Bu sətirlərin müəllifi peşəkar jurnalistikanı ondan öyrənib. 17 yaşımda ilk dəfə Sumqayıtda onun yanında işləmiş, bədii publisistik yazılarını heyranlıqla oxuyub, özüm də onun kimi yazmağa çalışmışam. Bu günlərdə 85 yaşı tamam olan gözəl qələm sahibi Feyzi Mustafayev sevimli və unudulmaz şairimiz Əli Kərimin sumqayıtlı dostu, simsarı idi. Əli Kərim nə qədər orijinal şair idisə, o da bir o qədər ustad publisist idi.
Onun xatirə gecəsinə gedə-gedə düşünürdüm ki, düz 50 il öncə tanış oplduğum Feyzi müəllim yaşca məndən 2 dəfə böyük idisə, yazı-pozu işində 100 dəfə artıq idi. Yaxın dostu Əli Kərim erkən dünyasını dəyişəndən sonra Feyzi Mustafayevin yazdığı “Dinmə, ey kədər” xatirə-povesti sanki bu itkiyə üsyan idi. İlahi, insan dostu haqqında yazdığı rekviyemdə onun əvəzedilməzliyini necə ifadə edərmiş!
…Sumqayıt Mərkəzi Kitabxanasında xatirə gecəsi davam etsə də, fikrimdə elə o əsər dolaşır. Feyzi Mustafayevin “Haqqım çatmır deyəm: – Bütün yazıçıları götürün, Əli Kərimi mənə verin. Haqqım çatmır deməyə, amma belə demək istəyirəm”, – sözlərinin heyrəti könlümü sarır. Mən də düşünürəm ki, kaş Feyzi müəllim yanımızda olaydı, yenə bizə “dərs” deyəydi.
Çıxışlar çox oldu. Hərə özəl bir xatirə danışdı, mərhum yubilyarın yaradıcılığı yetərincə dəyərləndirildi. Amma onun yaxın dostu, Prezidentin fərdi təqaüdçüsü, şair Əşrəf Veysəllinin xatirələri daha təsirli, daha təbii idi.
Büzüşmüşəm yarpaq kimi,
Bükülmüşəm yumaq kimi.
Gəl, boynuna uşaq kimi
Sarmaşım, Feyzi Mustafa…
Qeyd edək ki, AYB Sumqayıt bölməsi mərhum publisistin kitablarını latın qrafikası ilə yenidən çap etdirib. Azərbaycan bədii publisistikasında öz imzası, yeri və çəkisi olan Feyzi Mustafayev uzun illər “Sumqayıt”, bir müddət də yeni yaradılmış “Mədəniyyət” qəzeti redaksiyalarında çalışıb. Həyatını halallıq üstündə quran, özünü “qələminin fəhləsi” sayanlardan idi. Qısası, xatırlanmağa,yad edilməyə haqqı var Feyzi müəllimin.
Xatirə gecəsinin sonunda bir qrup jurnalistə Sumqayıtın mədəni və ədəbi həyatında xidmətlərinə görə yeni təsis edilmiş Feyzi Mustafayev mükafatları verildi. Qürur duyuram ki, onun adını daşıyan mükafatı alanların sırasında mən də vardım:
Əli NƏCƏFXANLI