yeni xəbərlər

Türkün şəxsiyyət vəsiqəsi – “Kitabi-Dədə Qorqud” dastanı!

Fevral 7th, 2018 | by DAK.AZ
Türkün şəxsiyyət vəsiqəsi – “Kitabi-Dədə Qorqud” dastanı!
Türk Dünyası
0

Türk tarixinin ən dəyərli yazılı mənbələrindən biri – DƏDƏ QORQUD EPOSU

APA TV-nin “Səsli tarix” proqramının son buraxılışı tariximizin çağlayan bulağı hesab edilən Dədə Qorqud eposuna həsr olunub. “Dədə Qorqud” eposu dövrümüzə “Kitabi Dədəm Qorqud ala lisani tayfeyi oğuzlar” adı ilə gəlib çıxıb. Yəni, “Oğuz tayfalarının dilində olan Dədə Qorqud dastanları” Bu yaxınlara qədər dastanın tapılma tarixi XIX yüzillik hesab edilirdisə, son tədqiqatlar göstərir ki, hələ XVIII yüzillikdə Avropada bu əsərlə Fleyşer tanış olmuşdu. Sonradan isə dastanın 12 qolu, yəni “Drezden nüsxəsi” və keçən əsrin 50-ci illərində Vatikanda Etoro Rossi tərəfindən aşkar edilən Vatikan nüsxələri gəlib çıxıb. Bu nüsxələrdəki 6 boy Drezden nüsxəsindəki 12 boyla demək olar ki, eynidir. Lakin istər dil üslubu baxımından, istərsə də bəzi əlavələrə əsasən demək olar ki, Vatikan nüsxəsi nisbətən sonrakı dövrlərdə, yəni XV-XVI yüzilliklərdə qələmə alınıb. Hadisələr isə təbii ki, nə XI-XII əsrlərdə, nə də XV-XVI əsrlərdə cərəyan etmir. Dastanın giriş hissəsində belə bir cümlə ilə rastlaşırıq: “Peyğəmbər Əleyhissəlam zamanına yaxın Bayat boyunda Qorqud ata deyilən bir boy qopdu” Bu isə onu göstərir ki, dastanın əsas personajı olan Dədə Qorqud Məhəmməd peyğəmbərlə eyni əsrdə, yəni VI-VII yüzilliklərdə yaşayıb. Hətta bu da qeyd olunur ki, “dövrünün o ki bilicisi idi, qeybdən dürlü xəbərlər söyləyərdi”.  Bu baxımdan inam kompleksinə görə ola bilsin ki, Dədə Qorqud eyni zamanda qədim türk inanclarında mühüm yer tutan şaman funksiyasını yerinə yetirən bir şəxsiyyət olub. Biz onu “alqışı alqış, qarğışı qarğış olan” bir şəxsiyyət kimi də tanıyırıq.

 

“Dədə Qorqud” eposu ilə eyni adlı film arasında hansı fərqliliklər var?

 

Çox təəssüf ki, bizim nə qədər ki, dastanı oxumamışdıq, epos haqqında təsəvvürlərimiz eyni adlı film əsasında formalaşmışdı. Təbii ki, o dövr üçün həmin filmin çəkilməsi çox mühüm bir hadisə idi. Sovet hakimiyyəti illərində, xüsusilə 50-ci illərdə “Dədə Qorqud” dastanına burjua dastanı damğası vurulmuşdu, belə tərif edilən bir dastan  əsasında film çəkilməsi müsbət qiymətləndirilməlidir. Film 70-ci illərdə milli ruhun yüksəlməsinə müəyyən rol oynasa da, bəzən filmdə bədiiliyin artırılması ilə dastanın əsas məğzi üst-üstə düşmür. Hətta personajların özündə də dastanla fərqlilik çoxdur. Məsələn, filmdə Tural obrazı var, dastanda isə belə obraz yoxdur. Qazan xanın oğlunun adı Uruzdur. Digər tərəfdən düşmən obrazının seçilməsi. Oğuzların düşməni kimlərdir? Dastanda oğuzların əsas düşməni Sası dinli adamlar kimi təqdim olunur, filmdə isə düşmən obrazında başqa bir türk xalqını – qıpçaqları görürük. Düzdür, qıpçaqlarla oğuzların arasında toqquşmalar çox olub. Lakin onu dastan səviyyəsinə yüksəltmək, təkcə qıpçaqları oğuzlara düşmən olaraq göstərmək təbii ki, düzgün deyildi. Niyə? Çünki dastanda görürük ki, oğuzların daim döyüşdükləri adamlar ya Qan Abxaz elinin adamlarıdır, ya Sası dinlilərdir. Əsas rəqib də Şəkili Məlikdir. Düzdür dastanın özündə bu ad nədənsə Şöklü Məlik olaraq gedir, əslində bu Şəkili Məlikdir. Bu Şəki də indi bizim Nuxa deyilən ərazi deyil, indi Ermənistan ərazisində qalan Zəngəzurdakı Şəkidir. Bəllidir ki, Məlik titulu haylara aid bir şey deyil. Bu da dastanın mühüm tarixi mənbə kimi dəyərini artırır ki, bu 12 boyun heç birində biz Hay etnosuna, ərmən etnosunun adına rast gəlmirik.

 

Oğuzlarda idarəetmə sistemi: Doqquzlar Şurası, İxtiyarlar Heyəti…

 

Dədə Qorqud dastanlarını təhlil edərkən, birinci növbədə etnik tariximizdən baxımından hadisələrə diqqət yetirməyimiz lazımdır. Bütün dastan boyu Xanlar Xanı və Bəylər Bəyi titulundan söz açılır. Xanlar Xanı deyəndə Bayandur xan nəzərdə tutulur, Bəylər Bəyi deyilərkən isə Qazan xan nəzərdə tutulur. Digər tərəfdən idarəçilikdə 9 qoca iştirak edir.  O qocalardan sadəcə ikisinin adını deyək ki, tamaşaçılara aydın olsun. Uşun qocadan “Səkrək Əkrək” boyunda, Kanqlı qocadan isə “Qanlı Qoca oğlu Qanturalı” boyunda söhbət açılır. Bunlar qoca titulu ilə xatırlanırlarsa, deməli bunlar xaqanın, yəni Xanlar Xanı olan Bayandurun Doqquzlar Şurasının üzvləri olub. Biz bilirik ki, bu cür idarə sistemi türk xalqlarının əksəriyyətində mövcud idi. Həmin tayfalar, məsələn usunlar barədə tamaşaçılarımıza danışmışıq. Mərkəzi Asiyada Uşun xaqanlığı çox böyük xaqanlıqlardan biri idi və Uşun Xaqanlığının varisi olaraq biz sonradan qıpçaqları görürük. Kanqlıların adı isə Fəzlullah Rəşidəddinin kitabında çəkilir, digər tərəfdən isə Kanqlılar peçeneq tayfalarının adlarından biri idi. Yəni Dədə Qorqud dastanları eyni zamanda türkün etnik tarixini ortaya qoyur.

 

“Kitabi Dədəm Qorqud”un tarixi coğrafiyası – BÜTÖV AZƏRBAYCAN

 

Dastanda Dəmirqapı Dərbənd adı çəkilir və “Qazan xanın evinin yağmalanması” boyunda qeyd olunur ki, Qazan xanın Dəmirqapı Dərbənddə çobanı vardı və qoyunları çox idi. Söhbət Qaraca çobandan gedir. Çox vaxt tədqiqatçıları çaşdıran məqam dastanda ikinci bir Dərbəndin adının çəkilməsidir. O da Qara Dərbənd adıdır. Çox təəssüf ki, uzun müddət Qara Dərbənd dedikdə indi Hərbi Gürcüstan yolundakı o aşırım nəzərdə tutulurdu.  Lakin son tədqiqatlar da göstərir ki, Qara Dərbənd deyərkən, Anadolu ilə Azərbaycanın tarixi sərhədləri olan Qara Dərbənd nəzərdə tutulur. Yəni bugünkü Ərzurum-Qars istiqamətində olan ərazilər. Yer adlarına fikir versək, Dəmirqapı Dərbənd, Qara Dərbəndlə yanaşı Dərəşan-Naxçıvan xatırlanır. Digər tərəfdən Gökçə dəniz xatırlanır. Qazılıq dağı xatırlanır. Onu da deyim ki, Qazılıq dağı dedikdə, dastanlarda həm böyük Qafqaz, həm də Kiçik Qafqaz nəzərdə tutulur. Hətta çox vaxt qızlar və gəlinlər üzlərini o dağa çevirəndə, ağzına yaşmaq alardılar. Və bu da qədim türklərdə dağ kultunun olması, dağa inancla bağlı hadisədir. Hətta Avropa qaynaqlarında belə Qafqaza Qazılıq dağları deyiblər. Qədim yunan müəllifləri Prometey ilə bağlı əfsanədə bu əraziləri Qas dağları adlandırırlar. Biz bilirik ki, Kaspi Kas Xəzər tayfaları, yəni Kasların adı ilə olan bir bölgədir. İndi isə tarixi coğrafiyadan danışanda oğuzların fəth elədikləri torpaqların adına fikir verək. Məsələn Bamsı Beyrək haqqında danışlarkən, Hamit və Mardini Basubanalan ifadəsi işlənir. Bugünkü Hamit və Mardin bilirik ki, Anadolu ərazisində yerləşir. Diyarbəkirin adı çəkilir, digər tərəfdən Gəncənin adı xüsusi qeyd edilir. Məsələn “Bəkil oğlu Əmran boyu”nda biz bilirik ki, o Gəncəyə bəy olaraq göndərilir. Gürcüstan tərəfindən gələn xəraclar da buna verilib. Və Dədə Qorqud dastanında deyilir: “Sası dinli Gürcüstan ağzında oturursan”. Burada konkret Azərbaycanın şimal-qərb qonşusu olan Gürcüstan nəzərdə tutulur. Trabzonun adı çəkilir,  Trabzon Təkru olaraq. Dumanın qalası olaraq bugünkü Dimanisin adı çəkilir. Bu əraziləri biz təxmini xəritə üzərində təsvir etsək, bu təbii ki, bütöv Azərbaycanı özündə əks etdirir və Azərbaycanın özünün qədim oğuzlar yurdu olmasını bir daha təsdiq edir.

 

 

Şərh yeri

şərh

Share Button

Comments are closed.