Arazın o tayından görünənlər

by Samir Asadli

1945-46-cı illərdə S.C.Pişəvərinin başçılığında Güney Azərbaycanda milli hökümətin qurulması tarixin gedişini dəyişən hadisələrdən olmuşdu. Cəmi bir il yaşamasına baxmayaraq, milli hökumətin sosial, mədəni və iqtisadi sahələrdə atdığı addımlar Güney Azərbaycan türklərinin oyanışında mühüm rol oynamışdı. 

S.C.Pişəvərinin müəmmallı şəkil­də həlak olduğu 1947-ci ildə “Arazın o tayında” sənədli filmi ekranlaşdırılıb. Filmi Güneydə Muxtar Dadaşov çəksə də, quruluşçu rejissor Esfir Şub hesab edilir. E.Şub, həmçinin 1919-cu ildə Azərbaycan Cümhuriyyətinin bir illiyi münasibəti ilə çəkilən xronikanın rejis­soru olmuşdu. Rus qadın rejissoru 2-ci dəfə Azərbaycan istiqlalı mövzusunda kino işinə rəhbərlik edirdi.

1946-cı ildə “soyuq müharibə”nin başlanması, ilk növbədə, Güney Azər­baycan insanının qədərini qaraltmışdı. Keçmiş SSRİ, ABŞ və İngiltərə arasın­dakı zidiyyətlər milli hökumətin yıxılma­sına səbəb olmuşdu. Bu qəmli hekayət filmdə əksini əhatəli tapa bilməsə də, insanın ürəyinin sarı siminə toxunan məqamlar az deyil. Arazın xalqımızın taleyində oynadığı acı rol filmin başlan­ğıcında əksini tapır. Ekran əsəri xalqın keçmişi və bugününü imkan daxilində göstərə bilir.

Azərbaycanın tarixinə səyahət za­manı abidələrdən, ədəbiyyatdan bəhs edilərkən Şah İsmayıl Xətai xüsusən vurğulanır. Lakin “soyuq müharibə”nin amansız məntiqi burada da əksini tapır. Şah İsmayılın Türkiyə ilə müharibələr apardığı da diktor tərəfindən diqqətə çatdırılır (Bu fikirlər 1946-cı ildən Qərb blokunda təmsil olunan Türkiyəyə mü­nasibətin ifadəsi idi).

Filmdə sosial motiv çox güclüdür. Qoca, cavan, uşaq bilmədən bütün gü­ney insanlarının ağır şəraitdə çalışdığı göz önünə qoyulur. Güneyli uşaqların 14 saat kişmişqurutma müəssəsində çalışması dözülməz sosial vəziyyəti diqqətə çatdırır. Ərbabların xalqı istis­mar etməsi sosialist tərzdə qeyd olu­nur.Təbrizin xalqın tarixində əhəmiy­yətli rolunun olduğu deyilsə də, onun bu gününün ağır olması paltarı cırıq uşağın obrazında əksini tapır. Film bu mesajı verir ki, o taydakı xalqımı­zın mübarizəsi sosial bərabərsizlikdən doğan hərəkatdır. Sözsüz ki, bu motiv sovet ideologiyasının kriteriyalarına uyğun idi.

Xalqın tarixi və bügünündən yetə­rincə məlumat verildikdən sonra siyasi proseslər işıqlandırılır. Səttərxan, Ba­ğırxan və Xiyabanidən bəhs edilməsi Pişəvəri hərəkatının güclü təməllərinin olmasının mesajını verir. Səttərxan bayrağı altında fədailərin silahlanma­sı, insanların torpağı sərbəst əkib-be­cərməsi hərəkatın sosial xarakterini açan səhnələrdir. Hərbi gücün azadlıq hərəkatındakı rolu da xüsusi vurğula­nır. Dünən məzlum, bu gün isə fədai olanların vətənpərlik hissi ilə silaha sa­rılmaları ekranda görünür.

Göründüyü kimi, “Arazın o tayında” güney insanının bütün xarakterini orta­ya qoymağa cəhd edən filmdir. Novruz bayramında S.C.Pişəvəri və silahdaş­larının ziyafət təşkil etmələri xalqın qə­dim adətlərə bağlılığını sübut edir. Ba­har bayramının Güney Azərbaycana yeni nəfəs gətirdiyini bu kadrlar ifadə edir. Sonradan faciəli həyat yaşayacaq Məhəmməd Biriyanın Azərbaycanla bağlı şeir oxuması Vətən hissinin tər­cümanı olan səhnədir.

Milli Hökumət təkcə silahlanmaya deyil, həmçinin təhsilə, mədəniyyətə diqqət ayırmışdı. Xüsusən, qızların, qadınların yaşından asılı olmayaraq ana dilində yazıb-oxuma öyrənmələ­ri diqqət çəkirdi. Gələcəkdə övladına başlanğıc bilgi verməli olacaq qadın­ların təhsilə yiyələnmələrinin həyati əhəmiyyəti vardı. Filmdə Təbriz univer­sitetinin açılmasının əhəmiyyəti də göz önünə gəlir. Hüquqsuz, təhsilsiz qalmış Təbrizin savadlı kadrlar hazırlayacaq potensialda olması insana qürur hissi bəxş edir. Güneyli gənclərin, həmçinin musiqi və rəssamlıqla məşğul olmala­rı da onların aydın gələcəyindən xə­bər verir. Milli Hökumətin “Ey Vətənim Azərbaycan” himninin ifası filmin ən ciddi mesajı kimi qəbul edilə bilər.

Bütün mütərəqqi addımlara baxma­yaraq, irtica yaxınlaşmaqda idi. Filmdə bu narahatlıqlar Pişəvərinin başçılıq et­diyi komandanın Tehrana səfər etməsi kontekstində göstərilir. Milli Hökumə­tin süqutu filmdə Tehranla bağlanan əhdnamənin pozulması kimi təqdim olunub. Film bir növ Tehranın xəyanəti kontekstində baş verən milli faciənin təcəssümüdür. Təbii ki, milli hərəkatın yatırılmasında Qızıl Ordunun Güney Azərbaycandan xaincəsinə çıxması­nın da rolu olmuşdu. Amma o dövrdə çəkilmiş filmdə bu məqama toxunula bilməzdi.

Kino lentlərdə Güneyin faciəsi Fi­rudun İbrahimin, general Kəbirinin, Məhəmməd Agahinin həlak olması, ana dilində kitabların yandırılması müstəvisində öz əksini tapır. Faciədən bəhs edilməsinə baxmayaraq, ekran işi nikbin əhval-ruhiyyə ilə bitir. Səttarxan bayrağı altında mübarizənin davam et­diyi tamaşaçılara təqdim olunur.

Nəhayət, qeyd edək ki, 1947-ci il “təvəllüd”lü “Arazın o tayında” sənədli filmi Güney Azərbaycanda milli hərəkat haqqında qənimət sayılacaq bir kino salnaməsidir.

M. CEYHUN

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK