Əziz oxucular, yeni yaratdığımız “Baxış bucağı” rubrikasında tanınmış söz-sənət adamlarının ədəbiyyat, mədəniyyət və incəsənətlə bağlı fikirlərinə yer verəcəyik. İlk söz yazıçı, naşir, pedaqoq Şəmil Sadiqindir.
Filologiya üzrə fəlsəfə doktoru – Şəmil Sadiq “Hədəf” nəşriyyatının direktoru, Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin sədridir. Bir sıra elmi monoqrafiyaların, şeir, hekayə, roman və tarixi pyeslərin müəllifidir. Əsərləri türk, rus, alman, fars, türkmən dillərində nəşr olunub. Onun “Ədəbiyyat nədir?” sualına cavabını təqdim edirik.
– “Ədəbiyyat nədir?” sualını eşitdiyi zaman bir anlıq bütün bəşəriyyətin taixini, mədəniyyətini, fəlsəfəsini gözünün qabağına gətirməyə çalışır insan. Çünki bu gün bizim sadəcə bədii əsər deyib oxuduğumuz nümunələrin sayəsində əsərin əhatə etdiyi çağın bütün mühitini görmüş və yaşamış oluruq.
Yazılı ədəbiyyat daim bir ideologiyanın aparıcı maşını olub. Bu ideologiya maşınları mütərəqqi də ola bilər, mürtəce də. Çünki insan həqiqətləri və ya həqiqət kimi qəbul etmək istədiklərini yüksək səviyyəli təqdimatla qəbul etmək və həzm etmək istəyir. Zövqlə hazırlanıb təklif edilən istənilən qida şüur altında “həzm edə bilmərəm” fikrindən tamamilə uzaq olur. Həzm zamanı nə qədər əziyyət çəkilsə də, təqdimatdan aldığın xoş duyğular səni o qədər rahatlayır ki, reallıqdan uzaq olursan. Ədəbiyyat da adətən siyasi, iqtisadi, dini ideologiyaları sözün zərif və yumşaq naxışları ilə bəzəyib təqdim etməklə məşğul olur bəzən. Lakin bütün bunlarla yanaşı, “Ədəbiyyat nədir?” sualına cavab vermək istəsək, ədəbiyyat həyatdır, – deyə bilərik.
Tarixi mənasından uzaqlaşaraq artıq sadəcə ədəb qaydaları yox, insanı təqdim edir ədəbiyyat. Bu insan Nəsiminin lirik qəhrəmanı, Cavidin Şeyx Sənani kimi müdrik də olur, Füzulinin Məcnunu kimi ilahi eşq fədaisi də, Nizaminin Şirini kimi səmimi də, Cəlilin Şeyx Nəsrullahı kimi fırıldaqçı da, Cavidin İbn Yəmini kimi məkrli və şər ideyaların carçısı da. Klassik ədəbiyyat insanın nəfsini də, arzularını da – istər müsbət, istərsə də mənfi olsun – pərdə altında, ən yaxşı halda tül pərdə altında təqdim etməyə cəhd edirdisə, günümzdə yaranan yeni ədəbi cərəyanlar ədəbiyyata bir sənət kimi baxaraq, daha çılpaq formada təqdimatı alqışlayır. Lakin çılpaqlığın özünün belə cəmiyyətdə yaratdığı assosiasiya o qədər də xoş deyil, tükürpədicidir, itələyicidir. Bu baxımdan ədəbiyyatın həyat həqiqətlərini ifadəsindəki məcaziliyinə daima ehtiyac duyulur, reallıqla xülyaların sintezinin vəhdətdə olması arzulanır.
İnsan duyğularının carçısı anlamını da daşıyan ədəbiyyat bəzən bu duyğuların düşməni rolunda da çıxış edir. İnsan duyğularına ən güclü təsir mexanizminin sadəcə söz olduğunu nəzərə alsaq, ədəbiyyatın ideologiyaların ən böyük silahı olduğunu görərik. Təsadüfi deyil ki, bütün peyğəmbərlərin şair olması, Tanrı sözünün şeirlə, avazla insana çatdırılmasını tarixdə görmüş oluruq. Şeir bir zamanlar bu gün dilimizdə işlənən ədəbiyyat ifadəsinin sinonimidir. Bütün peyğəmbərlərin, təriqət başçılarının kütlələrə xitabı şeirlə, rəvayət və əfasənələrlə olmuşdur ki, bu da ədəbiyyatın gücündən xəbər verir.
Bu gün ədəbiyyat ifadəsi səsləndikdə müəyyən formalarda, çərçivələrdə yazılan şablon əsərlər nəzərdə tutula bilməz. Ədəbiyyat dedikdə sərhədsiz arzular, sərbəst düşüncə məhsulu, zövq oxşayan mətnlər olmalıdır. Ədəbiyyat həyat həqiqətlərinin carçısı olduğu üçün onun ədəbiyyat olmasını şərtləndirən əsas amil ədəbiyyatın mədəniyyət, tarix, sənət, fəlsəfə, əxlaq qaydaları olmasıdır.