2023 Güney Azərbaycanda necə yadda qaldı?

by Samir Asadli

2023-cü il Güney Azərbaycan üçün bir çox hadisələrlə yadda qaldı. Güneydə “Milli hökumət” çağırışları daha çox eşidilməyə, Azərbaycan Respublikası ilə əlaqələr daha da dərinləşməyə doğru getdi.

Bu sözləri Axar.az-a açıqlamasında milli fəal Qədir Cəliloğlu ilin yaddaqalan hadisələri haqda danışarkən deyib.

O bildirib ki, 2023 həm sevincli, həm də qəmli notları ilə xatırlanacaq:

“Prezident İlham Əliyev Novruz bayramında dünya azərbaycanlılarını təbrik etdi və Azərbaycan dövlətinin onların yanında olduğunu bildirdi. Həmçinin Prezidentin TDT konfransında İranda 40 milyon Azərbaycan türkünün olduğunu, dünya azərbaycanlılarının yalnız 10 milyonunun Azərbaycan Respublikasında yaşadığını qeyd etməsi mühüm hadisələrdən idi”.

Milli fəal qeyf edib ki, bu il İran və Azərbaycan arasında münasibətlərin gərginliyi ilə də yadda qaldı:

“2023-cü ilin yanvarında Tehrandakı Azərbaycan səfirliyinə hücum edildi, Orxan Əsgərov həlak oldu, Vasif Tağıyev qəhrəmanlığı ilə qürur verdi. Bu hadisədən sarsılan güneylilər xain hücumu pislədi. Onlar Azərbaycanın Təbrizdəki konsulluğuna gələrək, ora gül dəstələri qoydu və başsağlığı verdilər”.

O, Güneydə ağrılı hadisələrin, təbii fəlakətlərin 2023-cü ildə də dərin iz buraxdığını bildirib:

“Ərdəbilin Fərzanegan qız məktəbində təbii qaz sızması nəticəsində 70 azərbaycanlı tələbə xəsarət aldı. Xoy şəhərində 5.4 bal gücündə baş verən zəlzələ ilin ən kədərli hadisələrindən biri idi: 2093 ev dağıldı, 133 yaralımız oldu. Aradan çox keçməmiş Təbriz, Urmu, Xoy, Culfa, Şəbistər şəhərlərində baş verən 5.9 bal gücündə zəlzələ yenə də ciddi fəsadlara səbəb oldu. Nəticədə Xoy şəhərində 3 nəfər öldü, 973 nəfər yaralandı. Evlərə ciddi ziyan dəydi. Şaxtalı-qarlı havada dövlətin Azərbaycan türklərinə yardım etməməsi onların həyatını daha da çətinləşdirdi.

Azərbaycan milli hərəkətının fəalları Xoy zəlzələsindən əziyyət çəkənlərə “Vətən Adına Birlik Yaraşar” kampaniyası başlatdı. İran rejimi Azərbaycan və Türkiyədən kömək gəlməsinə icazə vermədi. Türkiyənin Qəhrəmanmaraş şəhərində baş verən dağıdıcı zəlzələ də Güneydə çox böyük kədərlə qarşılandı. Azərbaycan Respublikası ilk yardıma gedən oldu, Güney Azərbaycan milli hərəkatının fəalları da səfərbər olaraq, yaralılara yardım etmək üçün bölgəyə getdi. Güney Azərbaycandan xeyli yardım toplandı.

Germidə yağan aramsız yağışlar isə sel fəlakətinə səbəb oldu. Maddi ziyandan əlavə bu bölgədə yaranan içməli su problemi əhalinin vəziyyətini çətinləşdirdi. İran dövləti yenə də azərbaycanlıları taleyin ümidinə buraxdı. Lakin güneylilər səfərbər olaraq “Vətən Adına Birlik Yaraşar“ kampaniyası çərçivəsində zərərçəkənlərə yardım etdilər. Bölgəyə lazım olan ərzaq və su göndərildi”.

Güney Azərbaycan siyasi təşkilatlarının bu il fəallıqları ilə yadda qaldığını deyən milli fəal bildirib ki, dünyanın bir çox yerində aksiya keçirilib:

“Bu il Güney Azərbaycan təşkilatları Avropada yaşayan türklərlə birlikdə aksiyalar keçirmək qərarı verdi. 25 martda Brüsseldə baş tutan “Azadlıq və Ədalət yürüşü” ilə Güney məsələsi dünyanın diqqətinə çatdırıldı. Onun ardınca 20 may – Xordad qiyamı ərəfəsində Berlində Güney azərbaycanlılar ikinci aksiyanı keçirməyə nail oldu. Həmçinin, İstanbulda Güney Azərbaycan 3-cü Forumu, İzmirdə Azərbaycan kültür və sənət festivalı baş tutdu”.

Qədir Cəliloğlunun sözlərinə görə, il daha çox etiraz aksiyaları ilə xarakterik idi:

“Urmu gölünün qəsdən qurudulması ilin əsas hadisələri sırasında sayıla bilər. Bu səbəbdən Güney Azərbaycanda ekofəallar Urmu gölünün ətrafında toplanıb, gölün qurudulmasına etiraz etdilər. Silsilə etiraz aksiyalarının kuliminasiya nöqtəsi isə sentyabrın 2-də oldu və xeyli sayda insan xaricdəki Güney Azərbaycan təşkilatlarının çağırışı ilə küçələrə çıxdı. İran rejimi çoxsaylı hərbi qüvvələrini küçələrə tökərək, aksiyanın keçirilməsinə əngəl törətdi. Təbriz, Urmu və digər şəhərlərdə etirazlarda iştirak edən xeyli vətəndaş həbs olundu”.

O qeyd edib ki, Qarabağda aparılan antiterror hadisələri güneylilər üçün xüsusilə yaddaqalan idi:

“Azərbaycan Şanlı Ordusu Xankəndidə separatçıların varlığına son qoyaraq, antiterror tədbirlərini bircə günün içində uğurla sona çatdırdı. Güney Azərbaycanda bu zəfər sevinclə qarşılandı. Siyasi partiyalar və xalqımız dəstək nümayiş etdirərək, iri şəhərlərdə bu münasibətlə atəşfəşanlıq etdi. Bəzi yerlərdə Azərbaycan bayrağı asıldı”.

Onun bildirdiyinə görə, ilin son ayları isə milli fəalların həbsi ilə narahatlıq doğurdu:

“Artıq son üç aydan çoxdur ki, Güney Azərbaycan milli fəalları səbəbsiz yerə tutularaq, həbsə göndərilir. Onların hansı şəraitdə saxlanması, durumu barədə məlumatsızlıq ailə üzvləri tərəfindən böyük narahatlığa səbəb olur. Təəssüf ki, bəziləri bayramı hələ də zindanda keçirəcək”.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK