Alp Aslanın atası 27 ay hüquqi mücadilə və məhkəmələrdə iddia qaldırmaqla övladına türk adı ilə daxili pasport almağa nail olub.
Alp Aslanın atası Mustafa Əvəzpur İranın VVAQ Baş Təşkilatının Azərbaycan türklərinə qarşı düşmənlik siyasətini tənqid edərək bildirib ki, 2 il 3 ay ərzində körpəsinin kimlik sənədi olmadığına görə onun vaksinasiyasını vaxtında həyata keçirə və adına müalicə dəftərçəsi təşkil etdirə bilməyib.
Bu səbəbdən məhkəmədə şikayət qaldırmalı olub. Nəticədə Təbriz şəhəri Məhkəməsinin 2-ci Şöbəsi “iddiaçının tələbinə baxılmama” qərarı çıxarmaqla onun şikayətini İnzibati Ədalət Məhkəməsinə göndərib.
Nəhayət, Əvəzpurun xeyrinə qərar çıxarılıb və Təbriz rayonu VVAQ İdarəsi onun övladına Alp Aslan kimliyi ilə daxili pasport verməyə məcbur olub.
Xatırladaq ki, onlarla Azərbaycanlı ailə o cümlədən, Ayıl, Anar, Huntay, Sevgi, Yağış, Oğuz və adları türkcə olan sair uşaqların ailələri həmin problemə tuş gəldikləri barədə sosial şəbəkələrdə məlumat paylaşıb və İran hakimiyyətinin bu barədə siyasətlərini qınayıblar.