Güney Azərbaycanın və İranın bir neçə bölgəsindən olan bir qrup milli-mədəni fəal, yazıçı və ziyalı Əedəbil şəhərində bir araya gəlib.
Martın 29-da keçirilən görüşdə çıxış edən Abbas Lisani hakimiyyətin, xüsusilə təhlükəsizlik orqanlarının Güney Azərbaycan Milli Hərəkatını parçalamaq uğrundakı fəaliyyətləri barədə danışıb.
“Azərbaycan millətinin yolunda hamımız özümüzə fədai gözü ilə baxmalı və imkanlarımıza uyğun olaraq hədəflərimizə çatmaq üçün milli mübarizəni davam etdirməliyik. Azərbaycan xalqının milli iradəsinə əsaslanan ədalətli hökumətin formalaşacağı, xalqımızın özünü idarə etmək, torpağımıza göz tikən radikallar qarşıdında dayana bilmək gücünə malik olduğumuz vaxt istklərimiz reallaşacaq”,- Lisani deyib.
O, bu gün milli azadlıq uğrunda əziyyət çəkən, təqib və həbslərə məruz qalanların Azərbaycanın gələcəyində hansısa məqam və vəzifə ummadıqlarına bir daha təkid edib.
“Bizim vəzifəmiz sadəcə azad Azərbaycanın qurulması üçün şərait yaratmaqdır. Hədəfimiz Azərbaycan xalqının yüksəlişi, firavanlığı və səadətinin təmini yolunda texnokratların, alimlərin, mütəxəssislərin təcrübəyə, elmə və məntiqə arxalanaraq, milli maraqlara sadiq şəkildə işləyə bilmələrinə şərayit yaratmaqdır”,- Abbas Lisani vurğulayıb.
Görüşdə fəallar, sənətçilər və yazıçılar çıxış edib, Güney Azərbaycan, milli hərəkat və başqa cari məsələlər barədə fikirlərini bölüşüblər.