Ermənistan əlverişsiz hava şəraiti səbəbindən yolu azaraq sərhəddi keçən iki Azərbaycan hərbçisinə hökm oxuyub.
Qafan məhkəməsi qondarma hökm çıxararaq, əsgər Hüseyn Axundovu 20 il müddətinə azadlıqdan məhrum edib.
Digər əsgər Aqşin Bəbirov isə qanunsuz sərhəddi keçmə və silah daşımaqda ittiham olunaraq 11,5 il müddətinə həbs olunub.
Ekspertlər hesab edirlər ki, Ermənistan bu cür cəzalar təyin etməklə beynəlxalq konvensiyaların tələblərini pozub.

Politoloq Nazim Cəfərsoy məsələ ilə bağlı Bakupost.az -a açıqlamasında bildirib ki, Ermənistan ağır ittihamlar irəli sürərək, öz bazarlıq gücünü artırmağa çalışır.
Onun sözlərinə görə, əsirlərimizə hökm oxunması onu göstərir ki, iki ölkə arasında hələ də əsirlərlə bağlı razılaşma yoxdur:
“Cəzanın böyüklüyü və kiçikliyi hüquqi baxımdan əsirlərimizə qarşı irəli sürülən ittihamla əlaqəlidir. Siyasi baxımdan isə Ermənistanın Azərbaycanla öz bazarlaşma imkanının artırmaq istəyi ilə əlaqədardır. Müharibədən sonrakı proseslərdə Azərbaycanla Ermənistan arasındakı müzakirələrdə əsirlərin qarşılıqlı dəyişdirilməsi məsələsi də var. Erməni tərəfi bu prosesi özü üçün güzəşt yarada biləcək formaya salmağa çalışır. Məqsəd Azərbaycanda olan erməni əsirləri və hərbçiləri geri almaqdır”.
Siyasi ekspert qeyd edib ki, önümüzdəki aylarda əsirlərimizin qaytarılacağını düşünür:
“Bu iki əsgərimizin müəyyən bir qarşılıqla, məsələn, bənzər hökm alan şəxslərin mübadiləsi vasitəsilə geri qaytarıla biləcəyini düşünürəm. Ona görə də erməni tərəfi əsirlərimizə qarşı müxtəlif ittihamlar səsləndirərək onlara ağır cəza verib. Orda məhkəmənin necə və hansı formada keçdiyi, ittihamların əsasının nə olduğu, müttəhimlərin vəkillərinin olub-olmaması ilə bağlı heç bir məlumatımız yoxdur. Ermənistan şərtlərində bunların olmayacağını da bilirik. Bizdə də Cinayət Məcəlləsinə görə cəza almış ermənilər var. Günahsız insana 20 il iş verərək öz əllərini gücləndirməyə çalışırlar ki, sabah bunu Azərbaycanla müzakirələrdə təzyiq aləti kimi istifadə etsinlər”.