yeni xəbərlər

Xalq artisti Zərnigar Ağakişiyeva Qubada dəfn edilib-VİDEO

Fevral 9th, 2018 | by DAK.AZ
Xalq artisti Zərnigar Ağakişiyeva Qubada dəfn edilib-VİDEO
Video Xəbər
0

Xalq artisti Zərnigar Ağakişiyeva Quba şəhər qəbiristanlığında dəfn olunub.

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, xalq artisti vəziyyətinə uyğun olaraq valideynlərinin yanında torpağa tapşırılıb.

Dəfn mərasimində şimal bölgəsinin mədəniyyət işçiləri, rayon rəsmiləri və sakinlər iştirak edib.

“Qubada dəfn olunmasını vəsiyyət edib. Bütün təşkilati məsələlər Mədəniyyət və turizm nazirinin göstərişi ilə regional idarə tərəfindən həyata keçirilib”.

Xalq artistinin əmisi qızı Ərkinaz Vəliyeva bildirib ki, Z.Ağakişiyeva uzun müddət xəstəlikdən əziyyət çəkib, özünə qapanıb.

“Dekabrda yıxılmışdı. Məni köməyə çağırdı. Ona çay verməyimi istədi, verdim. Sonra yaxşı olduğunu deyərək, evdən ayrılmağımı istədi. Mən qalmaq istəyirdim, qoymadı. Keçən ay bir dəfə də belə vəziyyət olmuşdu. Telefonlara cavab vermirdi. Sonra telefonu götürdü, dedi ki, danışmaq istəmir. Onda da həkim briqadası, polis gəlmişdi. Qapını açmadı. Elə bil, bu günü gözləyirdi. Mən müalicə üçün Neftçilər Xəstəxanasını nəzərdə tutmuşdum, amma getmədi. Özünə qapanmışdı. Binanın süpürgəçisi və gözətçi ilə danışırdı. Sonra onları da yaxına buraxmadı”.

Qeyd edək ki, aktrisanın meyiti dünən Bakıda yaşadığı mənzildə FHN xilasediciləri tərəfindən aşkarlanıb. Tanınmış teatr və kino aktrisası Zərnigar Fəti qızı Ağakişiyeva 1945-ci ildə Quba rayonunun Rustov kəndində doğulub. 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyoru” fakültəsini bitirib.

Bir müddət Tədris Teatrında aktrisa kimi çalışan Z.Ağakişiyeva rejissor Əşrəf Quliyevin dəvəti ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 19 may 1973-cü ildə A.Ostrovskinin “Müdriklər” dramında Mamayeva rolunu oynayıb. 1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub.

Zərnigar Ağakişiyevanın kino və teatrda yaratdığı obrazlar (Fəxrəndə xanım – İ.Əfəndiyev “Mahnı dağlarda qaldı”, Zivər – Anar “Təhminə və Zaur”, Kərbəlayi Fatma – C.Məmmədquluzadə “Ölülər” və digərləri) tamaşaçılar tərəfindən həmişə maraqla qarşılanıb. O, 1982-ci ildə əməkdar artist, 2000-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. 2014-cü ildə “Şöhrət” ordeni ilə təltif edilib. Prezident təqaüdçüsü idi.

Allah rəhmət eləsin!

Videonu bu linkdən izləyə bilərsiniz:http://apa.tv/video/46609

Şərh yeri

şərh

Share Button

Comments are closed.