Adı BDU-ya qaytarılsın, nəşi Bakıya gətirilsin? – Rəsulzadə ayının sualları

by Samir Asadli

Ekspertlər hesab edir ki, Rəsulzadənin heykəli qoyulmalı, ev muzeyi yaradılmalıdır, məzarı isə… 

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Onu bir daha diqqətə çatdırırıq:

“2024-cü ilin yanvar ayında (31 yanvar – red.) görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyi tamam olur. Məhəmməd Əmin Rəsulzadə XX əsrin ilk onilliklərində böhranlı geosiyasi şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolunda böyük xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun istiqlal məfkurəsi öz mənbəyini doğma xalqının çoxəsrlik yaddaşında kök salmış milli azadlıq düşüncəsindən alırdı. Məhəmməd Əmin Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur. Uzun illər ərzində mühacirətdə də o, müstəqil Azərbaycan arzusu ilə yaşayıb və mübarizə aparıb.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140-cı ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

Bu, sözsüz ki, Azərbaycan xalqının ürəyincə olan, milli vəhdətin güclənməsi və tarixi şəxsiyyətlərimizin qiymətli irsini yaşatmağa hesablanmış növbəti uğurlu addımdır. Rəsulzadəyə xalq sevgisi əlbəttə ki, tükənməzdir, əbədidir. Nə qədər ki, üçrəngli bayrağımız ucalarda dalğalanır, istiqlal banimizin xatirəsi də qəlblərdə bir o qədər yaşayacaq.

Yubiley (2024) ilində M.Ə.Rəsulzadənin paytaxtda heykəli ucaldıla bilərmi? Yada salaq ki, vaxtilə heykəlin Kukla Teatrının  qarşısında qoyulması nəzərdə tutulmuşdu.

Həmçinin təkliflər səslənir ki, Rəsulzadənin Bakıda ev muzeyi yaradılsın, adı Bakı Dövlət Universitetinə (BDU) qaytarılsın və nəşi qardaş Türkiyədən Azərbaycana gətirilsin. Bunların hansı mümkündür? 

Məlumdur ki, M.Ə.Rəsulzadə həm də bir inanc adamı olub. O zaman bir müsəlmanın qəbrinin yerinin dəyişdirilməsinə İslam dini necə baxır? Hansı hallarda icazə verilir?

Millət vəkili, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı da qəzetimizə fikirlərini söylədi. O bildirdi ki, Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan siyasi tarixində, müstəqil dövlətçilik tarixində, hətta ədəbiyyat tarixində yeri möhtəşəmdir, əvəzolunmazdır: “O, 1918-ci ildə qurulmuş Xalq Cümhuriyyətinin ideoloqlarından və qurucularından biridir, ona başçılıq etmiş şəxsiyyətdir. Onun nəzəri əsaslarını hazırlayan, quran, həyata keçirən adamlardan biridir. Buna görə də onun tarximizdəki yeri zaman keçdikcə, Azərbaycan müstəqil dövləti yaşadıqca daim yaşayacaq, böyüyəcək. Onu bizim tariximizdən silmək mümkün deyil. Ona görə də Azərbaycan Prezidentinin bu sərəncamı son dərəcə yerinə düşən, ciddi bir hadisədir. Mənə elə gəlir ki, bu, yalnız sərəncam olaraq qalmayacaq, ciddi işlər görüləcək. Yəqin ki, aidiyyəti qurumlar hazırlıq planı üzərində işləyir, uyğun olan addımlar da atılacaq. Rəsulzadə onsuz da, sərəncam olsa da-olmasa da, xalq tərəfindən həmişə xatırlanır, haqqında yazılır, tədbirlər keçirilir. Amma bu il rəsmi olandan sonra onunla bağlı daha ciddi işlər görüləcək. Bizim də müəyyən planlarımız var”.

Deputat əlavə edib ki, Rəsulzadənin ev muzeyinin yaradılması ilə bağlı təklif hələ 1988-ci il hadisələri vaxtında verilmişdi: “Biz təklif vermişdik ki, Rəsulzadənin evi boşaldılsın, orada muzey yaradılsın. Təəssüf ki, o zaman dəyərlərimizə qiymət verə bilməməyimizin, sovet ideologiyasının nəticəsidir ki, Rəsulzadənin evində ermənilər yaşayırdı. Onları oradan çıxarmaq, evi oğlu Azərə qaytarmaq mümkün olmadı. Bu, bir gündə bir sərəncamla həll olunacaq məsələ idi. Rəsulzadə ailəsi ilə birgə uzun illər sürgün həyatı yaşayıb, Vətənindən didərgin düşüb, qayıdanda evində düşməndən olan bir millətin nümayəndəsi oturur, o evinə girə bilmir, qayıdıb çıxıb gedir. Bu, sadəcə, xəcalətdir. Məncə, bu sərəncamdan sonra belə səhvlər aradan qaldırılmalıdır. Onun yaşadığı ev boşaldıla bilər. O olmasa belə, başqa bir yerdə Məhəmməd Əmin Rəsulzadənin ev muzeyi açıla bilər. Amma öz evi olsa, yaxşı olar. Bir müddət əvvəl Rəsulzadənin heykəlinin qoyulması üçün də yer seçilmişdi. Məncə, heykəli də qoyulmalıdır, qoyulacaq da. O elə bir tarixi şəxsiyyətdir ki, onun Bakıda heykəli mütləq qoyulmalıdır.  O ki qaldı məzarının Türkiyədən gətirilməsinə, bunu qətiyyən qəbul etmirəm. Bir vaxtlar deyilirdi, Füzulinin məzarı Kərbəladan gətirilsin. Əgər orada yaşayıbsa, niyə bura gətirilməlidir? Onun çoxdan torpağa qarışmış sümüklərinin qalan hissələrinin bura gətirilməsinin nə mənası var. M.Ə.Rəsulzadə də ömrünün böyük hissəsini Türkiyədə yaşayıb, Türkiyə onun ikinci vətəni idi. Orada dəfn olunub, orada da onu sevən insanlar var, gedirlər, yad edirlər. Buradan gedənlər də onu ziyarət edir. Bura gətirilməsi nəyi dəyişir ki. Bir də Türkiyə qardaş torpağıdır. Oradan bura məzar daşınmaz. Bu məsələni ortaya atanlar məsələyə qeyri-ciddi yanaşırlar”.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK