Hər dəfə onun adı çəkiləndə kövrəlirəm. Çünki bu ad mənə çox doğmadır. Bu yaxınlığa səbəb ailə dostluğu və onun insani keyfiyyətləridir. Hətta dostluğumuz mərhum atam, Xalq artisti Məhəmməd Burcəliyevin vəfatından sonra da davam edib.
Hər dəfə zəng edəndə ilk deyəcəyi kəlmə bu idi: “Oğul, Altay əmindir”. Hal-əhval tutar, problemlərimizlə maraqlanardı. Onunla birgə mərhum həyat yoldaşı Almaz xanım da hər zaman yanımızda olar və sevincimizi, kədərimizi bölüşərdi.
Altay Məmmədov ədəbiyyata nasir kimi gəlmiş, 1950-ci ildən başlayaraq hekayələrini müxtəlif mətbuat olqanlarında çap etdirmiş və ədəbi ictimaiyyətin diqqətini özünə cəlb edə bilmişdir. O həm də ədəbiyyatşünaslıq elmimizin kamil bilicisi idi.
Altay Yusif oğlu Məmmədov 1930-cu ildə Gəncədə anadan olub. O, 4 saylı fəhlə-gənclər məktəbini bitirib, 1943–1949-cu illərdə saatsaz şagirdi, usta köməkçisi və usta kimi çalışıb. 1949-cu ildə Gəncə Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinə daxil olub, oranı fərqlənmə diplomu ilə bitirərək, “Azərbaycan ədəbiyyatı tarixi” kafedrasında müəllim vəzifəsində saxlanılıb. Hələ tələbəlik illərində “Kirovabad fəhləsi” qəzeti redaksiyasında korrektor, “Gəncə kommunisti” qəzeti redaksiyasında ədəbi işçi vəzifələrində çalışıb. 1950-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc edilən “Fəhləlikdən alimliyə” oçerki ilə ədəbi aləmə qədəm qoyan Altay Məmmədov özü artıq belə bir işıqlı ömrün yolçusuna çevrilib. 1958-ci ildə çapdan çıxan “On birinci açar” adlı ilk hekayələr kitabını ədəbi tənqid müsbət dəyərləndirib. “Narınc”, “Anam qocalmışdı”, “Uvertüra”, “Məhəbbətin səsi”, “Gülab nəfəsli” və s. hekayələri bu janrın gözəl nümunələrindəndir.
O, filologiya elmləri namizədi, dosent, Əməkdar mədəniyyət işçisi idi. 1957-ci ildən Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, 1962-ci ildə Gəncə filialının rəhbəri olub. Məhz onun rəhbərliyi ilə Gəncənin neçə-neçə sayılıb-seçilən şair və publisisti yetişib, Altay Məmmədov dühasından bəhrələnib. Əsl nüfuz sahibi olan Altay müəllimin sadəliyi, təvəzökarlığı isə bir başqa aləm idi. Hər zaman qaməti ilə Gəncənin Xan çinarlarını xatırladıb, tələbələrinin mənəvi atası və yaxın dostu olub.
Altay Məmmədov yaşadığı mühitin qanunlarına üstüörtülü ironiyalarla yanaşdığı hekayə, oçerk, məqalə və dram əsərləri ilə diqqət çəkib. “Həmyerlilər”, “Kişilər”, “Dəli Domrul” bu sıradandır. Əslində, onun nəsrinə bələd olmadan dramaturgiyasını duymaq və təhlil etmək çətindir. Altay Məmmədov dram əsərləri teatrın tələblərini səhnə effektlərinə deyil, aktyor ifasına güvənən rejissor traktofkası ilə eynilik təşkil edən həyat həqiqətləridir. “Həmyerlilər” pyesinin maraqlı tarixçəsi var. Müəllif bu barədə xatirələrində yazırdı: “Mənə “Həmyerlilər”in ideyasını Xalq artisti Məhəmməd Burcəliyev verdi. Mən bu mövzu ətrafında bir xeyli düşündüm və qərara gəldim ki, “Haralısan, əmioğlu” hekayəmin motivləri əsasında özümü pyesdə sınayım. Yazdım və pyesi Gəncə Dövlət Dram teatrının bədii şurasına təqdim etdim. Tamaşanın quruluşçu rejissoru isə elə Xalq artisti Məhəmməd Burcəliyev özü oldu. İlk dram əsərimin səhnə taleyi çox uğurlu oldu”.
Müəllifin “Yadındamı?” (quruluşçu rejissor Tofiq Kazımov) lirik-psixoloji pyesi də ictimaiyyət tərəfindən böyük maraqla qarşılandı. 1937-ci il repressiya qurbanlarının acı taleyi, bu qəbildən olan ailələrin sanki fırtınalı bir dənizə düşmüş həyatı pyesin əsas personajı olan yüksək mənəviyyatlı Zaurun timsalında göstərilir. Xalq artisti Ələddin Abbasov “Yadındamı?” pyesi haqqında öz xatirələrində yazırdı: “Bu həmin dövr idi ki, mətbuat müvəkkilliyi şəxsiyyətə pərəstişin törətdiyi cinayətlərə həsr olunmuş əsərlərin çapına qəti icazə vermir, ayrı-ayrı əsərlərdə bu məsələyə toxunulan cümlələri də silib atırdı. Bu dövrdə Altay Məmmədovun “Yadındamı?” lirik-psixoloji dramı, sözün əsl mənasında, cəsarətli söz, addım, inqilab idi”.
Müəllifin Mirzə Fətəli Axundzadənin “Aldanmış kəvakib” pyesinin motivləri əsasında “Ulduzlar görüşəndə” (quruluşçu rejissor Əməkdar incəsənət xadimi Yusif Bağırov) komediyası da dövrünün maraqlı səhnə əsərlərindən hesab edilir. Sovet dövründə səhnədən deyilən “Məmləkətdə ən böyük soyğunçu, quldurbaşı elə qibleyi-aləm (SSRİ rəhbərliyi nəərdə tutulurdu) özüdür” cümləsi salonda qeyri-adi bir vəcdlə, uğultu ilə qarşılanmışdı.
Altay Məmmədovun maraqlı səhnə əsərlərindən biri də “Dədə Qorqud” dastanının motivləri əsasında yazmış olduğu “Dəli Domrul” qəhrəmanlıq komediyasıdır. Həm “Dəli Domrul”da, həm də dramaturqun digər əsərlərində böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, obrazlar aktyora öz istedadını nümayiş etdirmək, müəllif fikrini sərrast çatdırmaq imkanı yaradıb. Onun dram pyesləri Azərbaycanda, eləcə də Rusiyada, Tacikistanda, Bolqarıstanda, Türkiyə və İranda tamaşaya qoyulub, bir sıra əsərləri ispan, ingilis, ərəb, fars, macar, eston, tacik və tamil dillərində çap edilib.
Görkəmli sənətkar tərcümə ilə də ciddi məşğul olub. Əbdüqəhhar İbrahimovun “İlk busə”, Otar İoselianinin “Araba hələ aşmayıb”, Vasili Şukşinin “Diribaş adamlar” pyeslərini ruscadan Azərbaycan dilinə çevirib. O, “Azərbaycan hekayəsi” adlı çox sanballı bir monoqrafiyası ilə ədəbiyyatşünaslıq elmimizin, ədəbi tənqidin, ədəbiyyat tariximizin də bilicisi olduğunu sübut edib.
Onunla son görüşüm Gəncədə 2002-ci ilin mart ayına təsadüf edib. Novruz bayramı ərəfəsi idi. Onun dostluq münasibətləri əsl örnək idi. Deyirdi, gərək dostu elə qazanasan ki, yükünü axirətdə də daşıya biləsən. Elə bu yükü, bu dünyadan axirətinəcən də layiqincə daşıdı. Bu gün biz Altay Məmmədov itkisini qəlbimizdə gəzdiriik.
Ruhun hər zaman şad olsun, Gəncənin Xan çinarı.
Anar Ərtoğrul BURCƏLİYEV,