17 noyabr- Milli Dirçəliş Günü

by Samir Asadli
17 Noyabr – Milli Dirçəliş günü ilə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir:
“Əziz Bacılar və Qardaşlar!
Bu gün xalqımız üçün olduqca əlamətdar bir gündür. 35 il bundan əvvəl – 1988-ci ilin 17 noyabrında milyonlarla insan Sovet imperiyasına etiraz olaraq Meydana toplandı. Milli tariximizin şanlı səhifəsi olan həmin günlərdə biz bir millət, xalq olaraq öz iradəmizi ortalığa qoyduq və milli istiqlalı haqq etdiyimizi bütün dünyaya bəyan etdik. Məhz Meydan hərəkatından başlayan böyük bir mübarizənin məntiqi nəticəsi Sovet imperiyasının süqutunu qaçılmaz etdi. Bu mübarizə 1991-ci ildə qələbə ilə başa çatdı, xalqımız 1920-ci ildə bolşeviklərin hərbi müdaxiləsi nəticəsində itirdiyi müstəqilliyini bərpa etdi. Çətin mübarizə illərində xeyli itkilərlə üzləşdik, təqib və repressiyalara məruz qaldıq, amma iradəmiz sarsılmadı. Çünki xalq yumruq kimi birləşdiyi anda yenilməz olur.
17 noyabr – bir tarix səhifəsi olaraq anılsa da, əslində bu günə gələn yol 1920-ci ildən başlayırdı. Azərbaycan Xalq Cümhuriyyətinin işqalından sonra formalaşan və illərlə davam edən psixoloji-mənəvi mübarizəni 37-ci illər xofu bir qədər səngitsə də, repressiya dalğasının azacıq yumşalması ilə ziyalı-dissidentlərin geniş sırasının meydana gəlməsi azadlıq dalğasının yaddaşlarda daha dərin iz buraxdığını, müstəqilliyə doğru can atımların daha da şiddətləndiyini bir daha ortaya qoydu. Bu mənada17 noyabr – 70 il əsarətdə yaşayan və repressiyalar, qadağalar içində sıxılan bir xalq gücünün hayqırtısı, böyük enerjinin birdən-birə üzə çıxması idi! 17 noyabrda – millətimiz birliyinin, həmrəyliyinin, gücünün təntənəsini yaşadı və bu təntənə layiq olduğu qələbəni, ölkənin müstəqilliyini təmin etdi. Məhz həmin birlik Azərbaycanın ərazi bütövlüyünü təmin etdi və 200 illik tariximizdə Zəfər və Qələbə qüruru yaşadıq. Azərbaycanlıların Şimalda başladığı və tarixi Azərbaycan torpaqlarının kiçik bir hissəsində qurmağı bacardıqları müstəqil dövlətimizin nə boyda nemət və sərvət olduğunu təsəvvür etmək çətin deyil. 50 milyonluq dünya azərbaycanlılarının tarixi torpaqlarımızın kiçik bir hissəsində qurduğumuz dövlətimizi qorumaq, ona təhlükələrdən hifz etmək hər birimizin borcudur.
Tariximizin ən işıqlı səhifələrindən olan Milli Dirçəliş Günü münasibətilə bir daha hamınızı təbrik edir və dövlətçilik ənənələrinin güclənməsi uğrunda sizlərə uğurlar arzulayıram”

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK