İranda hakimiyyət əleyhinə xalq etirazları səngimək bilmir. Son günlər hicab qadağası ilə bağlı narazılıqlara qız məktəblərində kütləvi zəhərlənmələr və sosial problemlər də əlavə olunub. Martın 8-də gecə saatlarında Tehran və bir neçə başqa şəhərdə keçirilmiş nümayişlər isə Beynəlxalq Qadınlar günü ilə bağlı olub. Etiraz aksiyalarında əsasən qadınlar iştirak ediblər.
Gunaz.TV-nin verdiyi məlumata görə, Tehranın Səttarxan meydanından başlayan nümayişlərdə hökumət əleyhinə şüarlar səsləndirilib, qadın hüquqlarının pozulmasına etiraz ifadə olunub. Nümayişçilər “Diktatora ölüm”, “Bütün cinayətlərin başında hakimiyyət dayanır”, “Hicabla və hicabsız inqilaba doğru gedirik” kimi şüarlar səsləndiriblər.
İran Hüquq Müdafiəçiləri Qrupunun məlumatında isə qeyd edilir ki, son bir neçə ay ərzində davam edən etiraz aksiyalarında 66 qadın hökumət məmurları tərəfindən öldürülüb. Həbs edilmiş qadınların sayı isə 3 min 953-ə çatıb. Keçən ilin martından bəri 2 min 33 qadın məcburi hicab qaydalarına riayət etmədiyi üçün saxlanılıb və zorakılığa məruz qalıb.
Etiraz aksiyalarında iştirak etməkdə şübhəli bilinən şəxslərə qarşı da repressiyalar davam etməkdədir. Son məlumatlara görə, Güney Azərbaycanın Zəncan şəhərində yaşayan fəal Hüseyn Bayat həbs edilib. O, martın 7-də təhlükəsizlik məmurları tərəfindən saxlanılıb. Amma Bayatın nədə ittiham olunduğu, həbsinin səbəbi və hansı həbsxanaya aparıldığı barədə yaxınlarına məlumat verilmir.
Məktəblərdə qızların zəhərlənməsi isə ölkəni tamam qarışdırıb. Dünən İranın bir neçə universitetinin 326 müəllimi qız məktəblərinə kimyəvi hücumlarla bağlı bəyanat yayaraq bu halları pisləyib: “Bu, daxili və xarici təhlükəsizliyin qorunduğunu iddia edən, lakin milli təhlükəsizliyə qarşı aşkar təhdid qarşısında aylardır səssiz qalan və qabaqlayıcı tədbirlər görməyən hökumət üçün çox utancverici bir hadisədir”.
Onlar hadisəni şagirdlərə qarşı bağışlanmaz cinayət adlandırıb və Tehran hökumətinə xəbərdarlıq ediblər: “Övladlarının həyatının təhlükədə olmasından nigaran olan valideynlərin qəzəb və üsyanından qorxun və bu cinayətləri törədənlərin ifşa edilərək cəzalandırılmasını təmin edin”. Qeyd edək ki, son aylar İranın 300-ə yaxın məktəbində 7 mindən çox şagird zəhərlənib.
Ölkəyə qarşı beynəlxalq sanksiyaların tətbiqi ilə əlaqədar sosial problemlər də artmaqdadır. Artıq müxtəlif müəssisələr işçilərin aylıq əmək haqqını verməkdə çətinlik çəkir. Bu səbəbdən də etirazlar yaranır. Martın 9-da Güney Azərbaycanın Muğan bölgəsinin Parsabad şəhərində də işçilər etiraz aksiyası keçiriblər.
Aksiyada “Muğan Kənd Təsərrüfatı Şirkəti”nin işçiləri əmək haqlarının verilməməsindən narazılıqlarını bildiriblər. “Muğan Kənd Təsərrüfatı Şirkətinin işçilərinin səsini eşidin” plakatlarını qaldıran etirazçılar neçə aydır ki, əmək haqlarının verilməməsinə etiraz ediblər.
Bundan bir qədər əvvəl öncə Parsabadda pambıq sahəsində çalışan fermerlər də etiraz aksiyası keçirərək hökumətin onlara ödəməli olduğu vəsaiti ala bilmədiklərini bəyan etmişdilər.
Amma İran qadınlarının son aylarda göstərdikləri cəsarət beynəlxalq aləmdə yüksək qiymətləndirilir. Martın 8-də Beynəlxalq Qadınlar Günü münasibətilə Ağ Evdə iranlı qadınlara “Madlen Olbrayt” Beynəlxalq Cəsarətli Qadın Mükafatlarının təqdimetmə mərasimi keçirilib. Mərasimdə ABŞ Dövlət Departamentinin başçısı Entoni Blinken və ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Tomas Qrinfild çıxış ediblər.
“Biz İran rejiminin dinc etirazçılara qarşı dəhşətli zorakılıqla reaksiya verdiyini heç vaxt unutmayacağıq. Beynəlxalq ictimaiyyətdən İrana qarşı səylərimizi birləşdirməyi istəyirik”, – Qrinfild bildirib. Blinken isə iranlı qadınların bu mükafatı kollektiv şəkildə alan ilk qrup olduğunu deyib. Bununla yanaşı, ABŞ Prezidenti Co Bayden də Qadınlar Günü münasibətilə yaydığı bəyanatda Tehran rejiminin qadınların səsini vəhşicəsinə boğduğunu qeyd edib.
ABŞ-ın Maliyyə Nazirliyi İran hökumətinə bağlı 39 quruma qarşı sanksiya tətbiq edib. Həmin qurumların gizli maliyyə şəbəkəsi və “kölgə bankçılıq” yaratmaqla İrana sanksiyalardan yayınmağa kömək etdikləri bildirilib. Bu siyahıda İranın “Xəlic-Fars Neft-Kimya Sənayesi Şirkəti” və “Trilins Neft-kimya Şirkəti”nin də adı var. Nazirlik İranın pilotsuz təyyarə proqramı ilə bağlı 5 şirkət və bir fiziki şəxsə də sanksiya tətbiq etdiyini açıqlayıb. Bu şirkətlərin əksəriyyəti Çin və Honq-Konqda yerləşir və “Şahid-136” pilotsuz uçuş aparatlarının istehsalına kömək edirlər.