Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda şair Xanlar Həmidin tərcümə etdiyi qədim “Avesta”nın 3-cü cildi təqdim olunub.
Bildiyimiz kimi, müqəddəs kitab olan “Avesta” Zərdüşt təlimini özündə əks etdirir. Zərdüşt peyğəmbər, islahatçı və zərdüştiliyin banisidir. Avropa alimləri onun yaşam dövrünü eramızdan əvvəl XV–XII əsrlərə aid edib, dinini bəşər tarixində yeni bir era adlandırıblar. Ünvan baxımından müxtəlif versiyalar olsa da, Zərdüştün Azərbaycanda doğulduğunu bildirən alimlərin fikri daha məqbul hesab edilir. “Avesta” müəllifi – Zərdüşt çox hallarda öz fikirlərini Ahyuramazdanın (Hörmüzün) dili ilə ifadə edib.
İstedadlı və zəhmətkeş qələm sahibi olan Xanlar Həmidin 70 illik yubileyinə təsadüf edən məclisdə onun yaradıcılıq məziyyətlərinə və dilimizə çevirdiyi “Avesta” ilə bağlı çalışmalarına işıq tutuldu. AYB-nin yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi bildirdi ki, ən əhəmiyyətli ədəbiyyat hadisələrinə evsahibliyi edən “Natəvan” klubunda bu dəfə “Avesta”nın tərcüməsi ilə bağlı müzakirələr aparılacaq. Bu, “Avesta” mətnini dərk etməyə qabil bir ziyalı saydığımız Xanlar Həmidin böyük uğurudur və təsadüfi deyil ki, tərcümə işi AYB-nin fəxri fərmanına layiq görülüb.
Tanınmış tənqidçi Əsəd Cahangir çevirməni fundamental tərcümə adlandırdı və ona həsr olunan 20 ilin hədər getmədiyini söylədi: “Bu, sözün əsl mənasında Zərdüştşünaslıqda hadisədir. “Avesta” bizim hardan gəlib-hara getdiyimizi göstərən bir kompasdır. Nağıl və dastanların şüuraltı olaraq beyinlərimizə yeritdiyi mənalar bu əsərdə birbaşa diktə edilir. Elə bu faktın özü tərcümə əsərinin önəmini irəli çəkir”.
Kitabın elmi redaktoru və rəyçisi fəlsəfə elmləri doktoru Kazım Əzimov qeyd etdi ki, ilk dəfə dilimizə poetik tərcümə olunan “Avesta” sanballı bir mənbədir.
Sonra filologiya elmləri doktoru, professor Elman Quliyev, AYB-nin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu, tanınmış şair Ağacəfər Həsənli, müəllifin digər qələm yoldaşları ürək sözlərini söylədilər, tərcüməni ədəbiyyatımız və elmimiz üçün gərəkli əsər və Xanlar Həmidə daha böyük yaradıcılıq sevincləri arzuladılar.