Əli Kamali və Güney Azərbaycan folkloru

by Samir Asadli

A1111Güney Azərbaycanın zəngin və rəngarəng şifahi xalq yaradıcılığı örnəklərinin toplanmasında və nəşr edilib sonrakı nəsillərə, eləcə də Arazın bu tayındakı soydaşlarımıza çatdırılmasında vətənpərvər ziyalılardan Məmmədəli Fərzanə, Behruz Həqqi, Səməd Behrəngi, Hüseyn Şərqidərəcək ilə yanaşı, Əli Kamalinin də böyük rolu və danılmaz xidməti olmuşdur. Bu fədakar insanların el-el, şəhər-şəhər gəzib sinədəftər nənə-babalardan, aşıqlardan topladıqları cild-cild materiallar AMEA Folklor İnstitutunun ötən illərdə nəşr etdirdiyi Güney folkloru çoxcildliyində sistemli əksini tapmışdır. 

1944-cü il martın 30-da İranın mərkəzi bölgələrindən olan Savənin Bəndəmir kəndində doğulan, ixtisasca hüquqçu olan Əli Kamali 30 ilə yaxın Tehranda vəkil işləmişdir. Zaman keçdikcə onu vəkil kimi tanıyanların sayı azalmış, folklor toplayıcısı kimi qəbul edənlərin sayı isə artmışdır. Bu da səbəbsiz deyil. Yurdsevən soydaşımız illər boyu Savə, Həmədan, Qəzvin, Xorasan və başqa bölgələrdən 100 qovluqdan çox folklor nümunəsi və XVII–XX yüzillərdə yaşamış şairlərin, aşıqların əsərlərini toplamış, qazancını və vaxtını bu gərəkli fəaliyyətə səxavətlə xərcləmişdir.
Əli Əkbər oğlu Kamalinin ədəbi və elmi fəaliyyəti Arazın bu tayında görkəmli folklorşünas Salman Mümtazın ötən əsrin 20–30-cu illərindəki fədakarlığını yada salır. Onları bir-birindən 60 illik bir zaman ayırsa da, fəaliyyətlərində, ömür yollarında oxşarlıq çoxdur. Əli kiçik yaşlarında kəndlərindəki mollaxanada, sonra isə Savə və Tehran şəhərlərində təhsil almışdır. O, Tehran Universitetinin hüquq fakültəsini bitirəndən sonra əsgəri xidmətdə olduğu iki il müddətində hərbi məktəbdə dərs demişdir.
GneyliKamaliƏli Kamali sonrakı illərdə Tehranın mərkəzində birinci dərəcəli ədliyyə vəkili kimi işləsə də, bütün qəlbi ilə xalq həyatına, folklor yaradıcılığına, ədəbi-mədəni mühitə bağlı olmuşdur. Uşaqlıqdan poeziyaya böyük maraq göstərən, gəncliyində “Nəflə”, “Ağ-kamal” imzaları ilə şeirlər yazıb “Tevfiq” dərgisində çap etdirən Əli Kamali ömrünün böyük hissəsini folklorumuzun toplanmasına, təbliğinə həsr etmişdir.
Alovlu vətənpərvər, bacarıqlı vəkil kimi tanınan Əli Kamali peşəkar folklorçu olmasa da bu sahədə də cəfakeşliklə fəaliyyət göstərmişdi. Arxivində olan qovluqları arxivşünaslıq və folklorşünaslıq baxımından pasportlaşdırmasa da, bu materiallar şifahi irsin qorunması baxımından olduqca qiymətlidir. Kiçik yaşlarından şeir həvəskarı olsa da, Əlini ədəbiyyata ölkədəki milli ayrı-seçkiliyə etiraz ruhu gətirmişdi.
Məhkəmələrdə ayrı-ayrı adamları müdafiə edən Əli Kamali bir millətin hüquqlarının tapdanmasına da dözə bilməmişdi. Soydaşlarına, millətinə atılan böhtanlara cavab vermək üçün ictimai-siyasi hərəkata qoşulmuş, 1979-cu ildə İranda baş verən monarxiya əleyhinə inqilabın xalqların hüquq bərabərliyinə hörmətlə yanaşacağına inanmışdı. Hətta inqilab günlərində söylənən şüarları toplayaraq, 1982-ci ildə Tehranda öz pulu ilə nəfis tərtibatla çap etdirmişdi.
Azadlıqsevər ziyalı inqilaba bəslədiyi ümidlərin puça çıxdığını, İran İslam İnqilabının ölkədə yaşayan xalqlara bərabərlik və səadət gətirmədiyini gördükdə hüquqşünaslara məxsus bir üsulla faktlar toplamağa, dəlillərin dili ilə böhtançılara cavab verməyə çalışmışdı. “Türklərin zəngin ədəbiyyatları, foklorları yoxdur. Bu dildə gözəl bədii nümunələr yaratmaq olmaz!”– deyən fars şovinistlərinə cavab vermək üçün Əli Kamali doğulub boya-başa çatdığı bölgədən folklor nümunələri toplamağa başlamışdı. Zəngin bir xəzinə ilə qarşılaşan soydaşımız ötən əsrlərdə yaşamış şairlərin küncdə-bucaqda qalmış əsərlərini əldə edərək, onları çapa hazırlamağa təşəbbüs göstərmişdi. Gedə bilmədiyi yerlərə isə bu işin həvəskarlarını yollamış, onların xərclərini öz cibindən ödəmişdi.
Əli Kamalinin doğulub boya-başa çatdığı bölgə çox vaxt bu vilayətin ünlü şəhərlərindən biri olan Savənin adı ilə tanınır. Bölgədə yaşayan türklər Xələc, Əfşar və Şahsevən tayfasından olduqlarını söyləyirlər. XX əsrin əvvəllərində burada əksəriyyətlə türklərin yaşadığı 800-ə yaxın kənd olmuşdu. Hökumətin yeritdiyi siyasət və urbanizasiya nəticəsində kəndlərin sayı 450-yə enmişdir. Əli Kamali də folklor materiallarının çoxunu məhz bu bölgədən toplanmışdı. O, XVIII–XIX əsrlərdə yaşamış mərəğeyli Telimxana xüsusi diqqət yetirərək onun divanını çapa hazırlamışdı.
Rusiya Qafqazı işğal edəndən sonra Azərbaycanın quzeyi ilə güneyi arasında əlaqələr zəifləsə də, tam kəsilməmişdi. Amma ölkənin mərkəzi və ucqar vilayətlərində – Xorasan, Şiraz, Savə ətrafında yaşayan türklərlə əlaqələr, demək olar ki, kəsilmişdi. Həmin bölgələrdə yaşayan qacarların, qaşqayların, şahsevənlərin, əfşarların, xələclərin və b. tayfaların dialektləri, folkloru, adət-ənənələri diqqətdən kənarda qalıb layiqincə öyrənilməmiş,sistemləşdirilməmişdi. Bu baxımdan Əli Kamalinin topladığı materiallar olduqca qiymətlidir.
Əli Kamalinin nəşr etdirdiyi əsərlər arasında Telimxan “Divanı”nın xüsusi yeri var.Telimxanın həyat və yaradıcılığını dərindən araşdıran tədqiqatçı belə yazır: “Marağa Mızılqan bəxşinin kəndlərindən birisidir ki, Telimxan bizim əziz qardaş və böyük şairimiz o kənd əhlidir. Maraqlıdır, onlar öz əsillərini türkmən sayarlar”. Bu fikirlər Telimxanın şeirlərində də yer alır:

Bilənlər bilsin mən Telimxanam,
Bilməyənlər bilsin, gövhərəm, kanam.
Sakini Mağarey, əsli türkmanam,
Gəzə-gəzə bu cahana gəlirəm. 

Əli Kamalinin folklorumuza niyə bu qədər çox diqqət yetirməsinə aydınlıq gətirən tədqiqqatçı Əli Şamil göstərir ki, “Varlıq” dərgisindəki bir məqalədə bildirilmişdi: “O zaman ki, dəftərlər yırtılıb, kitablar sulara atılıb və qələmlər sındırıldı onda türkün aşıqları ellərinin ədəbiyyatına qulluq etməyi zəruri sayıb”. Əli Kamali də İranda ana dilimizdə yazıb-oxumağın yasaqlandığı bir dövrdə şifahi ədəbiyyatın toplanıb yayılmasını milli varlığımızı qorumağın mümkün yollarından biri saymışdı.
Əli Kamalinin başladığı böyük iş yarımçıq qaldı. Xorasan ətrafında, Orta və Güney İranda yaşayan türklərin folklor materiallarını, eləcə də o yerlərdə yaşamış şairlərin əsərlərini toplayıb nəşr etməklə mədəniyyətimizi daha da zənginləşdirmiş olarıq.

 

Səkinə ABBASOVA,
AMEA Folklor İnstitutunun baş laborantı

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK