Əli qanlı separatçıların məhkəmə prosesində bir çox məqamlar üzə çıxacaq

by Samir Asadli
Gizli planlar ifşa olunacaq
  “Caliber” məlumat yayıb ki, Azərbaycan tərəfi Ruben Vardanyanın Qərbin əsas siyasətçiləri, jurnalistləri, “hüquq müdafiəçiləri” və “ekspertləri” ilə təmaslarına dair sənədli sübutlar əldə edib. Onlarla lobbiçilik fəaliyyətinin müəyyən tapşırıqlarını həyata keçirmək üçün açıq maliyyə sövdələşmələri aparılıb. İddia edilib ki, dünya ictimaiyyəti Ruben Vardanyanın “Karnegi Fondu” ilə əməkdaşlığının kəskin təfərrüatlarından tezliklə xəbərdar olacaq. O da məlum olub ki, Donetsk separatçısı, deputat Aleksandr Boroday da birbaşa Vardanyan tərəfindən maliyyələşdirilib. Ümumiyyətlə, məlum olub ki, Vardanyan Rusiya xüsusi xidmət orqanlarının müvafiq idarəsinin nəzarəti altında Donbass separatizminin dəstəklənməsində fəal iştirak edib. USAİD-in rəhbəri Samanta Pauer də Ruben Vardanyanla əməkdaşlıq edir və eyni vaxtda Ukraynada separatizmi maliyyələşdirir. Göründüyü kimi, Vardanyan erməni klassiklərinə uyğun olaraq ikili agent olub.
  Siyasi şərhçi Samir Əsədli “Sherg.az”a deyib ki, Qarabağda separatçı rejim, xunta özünü buraxdıqdan sonra Azərbaycanın xüsusi xidmət orqanları qondarma qurumun rəhbərliyində təmsil olunmuş separatçı-terrorçu ünsürləri də ələ keçirtdi. Ekspert diqqətə çatdırıb ki, həbs olunan separatçıların hamısı qanlı cinayətkarlardır: “Bakıda mühakimə olunan separatçıların əksəriyyəti 1988-89-cu illərdən başlayaraq Azərbaycan ərazisində silahlı dəstələr yaradıblar. Azərbaycanlıları qətlə yetiriblər, terrorçuluqla məşğul olublar, torpaqlarımızın işğal edilməsində iştirak ediblər. 30 illik işğal dövründə Qarabağda bütün qanunsuz əməlləri həyata keçiriblər. 44 günlük savaşda çoxsaylı müharibə cinayətləri törədiblər, mülki şəxsləri hədəf seçərək, günahsız insanların ölümünə səbəb olublar. Ruben Vardanyanın da qısa müddətdə hansı işlərlə məşğul olması bəllidir. Təbii ki, separatçılar sadalanan bütün çirkin və qanunsuz əməllərin hamısını müxtəlif mafiyoz qruplarla, qanunsuz silah alverçiləri, narkotacirlərlə, o cümlədən siyasi dairələrlə əlbir olaraq həyata keçiriblər. Xüsusən, Azərbaycan ərazisində separatizmi maliyyələşdirən, dəstəkləyən dairələr, qruplaşmalar ön planda olublar. Şübhə yox ki, məhkəmə proseslərində bir çox məqam üzə çıxacaq və gizli planlar ifşa olunacaq. Məhz xunta rejimi də özünü buraxmağa ona görə məcbur qaldı ki, uzun müddət onlara dəstək verənlər arxalarında durmadılar. Azərbaycan haqlıdır və əlimizdə yetərli sayda dəlil, sübut, faktlar var”.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK