Avropa SEPAH-ı hədəfə alıb

by Samir Asadli

Arazın o tayından gələn məlumatlara görə, İran valyutası rial dollar qarşısında dəyərini rekord həddə itirib. Əslində, nüvə proqramı üzündən sanksiyalara məruz qalan ölkənin milli pul vahidinin ucuzlaşması yenilik deyil. Amma bu dəfə rialı dollar qarşısında “əriməyə” vadar edən faktor siyasidir. Avropa İttifaqının (Aİ) İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) qarşı sanksiya tətbiq edəcəyi barədə xəbərlər İran valyutasını daha da ucuzlaşdırıb. Buna görə də siyasi müşahidəçilər düşünürlər ki, Aİ ilə qarşıdurmanın güclənməsi siyasi və iqtisadi problemlər məngənəsində qalan İranın vəziyyətini daha da ağırlaşdıra bilər.

Ötən həftə Avropa Parlamentinin (AP) üzvləri səs çoxluğu ilə Avropa İttifaqının rəhbərliyinə SEPAH-ı terror təşkilatları siyahısına daxil etməyə çağıran qətnaməni  təsdiqləyiblər. Qətnamə tövsiyə xarakterli olsa da, rəsmi Tehranı ciddi narahat edib. Avropalıların qərarını pisləyən İran Xarici işlər naziri Hüseyn Əmir Abdullahian xəbərdarlıq edib ki, Avropa ölkələri öz qərarlarının nəticələrini və Tehranın qəti cavabını düşünməlidir. İran parlamenti daha da irəli gedərək yaxın gələcəkdə Aİ ölkələrinin ordularını terror təşkilatı kimi tanıyacağını vəd edib. Parlamentin Rəyasət Heyətinin üzvü Əhməd Naderi deyib ki, “Bu layihə SEPAH-ı terror siyahısına salan Aİ-yə üzv olan bütün dövlətlərə, eləcə də onların silahlı qüvvələrinə, onların təşkilatlarına və qurumlarına şamil olunacaq”.
Əslində, İranın narahatlığını başa düşmək olar. Politoloqlar bildirirlər ki, hazırda SEPAH İran rejiminin əsas sütunlarından biri sayılır. Son iki onillikdə əsas vəzifəsi İranın ali dini rəhbərliyini qorumaq və onun daxili rəqiblərinə qarşı mübarizə aparmaq olan xüsusi xidmətdən “dövlət daxilində dövlətə” çevrilməyi bacaran ­SEPAH ötən müddət ərzində nəinki İran iqtisadiyyatında öz çəkisini artırıb, həm də öz xarici siyasətini həyata keçirməyə başlayıb. İranlılar deyirlər ki, indi İranın SEPAH olduğunu, yoxsa SEPAH-ın İran olduğunu demək çox çətindir. Siyasi müşahidəçilərin sözlərinə görə, korpus tamamilə dövlət nəzarətindən kənarda qalıb.
1979-cu il mayın 5-də İranda İslam inqilabı komitələrinin dəstələrindən yaradılmış hərbi-siyasi birlik olan SEPAH quru, dəniz, hava qüvvələri və xalq milislərindən ibarətdir. Hazırda korpusda 150 minə yaxın hərbçinin xidmət etdiyi bildirilir. Bu gün ­SEPAH İranda sırf hərbi, kəşfiyyat, siyasi, ideoloji, eləcə də maliyyə və iqtisadi strukturların birliyi sayılır. Məlumatlara görə, SEPAH Tehranın xarici siyasətinə təsir göstərir, strateji əhəmiyyətli sahələrin xərcləri və gəlirlərinə nəzarət edir. Bu təşkilat İran iqtisadiyyatının və maliyyə sektorunun bir hissəsini faktiki olaraq inhisara alıb və bu vəziyyət, hətta, İranın özündə də tənqid olunur. Hələ 2019-cu ildə ABŞ SEPAH-ı xarici terror təşkilatları siyahısına daxil etmişdi. Tarixdə ilk dəfə olaraq ABŞ-ın antiterror siyahısında tanınmış dövlət strukturu peyda olmuşdu. O zaman ABŞ Prezidentinin Administrasiyası bildirmişdi ki, ­SEPAH “müvəkkil şəxslər vasitəsilə bütün dünyada terror aksiyalarını maliyyələşdirir”: “Onlar təkcə terroru dəstəkləmir, bilavasitə terror fəaliyyətində iştirak edirlər”.
İndi Avropa İttifaqı SEPAH-ı hədəfə alıb. ABŞ-ın ardından “Köhnə dünya”nın da İran rejiminin bel sütününü təşkil edən korpusa qarşı sanksiya tətbiq etməsinin müzakirə olunması rəsmi Tehranı ciddi narahat edir. Bu narahatlığın nəticəsidir ki, İran rəsmiləri Qərbi bir sıra mühüm müqavilələrdən çıxmaqla hədələməyə başlayıblar. Belə ki, yanvarın 22-də İran Xarici işlər naziri Hüseyn Əmir Abdullahian jurnalistlərə bildirib ki, rəsmi Tehran AP-nin SEPAH-ı terror təşkilatları siyahısına salmaq çağırışına cavab olaraq Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxa bilər. Diplomat əlavə edib ki, “avropalılar ağlabatan yol tutmasalar və siyasi baxışlarını dəyişməsələr, İran bütün variantları nəzərdən keçirəcək”.
Amma Avropada belə düşünmürlər. SEPAH-ın son addımları “Köhnə dünya”nın bu təşkilata münasibətini dəyişdirib. İran rejiminə qarşı olan siyasi fəalları “ovlamaq” üçün Avropa ölkələrinə göndərilən ləğvedici qruplar, ümumi sənaye casusluğu və buna bənzər digər destruktiv addımlar Brüsseli hövsələdən çıxarıb. Avropa İttifaqının rəhbərliyi hələ də ümid edirdi ki, İran öz nüvə dosyesi ilə bağlı gedən danışıqları nəzərə alaraq daha məntiqli davranacaq. Lakin SEPAH son fəaliyyəti ilə ümumi qəbul edilmiş davranış normalarına əhəmiyyət vermədiyini göstərdi. Eyni zamanda, nüvə sazişinin onun üçün heç bir prinsipial əhəmiyyət daşımadığını da açıq şəkildə bildirdi. Belə olan halda avropalılar AP vasitəsilə İrana mesaj göndərdilər ki, daha SEPAH-ın nazı ilə oynamaq fikirləri yoxdur.
Göründüyü kimi, İran indi də Avropanın təzyiqi ilə üzləşib. Uzun müddətdir ki, ölkədə vətəndaş narazılığı davam edir və bir tərəfdən, sərt sanksiyalar, digər tərəfdən də, etiraz aksiyaları  İran iqtisadiyyatına ciddi təsir göstərir. İranda ümummilli etirazlar başlanandan bəri rial 29 faiz dəyərini itirib. Məlumatlara görə, İranda yanvarın 22-də qara bazarda dollar 447 min riala satılıb. Bir gün əvvəl bir dolların dəyərinin 430–500 rial olduğu bildirilir. Xarici KİV-in yazdığına görə, dolların bahalaşmasının səbəblərindən biri də xarici valyuta və qızıl almaqla əmanətlərini qorumağa çalışan iranlılar arasında ABŞ valyutasına tələbatın kəskin artması olub. Həmçinin, rialın dəyərinin aşağı düşməsinə Qərbdən Tehrana siyasi təzyiqlər və bu ölkə ilə bağlı gəmi və neft tankerlərinə məhdudiyyətlərin qoyulması da təsir göstərib.
İqtisadi təhlilçilər deyirlər ki, Avropa ilə münasibətlərin ciddi şəkildə korlanması İran rejiminə sərf etmir. “Eurostat”ın məlumatına görə, 2022-ci ilin yanvar-noyabr aylarında Aİ ölkələri ilə İran arasında ticarət dövriyyəsi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 22 faiz artıb. İRNA agentliyi də bildirir ki, 2022-ci ilin ilk 11 ayında İran ilə Aİ-nin 27 üzvü arasında ümumi ticarət həcmi 4,715 milyard avroya çatıb. Varlı bazara qapıların bağlanması Tehran rejiminin marağında deyil. Ancaq söhbət təhlükəsizlik və demokratiyadırsa, o zaman Qərb prinsipiallığını nümayiş etdirməkdən çəkinməyəcək.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK