“Əcəlin əlindən aldıq onları”

by Samir Asadli

20 Yanvar faciəsinin 34-cü ildönümü ərəfəsində Bakı qırğınının başlandığı “20 Yanvar” meydanının 5 addımlı­ğında yerləşən Respublika Klinik Xəstəxanasında olduq. Həmin günlərin şahidi – Gülnaz Mehdiyeva ilə o qanlı-qa­dalı anları xatırladıq. O, ortopediya və travmatologiya şöbəsinin baş tibb bacısıdır. Hadisələrin ən qaynar nöqtə­sində olub desək, yanılmarıq. 41 ildən bəri burada çalışan həmsöhbətim 34 il əvvəlki o müdhiş günlərə qayıdır:

– Xalqımız üçün ağır olan o günlər getsin, bir də dönməsin. Bugünkü müstəqilliyimizin ilk sa­vaşından üzüağ çıxan oğullarımız bizim baş tacımızdır. Xəstəxanada 20 Yanvar faciəsinin şahidlərin­dən indi az adam qalıb. “O gecəni necə xatırlayıram”,– deyə soru­şursunuz? – Çox ağrılı… Evimiz 9-cu mikrorayonda idi. Atəş səsləri gecənin sükutunu pozanda, artıq bildik ki, şəhərə yeridilən qoşun etiraz məqsədilə tankların qaba­ğına çıxanları atəşə tutub. Səhər obaşdan qardaşıma dedim ki, məni xəstəxanaya çatdır. Yolboyu gör­düm ki, “Şamaxinka” adlanan əra­zi, 20 Yanvar dairəsi qan içindədir.

İşə çatanda məni vahimə bü­rüdü. Qızlar, qadınlar, bir-birinə qarışmışdı. Hamısının üst-başı qan içində yaralı daşıyırdı. Tibb bacıla­rı Südabənin, Lalənin və digər kiçik tibb işçilərinin necə böyük canfə­şanlıqla, ağlaya-ağlaya yaralı daşı­dıqları hələ də gözümün önündədir. Ağacların dibində, künc-bucaqda yaralanıb qalanları Südabə göz yaş­ları içində, “sizə bu uşaqlar neylə­mişdilər, ay cəlladlar” – deyə-deyə çiynində gətirirdi. Xəstəxanada işıq yox idi. Lampa, şam işığında əmə­liyyatlar aparırdılar. Hemotoloqlar, cərrahlar, ortopedlər, bir sözlə, bü­tün həkimlər səfərbər olunmuşdu. 5 mərtəbənin hamısındakı əməliy­yat otaqları yaralı ilə dolmuşdu. Bir xəstənin əməliyyatı bitirdi, çıxarıb növbəti xəstəni içəri alırdılar. Dəh­lizlərdə yaralı əlindən tərpənmək mümkün deyildi. İşıq olmadığın­dan, kimin daha çox qan itirdiyini seçmək belə olmurdu.

Həmin gecə bacımın həyat yol­daşı Fərahim Mahmudovu da qolun bazu sümüyünün güllə yarası ilə xəstəxanaya gətirmişdilər. Bütün üst-başı qan içində idi. Həkimlər rentgenə ehtiyac duymadan onu da lampa işığında əməliyyat etdilər, qoluna şvift qoydular. Çünki sü­mük çox zədə aldığından, mil sınıq­ları saxlaya bilməzdi. O, ömrünün sonunadək həmin şviftlə gəzdi.

Biz o günlərdə nələr görmə­dik… “Zaporojets”in üstündən keçən tank maşını tamamilə əzmiş­di. Təsəvvür edin ki, içəridə Nazim Ələkbərov adlı sürücü qol-qıçında­kı sınıqları, əzikləri nəzərə alma­saq, sağ qalmışdı. Nə kəllə-beyin travması vardı, nə daxili qanaxması olmuşdu. Deməli, onun qismətin­də hələ yaşamaq varmış. Bilirəm ki, Nazim Ələkbərov o günlərin acı xatirəsi olaraq, həmin maşını olduğu kimi indiyədək həyətində saxlayır.

O vaxt ortopediya və travmato­logiya şöbəsinin müdiri vardı, Şofiq Əhmədov. O, digər həmkarları ilə əsil qəhrəmanlıq nümunəsi göstər­dilər. Natiq Əliyev, Natiq Əhmə­dov, Həsən Abdullayev yorulmaq nədir bilmədən, həmin gecə və son­rakı günlərdə istirahətsiz xəstələrin qulluğunda durdular. Qeyd edim ki, Natiq Əliyev həm də 1-ci Qa­rabağ müharibəsinin veteranıdır. Həmin müharibədə ayağından zədə alıb. Hemotoloq Fuad Əfəndiyev gecə-gündüz cərrahlarımızla birgə yaralılara yardım etdi. O vaxtdan 34 il keçib. Həm həmin həkimlər indi işləmir, həm də soyadlarını unutmuşam. Amma o günlər bütün xəstəxanada çalışanların bir amalı vardı: yaralılara lazımınca xidmət göstərmək. Vətənin müstəqilliyi uğrunda qanlarından keçənlərə bu, bizim vətəndaşlıq borcumuz idi, həm də peşəmiz bunu tələb edirdi.

Ağır yaralıları xatırlayan həmsöhbətim deyir ki, yardım və əməliyyat edilənlərdən dünyasını dəyişən olmasa da, ayağı, qolu amputasiya edilənlər vardı. O, həmin günlərdə şəhərdə gəzmə­yin də təhlükəli olduğunu xatır­layır: 

– “Şamaxinka”dan yaralıları maşınla gətirirdilər. Qubalı Əfqan vardı. Deyirdi ki, maşınla gəlirdik. Hər tərəfin qan olduğunu gördüm. Qapını açıb maşından yerə düşən­də atəş açdılar. Güllə onun sağ budunu parçalamışdı. Xəstəxana­ya gətirilən yaralılardan kimsə həyatını itirmədi. İlk tibbi yardım göstərilənlər də vardı. Yüngül ya­ralananlardan şəhərdə yaşayanlar da yer çatmazlığı səbəbindən yar­dım göstəriləndən sonra evlərinə gedirdilər. Bir gün sonra xəstəxana­ya generator qoydular. Şöbəmiz 70 nəfərlikdir, amma biz ora 150 yaralı yerləşdirmişdik. Dəhlizə adyalları, matrasları yerə atıb xəstələri ora uzadırdıq. Həmin gecə yaralılardan xəbər tutan yaxınları xəstəxanaya axışmışdı. Qışqırtı, ah-nalə, ağlaş­ma səsləri yadıma düşəndə əhvalım dəyişir. …5 sutka ev üzü görmədim, yuxu bilmədim, burada qaldım.

O anda fikrimə gəldi ki, so­ruşum: “Sonralar heç o yardım göstərdiklərinizdən rastlaşdı­ğınız oldumu?” Gülnaz xanım fikrimi oxuyurmuş kimi söhbəti dəyişdi:

– Yenicə ailə qurmuşdum. Bir dəfə həyat yoldaşımla bir taksiyə mindik. Güzgüdən sürücü mənə tanış gəldi, amma yoldaşıma görə susdum. Sonra özümü saxlaya bil­məyib dedim: “Sən Raufsan?” Qa­yıtdi ki, Gülnaz xanım, mən sizi o dəqiqə tanıdım. Utandım deməyə. Yoldaşımla tanış oldu. Sonralar uzun müddət get-gəlimiz oldu. Qu­badan Əfqan adlı bir yaralımız var­dı. Toyuma da gəlmişdi. İndiyəcən də ailəvi əlaqələrimiz var. Onlar öz­lərini ölümün ağuşuna atmışdılar.

O gün bizim müstəqilliyə ge­dən ilk addımımız atıldı. 20 Yanvar bizim şərəf və qürur günümüz, qan yaddaşımızdır. Həmin gün azadlıq üçün can verənlərin övladları bizə 3 il öncə böyük zəfəri yaşatdı.

Zərifə BƏŞİRQIZI

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK