Antik və Orta əsr şəhəri – Qalatəpədə yeni arxeoloji axtarış

by Samir Asadli

Azərbaycan Milli Elmlər Aka­demiyası Arxeologiya, Etnoqrafi­ya və Antropologiya İnstitutunun Mil–Qarabağ arxeoloji ekspedisi­yası Ağcabədi rayonu ərazisindəki Qalatəpə antik və orta əsr şəhər yerində tədqiqatları davam etdirir.

İnstitutun çöl tədqiqatlarının moni­torinqi və qiymətləndirilməsi şöbəsinin müdiri, Mil–Qarabağ arxeoloji ekspe­disiyasının rəhbəri Təvəkkül Əliyev bildirib ki, Qarqarçayın sağ sahilində, Xocavənd və Salmanbəyli kəndlərinin yaxınlığında yerləşən Qalatəpə antik və orta əsr şəhər yerində 2008-ci ildən qazıntı işləri aparılır. 2008-2012-ci il­lərdə şəhər yerinin I qazıntı sahəsində möhtəşəm tikili qalıqları ilə diqqəti cəlb edən zəngin mədəni təbəqə açılıb öy­rənildi. Həmin illərdə qədim məskənin şərq ətrafında yerləşən antik nekro­polda 14 küp və torpaq qəbir tədqiq edildi. Qəbir avadanlığı arasında tək­cə yerli deyil, həm də digər ölkələrdən, xüsusilə Roma imperiyası və onun əyalətlərindən gətirilmə nümunələrə də təsadüf olunub. 2013-cü ildən bu günə qədər müəyyən fasilələrlə Qa­latəpə şəhər yerindəki II qazıntı sahə­sində araşdırmalar davam edirilir. Bu qazıntı sahəsinin bütün kvadratlarının üst qatları orta əsrlərə aid tapıntılarla səciyyələnir.

Builki araşdırmalarda əsas diqqət ilk 2 kvadratın arxeoloji tədqiqinə yönəl­dilib. Qazıntılar zamanı burada orta əsrlərin ayrı-ayrı dövrlərinə aid mədəni təbəqələr və 4 tikinti qatı açılaraq öy­rənilib. Üst qatda təsərrüfat quyusu, ocaq yerləri, bişmiş kərpicdən tikili qa­lığı, sonrakı qatda çay daşı, bişmiş və çiy kərpicdən inşa olunmuş tikililərin ayrı-ayrı hissələri, üzərinə suvaq çə­kilmiş döşəmə, 3-cü qatda kiçik ölçülü, hündürlüyü 70 santimetrə çatan təndir, içərisində heyvan sümükləri, yanmış ağac qırıntıları və kül olan təsərrüfat quyusu, üzəri suvaqlı kvadratşəkilli çiy kərpic düzümlərindən ibarət döşəmə müəyyən edilib. Ən aşağı qatda bişmiş və çiy kərpicdən tikili qalıqlarına, sey­rək halda saxsı qab qırıqlarına rast gə­linib. Burada şirli qab fraqmentlərinə, demək olar ki, təsadüf olunmur. İlk 2 kvadratın arasındakı hissə (burovka) təmizlənərkən kiçik bir sahədən xey­li şirli və şirsiz saxsı qab nümunələri toplanıb. Onlardan bir qismi üzərində quş təsviri və digər naxışlar olan iri tu­tumlu boşqaba aiddir. Erkən şirli qab nümunəsi olan fincanın ağzının kənarı novça şəkillidir. Şirsiz saxsı çırağın içə­risində kəndirvari burma fitilin bu günə­dək yaxşı vəziyyətdə qalması diqqət çəkir. 2-ci qazıntı sahəsinin ətrafından tapılan çox gözəl işlənmiş bıçaqvari obsidian lövhəcik isə Qalatəpədə antik dövrdən də əvvəl yaşayış olmasından xəbər verir.

“Tədqiqatlar Qalatəpənin orta əsr sakinlərinin yaşayış evlərinin qurulu­şu haqqında aydın təsəvvür yaradır. Evlərin inşasında bir qayda olaraq möhrədən, çiy və bişmiş kərpiclərdən istifadə olunmuşdur. Əksər hallarda döşəmələrin üzəri palçıq məhlulu ilə suvanıb şirələnmişdir. Müxtəlif formalı təsərrüfat və məişət quyuları da orta əsr Qalatəpə sakinlərinin həyatında əhəmiyyətli rol oynamışdır. Ümid edi­rik ki, gələcək tədqiqatlar Qalatəpənin qədim sakinlərinin gündəlik həyatı ilə bağlı yeni materialların əldə olunma­sına imkan verəcək”, – deyə T.Əliyev bildirib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK