Ali Sovetin o vaxtkı deputatları Xocalı soyqırımından necə xəbər tutublar…

by Samir Asadli

Ermənilərin törətdiyi Xocalı soyqırımının 32-ci ildönümüdür.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən soyqırımı zamanı dinc azərbaycanlı əhaliyə amansızlıqla divan tutulub, 613 nəfər qətlə yetirilib, meyitlər təhqir olunub, 1275 nəfər girov götürülüb. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl və qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq  valideynlərindən birini itirib.

Xocalı soyqırımı törədilərkən Azərbaycan parlamentini XII çağırış Ali Sovetin deputatları təşkil edirdi.

Modern.az saytının əməkdaşı həmin dövrdə deputat olmuş parlamentarlarla əlaqə saxlayaraq, onlardan Ali Sovetin hadisəyə reaksiyasını xatırlamağı istəyib.

Milli Məclisin hazırkı deputatı – XII çağırış Ali Sovetin üzvü Sabir Rüstəmxanlı bildirib ki, həmin vaxt Xocalıda baş verən hadisələrin bütün təfərrüatlarını o zamankı parlamentarilərdən çoxu bilmirdi:

“Xocalıda ermənilərin xalqa divan tutduğunu, 366-cı motoatıcı alayın Xocalıya girdiyini bilirdik. Lakin detallardan xəbərimiz yox idi. Baş verənləri lentə alan telejurnalist Çingiz Mustafayevlə yaxınlığımız vardı. Mən onu yaxşı tanıyırdım, o da mənə inanırdı. Parlament binasının yanında Çingiz Mustafayev mənə yaxınlaşıb əlində lent olduğunu, ona Ali Sovetdə baxılmasını xahiş etdi. Ondan lentin nə ilə bağlı olduğunu soruşdum, Ali Sovetdə baxılması üçün əlimdən gələni edəcəyimi söylədim. Çingiz Mustafayev lentin mahiyyətini demədi. Sadəcə onu bildirdi ki, baxanda bilərsiniz.

Ali Sovetə gəldim. İclas zalında yanımda Tofiq Bağırov, İsmayıl Şıxlı otururdu. Təklif etdim ki, Xocalıda baş verənlərlə bağlı lent göstərilsin. Ali Sovetin müəyyən hissəsi buna etriaz etdi. Tofiq Bağırov mənə dedi ki, “bəlkə lent göstərilməsin… Böyük bir faciə baş verib, lent göstərilsə, yer yerindən oynayacaq”. Dedim ki, yer yerindən oynadı-oynamadı, bir hadisə baş veribsə, biz ondan xəbərdar olmalıyıq”.

S.Rüstəmxanlı qeyd edib ki, videolentin nümayişindən sonra Ali Sovetdə vəziyyət dəyişib:

“Mənim təklifim 2 dəfə səsə qoyuldu, lakin qəbul olunmadı. 3-cü dəfə səsə qoydulduqda məsələ diqqətləri çəkdi. Sonra videolenti göstərdilər. Hamı olanları gördü. İndi dəfələrlə hamımızın tamaşa etdiyimiz görüntülərə o vaxt ilk dəfə biz baxdıq. Təbii ki, Ali Sovetdə əhval-ruhiyyə dəyişdi. Prezident Ayaz Mütəllibovun istefası məsələsi gündəmə gəldi”.

 

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK