AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Albanşünaslıq Elmi Mərkəzinin Nərgizava arxeoloji ekspedisiyası Ağsu rayonunun Gəgəli kəndi ərazisində aşkarlanan nekropolda tədqiqat işlərini başa çatdırıb.
Ərazidəki 64 kvadratmetr sahədə qazıntı aparılıb. Uzun dövrlər ərzində şum işlərinin görülməsi, təsərrüfat quyularının qazılması nəticəsində qarışmış təbəqədən Ellin dövrünə aid nərgizava tipli qabların – küpə, parç və dolçaların parçaları seçilərək götürülüb. Orada 2 sadə torpaq qəbir də üzə çıxıb. Ümumilikdə bu ilin sentyabr ayında Nərgizava nekropolunda 15 sadə torpaq qəbir öyrənilib.
Aşkarlanan qəbirlərin yarısı azyaşlı uşaqlara məxsusdur. Onların bəziləri iri küp parçaları ilə örtülüb, yanlarına istiqamət göstərən daşlar qoyulub. Uşaq skeletlərinin üzərindən tunc, dəmir, əqiq, pasta, şüşə bəzək əşyaları, üzüklər, qolbaq, sancaq və muncuqlar aşkar edilib. Böyüklərin skeletləri arasında kişilərə aid olanlar üstünlük təşkil edir. Onların baş və ya ayaq tərəfində dəmir nizə və bıçaqlar olub. Maraqlıdır ki, bəzən kişi və qadınlar eyni quyuda dəfn edilib. Ona görə də Nərgizava nekropolu pilləli qəbirlər adlandırılır.
İlk dəfədir ki, Nərgizava abidəsində qəbir avadanlığı içərisində oturacağında “tələf deşiyi” olan saxsı qablara rast gəlinir. Bununla yanaşı, bu abidədə daş heykəlin başının qoparılaraq başıüstə qoyulması və saxsı qabların sınıqlarının qəbir avadanlığına daxil edilməsi dini ayinlərlə bağlı yeni tapıntıdır. İlkin araşdırmalar göstərir ki, belə rituallar Qafqazla yanaşı, Ellin dövründə Ptolomeylər Misirinə xasdır və daha əvvəlki dövrlərin dini ayinlərini əks etdirir.
Qazıntı dövründə orta əsr Ağsu şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları və Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbinin şagirdləri üçün təlim və ustad dərsi keçilib.