yeni xəbərlər

DAK İranda baş verən son hadisələrlə bağlı bəyanat yayıb

Yanvar 14th, 2018 | by DAK.AZ
DAK İranda baş verən son hadisələrlə bağlı bəyanat yayıb
DAK
0

Dünya Azərbaycanlıları Konqresi (DAK) İrandakı durumla bağlı bəyanat yayıb.

DAK.az-ın məlumatına görə, sənəddə bildirilir ki, ötən ilin sonlarında, dekabrın 28-dən etibarən İranın bir çox şəhərlərində sosial narazılıqla bağlı kütləvi aksiyalar keçirilmişdir: “Bu aksiyalarla İran cəmiyyətinin dərin sosial-siyasi, mədəni və etnik-milli böhranlar keçirdiyini bir daha bütün dünyaya göstərmiş oldu. İnsan dəyərlərinin ən ali məqam sayıldığı, sosial, milli haqların ümumbəşəri ideyalara çevrildiyi XXI əsrdə demokratik prinsiplər heç bir dövlətin daxili işi sayıla bilməz. İranda milyonlarla azərbaycan türkünün, soydaşımızın yaşaması isə bizim üçün bu ərazidə baş verənləri xüsusilə maraqlı edir. Həm soydaşlarımızın taleyindən narahatlılıq, həm Azərbaycan Respublikasının qonşu dövləti olaraq biz İranda daxili problemlərin demokratik islahatlar, insan haqları və milli dəyərlərə sayğı çərçivəsində həllinin tərəfdarıyıq. Son etirazlar bir daha təsdiqləndi ki, İran dövlətinin və hökümətinin dərin islahatlara ehtiyacı var. Dünya Azərbaycanlıları Konqresi daha ciddi qarşıdurmalardan və fəsadlardan yayınmaq üçün İran hökümətini İnsan haqlarını qorumağa, demokratik idarəetmə sistemini qurmğa, liberal islahatlara başlamağa çağırır.  İran rəhbərliyi illərlə Azərbaycan türklərinin, eləcə də burda yaşayan digər millətlərin bu ölkənin konstitusiyasının 15, 19 və 20-ci maddələri ilə təsbit olunmuş haqlarını tanımamaqdan vaz keçməlidir. Türkofobiyaya qarşı ciddi mübarizəyə başlanmalı, qövmi, irqi, dil sahəsində aparteyid əlamətlər ləğv edilməlidir. Azərbaycan türklərindən olan, eləcə də digər siyasi məhbuslarının dərhal və qeyd-şərtsiz azad edilməsi, son hadisələr zamanı dinc vətəndaşlara zorakılıq tətbiq edənlər, atəş açanlar cəzalandırılmalıdır. DAK bütün bu islahatları zəruri sayaraq bir daha diqqətə çatdırır ki, son illərdə Yaxın və Orta Şərqdə xarici qüvvələrin təsiri ilə, xalqların alət kimi proseslərdə istifadə edilməsinin mənfi fəsadlarından İran rejimi ciddi dərs götürməlidir. Biz İran etirazçılarının tələblərini haqlı saymaqla yanaşı, bu etirazlardan süni şəkildə digər qüvvələrin öz maraqları üçün istifadəsini qətiyyətlə pisləyirik. Azərbaycan Respublikasının qonşuluğunda yeni Liviya, Suriya və bu kimi qanlı səhnələrin yaradılmasını istəmirik. Öz ölkəsində insan və milli haqları görməməzlikdən gələn İran rejimi də bu dərsi çıxarmalı və təcili islahatlara qərar verməlidir. Əks halda daha ciddi qarşıdurmalar qaçılmaz olacaq”.

Şərh yeri

şərh

Share Button

Comments are closed.