Dirijor Əyyub Quliyevin ifası beynəlxalq auditoriyanı heyran qoyub
Bugünlərdə Almaniyanın mədəniyyət mərkəzlərindən sayılan Badendorf şəhərində İmmlinq Beynəlxalq Opera Festivalının rəsmi və təntənəli bağlanış mərasimində Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist Əyyub Quliyev Bavariya orkestrini parlaq idarəsi ilə avropalı tamaşaçıları bir daha heyran qoyub.
10 iyunda Rixard Ştrausun “Salomeya” operası ilə başlayan festivalda 2 ay ərzində C. Verdinin “Nabukko” , A. Piazzolanın “Mariya Buenos Ayres” operaları və Q. Malerin 2-ci simfoniyası kimi bir sıra əsərlərin yeni quruluşda təqdimatı sənət hadisəsinə çevrilib.
Təntənəli bağlanış mərasimində isə son illərin ənənəsinə uyğun olaraq, Bavariya Festival Orkestri 3 müxtəlif ölkənin tanınmış dirijorunun –festivalın bədii rəhbəri Korneliya fon Kersenbrokun (Almaniya/Avstriya), dünyada sürətlə məşhurlaşan gənc maestro Əyyub Quliyevin (Azərbaycan) və professor Mixail Edişaraşvilinin (Gürcüstan) rəhbərliyi altında orkest şedevr operalardan üvertura, ariya, duet, ansambl və digər musiqi parçalarını tamaşaçılara təqdim ediblər.
Minə yaxın sənətsevərin cəm olduğu salonda yer çatışmazlığı və pərəstişkarların inadlı marağını nəzərə alaraq giriş qapısı açılıb, küçədə əlavə oturacaqlar qoyulub, çox sayda insan isə ifaları ayaqüstdə izləyib. 4 saata yaxın davam edən konsertdə Almaniya, Meksika, Çili, Uels, Avstriya, Kosovo, Qazaxıstan, Ukrayna, Koreya və Gürcüstandan dəvət olunmuş istedadlı müğənnilər məharətlə çıxış ediblər.
Gecənin sonunda dirijor Əyyub Quliyevin rəhbərliyi ilə ifa edilən dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletindən fraqmentləri musiqisevərlər davamlı coşğu ilə qarşılayıblar. Soydaşımızın şöhrətli alman orkestrini xüsusi bir məharət və şövqlə idarə etməsi onun şöhrət bioqrafiyasında yeni sənət zəfəri səhifəsi olub.
Xatırladaq ki, Badendorf festivalının ənənəsinə uyğun olaraq, son konsert Azərbaycan bəstəkarının əsəri ilə tamamlanır. Bavariya Festival Orkestrinin 2021-ci ildə Maestro Niyazinin “Qaytağı” simfonik rəqsini, ötən il isə dahi Üzeyir Hacıbəylinin “Koroğlu” operasının üverturasını dirijor Əyyub Quliyev idarəsi ilə möhtəşəm ifa ilə təqdim etməsi konsertin unudulmaz finalı olub.
Tahir AYDINOĞLU