Dünən Azərbaycan MEA-nın Mərkəzi Elmi Kitabxanasının “Akademik” zalında Zəfər ab-havası duyuldu, vətənpərvərlik, qürur və şərəf hissləri yaşandı…
Azərbaycanın ilk qadın hərbi müxbiri, Əməkdar jurnalist Əntiqə Qonağın “44 günlük savaşın 444 cəngavəri” üçcildliyinin təqdimat mərasiminə millət vəkilləri, alimlər, şəhid və qazi ailələrinin üzvləri, müharibə veteranları, eləcə də müəllifin həmkarları olan media nümayəndələri toplaşmışdı.
Tədbirə moderatorluq edən tanınmış jurnalist və ictimai fəal Azər Həsrət çıxışında Əntiqə Qonağın İkinci Qarabağ müharibəsinin qəhrəmanlarından bəhs edən “44 günlük savaşın 444 cəngavəri” üçcildliyini nadir toplu adlandıraraq, bu nəşrin gələcək nəsillər üçün çağdaş tariximizin salnaməsi olacağına əminliyini bildirdi. Azərbaycan MEA-nın Mərkəzi Elmi Kitabxanasının direktorunun müavini Şəhla Tahirqızı üçcildliyin təqdimat mərasiminin aprel döyüşlərinin 8-ci ildönümü ilə üst-üstə düşməsinin rəmzi məna daşıdığını, bu nəşrlərin kitabxananın qızıl fondunda layiqli yer tutacağını nəzərə çatdırdı.
Milli Məclisin deputatı Vahid Əhmədov üç kitabdan ibarət qəhrəmanlıq salnaməsinin müəllifi Ə.Qonağı hərbi jurnalist, respublika prokurorluğunun sabiq əməkdaşı və yazıçı kimi yaxından tanıdığını, onun şəhidlər, qazilər, müharibə qəhrəmanları barədə çoxsaylı məqalələrin müəllifi olaraq çox gərəkli iş gördüyünü, belə əsərlərin daha çox yazılması zərurətini qeyd etdi. Millət vəkili V.Əhəmədov həmçkinin, bu kateqoriyadan olan ailələr üçün bir çox qanunlarının qəbulunu da vacib saydı.
Müəllifə Bakı Dövlət Universitetində dərs demiş dosent Sona Çərkəz tədbirdəki çıxışında müharibənin bütün ağrı–acısını şəxsən yaşamış Əntiqə Qonağın qələmə aldığı “44 günlük savaşın 444 cəngavəri” üçcildliyini gənc nəslin hərbi–vətənpərvərlik ruhunda tərbiyəsində, Vətən qəhrəmanlarının yeni nəsilə tanıdılmasında müstəsna əhəmiyyətə malik olduğunu xüsusi olaraq vurğuladı.
Təqdimat mərasimində çıxış edən millət vəkili Vüqar İsgəndərov müharibə qəhrəmanları haqqında nəşrlərin daha çox xanım müəlliflər tərəfindən ərsəyə gətirilməsinin ayrıca məna kəsb etdiyinə diqqət çəkərək, milli önəm daşıyan bu əsərlərin xarici dillərə çevrilməsi, ekranlaşdırılması məsələsinə də toxundu.
Daha sonra çıxış edənlər – Qarabağ müharibəsi veteranı, mayor, Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Tariyel Didarov, ehtiyatda olan polkovnik Şair Ramaldanov, prokurorluq orqanlarının keçmiş əməkdaşı Zahid Vəliyev “Zəfəri qazanan xalq xoşbəxt xalqdır…”, “Döyüş meydanını qalib kimi tərk edənlərin salnaməsi…”, “Bu çoxcildlik ordumuzun gələcək əsgərlərinə qəhrəmanlıq dastanı, ərmağandır…” tezislərinə köklənmiş fikrilərini tədbir iştirakçıları ilə bölüşdülər.
“44 günlük savaşın 444 cəngavəri” üçcildliyinin müəllifi Əntiqə Qonaq tədbirin sonunda çıxış edərək, toplunun ərsəyə gəlməsində əməyi və dəstəyi keçən hər kəsə, eləcə də mərasimə təşrif buyuranlara minnətdarlığını bildirdi.