Müzakirə

16px11px
16.07.10 16:34 HANSI DÜNYADAN SÖHBƏT GEDİR

Professor Qulamrza Səbri Təbrizi sərhəd tanımayan oxucularının mütaliəsinə yenicə təqdim etdiyi “Pozulmamış dünya” adlı şeirlər toplusunun ilk bələdçisi olmaq səlahiyyətini bu sözlərə etibar etmişdir:
“... kitabda şair Qulamrza Səbri Təbrizinin müxtəlif vaxtlarda çap olunmuş “Vətən həsrəti”, “Mənim iki dünyam”, “Fikir dalğaları”, “Həyat fəlsəfəsi”, “Sönməz ocaq”, “Ümid çırağı”, “Qürbət harayı”, “Xudafərin”, “Səssiz haray”, “Sahilsiz dəniz” və başqa kitablarına uşaq və gənclərlə bağlı şeirləri toplanmışdır”.
Kitabı mütaliə edərkən ilkin olaraq belə bir sorğuya cavab vermək yolunu seçdim: Şairin bundan qabaq işıq üzü görmüş qələm məhsulları ilə şeir sevərləri yenidən görüşə dəvət etməsi hansı zərurətdən doğmuşdur? Mənə belə gəlir ki, bu sorğunun çox qənatəbəxş və məqbul səslənən cavablarından biri bu sözlərdə ifadəsini tapardı:
Vətənin yetişməkdə olan övladlarının sadəcə müşahidəçisi olmaq poeziyasında durub dayanmaq istəməməsidir. Cəmiyyətin həyatı ilə əlaqədar meydana gələn ictimai-siyasi hadisələrə nüfuz etməyi, onlar barədə düşündüklərini oxucuları ilə bölüşdürməyi yaradıcılığının baş qayəsi hesab etmişdir. Vətəndə və onun sərhədlərindən kənarda doğma xalqının həyatı ilə əlaqədar baş verənlər barədə müasir təfəkkürlə izahına vətəndə bu gün dünəndən daha artıq ehtiyac vardır. Hakim dairələrin cəmiyyətdə yaratdıqları belə bir ruhiyyə bu gün də davam edirsə həqiqi sənətin sükut yolunu seçməsi ədəbi-mədəni və ictimai sosioloji baxımdan məqbul hesab edilə bilməzdi.
Dövrümüzün görkəmli ədəbiyyatşünasları və tədqiqatçıları professorun bu sahədə tutduğu mövqeyi həmişə diqqət mərkəzində saxlamışlar. Topluya “Ön söz” yazmış professor Qara Namazovun mülahizələri diqqəti xüsusilə cəlb edir. O yazır: “Qulamrza Səbri Təbrizinin uşaqlar və gənclər üçün yazdığı şeirlər onun zəngin yaradıcılığında özünəməxsus yerlərdən birini tutmaqdadır”.
Maraqlısı burasıdır ki, şair bir söz sərrafı və sosioloji araşdırmalar ustası kimi milyonları təşkil edən uşaqların və cavanların onun şeirləri barədə özünün izahlarına ehtiyac duyduqlarını hiss etmiş və bu barədə bəzi mülahizələrini oxucuları ilə bölüşdürmək yolunu seçmişdir. O, toplunun ilk səhifəsində dərc olunmuş “Uşaqlara və gənclərə” ünvanlı yığcam təqdiminin bir yerində yazır:
“Uşağın enerjisi çox yükəskdir, ancaq təəssüflər olsun ki, bu enerjidən istifadə olunmadığı üçün hədərə gedir. Əvəzində uşaqlar sıxılır, təzyiq altına salınır, ictimai-siyasi problemlərin hədəfinə çevirlir”.
Yeri gəldikdə yaradıcılığna yaxşı bələd olduğu, haqqında dərin və geniş həcmli, məzmunlu elmi əsər yazdığı görkəmli İngilis pedoqoqu, şairi, filofosu Vilyam Bleykdə ustad kimi istifadə edir. Müəllifin həmin yazısında Bleykdən gətirdiyi sitatın məna və məzmununa diqqət edək. O, yazır: “Con yuxuda görür ki, məlaikə gələrək uşaqları əmtəə kimi satılmaq bəlasından xilas edir. Bu, uşaqlarda ümid yaradır”.
Şairin bir fikri də oxucusunu dərin düşüncə aləminə sövq edir. Geri qalmış ölkələrdə demokartiya olmadığından azad düşüncəyə yer yoxdur. Belə bir mühitdə qələm sahibinin hansı yolu seçdiyi barədə o yazır:
“Əsl yazıçı bu məqamlara diqqət yetirməlidir. Çünki Şərq ölkələrində uşaqların azrularını ifadə etmək imkanları çox məhduddur, ona görə də bunu ədəbiyyat vasitəsi ilə gerçəkləşdirməyə ehtiyac duyulur. Modern ədəbiyyat uşağın yeni dünyasından yazmağı bacarmalıdır”.
Müəllifin oxucularına yenicə təqdim etdiyi kitabı barədə düşüncələri də çox mənalı səslənir. O yazır:
“Pozulmamış dünya” adlı şeirlər toplusu onların sirrli, sehirli özünəməxsus dünyasının bir sıra bənzərsiz məqamlarını əks etdirir”. Bu, hər söz sənəti yolçusuna müyəssər olmayan bir yaradıcılıq qüdsiyyətidir. Yəni sənətkarın qəlbi deyəni söz ünvanlı elçisinin gerçəkliyə çevrilməsi xüsusi qabiliyyət və zəngin yaradıcılıq təcrübəsi tələb edir. Bu baxımdan “Pozulmamış dünya” kitabının müəllifini xoşbəxt söz ustaları pledayasına daxil etmək əlbəttə, ədalətli rəy olardı. Bu təsdiqin məntiqindən dərhal belə bir sorğu baş qaldırır: -Niyə və etibarlı hesab ediləcək hansı əsaslara görə?
Məncə, ən ümdə əsaslardan biri millətin, vətənin xoşbəxtliyi naminə hətta dünyanın ən qiymətli neməti olan həyatını belə fəda etməyə hazır olmasıdır. Bu elə qüdsi bir amaldır ki, şair dünyadan köçdükdən sonra da ona qismət olmuş bir məzarlıq vətən torpağını belə doğma yurdun balalarının şənlik meydançasına çevirməyə hazırdır:
Mən öləndə qəbir daşı –
Salmayın üstümə.
Aparmayın məzarıstana,
Geniş bir meydanda
Basdırın məni.
Uşaqlar oynasınlar üstümdə.
Şairin köksündə əbədi yaşarlıq hüququ qazanmış bu ülviyyət onu bir ovuc torpağa, bir əsimlik nəsimə, yada çiskin və yağışa dönüb vətən torpağına qarışmağı səadət kimi qiymətləndirir. Şairin ülviyyət hesab edilməyə layiq olan bu istəyi onun “Həsrət”, “Vətən”, “Məmləkətim”, “Qürbətdə” və digər şeirlərində dolğun poetik həllini tapmışdır.
Mən buna inanıram ki, obyektiv varlığa və müxtəlif əxlaq normalarına münasibət doğuran baş ustad onların yaşayıb yaratdıqları mühit, vətən ünvanlı ustaddır. Dünyada həyata göz açdığı torpağa, böyüyüb boy atdığı diyara, bəşərin yer üzünün tanrısı hesab etdiyi anaya məhəbbətdən məhrum olan insan övladının kəşfinə çıxmaq mənasız axtarış olardı. Lakin yaşadıqları mühitin xalqlarda formalaşdığı bu məhəbbət arasında bərabərlik işarəsi qoymaq doğru olmazdı. Ictimai və şəxsi həyatında dolanbac yollardan keçməli olmuş şair Qulamrza Səbri Təbrizinin ümumiyyətlə analara, xüsusilə anasının şəninə bəstələdiyi poetik mahnılar məndə həmin mövzuya olan münasibətə yenidən qol qanad verdi. Bu uçuşun başlıca hədəfi isə qələmimin həmin mövzuya münasibətində daha ülvi məsləki əldə rəhbər tutmasından ibarət oldu. Mənsub olduğu xalqın övladlarının ana məhəbbətini yeni zirvələrə ucaltdı. Bu iddianı təsdiq etmək üçün topludan istənilən sayda poetik özül tapmaq olar. Mən onlardan yalnız “Anamdan doymadım” ünvanlı bir poetik nəğməsinin poetik nəfəsini oxucuların məclisinə dəvət etmək istərdim. Avropadan anasının görüşünə gələn şairin bir qənaəti bundan ibarətdir:
Hər zaman Avropadan
Vətənə dönəndə
Düşünmüşəm: kaş bir hadisə
Baş verə dünyada
Ayrılmayam anamdan.
Başqa poetik bir detal. Ayrılıq günlərində oğlunun yolunu dərin intizar içərisində gözləyən ana iztirabın həllində daha əzablı yol seçir.
-Daha gəlmə.
Gəlirsən gedəndə ayrılığına
Dözə bilmirəm.
Gələndə dünyanı gətirirsən,
Gedəndə ruhumu alıb aparırsan
Haqqında söhbət açmaq istədiyim poetik kəşfin ünvanı belədir: “Bağ dibində bağlanmış it”.
Əvvələn orasını xatırladım ki, şairin poeziyasından söhbət açan elə bir araşdırıcıya rast gəlmədim ki, nadir tapıntı şöhrətini qazanmış bu əsəri haqqında rəyini oxucuları ilə bölüşdürməsin. Hansı səbəblərə görə? Bu həqiqi istedad sahiblərinə nəsib olan bir xoşbəxtlikdir. Belə bir mülahizə şöhrətin indi də əldən verməmişdir: Səməd Vurğun əgər təkcə “Azərbaycan” adlı şeirini yazmış olsaydı yenə də XX əsr Azərbaycan poeziyasının ən şöhrətli nümayəndələrindən biri şöhrətini qazanardı.
Məni bu fikrin izi ilə qoşmağa sövq edən şair Qulamrza Səbri Təbrizinin “Bağ dibində bağlanmış it” ünvanlı qələm məhsulu oldu. Səbəb isə uzun-uzadı izah tələb etmir. Şair bu misralarının poetik məntiqi ilə dövrünün rüşvətxorlarının, məmləkətin mənafeyini yadlara satan xainlərin bəd əməllərindən yaratdıqları komalara elə bir od vurmuşdur ki, o heç vaxt sönən deyil. Necə və hansı ovqat ilə?
-Mən heyvanam – deyir,
Insan deyiləm ki,
Zəncirləmisiniz məni.
Nə rüşvət yemişəm,
Nə kazino açmışam,
Nə məmləkətimi
Yadlara satmışam...
Azad olmaq istəyirəm,
Insan deyiləm ki,
Zəncirləmisiniz məni.
Buraxın, Azad olmaq istəyirəm.
Şair Qulamrza Səbri Təbrizinin poetik zəka aləmində qüdrətli qanadları ilə fəzalarda uçuşunu davam etdirən ilham pərilərindən birinin ünvanı belədir: Vətənə məhəbbət.
Geniş izaha ehtiyac yoxdur ki, bu poetik aləmdə formalaşmış bir ünvan şöhrətini qazanmışdır. Lakin millətin yaşadığı ömür-gün, ictimai-siyasi həyat onun aşqarını müəyyənləşdirən məharətli sərraf olmuşdur. Bu baxımdan Güney xalqı təkcə XX əsrdə illərin çərçivəsinə çətin sığışan bir ömür yaşamışdır. Ötəri olsa da xatırladaq: Məşrutə hərəkatı, Səttərxan hərəkatı dövrü, Xiyabani hərəkatı, 21 Azər inqilabı və sairə.
Təbii ki, bütün bu hərəkətlər vətənə, onun şöhrəti, şanı çərçivəyə çətin sığan Bakı-Təbriz kimi şəhərlərinə məhəbbəti formalaşdırmaqda öz imzasını qoymuşdur. Bu meyl Qulamrza Səbri Təbrizinin şöhrəti zəmanəsinin çərçivəsinə sığmayan Bakıya həsr etdiyi misralarında əsrin övladının odlu-alovlu məntiqi kimi səslənir. Şairin poetik dünyasında Bakı vətənin müstəqillik bayrağını həmişə yüksək tutan, onun şöhrətini dünyaya yayan bir bahadır olmuşdur. Ən ümdəsi haqq və ədalət uğrunda, Güneydə daim hədə-qorxulara məruz qalan istiqlaliyyət və milli mədəniyyəti dar gözlərin hədələrindən xilas etmək yollarında tarixi zəfərlər qazanmışdır. Şair Qulamrza Səbri Təbrizinin poetik lirası bu uğuru öz kökündə səslənən poetik nəğmə kimi ötmüşdür. Doğrusu, mən həmin mövzuya həsr etdiyi “Bakı şəhəri” ünvanlı şeirini öz ölçü biçisində səsləndirdiyi ən uğurlu poetik nəğmələrindən biri hesab etdim:
Alıram Təbrizimin ətrini,
Eşqini, sevgisini səndən
 Məhəbbətli, qonaqsevər insanların
Ilham verir şeirimə.
Anam oldun,
Açdın kilid vurulmuş,
Susdurulmuş dilimi
Yenidən qaytardın məni həyatıma,
Dilimə, mənliyimə.
Erməni ekstremistlərinin alışdırdıqları xəyanət və təcavüzkarlıq atəşi təkcə Azərbaycanın səfalı guşələrindən olan Qarabağı deyil, bütün Azərbaycanı, dünyanın sağlam düşüncə qabiliyyətinə malik olan insanlarını qəzəb və nifrət atəşində yaxmaqdadır. Bu heç də gözlənilməyən bir hal deyil. Cəmiyyətin indiki inkişaf mərhələsində bir xalqın milli sərhədlərinə təcavüz etmək, onun torpaqlarını zor və başqalarının havadarlığı ilə işğal etmək təbii ki, xəyanət və qəsbkarlıqdan başqa ayrı ünvanla qiymətləndirilə bilməz.
Arazın o tayında ömür sürən güneyli həmvətənlərin bu od-alov içərisində ömür sürən, doğmalarının yaşadıqları iztirablı və həyəcanlı günlərin törətdiyi narahatlıqların əzabını öz çiyinlərində hiss edirlər. Bu sıraya, Haşım Tərlan, Sönməz, İmran Səlahi, Müzəffər Derəfşi, Həbib Fərşbaf, Həsən İldırım, Eldar Muğanlı kimi şairlərin qələm məhsullarının nəfəsi çox aydın duyulur. Diqqəti cəlb edən bir həqiqət də ondan ibarətdir ki, dünyada baş verən hadisələri bir filosof şair məsləki ilə dərk edən, araşdıran Qulamrza Səbri Təbrizinin səsi həm ölkə daxilində həm də onun sərhədlərindən uzaqlarda çox qayım eşidilməkdədir. Şairin sənətkar qayəsinin tərənnüm üçün seçdiyi poetik səliqəsi oxucu üçün çox munis səslənir:
Bu yuxu deyil,
Həqiqətdi inanın.
Verməsə düşmən torpaqlarımı,
Qoymaram Irəvanda, Ermənistanda bu zalımları.
Sürərək zülmət yaran
Tankımla sülh yolunda.
Erməni təcavüzkarlarının öz bədnam həyat salnamələrində yazdıqları Xocalı soyqırımı əsrimizin ən qanlı səhifələrindən biri kimi qiymətləndirildi. Erməni ekstermistləri özlərinin çirkin, qanlı əlləri ilə Xocalıda törətdikləri faciəni əsrin ən namərd soyqırımları ilə yan-yana qoyanlar bir yox, min dəfə haqlıdırlar. Böyük Ermənistan yaratmaq xülyasının nadanlıq ocağının od-alovlu içərisində nankorlar xalqımızın alın təri, qollarının zəhməti ilə abad bir diyara çevirdikləri bu torpaqda nə ahılından utandılar, nə cahıllarının həyatına hayıfları gəldi. Dünyanın hadisələrinə sağlam düşüncənin gözü ilə baxmağı bacaran qələm sahibləri Azərbaycanın abad guşələrindən olan bu məntəqədə naxələf qonşuları törətdikləri faciənin ünvanını çox dəqiq müəyyənləşdirdilər - Erməni Soyqırımı.
Şair Qulamrza Səbri Təbrizinin özünəməxsus çox ədalətli baxışı var. Onu ən çox qəzəbləndirən varlığı qandan və cinayətdən yoğrulmuş hadisədən özlərinin mənafeləri xatirinə bəhrələnmək istəyənlərin də ermənilərin öz zurnalarında çaldıqları havanın ritminə uyğun əl-qol açıb süzən tapıldı. Belələrinə qarşı sənətdə yaratdığı ədalət məhkəməsinin çıxardığı hökmün ilk bəndi belə səslənir:
Məni pul qazanmaqdan ötrü
Körpü eləməyin.
Mən həyatımı boş yerə verməmişəm...
Şəhidlərimlə qürur duyuram...
Eşidəcəksən səsimi
Hər doğulan uşaqda,
Şəhidlər ölməyirlər –
Diridirlər həyatda.
Məncə, bu baxış heç də yanlış səslənməzdi. Həyatın şairə verdiyi yaradıcılıq qabiliyyəti onun cəmiyyət hadisələrinə həssas münasibəti ilə birgə doğulur. Inamla deyə bilərəm ki sinəsində belə həssas qabiliyyətə malik olmayan ürək döyünən adam övladı bir yarpağın budağından qopub torpağa düşməsindən, bir körpənin hıçqırığından, bir gözəlin süzgün baxışından bəşəri mənalar oxuya bilməzdi. Bu həqiqətlərin tərənnümü ilə oxucunun köksündə tufan qopara bilməzdi.
Bu deyilənlərlə açıqlamasını nəzərdə tutduğum mətləb üçün özül yarada bildiyim qənaətindəyəm.
Mən bu inamdayam ki, Qulamrza Səbri Təbrizi xatırlatdığım həyat həqiqətləri və övladlarına həsr etdiyi əsərlərində hakim olan mənalar və onların yüksək dəyərli poetik nümunələr kimi təqdim etmək qabiliyyəti olmuşdur. Şair demək olar ki, övladlarının hamısına şeir həsr etmişdir. Professor rütbəsi qazanmış qızı Saraya, Minaya, Leylaya, oğlanları Camala və Kərimə çox səmimi və uğurlu səslənən şeirlər həsr etmişdir. Övladlarına həsr etdiyi şeirlərinin hamısının sifarişçisi onların yaşadıqları şərəfli həyat, elm, təhsil sahəsində qazandıqları uğurlar olmuşdur.
Təbii ki, qızı Leylanın çox nakam həyatla vidalaşması şairin köksündə elə bir təəssüf ocağı alışdırmışdır ki, o nisgili hər dəfə xatırlayanda şair atanı daha kəskin şəkildə təəssüf atəşinə yaxır:
Gecə Londonun başı
Üstündə ulduzlar,
Qara buludları gözlərinə sıxıb,
Hönkür-hönkür ağlayır,
Londonda başıma daşlar yağır,
Mənim dərdim necə dözülməzdir,
Necə ağır.
Mən Leylamı itirmişəm.
Şairin köksündə doğan ağrı və sızıltının siqləti ölçüyə gəlməyən bir səbəbi də vardır. Onun bu yanğısına həsr etdiyi misralar bir şairin varlığının sərhədlərini aşaraq nəsil-nəsil vətənin mərd və mübariz övladlarının taleyinə çevrilir:
Qərib şəhərin,
Qərib küçələrin nə vecinə ki,
Bir şərqli gözəlin bu dünyaya
Gözləri qapandı.
Bir şərqli atanın ruhu alışdı,
Yandı...
Mən harda ağı deyim,
Harda car çəkim,
Mən Leylamı itirmişəm!
Təbiətin amansızlığı şairi az qala sarsılacaq həddə çatdırdığı kimi övladlarının qazandqıları uğurlardan fərəhlənməyi də bacarır. Bu yerdə şairin təbiətindən doğan bir alicənablıq hissi az qala sərhədlərinə sığmayan bir ümmana çevrilir. O, qızı Leylanın fərağından doğan əzabları yalnız özü daşımaq qərarına gəlir. Qızı Saranın qazandığı uğurların sevincini bütün xalqı ilə bölüşdürmək yolunu seçir. Şair bu qüdsiyyəti ifadə etmək xəmirəsi humanizm və ülvi bəşəri hisslərdən yoğrulmuş, xalqına, vətəninə məhəbbətdə öz rəngi və rayihəsi olan misralarına həvalə edir:
Qızım, böyütdün sən –
Təbrizin adını dünyada...
Istəyirəm deyəm, sağ ol qızım,
Ucaltmısan əzəmətli –
Vətənin adını
Bütün dünyada.
Şairin yaradıcılıq aləmində öz təmənnasız əməkləri və pak məhəbbətləri ilə həyatında iz buraxmış insanları hərarəti səngimək bilməyən bir məhəbbət vardır. Bu əlbəttə, hər insan oğlunun köksündə asanlıqla yuva tapa biləcək insanlara ülvi bəşəri hissə yer olmalıdır. Onun misraları müəllifin zəngin daxili aləmində özlərinə yüksək mövqeyə malik münasibətə yer tapmaqda çətinlik çəkmirlər. Bu baxımdan “Zəhra nənə”, “Süd anam Humay” adlı şeirləri müqəddəs qayələri və yüksək amalları ilə oxucu qəlbini fəth etməkdə çətinlik çəkmirlər. Şairin son qərarı isə belə səslənir: o günlərdən uzun illər keçməsinə baxmayaraq:
Hələ də daşıyırıq hər birimiz
Bu qayğıkeş qadının
Məhəbbətini ürəyimizdə.
Dünyanın müxtəlif ölkələrində - bu sırada Böyük Britaniyada, yaşayıb yaratmağa imkan tapmış şairin müşahidəçisi olduğu məmləkətlərin elmi-fəlsəfi və ictimai mühitləri haqqında çox real və obyektiv səslənən mülahizələri vardır. Xalqının vətənpərvərliyi barədə şairin qənaətləri son dərəcə xoş təsir bağışlayır. Təbii ki, bir söz sərrafı kimi onun ən etibarlı həmkarı qələmindən süzülüb gələn saf və pak misraları olur. Çox mürəkkəb və siqlətli ictimai əxalqi çəkiyə malik olan problemləri, o cümlədən xalqının qonaqpərvərliyi haqqında mülahizələrin belə onun sağlam niyyətli misraları aydın və müdrik şəkildə ifadə etməyin öhdəsindən bir fədai qətiyyəti ilə gəlir: Dəyişmərəm Təbrizin bir palçıq evini –Britaniyadakı sarayıma!
Vətəndən uzaq düşmüş insanların ayrılıq və həsrət dərdi yükünü daşımaq tarix boyu bu əzaba mübtəla olanların sinələrində qovr edən yanğının atəşindən uzaq düşməsindən yarım əsrə yaxın bir müddət keçsə də onun bir sorğusu yenə cavabsız qalır: Yarəb, kim ayırdı məni - əziz vətəndən?
O bu gün də bir sənətkar təkidi ilə sorğusuna cavab axtarır.
Burası bir həqiqətdir ki, şairin ədəbi və nəzəri təyinatlarına sadiq olduğu poeziyanın baş qayəsi vətənin azadlığa və xalqı ağ günlərə çağırışdan yoğurmuşdur. Əslində bu ünvanı poeziya adlanan yaradıcılıq üslubu yolçuları üçün müqəddəs amal hesab edilmişdir. Qulamrza Səbri Təbrizi poeziyasını həmin qatarın ən sadiq və dözümlü-davamlı sərnişinlərinin ön cərgəsində gedənlər sırasında addımladığnı iddia etmək böyük bir həqiqəti etiraf demək olardı. Bu baxımdan şairin “Oyanın” ünvanlı əsəri sağlam təfəkkürə bol-bol material verir.
Mən şeirlə əlaqədar irəli sürülmüş və sürülə biləcək sorğulara şeirin misralarının məntiqi ilə cavab verməyi ən ədalətli və qənaətbəxş hesab edirəm:
Oyan, gözəl Təbrizim!
Oyan, əziz xalqım!
Səhər açılıb, səhər açılıb...
Gün təzədən doğulub
Oyanın – Qəhrəman həmvətənlərim!
Bu heç bir tərəddüdə və inkara yeri olmayan bir həqiqətdir. Əsl sənətin başlıca qaynağı, tükənməz doğum çeşməsi real həyatdır. Sübuta və isbata azacıq belə ehtiyac yoxdur ki, dünyanın görkəmli korifeylərinin yaratdıqları sənət abidələri nümunələri üçün real həyatdan aldıqları cücərməyə qadir toxumların aparıcı rolu olmuşdur. Bu həqiqəti Qulamrza Səbri Təbrizinin yaradıcılıq aləmində də şahidi olmaq heç bir çətinlik törətmir. Topluda şairin güneyli balaların həyatları və taleyləri üçün çox xarakterik olan “Atası zindanda olan təbrizli uşaq” adlı bir qələm məhsulu da dərc edilmişdir. Mən deyərdim müəllif bu şeirinin poetik məntiqi ilə necə deyərlər, bir oxla iki quş vurmuşdur. O, həm doğma ana dilinin dargəz hakim dairələr tərəfindən yasaq və qadağanları məruz qalmasından söz açmış, həm də bu məhrumiyyətlərdən əzab çəkənlərin heç vaxt susmadıqlarının şahidi kimi çıxış etmişdir:
Öyrəndim atamın hər il
Həbsə alınmasının səbəbini.
Atam istəyirmiş məktəb açsın –
Ana dilində.
Bu zalım dövlət
Buna görə də atamı çəkirmiş –
Məhkəməyə, işgəncəyə
Ta susdursunlar dilini Təbrizdə
Mən şairin “Pozulmamış dünya” adlı şeirlər toplusu barədə sözümü uşaqların əhatəsində olduqları mühitə çox ayıq ölçü-biçi ilə yanaşan, mühitin mahiyyətini müdrik baxışları ilə tərənnüm edən şeiri ilə sona çatdırmaq istərdim. Şair “Cinayət” adlı əsərində uşağın çox can yandırıcı bir sual ilə atasına müraciət etməsindən söz açır. Bəs mətləb nədən ibarətdir? Bu sorğuya dolğun və müdrik cavabı misrların özlərinin verdikləri qənaətindəyəm.
Uşaq yaşadığı cəmiyyətdə onu bir doyumluq çörək, bir geyimlik libas ilə təmin etmək üçün çəkdiyi əzab üçün atasına belə bir sorğu ilə müraciət edir:
Cinayət etmisən, ata!
Məni bu dünyaya gətirməkdə!
Bir tikə çörəyə,
Baş əyirsən hər kəsə..
Ata, niyə gətirmisən məni
Belə dünyaya?
Uşağın yaşadığı mühitin ictimai, siyasi, iqtisadi, sosial mahiyyəti barədə söz açılmasa da hər şey aydındır. Cəmiyyətin bütün sərvəti, siyasi rejimin ölkəni idarə etmək sükanı arxasında ədalət, insaf məfhumuna biganə olan, yalnız ciblərini güdən insan simalı məxluqların dayandıqları mühitdə təkcə böyüklərə deyil, xoşbəxtlik üçün əzəmi qayğıya ehtiyacı olan balaların hansı təmin olunmuş həyatlarından danışmaq olar?
Mənə belə gəlir ki, filosof şairin oxucularının mütaliəsinə təqdim etdiyi “Pozulmamış dünya” adlı kitabının baş qayəsini məhz bu sorğuya cavab vermək amalı təşkil edir. Dövrümüzün sağlam və obyektiv təfəkkürlü insanı qane edə biləcək CAVAB.

Sabir Nəbioğlu,
Filologiya elmləri doktoru.

Bu xəbər 53 dəfə oxunub







» 2010-09-08 14:32 - AZƏRBAYCAN BAYRAQLARI (Cümhuriyyətdən üzü bəri)

» 2010-09-08 13:42 - Heydər Əliyev Fondu ABŞ Konqresinin kitabxanası ilə əməkdaşlıq edəcək

» 2010-09-08 13:38 - Ermənistanın xarici işlər naziri İrana səfər edəcək

» 2010-09-08 13:35 - CƏNUBİ KOREYA İRANIN 102 ŞİRKƏT və MÜƏSSİSƏSİNƏ SANKSİYA QOYUB

» 2010-09-08 13:34 - BMT GUAM məkanında dondurulmuş münaqişələrə dair qətnamə qəbul edib

» 2010-09-08 13:32 - "İki hərbçinin meyitinin qaytarılması məsələsi Ermənistandakı görüşlərdə qaldırılacaq"

» 2010-09-08 12:07 - Mərənd şəhərində divarların üzünü azadlıq şüarı bürüyüb

» 2010-09-08 11:59 - Dahi Azərbaycan bəstəkarının yubileyi Vyanada qeyd olunacaq - səfir

» 2010-09-08 11:56 - İran Bayraq Meydanımıza Pərçəm Meydanı ilə cavab verdi

» 2010-09-08 11:54 - Azərbaycanlı qadın Ramazan ayından sonra edam ediləcək

» 2010-09-08 09:26 - “NABUCCO” layihəsi üzrə ciddi irəliləyiş

» 2010-09-08 09:13 - BMT-də işğal olunmuş ərazilərlə bağlı qətnamənin müzakirəsinin vaxtı dəyişdirildi

» 2010-09-08 09:12 - İRAN NÜVƏ MÜFƏTTİŞLƏRİNİ SEÇMƏK HÜQUQUNA MALİK OLDUĞUNU BİLDİRİR

» 2010-09-08 09:09 - BAKIDA ORTAQ TÜRK ƏLİFBASINA KEÇMƏK ÜÇÜN ÇAĞIRIŞLAR SƏSLƏNİB

» 2010-09-08 08:59 - Dünya Azərbaycanlıları Konqresi Gənclər Təşkilatının Bakı Şəhər İcra Hakimiyyətinə Müraciəti

» 2010-09-07 14:07 - Agentlik İranın nüvə fəaliyyətindən narahatdır

» 2010-09-07 14:01 - AZƏRBAYCANLI TƏLƏBƏLƏRİ ALİ TƏHSİLDƏN MƏHRUM ETDİLƏR

» 2010-09-07 09:36 - MAQATE-nin İranla bağlı gizli sənədi üzə çıxıb

» 2010-09-07 09:14 - Bu gün hamının diqqəti BMT-yə yönələcək

» 2010-09-07 09:10 - Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası yaradılacaq