İran Daxili İşlər Nazirliyi bazar günü iyunun 28-də ölkədə keçiriləcək prezident seçkilərində iştirak edəcək 6 namizədin siyahısını açıqlayıb.
Axar.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Bildirilib ki, seçkilərə Təbrizin İran parlamentindəki nümayəndəsi Məsud Pezeşkian, keçmiş daxili işlər naziri Mustafa Purməhəmmədi, İranın dini rəhbərinin Ali Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili, Tehranın meri Əlirza Zəkani, vitse-prezident Əmir Hüseyn Qazizadə Haşimi və parlamentin spikeri Məhəmməd Bagir Qalibaf buraxılacaq.
İranın keçmiş prezidenti Mahmud Əhmədinejad və parlamentin keçmiş spikeri Əli Laricaninin adları namizədlər siyahısına salınmayıb.
Qeyd edək ki, seçkiyə 80 nəfər namizədliyini irəli sürmüş və qeydə alınmışdı. İyunun 4-dən etibarən Konstitusiyanın Keşikçiləri Şurası namizədin prezident vəzifəsinə qoyulan tələblərə cavab verib-vermədiyini öyrənmək üçün bir həftə ərzində yekun rəy verəcək. İştirakçıların yekun siyahısı iyunun 11-də açıqlanmalı idi. Buna baxmayaraq, bu gün yekun siyahı artıq elan edilib.