yeni xəbərlər

“Türk xalqları üçün bir ortaq ünsiyyət dili qəbul oluna bilər”

Fevral 14th, 2018 | by DAK.AZ
“Türk xalqları üçün bir ortaq ünsiyyət dili qəbul oluna bilər”
DAK
0

“Yeni Müsavatın əməkdaşı bu dəfə Vətəndaş Həmrəyliyi Partiyasının qərargahına baş çəkib partiya sədri, xalq şairi Sabir Rüstəmxanlının qonağı olub. Onunla hazırki fəaliyyəti, gündəmin əsas mövzuları, xüsusən də prezident seçkiləri və müxalifətin seçki hazırlıqları ilə bağlı mövzular ətrafında söhbət edib.

– Sabir bəy, əvvəlcə sizin fəaliyyətinizdən başlayaq… Necəsiniz, işləriniz, səhhətiniz necədir?

– Hər şey qaydasındadır. Şairin, yazıçının əsas işi yazı-pozudur. Bu işimiz davam edir, yeni yazılar yazılır, kitablarım çap olunur. Növbəsini gözləyən başqa yeni kitablar da var. O cəhətdən rahatam. Bu gün çap olundu-olunmadı fərq etməz, ürəyim istəyəni yazmağa çalışıram. Əhvalımız da cəmiyyətin əhvalına, xalqın  əhvalına uyğundur. Dünyada baş verən hər şey bizim içimizdən keçir. Mənim bir şeirim də var –  “Zaman məndən keçir”…

Ürəyim bir qaçqın düşərgəsidir,
Keçir körpələrin göz yaşı məndən…

Bir vaxtlar belə yazmışdım. Bütün qələm adamlarının ürəyi əslində bir ötürücüdür. Cəmiyyətin və dünyanın bütün ağrıları oradan keçib gedir.

– Sabir bəy, indi cəmiyyətimizə baxanda daha çox sevinc hiss edirsiniz, yoxsa ağrı?

– Narahatlıq… Gələcəyimizlə bağlı, milli taleyimizlə bağlı, dövlətçiliyimizlə bağlı daha çox narahatlıq hiss edirəm. Qarabağ boyda bir problemin həll olunmaması sevincin bütün qapılarını bağlayır.

 – Bildiyiniz kimi, bu ilin 11 aprel tarixində prezident seçkiləri keçiriləcək. Ölkənin siyasi həyatında  qaynar bir dövr başlayır. VHP sədri olaraq siz bu prosesdə necə iştirak edəcəksiniz, partiyanız seçkilərə hansı formada qatılacaq?

– Bu elə gözlənilməz bir qərar oldu ki, onun ardınca bizim qərar qəbul etməyə hələ vaxtımız olmayıb. Cəmiyyət üçün də gözlənilməz oldu. Bununla bağlı müəyyən öngörülər də var idi ki, seçki vaxtı dəyişdirilə bilər. Çünki Rusiyada, Ermənistanda seçkilər yazda keçirilir, bizdə isə payızda keçiriləcəkdi. Bu arada bir boşluq yaranır. O boşluq faktiki diplomatik əlaqələr üçün qapalı olur. Ona görə də, bu məsələlərin uyğunlaşdırılmasının özü də bir məntiq idi. Bilmirəm, təkcə ona görəmi seçki aprel ayına təyin olundu? Səbəbləri bizə bəlli deyil. Hansı mülahizələrlə seçkinin vaxtı payızdan yaza  doğru dəyişdirilib, bilmirəm.  2025-ci ildə parlament  və prezident seçkilərinin eyni vaxta düşməsindən, qonşularla münasibətlərə qədər çoxlu səbəblər gətirilir. Bunların hansı hakimiyyətin bu qərarı qəbul etməsi üçün daha əsas olub – onu da deyə bilmərəm. Əlbəttə, bu həm də  müxalifəti qəfildən yaxalamaq, qanunda nəzərdə tutulan 3 ay müddətini növbədənkənar seçkilər üçün 2 ay ilə əvəz etmək idi. Hamımız üçün qəfil oldu. Qərar qəbul etmək çətindir. Təkcə “mən seçkilərə qatılıram, iştirak edəcəyəm”-  deməklə  iş bitmir. Seçkilərdə iştirak partiya fəaliyyəti üçün çox vacibdir. Ancaq öncədən sonu görərək və sürpriz kimi ortaya çıxan, vaxtdan uğurlu istifadə edə bilməyəcəyini anlayaraq seçkilərə qatılmaq da asan bir iş deyil. Ən azından bunun imza toplamaq prosesi var, texniki tərəfləri var. Bütün bunlar şərtdir və bu şərt mütləq nəzərə alınmalıdır. Ona görə də, biz hələ ki, qərar qəbul etməmişik. Seçkinin yazda, yoxsa payızda olacağı cəmiyyəti o qədər də maraqlandırmır. Bizim kimi siyasi dairələri narahat edir, ancaq cəmiyyət bilir ki, seçki nə ilə nəticələnə bilər.

– Deputat Qüdrət Həsənquliyev müxalifətin seçkilərə vahid namizədlə qatılması ideyasını irəli sürüb. Sizcə, müxalifət seçkiyə necə getməlidir? Vahid namizəd modulu bu dəfə uğurlu ola bilərmi?

– Biz illədir ki, müxalifəti, öz çevrəmizi birləşə bilməməkdə günahlandırırıq. Bu faktdır ki, Azərbaycan müxalifəti öz problemlərini özü yaradıb. Üstəgəl, bu problemlər indi yaranmayıb, təxminən 25 il ərzində yaranıb. Burada şübhəsiz hakimiyyət dairələrinin apardığı açıq və gizli siyasətin də rolu var. Beynəlxalq təşkilatların da təsiri var. Milli xarakterimizin və psixologiyamızın da rolu var. Bəzi başqa maraqlar da rol oynayır. Ancaq fakt odur ki, müxalifət bu gün param-parça bir vəziyyətdədir. Son seçkilərdə dəfələrlə vahid namizəd, birlik çağırışları olsa da, birlik yarana bilmir. Hakimiyyət də bundan çox böyük ustalıqla istifadə edir. Ona görə də bu gün biz hər hansı bir buna bənzər şüarla ortaya düşsək ki, gəlin birləşək və iki ay ərzində bu birliyə nail olaq, vahid namizədlə ortaya çıxaq – bu çox çətindir, hətta mümkün deyil.

 

– Vaxt məsələsini kənara qoysaq, sizcə hazırda müxalifətin birləşmək iradəsi varmı?

– Ötən il bir neçə dəfə ölkənin çox ciddi problemləri ilə bağlı biz partiyamızın  qərargahında konfranslar keçirdik. Müxalifət liderlərinin əksəriyyəti   də tədbirlərimizə  gəldilər. Bu görüşlərdən birinin məqsədi o idi ki, biz tədricən  aradakı buzları əridib bir-birimizə yaxınlaşa bilək. Ancaq gördüm ki, çox  çətindir. Heç kim öz iddiasından əl çəkmək istəmir, heç kim  yaranmış təhlükənin nə dərəcədə böyük olduğunu dərk etmək istəmir.  Hər kəs uçurumun dərinliyini görür, hər kəs bilir ki, Qarabağ məsələsi var, bu ölkənin problemləri var. Ölkənin beynəlxalq imici məsələsi var, bu imici dəyişmək lazımdır. Azərbaycanın 1988-ci ildən sonra formalaşmış  bir xarakteri var idi – mübariz, demokratik dəyərlərə sadiq bir xalq obrazı var idi. Şərqdə ilk respublikanı yaratmış bir xalq obrazı var. O obrazı bərpa etmək üçün müəyyən bir addımlar atılmalıdır. Bu addımı ancaq bir  yerdə atmaq olar, aydın bir taktika ilə. Hər kəs öz iddiasından keçməlidir, incikliyi bir kənara qoymalıdır, milli maraqları əsas götürərək yaxınlaşmağa can atmalıdır. Çox təəssüf ki, bunların heç biri  müxalifətə təsir göstərmir. O zaman insanın ürəyində inanmaq istəmədiyin  bir çox şübhələr baş  qaldırır, həmkarlarının, bir yerdə oturduğun adamların nəyə  xidmət etdiyi səni təəccübləndirir. Biz kimin qarşısında borcluyuq, kimin qarşısında öhdəliyimiz var ki, aradakı bu uçurumları dəyinləşdiririk? Bu təkcə siyasi partiyalar arasında deyil. İqtidarla müxalifət arasında yaranmış düşmənçilik özü də  Azərbaycanın gələcəyi baxımından son dərəcədə yanlış bir yoldur. Bunun qarşısı alınmalıdır. Hətta dəyişiklik istəyən qüvvələrin özü də, müxalifətin özü də bilməlidir ki, Azərbaycanın gələcək seçkilərində uğur qazanmağın bir yolu da əslində hakimiyyətlə əməkdaşlıqdan keçir. Birbaşa ölkə başçısı ilə olmasa da, o partiya  ilə  milli problemlərə həsr olunmuş dəyirmi masa arxasında müzakirələr aparılmalıdır. Bu müzakirələr iki yerə bölünmüş bir millətin övladları olaraq aparıla bilməz. Burada hakimiyyət  və müxalifət partiyaları bir araya gəlməlidir. Bir vaxtlar dialoq keçirilirdi, həmin ənənələr bərpa olunmalıdır. Gələcək hakimiyyətin təməli hökmən indiki hakimiyyətin içində atılmalıdır. Ondan kənarda olsa, hətta hakimiyyət dəyişikliyi olsa belə gələcəkdə yeni münaqişələr üçün zəmin hazırlanacaq.

– Sabir bəy, yəqin ki, siz də hiss etmisiniz, müxalifət düşərgəsində sanki həm rəqib partiyalara, həm iqtidara, həm mətbuata, həm də cəmiyyətin özünə qarşı bir aqressiya var. İqtidarı anti-demokratik olmaqda ittiham edən müxalifət özü belə mətbuatın kiçik bir tənqidinə dözmür, hücuma keçir. Bu aqressiyanın səbəbi nədir? İllərin uğursuzluğudur, yoxsa?..

– Şübhəsiz ki, bir səbəb illərin uğursuzluğudur. İkinci səbəbi Qarabağda torpaqlarımızı itirməyimizdir. Bu təkcə müxalifəti yox, bütövlükdə cəmiyyəti aqressivləşdirir,  insanların içini qəzəblə doldurur. Haqsız məğlubiyyət qəzəb yaradıb. Biz üzbəüz döyüşdə uduzmamışıq, böyük  qüvvələrin, Ermənistana yardım edən SSRİ rəhbərliyinin , Rusiyanın təzyiqi ilə torpaqlarımızı uduzmuşuq. Bir vaxtlar Cənubi Qafqazda Azərbaycan torpaqlarında  Ermənistan vilayətini quran şimal qonşumuz, ardınca da  Qarabağı alıb Ermənistana bağışlamaq xəttini tutub. Bəlkə də Rusiya özü birbaşa qatılmayıb, ancaq dövlətin içindəki erməni hərbçiləri, və ya Rusiyanın siyasətində ciddi rol oynayan erməni əsillilər kömək edib və biz torpaqlarımızı itirmişik. Bütün bunlar, haqsızlıqla üzləşmək, dünyanın ikili siyasəti cəmiyyətdə aqressiya yaradır.  Ancaq bunun bir sonu da olmalıdır. Mən illər uzunu iqtidar mətbuatında bir o qədər söyülməmişəm, nəinki müxalifət mətbuatında. Bir-birimizə qarşı bu münasibət nədir? Ona görə insanlar bir araya gəlməkdən qorxurlar. Bir ara bizim partiyanın qərarı da var idi ki, heç bir birliyə qoşulmayacağıq. Çünki birliklər süni şəkildə yaranır, yalançı bir birlik üçün hamı bir araya gəlir, görüntü yaradılır, ancaq arxada yenə hər  kəs öz düşmənçilik siyasətini güdür. Sosial mediada   milli maraqlarımızla bağlı bir yazı ortaya qoyanda da, daha çox savadsız və cahil şəxslərin  təhqirləri ilə üzləşirsən. Bu təhqirlər də daha çox bizim  müxalifət düşərgəsindən gəlir.

– Bunun səbəbi nədir?

– Bunların bir hissəsi cahillikdən gəlir. Ancaq bir hissəsi də bilərəkdən, bəzən liderlərinin təhriki ilə, başqası kiçilsin, mən böyüyüm psixologiyası ilə edilir. Bunun da nəticəsi olmaz. Mən bir millətin içində aqressiyanı qəbul etmirəm. Bu bizim gələcəyimiz üçün böyük təhlükədir. Bu il Azərbaycanın Şərqdə ilk olaraq qurduğu Demokratik Cümhuriyyətin 100 illiyidir. Bu cümhuriyyəti quranların tərcümeyi-halı gözümüzün qabağındadır ki, onlar hansı çətinliklərdən keçiblər, necə ağır şərtlərlə dövlət qurublar. Bu gün Azərbaycanın gələcəyini düşünən adamlar öz şəxsi iddialarını bir kənara qoyub gələcəyi düşünməlidirlər.

Bu gün Azərbaycanın ən böyük dərdlərindən biri sevgisizlikdir. Millət bir-birinə sevgisini itirib, bir-birinə salam vermək , halını soruşmaq istəmir. Cəmiyyət  sanki gözləyir ki, birinin ayağı büdrəsin və ac qurd kimi onun üstünə tökülsünlər. Rəhmdillik, xeyirxahlıq, mərhəmət hissi zəifləyib. Bütün bunlar siyasətdən uzaq söhbətlər olsa da, siyasi mühitimizin də ab-havasını müəyyənləşdirən məsələlərdir.

 – Son vaxtların ən aktual mövzularından biri də AMEA-nın Orfoqrafiya lüğətində dəyişiklik etmək cəhdi oldu. Nədənsə dildə istənilən dəyişiklik cəmiyyət tərəfindən tənqidlə, hətta aqressiya ilə qarşılanır… Azərbaycan Dil Qurumunun rəhbəri olaraq siz bu prosesi necə qiymətləndirdiniz?

– Cəmiyyətin bu reaksiyası onu göstərdi ki, insanlar dilimizin taleyi ilə bağlı narahatdır. Dillə bağlı hər hansı məsələ gündəmə gələndə, aidiyyəti oldu-olmadı, dilin bütün problemlərini ortaya qoyurlar. Əslində Orfoqrafiya qaydalarının müzakirəsi dilin problemi deyil, dilçilik elminin problemi idi. Bu alimlər arasında müzakirə olunmalı idi. Görünür, dillə bağlı cəmiyyətdəki narahatlıq və onu müzakirə edən alimlərin, o mühitin öz içindəki qarşılıqlı münasibətlər müzakirəni konfliktə çevirdi.  Ortaya lazımlı-lazımsız yazılar çıxdı. Ancaq bu tendensiya səngidi. Biz də bəyanat verdik və bildirdik ki, Orfoqrafiya qaydalarının müzakirəyə çıxarılması müsbət bir haldır. Bundan əvvəl də orforqafiya lüğətləri müzakirə olunub, hazırlanıb. Təxminən ötən əsrin 20-ci illərindən bəri ötən 90 il ərzində bu barədə çox danışılıb. Yazı qaydaları hətta Mirzə Fətəli Axundzadədən bəri gedən bir prosesdir. Heç birində bu ictimai müzakirəyə verilməyib. Bu ilk dəfə idi baş verirdi, Akademiyanın bu addımına sevinmək lazımdır. O cümlədən AMEA da sevinməlidir ki, dil məsələlərinə cəmiyyət bu qədər həssasdır. Verilən təklifləri də nəzərə alıb ciddi müzakirə etməlidirlər. Bizim dilimizin çox mükəmməl qrammatikası var. Amma bunların hamısının yazıda əksini tapması və ya müəyyən sözlüklərdə nəzəriyyəyə çevrilməsi prosesi hələ davam edir. Dildə gedən dəyişikliklərdən qorxmaq lazım deyil.

– Sabir bəy, insanlar yeni sözlərin yaranmasına, alınma sözlərin Azərbaycan türkcəsində ifadə olunması prosesinə də birmənalı yanaşmırlar. Bu prosesə müqavimət göstərirlər…

– Mənim bir yazım var: “1937-ci il repressiya havası və ya faşizm”. Azərbaycanda bir qəribə ab-hava var. Ərəb kökənli bir sözü götürüb, demirəm ki, Türkiyə türkcəsinə, öz dilimizin hər hansı bir qədim sözü ilə əvəz ediriksə, o  dəqiqə mətbuatda hay-küy başlayır ki, amandır, qoymayın, bizim ana dilimizi korlayırlar, onu türk sözləri ilə əvəz edirlər. İndiyə kimi ərəb-fars sözləri, rus sözləri, Avropa sözləri gəlib, heç kim deməyib ki, dilimiz əlimizdən gedir. Ancaq bir sözün türk dilində qarşılığını tapanda narahat olurlar ki, dilimizi türk dilinə çevirmək istəyirlər. Əvvəla, elə bu dilin özü türk dilidir, türk dillərinin bir qoludur. İndi ərəb sözləri insanlara o qədər doğmalaşıb ki, onu dəyişmək istəmirlər. Dilə xidmət edən söz qalsın, buna etiraz etmirik. Ancaq o söz ki dilə yatmır, insanlar “müvəffəqiyyət”, “nöqteyi-nəzər” deyə bilmir. Bunun yerinə “uğur” deyir, “baxım” deyir. Bu “baxım” sözünün Türkiyə türkcəsinə nə aidiyyəti var, bu bizim öz sözümüzdür. Hətta Türkiyə türkcəsində də buna uyğun hər hansı yaxşı söz varsa, biz ilk növbədə bizə qohum olan, doğma olan dildən yeni sözləri götürməliyik. Gedib yeni sözləri Avropada axtarmalı deyilik. Mənim bununla bağlı təkliflərim var, 1992-ci ildə çap olunub. Bizim Terminologiya Komitəsi yeni söz yaradıcılığında, dilimizə yeni sözlərin qəbul olunmasında ilk növbədə Türk dilləri arealına baxmalıdır. Orada uyğun söz varsa, götürməliyik, uyğunlaşdırmalıyıq. Buna kimi ayrılıqlar çox olub. Bundan sonrakı dövrdə Türkiyə türkcəsi, Özbəkistan, Türkmənistan türkcəsi – bunlarla termin məsələlərini, yeni texnologiyanın gətirdiyi terminləri imkan daxilində uyğunlaşdırmaq lazımdır. Bu uyğunlaşdırma  getdikcə sözügedən dilləri bir-birinə yaxınlaşdıracaq. Mən bu prosesə ortaq dil yaratmaq kimi baxmıram. Süni surətdə ortaq dil yaratmaq mümkün deyil. Türk xalqları arasında ortaq dildən yox, ünsiyyət dilindən söhbət gedə bilər. Bu ünsiyyət dili ilə bağlı artıq siyasi qərar olmalıdır. Türk dünyasında 7 türk dövləti var, başqa muxtar respublikalar da var. Bunların bir-birini gələcəkdə daha yaxşı anlaması üçün hökmən bir ortaq ünsiyyət dili qəbul oluna bilər. Mənim düşüncəmə görə, bu dil Türkiyə türkcəsi ola bilər, çünki bütün dünya ədəbiyyatı o dilə tərcümə olunur. Böyük ənənələri var. Türkiyə türkcəsini biz Azərbaycanda və bütün türk respublikalarında xarici dil kimi öyrənə bilərik. Necə ki, ərəb, fransız, alman dillərini  öyrənirik, qoy 2-3 il də Türkiyə türkcəsini öyrətsinlər. O zaman 5-10 ildən sonra yeni nəsil bir-biri ilə üz-üzə gələndə,  qazaxla, özbəklə, türkmənlə Azərbaycan türkü üz-üzə gələndə artıq rus dilində danışmayacaqlar, bildikləri dildə danışacaqlar. Bu çox vacibdir.

– Acınacaqlı məqamdır ki, Türk dünyası ölkələrinin qurultaylarında belə tədbirlər rus dilində keçirilir, dünya türkləri bir-birini anlamaq üçün rus dilində danışır…

– Bu, böyük bir bəladır və qeyd etdiyim yolla aradan qaldırıla bilər. Ancaq bəzi adamlar, indi də Moskva xiffəti ilə yaşayanlar bu prosesin qarşısını almağa çalışırlar. Buna ayrı bir don geyindirmək istəyirlər. Bu nə pantürkizmdir, nə özünü başqa xalqlara qarşı qoymaqdır. Ərəblərin xoşbəxtliyindən 14 əsr bundan öncə Quran yaranıb və onların vahid ümumi ədəbi dili kimi qəbul olunub, ədəbi dili formalaşdırıb. Bizim üçün o missiyanı “Kitabi-Dədə-Qorqud” oynaya bilərdi, başqa tarixi abidələr oynaya bilərdi. Ancaq təəssüf ki, olmadı. Lakin yenə də türklərin ümumi ünsiyyət dili yarana bilər və bu şans daha çox Türkiyə türkcəsindədir. Bu qaçılmaz bir prosesdir. Biz Türk Birliyindən, Türk Konseyindən, Türk akademiyasından, TÜRKSOY-dan danışırıqsa – bunlar türk dövlətlərinin başçılarının gələcəyə yönəlmiş layihələridir. Türk birliyinin həm iqtisadi, həm mənəvi-mədəni birliyi  gələcəkdə siyasi birliyə çevrilə bilər. Bu, bir Turan yaratmaq deyil, ilk növbədə bölgənin kənar müdaxilələrdən qorunmasıdır. Bu bölgəyə Çin də, Rusiya da, İran da, Amerika da göz dikib. Halbuki buranın sahibi var və o bizik. Dünyanın ən böyük enerji ehtiyatı olan, ən gözəl bölgəsi olan bu yerləri qorumaq üçün, xalqımızı, varlığımızı qorumaq üçün biz yaxınlaşmağa, birləşməyə can atmalıyıq, buna ehtiyacımız var. Bu – bir strategiyadır. Bunu görməyən kordur, ya da öz millətinin düşmənidir. Bu yolla  bizi xırda-xırda parçalayıb, hərəmizi bir tərəfdə assimilyasiya edib yoxa çıxartmaq istəyirlər. Necə ki, Sibir xalqları assimilyasiyaya uğrayıb getdi, o cümlədən biz də birləşməsək, əriyib onun-bunun mədəsində gedəcəyik. Gələcəkdə bizdən heç nə qalmayacaq. Dünya kürəsəlləşir, böyük güclər yavaş-yavaş kiçik gücləri udurlar.  Ona görə də, Türk varlığı dünya mədəniyyətinin kökündə dayanan xalqlardan biri olaraq gələcəyə getməlidir, yaşamalıdır. Onun da yolu ancaq bu birlikdən keçir.

– Türkiyədən söz düşmüşkən, qardaş ölkə sanki böyük bir oyunun ortasındadır. Afrin əməliyyatının Türkiyənin ən böyük uğuru olacağını deyənlər də var, ölkəni çətin vəziyyətə salacağını deyənlər də. Siz bu prosesi necə dəyərləndirirsiniz?

– Mənə görə Türkiyənin ayrı yolu yox idi. Təhlükəli yoldur, oyundur, adını nə qoyursunuzsa qoyun. Yol gedirsən, qabağına uzun, dərin bir arx çıxıb. Davam edə bilmək üçün sən bu arxı tullanmalısan. O arxa ayağın büdrəyib düşsən də çalışıb çıxacaqsan. Hazırda Türkiyəni mühasirəyə almaq siyasəti gedir. Əgər Orta Doğu xəritəsini göz önünə gətirsəniz, “Böyük Kürdüstan” qurulur, bu Kürdüstan Güney Azərbaycandakı Urmiya gölünü də içinə almaqla Naxçıvandan, İraqın şimalından, Suriyanın şimalından keçib Ağ dənizə kimi gedir. Bununla da Türkiyənin Qafqaza və İslam aləminə gedən bütün yolları bağlanır, Türkiyə öz tarixindən təcrid olunur. Dünyanın belə bir siyasəti var. Bunun adını Orta Doğu projesi qoy, bu bölgənin dövlətlərini parçalamaq qoy, guya burada yaşayan bəzi xalqların müstəqillik arzularına yardım etmək qoy – nə istəyirsən de. Fakt odur ki, bunun sonunda Türkiyəni parçalamaq, dağıtmaq siyasəti dayanır. Vaxtilə üç qitəyə hökm edən Osmanlı dövlətini həmin böyük güclər bölüb-parçalayıb Anadoluya sıxışdırdılar. İndi Anadoludan da sıxışdırmaq istəyirlər. Bəziləri açıq deyir ki, türklər buradan çıxıb Mərkəzi Asiyaya getsinlər, gəldikləri yerlərə qayıtsınlar. Guya türklər oradan gəlib, oraya da qayıtmalıdırlar. Halbuki İstanbulun özündə neçə min il əvvələ aid türk izləri tapılıb. Yəni kimin haradan gəlib haraya getməli olduğu mübahisəli bir məsələdir. Belə bir vəziyyətdə Türkiyə nə etməlidir? Böyük dövlətlər- Amerika və Avropa dövlətləri guya dünyada demokratiya üçün təhlükə yaradır adı ilə, guya onların dövlət maraqlarına ziddir adı ilə bütün qitələrdə müharibə aparıblar, ancaq heç kim onları ittiham etməyib.

Amerika Vyetnama girib, Əfqanıstana girib, İraqa girib, indi də Suriyadadır. Rusiya bu gün Suriyadadır, Fransa da oradadır. Dünyanın güclü ölkələri hara istəyirlərsə, asanca bəhanələr tapıb ora girirlər, müharibə də aparırlar. Heç nəzərə də almırlar ki, İraqda 2 milyon mülki insan niyə qırıldı, bunun günahkarı kimdir? Ancaq Türkiyə bir vətəndaşın burnunun qanamasına icazə vermədən terrorçularla mübarizə aparır. Niyə Amerika özü Vyetnam, İraq, Əfqanıstan savaşının cavabını vermir, Türkiyəyə deyir ki, sən sərhədindəki terrorçunu təmizləmə. O terrorçu Türkiyə sərhədindən 100 metr kənarda dayanıb və raketləri birbaşa Türkiyə ərazisinə atır. Türkiyənin dinc vətəndaşları, qadınları , uşaqları ölür. Türkiyə nə etməlidir? Mən demirəm ki, indi Türkiyə torpaq iddiasında olacaq, yox. Ancaq bu torpaqların çoxu tarixi Türkiyə ərazisidir. Ərbil və Mosul da Türkiyə ərazisi idi,  ingilislərin xəyanəti ilə İraqda qaldı, halbuki Türkiyə ərazisi idi. Şimali Suriya deyilən yerlərdə yaşayanların böyük bir hissəsi türkmənlərdir.

Ancaq türkmənlər terrorçuların təzyiqi altında qalıblar. Məncə, Türkiyə bu əməliyyatı ilə təkcə özü üçün yox, bütövlükdə Avropa üçün yetişən böyük bir təhlükənin qarşısını almış oldu. Türkiyənin bu addımı dünyaya xidmətdir, dünyadakı sülhə xidmətdir. Terrorun qarşısını almaq hər bir dövlətin borcudur. NATO soyuq savaşdan sonra əsas hədəflərdən biri olaraq terrora qarşı  mübarizəni seçib. NATO ölkələrindən biri olan Türkiyə terrora qarşı vuruşur.  Bəs yerdə qalanlar niyə terroru müdafiə edirlər? Deməli, burada ədalət prinsipi, haqq prinsipi, dünyanın təhlükəsizliyi prinsipi yoxdur. Burada Avropa ölkələrinin hikkələri var ki, biz nə istəyiriksə Türkiyə onu qəbul etməlidir. Türkiyə isə qəbul etməməmlidir. Əgər normal bir dövlət kimi yaşamaq istəyirsə, öz iradəsini ortaya qoyub onu davam etdirməlidir. Türkiyənin sərhədləri ətrafındakı terrorçulara Amerika niyə o qədər silah göndərir, nə marağı var? Mən Türkiyənin indiki hakimiyyətinin bir çox addımlarını qəbul etməsəm də, bu gün atılan addımı dəstəkləyirəm. Çünki Afrindəki o istehkamları, o hərbi qurğuları, texnikanı görürük. Bu Türkiyənin iki addımlığıdır. Digər ucu da gedib Ağ dənizə çıxır. Türkiyə ərazisinin üstündən, Xatay bölgəsinin üstündən keçir. Bu məsələyə Türkiyə səssiz qala bilməzdi…

 

Şərh yeri

şərh

Share Button

Comments are closed.