Avropanın ali parlamentinin erməni lobbisinin oyuncağına çevrilməsi təəssüf doğurur

by Samir Asadli

Fəzail İbrahimli

MM sədrinin müavini

AŞPA Ölkəmiz 20 ildir ki, Avropa Şurasının tam və bərabərhüquqlu üzvüdür. Bu illər ərzində də ölkəmiz tərəfindən Avropa Şurasının bütün strukturları, o cümlədən, Parlament Assambleyası ilə səmimi əməkdaşlıq niyyətləri ortaya qoyulub. Ancaq çox təəssüflər olsun ki, Azərbaycanın bu səmimi, konstruktiv əməkdaşlıq niyyətlərinin əksinə olaraq, adıçəkilən qurum və onun təsiatları tərəfindən ölkəmizə, müstəqil dövlətimizə qarşı az qala düşmən mövqeyi sərgilənməkdədir. Bu təşkilat, xüsusilə, AŞPA ermənipərəst anti-Azəraycan dairələrin təsiri altındadır. Hər bir addımından, hər bir davranışdan bunu açıq-aşkar görmək olur. Bu təşkilat hər fürsətdə, hər məqamda ölkəmizə qarşı öz qərəzini, öz qısqanclığını nümayiş etdirir, Azərbaycanın beynəlxalq nüfuzunun və imicinin ləkələnməsi üçün bütün addımları atır. İnsan hüquqlarının müdafiəsini təmin etməli olan bu qurum 30 il ərzində bir dəfə də olsun işğalçı və təcüvüzkar Ermənistanın təxribatçılıq, işğalçılıq, antiinsani və antibəşəri addımlarına düz-əməlli qiymət verməyib. Növbəti dəfə avropalı deputatların erməni revanşistlərin dəyirmanına su tökdüyünün şahidi olduq. AŞPA Laçın dəhlizindəki vəziyyətlə bağlı qətnamə qəbul edib və orada sərbəst və təhlükəsiz hərəkətin olmaması qeyd edilib. Eyni zamanda Avropa Birliyinin Ermənistandakı mülki missiyasının şəxsi heyətinin sayının artırılması haqda qərar qəbul olunub. Ermənipərəst qüvvələr Azərbaycan tərəfi üzərində bir neçə istiqamətdən təzyiq formalaşdırmağa çalışır və bununla Laçın yolunu açmağa nail olmaq istəyirlər. Bir sözlə, nə Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının, nə də Avropa Parlamentinin Müdafiə və Təhlükəsizlik Komissiyasının, yəni daha konkret desək, Avropa institutlarının məqsədi heç də sərhəddə monitorinq aparmaq və ya iki ölkə arasında sabitlik yaratmaqdan ibarət deyil.
Avropa Parlamentinin Müdafiə və Təhlükəsizlik Komissiyasının rəhbəri Natali Luazoya gəldikdə isə onun kim olduğu, hansı dairələrin sifarişlərini yerinə yetirdiyi məlumdur. Fransadan Avropa Parlamentinə seçilən deputat kimi onun dəfələrlə Azərbaycan əleyhinə mövqe sərgilədiyinin şahidi olmuşuq. Belə siyasi oyunlar Azərbaycanın daxili işinə müdaxilə cəhdidir. Heç kimin daxili işlərimizə müdaxilə etmək hüququ yoxdur. Qarabağ məsələsi artıq öz həllini tapıb və Qarabağda yaşayan ermənilər Azərbaycan qanunlarına tabe olacağı halda bizim vətəndaşlarıdır. Digər bütün separatizm qüvvələri ərazidən gec-tez çıxarılacaq. Azərbaycanın öz sərhədində yaratdığı nəzarət-buraxılış məntəqəsi isə onun ərazilərinə daxil olmağa çalışan silahlı qüvvələrin, hərbçilərin qarşısını almağa xidmət edir. V Laçındakı nəzarət məntəqəsi Azərbaycanın suveren ərazisində yerləşir. Bununla bağlı qərarı da Azərbaycan dövləti verir. Əslində kifayət qədər normal qaydada fəaliyyət göstərən və ermənilərin təhlükəsiz şəkildə giriş-çıxışını təmin edən sərhəd-buraxılış məntəqəsinin bağlanması məhz elə ermənilərin təxribatının nəticəsində baş verib. Azərbaycan sərhədçiləri və rus “sülhməramlı” kontingentini atəşə tutan erməni hərbi birləşmələrinin sabah daha böyük təxribatlar törədərək mülki əhalini də hədəfə almayacağına heç kim zəmanət verə bilməz. AŞPA-da belə bir qərarın çıxarılması bu təşkilat haqqında qeyri-ciddi obraz yaradır. Avropanın ali parlamenti sayılan bir orqanın erməni lobbisi qarşısında aciz qalması, xüsusilə də Ermənistanın daxilində hakimiyyətə can atan revanşist qüvvələrin əlində alətə çevrilməsi təəssüf doğurur. Laçın yolu ilə ermənilərin necə gedib-gəlməsini özünə dərd edən AŞPA-lılar Ağdərə-Kəlbəcər yolunun niyə açıq olmadığını da araşdırsınlar. Kəlbəcər sakinləri dədə-baba yurdlarına hələ el yolu ilə gedə bilmirlər, dağlar aşırlar. Bu tipli qərarlar sülh prosesinə zərbə vurmağa xidmət edir. Ermənistan rəhbərliyi çalışır ki, beynəlxalq və regional qurumlar onların anti-Azərbaycan siyasətində yer almalı və işğalı dəstəkləməlidirlər. Avropa İttifaqı ilk növbədə iki ölkə arasında vasitəçidir. Belə bir qurumun qərəzli mövqe tutması Brüsselin siyasətinə kölgə sala bilər.

 

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK