yeni xəbərlər

Mahmud Bilgin: Qadın məsələsi və ictimai ədalətə diqqət yetirilməlidir-Müsahibə

Fevral 2nd, 2018 | by DAK.AZ
Mahmud Bilgin: Qadın məsələsi və ictimai ədalətə diqqət yetirilməlidir-Müsahibə
Müsahib
0

“2009-da İran hakimiyyətinin öz içində olan qüvvələr qarşı-qarşıya gəlmişdi. Amma indi hakimiyyətə bağlı olmayan, aclıqdan, ictimai çətinliklərdən və qadınların problemlərindən narahat olan toplum ayağa qalxıb,” deyə Mahmud Bilgin İranda yoxsullar və qadınların etirazını dəyərləndirir.

Güney Azərbaycan Demokrat Partiyasının (GADP) başqanı Amerikanın Səsinə müsahibədə milli hərəkata mənsub qüvvələrin İranlı qadınların sərgilədiyi etiraza münasibəti haqqında danışıb.

Keçən dekabr ayının sonlarında Tehranın İnqilab Meydanında baş örtüyünü çıxarıb əlində bayraq kimi dalğalandıran bir qadın İranda etiraz dalğasının simvolu oldu. Bir müddət sonra İranlı sosial media istifadəçiləri “İnqilab meydanındakı qadın haradadır?” adlı bir kampaniya başladaraq onun taleyi ilə bağlı narahatlıqlarını ifadə etməyə başladılar.

İnqilab meydanındakı qadının kimliyini, daha sonra tanınmış hüquq müdafiəçisi və vəkil Nəsrin Sutudə ortaya çıxardı və onun nəzarət altında olduğunu bildirdi. O, 31 yaşındadır və 19 aylıq bir uşağın anasıdır. Yayımlanan məlumata görə, sosial mediada adı Vida Muvəhhid olaraq açıqlanan qadın yanvarın 28-də sərbəst buraxılıb.

Keçən günlərdə Tehranın həmin meydanı və İranın bir neçə başqa şəhərində digər qadınlar da Vida Muvəhhidin aksiyasını təkrar etdilər. İndi minlərlə sosial media istifadəçisi artıq “İnqilab meydanındakı qadınlar” hashtag-indən istifadə edir.

Mahmud Bilginin fikrincə, qadınların bu etiraz kampaniyası gələcəkdə baş verəcək daha böyük hərəkatların başlağıcıdır.

“Bu, İslam Respublikasının əsaslarından birini zəiflədən bir hərəkatdır. Çünki bu hakimiyyət əsasında qadın haqlarına qarşı olan bir hakimiyyətdir. Geri bir kişi hakimiyyətidir. Bu etiraz bu hakimiyyəti ideoloji baxımından ciddi problemlərlə qarşılaşdıra bilər,”- deyə, o qeyd edib.

Türk fəallar 2009-cu ildə İranda islahatçıların yönləndirdiyi kütləvi nümayişləri ümumiyyətlə tərəfsiz bir şəkildə izlədilər. Amma, Bilginin söylədiklərinə görə, Azərbaycan Milli Hərəkatının son etiraz dalğaları, o cümlədən qadınlar və yoxsul siniflərin etirazına baxışı fərqlidir.

Demokrat Partiyasının başqanı deyir, “2009 etirazları və indiki etirazlara baxış arasında ciddi fərq var. Çünki, 2009-da hakimiyyətin öz içində olan qüvvələr qarşı-qarşıya gəlmişdi. O, hakimiyyətin iç məsələsi idi. Amma, bir ay öncədən başlanan hərəkətlər İran mərkəzli olsalar da forma baxımında fərqlidir. Bu dəfə hakimiyyətə bağlı olmayan, aclıqdan, ictimai çətinliklərdən və qadınların problemlərindən narahat olan toplum ayağa qalxmışdır.”

Onun sözlərinə görə, “Güney Azərbaycan Milli Hərəkatının qüvvələri bu etirazları başlanğıcda bir müddət səssizcə izlədilər. Amma sonrakı mərhələdə artıq bir eaksiya verməliydik… Bu hərəkat əsasda şovinizmə qarşı olan milli azadlıq hərəkatıdır. Ancaq Güney Azərbaycanda qadınlar, işçilər və işsizlərə də sahib çıxılmalıdır. Bizdə mərkəzə görə işsizlik daha yüksək səviyyədədir, qadınlara basqı da daha çoxdur. Biz bunların etireazına dəstək verməliyik. Milli istəklərimizlə paralel bir şəkildə qadınların məsələlərini və ictimai ədalət məsələsini də gündəmə gətirməliyik.”

Mahmud Bilgin əlavə edir, “biz doğru olaraq türk dili məsələsi ilə yanaşı Urmiyə Gölü məsələsini də gündəmə gətirə bilmişik və toplum da bunu bilir ki, Milli Hərəkat Urmiyə Gölünə sahib çıxmışdır. Milli Hərəkat qadınların, işçilərin məsələləri və digər ictimai məsələlərlə bağlı da bu görüntünü sərgiləməlidir… Keçmişdə biz dəqiq bilmirdik. Belə fikirlər var idi ki, güya qadın hərəkatı milli hərəkatın qarşısındadır. Amma indi bu mərhələni aşmışıq…”

Şərh yeri

şərh

Share Button

Comments are closed.