxınlarda Brüsseldə Diaspora Komitəsi böyük konfrans keçirdi. Onun çox ciddi əks-sədası oldu. Çünki mövzu da ciddi idi, ora dəvət olunanlar da. Elmi şəkildə, ardıcıl olaraq artıq bu fəaliyyətə başlanılıb. Azərbaycana ikili standartla yanaşırlar, xüsusilə də Qarabağ məsələsində bu yanaşmanı görürük. Qarabağda baş verən proseslərə Azərbaycan adına ədalətli yanaşmasalar da, belə tədbirlər əlbəttə ki, gec-tez öz nəticəsini verir. Biz Avropada keçirilən konfransda bunun nəticəsini gördük. Bizə ikili standartla yanaşsalar da bu işlərimizi davam etməliyik. Diaspora Komitəsi də çox ciddi adamları, elə avropalıların özlərini də cəlb etməklə, bu işi davam etdirir”.

Şərh yeri

şərh

Share Button

Comments are closed.