Ağrı Qaradağlı: “Təbrizdə Ermənistan konsulluğunun açılmasına heç bir şəkildə icazə verməyəcəyik”

by Samir Asadli

“Əlimizdən gəldiyi qədər bu məsələnin baş tutmaması üçün çalışacağıq”

 
  “Güney Azərbaycan milli hərəkatının əsas istəklərindən biri müstəqillikdir. Bunun üçün də Güneydə yaşayan xalqımızın oyanması və öz tarixini, mədəniyyətini, milli kimliyini bilməsi lazımdır”. Bu sözləri “Sherg.az”a müsahibəsində uzun müddətdir Türkiyədə mühacir həyatı yaşayan soydaşımız, DAK Idarə Heyətinin üzvü Ağrı Qaradağlı deyib.
 
– Ağrı bəy, uzun müddətdir Azərbaycanda deyilsiniz. Türkiyədə fəaliyyətinizi hansı istiqamətdə davam etdirirsiniz? Bakı səfəriniz iş üçündür, yoxsa, ziyarət?
– Bildiyiniz kimi, uzun illərdir Türkiyədə, İstanbul şəhərində yaşayıram. Bakıya isə iş görüşləri üçün gəlmişəm. Əslində, ziyarət məqsədilə ölkəyə qayıtmağı düşünürdüm, amma işlərlə əlaqədar bu səfəri bir az daha əvvələ çəkməli oldum.
  Fəaliyyətimə gəldikdə isə yenə də əsas işim Güney Azərbaycan Milli Oyanış Hərəkatı ilə bağlıdır. Güney Azərbaycanla bağlı konfranslar, Urmu gölünün bərpası istiqamətində tədbirlər keçirir, Güney Azərbaycanın Beynəlxalq Forumunun təşkilat komitəsində fəaliyyət göstərirəm. Mənim bütün fəaliyyətim Güney Azərbaycanın müstəqilliyi istiqamətindədir.
 
– GAMOH-un hazırkı fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz? Hərəkat hansı ölkədə daha aktivdir? Sanki Azərbaycanda əvvəlki illərlə müqayisədə bir az səngiyib?
– Həmişə olduğu kimi, GAMOH yenə də həm Güney Azərbaycanda, həm də xarici ölkələrdə milli hərəkatın güclənməsi istiqamətindəki işlərini icra edir. GAMOH bir çox ölkələrdə – Amerika, Avstraliya, iki Avropa ölkəsi və Türkiyədə öz fəallığını qoruyaraq Güney Azərbaycanın müstəqilliyi uğrunda çalışır. Qərb ölkələrində Güney Azərbaycan məsələsinə diqqət xeyli artıb və bu tendensiya güclənməkdədir.
  Bəzi səbəblərdən Azərbaycanda GAMOH əvvəlki kimi aktiv deyil və ofisimiz yoxdur. Lakin yaxın aylarda yenidən GAMOH-un Bakı ofisini açmaq planımız var.
Son dönəmlərdə İdarə heyəti üzvlərinin çoxunun Türkiyəyə toplandığı üçün Türkiyə daxilində fəaliyyətlərimiz daha çox olub.
  GAMOH-un Türkiyədəki fəaliyyətləri, ümumiyyətlə, piketlər təşkil etmək, konfranslar keçirmək, eləcə də ölkənin media qurumları və siyasi-ictimai qrupları ilə əlaqə yaradaraq Güney Azərbaycan məsələsini onlara anlatmaq şəklindədir.
  Məqsədimiz Güney Azərbaycanda yaşanan sıxıntılar və türk fəallara qarşı tətbiq edilən basqıları buradakı media və dərnəklərə çatdırmaqdır. Fəaliyyətlərimizin çoxu konfrans şəklində olur. Media səviyyəsində də fəaliyyətimiz var. Həmçinin İran konsulluğu qarşısında piketlər keçiririk. 21 Azər Hərəkatının ildönümü ilə bağlı da bir xeyli fəaliyyətlərim olub.
 
– Bir ara Azərbaycanla İran arasında münasibətlər kəskin gərginləşdi, səfirliyimizə olan məlum hücumdan sonra diplomatik əlaqələr kəsildi. Lakin son zamanlar sanki bir az yumşalma var. Siz prosesləri necə dəyərləndirirsiniz? Azərbaycan-İran arasındakı münasibətlər hansı məcraya yönələcək?
– İranla Azərbaycan arasındakı gərginlik sadəcə son dövrlərə aid deyil. Bu gərginliyin kökü Azərbaycanın müstəqilliyinə, yəni 1991-92-ci illərə gedib çıxır. İran heç vaxt Azərbaycanın müstəqilliyini və güclənməsini istəməyib. Bu gün də bizim gücümüzün, regionda lider dövlət olmağımızı gözü götürmür. Bizi hər zaman özünə düşmən dövlət olaraq qəbul edib. Azərbaycan isə İrandan fərqli olaraq qonşuluq və dostluq münasibətləri qurmağa çalışır. Təsadüfi deyil ki, Birinci və İkinci Qarabağ müharibəsi zamanı İran açıq-aşkar ermənilərə dəstək nümayiş etdirib. Silah-sursat yardımını əsirgəməyib. 44 günlük Vətən müharibəsində müzəffər ordumuz torpaqlarımızı işğaldan azad edə bilməsin deyə əlindən gələn maneələri etdi. İrana rəğmən yenilməz ordumuz düşmən ordusunu məhv edərək ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etməyə müvəffəq oldu. Hər nə qədər Ermənistan və İran qarşı çıxsa da, yaxın gələcəkdə Azərbaycanın Zəngəzur koridorunu açacağına da şübhə etmirəm.
 
– Azərbaycana rəğmən Təbrizdə Ermənistanın konsulluğunun açılması məsələsi gündəmdədir? Sizcə, İran rejimi buna gedəcək?
– Biz Güney Azərbaycan Milli Oyanış Hərəkatı olaraq, Təbrizdə Ermənistan konsulluğunun açılmasına heç bir şəkildə icazə verməyəcəyik. Əlimizdən gəldiyi qədər bu məsələnin baş tutmaması üçün çalışacağıq. Amma sözügedən konsulluq açılsa belə, bütün gücümüzlə onun bağlanması üçün mübarizə aparacağıq. Düşünürəm ki, İran da belə səhvə yol verməməlidir.
  Bu konsulluğun yanvarda açılması gözlənilən idi, lakin sonradan təxirə salındı və indi də fevralda açılacağını deyirlər. İran da başa düşməlidir ki, Güney Azərbaycan Milli Hərəkatı o konsulluğun Təbrizdə fəaliyyət göstərməsinə icazə verməyəcək. Hesab edirəm ki, sözügedən konsulluq sadəcə 7-8 ay fəaliyyət göstərə bilər, daha sonra getməyə məcbur qalacaqlar. Ermənistanın Təbrizdəki konsulluğu formal və ya fəaliyyətdə olaraq açıla bilər. Lakin bunun sonrakı nəticələrinin necə olacağı daha mühümdür.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK