Balaş AZƏROĞLU,
Xalq şairi
Güney Azərbaycanda demokratik hərəkatın fəallarından biri, 1945–1946-cı illərdə Təbrizdə qurulmuş Milli Hökumətin rəhbəri Seyid Cəfər Pişəvərinin silahdaşlarından olmuş Xalq şairi Balaş Azəroğlu xatirələrində 21 Azər hərəkatına geniş yer ayırmışdır. Həmin xatirələrdən bir parçanı təqdim edirik.
Ərdəbil 1945-ci ilin dekabr günlərində
1945-ci ilin payızı idi. Ərdəbil kəndlərində biçin qurtarmışdı, taxıl döyülür, xırmandan anbarlara daşınırdı. Kəndlilər öz taxılını xırmandan daşıyandan sonra kəndlərdəki Firqə təşkilatı nümayəndələrinin göstərişi ilə ağanın taxılını anbara daşımaqdan boyun qaçırdılar. Ağanın kənddəki mübaşiri, hətta kəndxudalar da kəndliləri bu işə məcbur edə bilmədilər. Vəziyyəti belə görən bəzi ağalar kəndə jandarm göndərsələr də, bir nəticə vermədi. Kəndlərdə özbaşınalığa adət etmiş məmurlar kəndlilərin üstünə silah qaldıranda camaat jandarmların silahını əlindən alır, özlərini kənddən qovurdular.
Belə həyacanlı günlərin birində Ərdəbilə xəbər gəldi ki, Yurdçu kəndlərinin birində ağa onun göstərişini yerinə yetirməkdən boyun qaçırmış Müseyib adlı bir nəfəri güllə ilə vurub öldürüb. Bu həyəcanlı xəbərdən qəzəblənmiş Ərdəbildəki firqəçilər bir avtobusa dolub həmən kəndə getdilər. Ancaq avtobus kəndə çatana qədər qatil etdiyi cinayətin nəticəsinin ağırlığını başa düşüb kənddən qaçmışdı.
Günorta vaxtı Museyibin cənazəsi Ərdəbilə gətirildi və şəhərin ən böyük meydanı olan Alaqapı meydanında mitinq təşkil olundu. Mitinqdə şəhərin firqə nümayəndəsi, ziyalılar, yaxın kəndlərdən gəlmiş adamlar çıxış edib ağaların, şahların üsuli-idarəsinin əleyhinə şüarlar irəli sürür, Müseyibin qanının yerdə qalmayacağına and içirdilər.
Sonra cənazəni başları üstünə qaldırmış camaat küçələrdən keçdikcə şəhərin dükanları boşalır, bazar əhli də nümayişçilərə qoşulurdu. Bu həyəcanı görən fərmandar polis rəisi idarəsini qoyub qaçmışdı. Cənazə dəfn olunandan sonra Museyibin kəndlilərindən bir dəstə teleqrafxanaya gedib Tehrana teleqram vurub bəstə oturdular, Tehrandan nümayəndə istədilər.
21 Azərdən əvvəl hadisələr tufandan qabaq dəryada sahilə hücum çəkən dalğalar kimi bir-birini əvəz edirdi. Müseyibin ölümündən bir neçə gün sonra şəhərdə xəbər yayıldı ki, Rastabazarda (şəhərin üstü örtülü bazarında) bir nəfəri güllə ilə vurub öldürüblər. Öldürülənin şəxsiyyəti məlum oldu: Astara şəhərinin polis rəisi idi. Görənlər nəql edirdilər ki, zahiri geyimindən talış kəndlilərinə oxşayan bir nəfər adam başını və üzünü şərflə sarımışdı, ancaq gözləri görünürdü. O, bazarda rəisin qabağını kəsib uca səslə: “Etdiyin namussuz hərəkətlərin cavabını al”–deyib, onu güllə ilə vurub qaçıb.
Demək olar ki, hər gün ətraf kəndlərdən gələn həyəcanlı xəbərlər şəhəri vahimə içərisinə salmışdı. Meşkində, Biləsuvarda, Germidə və ətraf kəndlərdə hər gün jandarm postlarının tərk-silah edilməsi xəbəri eşidilirdi. Bu silahlanmış kəndlilərə Ərdəbildən başqa Təbriz, Urmiyə, Zəncan, Sərab, Meşkinşəhr, Astara və s. şəhərlərdə, onların kəndlərində də rast gəlinirdi.
Bu zaman ölkədə silahlı dəstələri bir yerə yığıb “Fədai dəstələri” yaratmaq ən mühüm tapşırıqlarından idi. Bu fədai dəstələrinə hər yerdə Azərbaycanın adlı-sanlı, fədakar oğulları başçılıq edirdi. Ərdəbil fədailərinin başçısı Məcid Məhəmmədivənd idi.
Məcid Məhəmmədivəndin başçılığı ilə Ərdəbil fədailəri vilayətin Meşkinşəhr, Muğan, Biləsuvar, Germi, Nəmin jandarm postlarını tərksilah edəndən sonra Ərdəbil şəhər jandarmlarını tutdular. Dekabr ayında hadisələr elə sürətlə inkişaf etdi ki, az müddətdə şəhərin postları teleqraf, polis və dövlət idarələri də fədailərin əlinə keçdi. Təbrizdə qoşun fədailərə təslim olduqdan sonra bütün şəhərlərdəki, o cümlədən Ərdəbildəki qoşun hissələri də təslim oldu.
Yadımdadır ki, qoşun təslim olanda firqə və fədai nümayəndələri qoşun hissələrində olan azərbaycanlı əsgər və zabitlərə müraciət edirdilər ki, qalıb fədailərlə birlikdə fəaliyyət göstərsinlər. Onlardan qalıb fədailərə qoşulanlar da oldu, çıxıb Tehrana gedənlər də. Beləliklə, ötən hər gün Güney Azərbaycanın qurtuluş günü olan 21 Azərə yaxınlaşdırırdı…
Bu ayrılıq əbədi oldu…
1947-ci ilin baharında axşam hava qaralandan sonra maşınımız Təbrizdən Şimala hərəkət edəndə içimdə ilk dəfə ayrılığın kədərini duydum. Bu kədər haradan gəldi? Niyə birdən qəlbimə dolub onu sıxmağa başladı? Ölümün pəncəsindən, zindanın işgəncələrindən yaxa qurtarıb getdiyim zaman bu nə kədərlənmək idi?
Bəlkə, bu kədər ayrıldığım ailəmin, qoyub getdiyim Təbrizin, itirdiyim azadlığın, şəhid olmuş dostlarımın, gələcəkdə xatirəyə dönəcək və xatırlandıqca mənə əzab verəcək günlərin ilk əlaməti idi? Bəlkə, 26 yaşında olan bir gəncin sonu olmayan tale səfərinin ilk qaranquşu idi bu kədər?
Nə isə… yanımızdan ötən faytonun atlarının asfalta dəyən nallarının səsi məni bu kədərdən ayırdı. Dönüb son dəfə arxada qalan, “dumanlı Təbriz”ə baxdım və qeyri-ixtiyari “Qaragilə” mahnısının ilk misralarını oxudum. Sonralar, illər keçəndən sonra Bakıda Şəmidə (Böyük şərqşünas Əli Şəmidə–red.) ilə görüşəndə o bu misraları yadıma salar, özü də kövrələr və məni də kövrəldərdi…