Ölkəmizdə qarmon sənətində böyük nailiyyətlərə imza atan sənətkarlardan biri də Zakir Mirzəyevdir. Virtuoz ifaçının Azərbaycan Radiosunun Qızıl fonduna daxil olmuş 100-ə qədər musiqi, rəqs nümunələri var.
Bir sıra tanınmış melodiyaların bəstəkarı olan Zakir Mirzəyevin Beynəlxalq Muğam Mərkəzində 80 illik yubileyi təntənəli şəkildə qeyd olundu. Gecədə Xalq artisti, bəstəkar Siyavuş Kərimi, Xalq artisti, Şöhrət ordenli bəstəkar Tofiq Bakıxanov və yubilyarın digər sənət dostları onun haqqında yüksək fikirlər söylədilər, xatirələrini bölüşdülər.
Bakı Elm-Təhsil Mərkəzinin direktoru, professor Fərahim Sadıqov Zakir Mirzəyevi təkcə ustad qarmon ifaçısı deyil, həm də pedaqoji fəaliyyətlə məşğul olan müəllim kimi xarakterizə etdi: “Zakir, təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə musiqinin predmetini araşdırıb, eksperimentlər aparıb. Onun araşdırmaları bu gün də tələbələri tərəfindən öyrənilir”.
Sonra, yubilyara Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə hazırlanmış qızıl imza nişanı hədiyyə olundu və Azərbaycan Respublikası Elm-Təhsil Mərkəzinin profesoru fəxri diplomu verildi.
Tədbir çərçivəsində Xalq artisti Ənvər Sadıqovun rəhbərliyi ilə “Qaytağı” instrumental ansamblının təqdimatında yubilyarın “Gülşəni”, “İlhamı”, “Zakirsayağı”, “Rast təsnifi”, “Dostluqda nümunə İlqarağa” adlı kompozisiyaları səsləndirildi. 80 yaşlı qarmon ustasının öz ifasında da şən, oynaq melodiyalar dinlənildi. Xalq artistləri Teyyub Aslanov, Eyyub Yaqubov, Gülyanaq Məmmədova da öz çıxışları ilə məclisə rəng qatdılar.
Onu uzun illərdir nağarada müşayiət edən nağara ifaçısı, ritm sənətinin ustası Elşən Qasımov XQ-yə Zakir Mirzəyevlə bağlı xatirələrini danışdı:
– Zakir müəllimlə 1983-cü ildən tanışam. O, dəvət olunduğu bütün məclislərdə, toylarda dinləyiciləri tərəfindən alqışa layiq görülüb, böyük rəğbətlə qarşılanıb. Dostuma yeni-yeni uğurlar arzulayıram.
Sonda yubilyarın da ad günü ilə bağlı təəsuratlarını öyrəndik:
– Bu yaşımda da özümü çox gümrah hiss edirəm. Artıq neçənci dəfədir ki, yubiley gecəm belə böyük təmtəraqla təşkil olunur. Buna görə bütün təşkilatçılara, məni sevib gələnlərə minnətdarlığımı bildirirəm.
Fidan SALMANOVA