“Anamın kitabı” Təbriz səhnəsində

by Samir Asadli

Təbrizdə Milli Hökumətin hakimiyyəti dövründə ADF orqanı “Azərbaycan” qəzetinin 8 aprel 1946-cı il tarixli sayında Həmid Nikpur adlı müəllifin çap olunmuş bu yazısını oxucularımıza təqdim etməklə xəyalən o xoşbəxt günlərə qayıdırıq. Yazıda böyük Cəlil Məmmədquluzadənin Azərbaycanın tarixi faciəsindən bəhs edən məşhur pyesinin Təb­riz səhnəsində uğurla tamaşaya qoyulmasından söz açılıb. 

Cümə günü, aprel ayının 5-də (1946-cı il) Azərbaycan Dövlət Teatrında Azərbayca­nın dəyərli dramaturqu Cəlil Məhəmmədqu­luzadənin (Molla Nəsrəddin) yazdığı məşhur əsərlərindən olan “Anamın kitabı” adlı pyesi tamaşaya qoyuldu. Öncədən hörmətli oxucu­larımızın nəzərinə pyesin mahiyyətini çatdır­maq istəyirəm.

Bu gün bütün dünyanın tanıdığı Azərbay­canın məşhur yazıçısı Cəlil Məhəmmədqulu­zadə özünün bir çox ölməz əsərlərilə xalqın düşüncə və idrakının inkişafında böyük və hesabagəlməz xidmətlər etmişdir. “Anamın kitabı” pyesini yazmaqda müəllifin məqsədi nədir? Əlbəttə, bu suala çox asanlıqla açıq cavab vermək olar. Azərbaycanımızın tarixdə dünyanın qüdrətli ölkələrindən biri olmağına baxmayaraq, tarixin müəyyən bir pilləsində güclü istilaçı dövlətlər tərəfindən parçalan­masını hamımız bilirik. Belə ki, bu parça­lanma sayəsində uzun illər Azərbaycanın şimal hissəsi çar Rusiyasının, cənub hissəsi isə istilaçı fars təcavüzkarlarının işğalı altına alınmışdır.

Fars istilaçıları bizim ana Vətənimiz Cənubi Azərbaycanı öz əsarətləri altına sal­dıqdan sonra onlara qarşı müqavimət və mübarizə ruhiyyəmizi öldürmək, millətimizi aradan aparmaq, ana dilimizi və milli mə­dəniyyətimizi yox etmək üçün işlətdikləri siyasətin eynisi də Şimali Azərbaycanda çar Rusiyası tərəfindən irəli sürülürdü. O zaman çar Rusiyası Azərbaycanda yerli dildə mək­təblərin açılmasını qadağan etdiyindən azər­baycanlıların ziyalıları özgə ölkələrdə təhsil almaq məcburiyyətində qalırdılar.

Buna görə də Cəlil Məhəmmədquluzadə özünün “Anamın kitabı” pyesində oğlanları­nın biri Peterburqda, o biri İstanbulda, digəri isə Nəcəfdə təhsil almış bir azərbaycanlı ailə­sinin sərgüzəştini şərh edir.

İsbata ehtiyac yoxdur ki, ayrı-ayrı ölkələrdə təhsil görmüş cavanlar müxtəlif əqidə və ruhiyyəyə malik olarlar. Belə ki, pyesdə iştirak edən bu üç qardaş arasında da­ima əqidə üstündə mübahisə gedir və hər bi­risi öz əqidəsini və yaşadığı mühitin ona bu­raxdığı təsiri digərlərinə təhmil etmək istəyir.

Onların arasında gedən nifaqdan anaları dığ naxoşluğuna mübtəla olub ölür, qardaşlar isə bir-birindən ayrılır və ailələrinin pozul­ması ilə nəticələnir. Lakin o zaman Azərbay­canda milli mədəniyyətin inkişafına imkan olsaydı, Azərbaycan ailələrində nəinki ayrı­lıq, bəlkə də möhkəm birlik əmələ gələrdi.

Pyesdən açıq-aydın görünür ki, tarixdə təcavüzkar dövlətlər bir milləti yox etmək və daimi əsarət altında saxlamaq üçün yeganə tədbir olaraq o millətin ana dilini və milli mədəniyyətini aradan aparmağa çalışmışlar.

Pyesdə o üç qardaşın arasındakı ziddiy­yətlərin aradan qaldırılması üçün bacıları Gülbahar onların başdan-başa puç mahiyyətə malik olan özgə dillərdə yazılan kitablarını yandırır və aralarında vəhdət yaranması üçün anaları o müxtəlif dillərdə yazılan kitabların əvəzində öz ana dillərində kitab oxumalarını onlara tapşırır.

İndi bu dəyərli pyesin bizim Azərbaycan Dövlət Teatrının artistləri tərəfindən necə oy­nanılmasına gəlsək, mən pyesdəki rolları ifa edən artistlərin məharət və yaradıcılıqlarını sözlərlə izah etməkdə özümü aciz görürəm. Çünki artistlərin hər biri öz rollarının ifasında cavanlıqlarına və milli teatr aləminə yeni atıl­maqlarına baxmayaraq, uzun müddət təcrübə görmüş artistərdən heç də dala qalmırlar.

Xüsusilə, pyesin baş rollarını ifa edən Qəmər xanım Nikpur, Leyla xanım Möh­sünpur, Səməd Səbahi, İsmayıl Muzduri, Əli Əsgər Rizvan, Əhmədzadə obrazlarının ya­radıcılığında xalqın rəğbətini qazana biləcək qədər özlərinə görkəmli yer tuturlar. Rejis­sorluq və musiqi hissəsinin bədiiliyi, dekora­siyanın gözəl və təbiiliyi pyesi daha da can­landırırdı. Teatr salonunun tamaşaçılarla dolu olması pyesin xalq tərəfindən bəyənilməsinin ifadəsi idi.

Mən milli teatrımızın istedadlı artistlə­rinə bundan daha da artıq və yüksək müvəf­fəqiyyətlər arzu edirəm.

Təqdim etdi:
Səməd BAYRAMZADƏ,

AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK