
Beynəlxalq münasibətlər sistemində Azərbaycanın artan nüfuzu, müxtəlif proseslərdə təsir imkanlarının güclənməsi mövcud geopolitik reallıqdır. Bu gün öz milli maraqlarına uyğun, beynəlxalq hüququn normaları çərçivəsində müstəqil qərarlar qəbul etmək Azərbaycan Respublikasının xarici siyasət strategiyasının əsas prinsipi kimi qəbul edilir. Artıq bir çox dövlətlər ölkəmizə təzyiq göstərməyin nəticəsiz olduğunu bu və ya digər formada etiraf ediblər. Bu gün Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlıq üçün tarixdə heç vaxt olmadığı qədər əlverişli şərtlər mövcuddur. Azərbaycan bu yaranmış imkandan istifadə edərək regionda yeni bir mərhələnin başlanması üçün təşəbbüslər irəli sürür. Normal düşüncəyə və sülhpərvər siyasətə sahib olan dövlətlər regionda sabitliyə nail olunması üçün sülh prosesinə öz töhfəsini verməyə çalışmalıdır. Təəssüf ki, son vaxtlar Cənubi Qafqaz regionunda baş verən prosesləri ümumiləşdirməyə çalışsaq, görərik ki, Azərbaycana qarşı silahlı təxribatlar, eyni zamanda, beynəlxalq müstəvidə diplomatik sahədə təzyiqlər davam etməkdədir. Bundan başqa, Cənubi Qafqazda davamlı sülhdə maraqlı olmayan tərəflərin Ermənistana gizli və açıq dəstəklərini ifadə etmələrinin şahidiyik. Məsələn proseslərin gedişi, ayrı-ayrı vaxtlarda atılmış addımlar göstərir ki, Fransa sülhün və əmin-amanlığın bərqərar olmasına mane olmağa, separatçılığı təşviq etməyə çalışır. İslam ölkəsi adlanan İranın da Ermənistana açıq dəstəyi və antiAzərbaycan mövqeyi ortadadır. Qarabağdakı erməni separatçılarına rus sülhməramlılarının maddi və siyasi dəstəyi də videofaktlarla sübuta yetirilib. Bir sözlə müharibədən sonrakı 3 ilin təcrübəsinə baxsaq, bu cür yanaşmanın destruktiv mövqeli dövlətlərin və beynəlxalq təşkilatların regiona təsir imkanlarını artırmadığını, əksinə, daha da zəiflətdiyini görərik. Azərbaycan bu gün Cənubi Qafqazın aparıcı ölkəsi olmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində də çox vacib rol oynayır. Eyni zamanda, qlobal sülhə və təhlükəsizliyə öz töhfəsini verir. İqtisadi inkişaf göstəricilərinə, ordunun gücünə, beynəlxalq münasibətlər sistemində etibarlı roluna görə Azərbaycan çox ciddi nailiyyətlər əldə etmiş bir dövlətdir. Beynəlxalq hüququn hər bir üzvü bu reallıqları nəhayət ki, düzgün qiymətləndirməlidir. 44 günlük müharibədə əldə olunan zəfər heç vaxt ermənilər və onların havadarlarının yadından çıxmayacaq. Azərbaycan dünyaya gücünü, nəyə qadir olduğunu göstərdi. Xalq-hakimiyyət-ordu birliyi sarsılmaz olduğumuzu göstərdi. Bu gün rəzil olmuş və Azərbaycan qarşısında diz çökmüş bir Ermənistan var. Həmin ölkə yenə də təxribatlarından əl çəkmir. Orada olan bəzi revanşist qüvvələr yenə də sərsəm fikirlər söyləyir, hətta Azərbaycana qarşı ərazi iddialarında olurlar. Dəmir yumruq həmişə işğalçıların başı üzərində olacaq. Unutmasınlar ki, Azərbaycan ərazisində heç vaxt ikinci Ermənistan qurmaq onlara nəsib olmayacaq. Bir daha bu istəkdə olsalar, daha ağır zərbələr alacaqlar. Düşmən xaici himayədarlarına arxalanıb təxribat haqqında fikirləşməkdənsə, daxili qarşıdurma və çəkişmələrinə diqqət ayırsın. İşğalçı hakimiyyətin çirkin siyasəti nəticəsində rəzil olan millətin gələcəyi barədə fikirləşsinlər. Bundan sonra heç kəs cürət edib Azərbaycanla hədə dilində danışa bilməz